15 Mart 2025

Şənbə, 02:51

ƏBU-DƏBİDƏN SONRA LONDONA YOL YAXINLAŞDI

Azərbaycan cüdoçuları Olimpiadaya böyük heyətlə yollana bilərlər

Müəllif:

01.11.2011

Cüdo üzrə Azərbaycan millisinin Əbu-Dəbidəki Qran-Pridə çıxışı həm medal, həm də lisenziya xalları baxımından uğurlu oldu. İlk olaraq Ramilə Yusubova bizləri sevindirdi. 63 kq.-da çıxış edən xanım cüdoçumuz gümüş medalla yanaşı, 120 lisenziya xalını da aktivinə yazdı. Olimpiya çempionu Elnur Məmmədli isə özünü 90 kq.-da sınayaraq bürünc medala layiq görüldü. 

Sözsüz ki, uğurla yanaşı, Qran-Pri bəzi idmançıların hələ də "qara zolaq"dan çıxmadıqlarını göstərdi. Elxan Məmmədov (81 kq) və Kifayət Qasımovanın (57 kq) Əbu-Dəbidəki mübarizəsi yaxşı alınmadı. Elxan artıq özünə Londona vəsiqəni təmin edib, ona görə arxayınlaşması haradasa başa düşüləndir. Kifayətin isə Olimpiada ərəfəsində zəif çıxışı anlaşılmazdır. Yayda San-Pauludakı Dünya Kubokunda gümüş medal qazanan Qasımova bundan sonra komanda yoldaşlarının kölgəsinə düşdü. Parisdəki dünya çempionatını boşa verən təcrübəli cüdoçu Londona vəsiqə qazanmaq üçün son yarışlarda maksimum nəticə göstərməyə məcbur olacaq.  

İlqar Müşkiyevin (60 kq) Əbu-Dəbidəki uğursuzluğunu isə yorğunluqla əlaqələndirmək olar. Debütdə Səudiyyə Ərəbistanından olan zəif rəqibinə uduzan gənc həmyerlimizin ilin əvvəlindən başlayaraq böyüklərin yarışında iştirakını unutmaq olmaz. Bu il 6 medal qazanan İlqar dünya çempionatında bürünc mükafat əldə etməklə bütün diqqəti özünə cəlb etdi. Lakin yarışların sıx qrafikinə dözməyən Müşkiyev Əbu-Dəbidəki turniri boşa verdi. Ona görə də məşqçilərin ilin sonuna qədər cüdoçuya istirahət verəjəyi gözlənilir. Dünya reytinqində ilk onluqda qərarlaşan İlqar, demək olar ki, Olimpiadaya lisenziyanı təmin edib. Məhz bu səbəbdən, İlqarın bir müddət istirahət etməsini normal qəbul etmək olar. Onunla yanaşı 66 kq.-da Tərlan Kərimov da son turnirdə ümidləri doğrultmadı. Ani səhvə görə uduzan cüdoçu lisenziya məsələsini gələn il həll etməli olacaq.

Qeyd olunun uğursuzluq fonunda Nicat Şıxəlizadənin inamlı çıxışı məşqçiləri sevindirməyə bilməz. Birləşmiş Ərəb Əmirliklərində əzmkar mübarizəylə diqqəti cəlb edən idmançının medal qazana bilməməsi zədə ilə əlaqədar oldu. Erkən mərhələdə zədələnən Nicat sona qədər istədiyi mübarizəni göstərə bilmədi. 

Elxan Məmmədovun (81 kq) isə rusiyalı Murat Xabaçirov və italiyalı Françesko Bryuyeri məğlub etməsinə baxmayaraq, ciddi nöqsanlarla yadda qaldı. Adəti üzrə ilk görüşdə bütün gücünü döşək üzərinə qoyan idmançı sonrakı mübarizələrdə ciddi problem yaşadı və vətənə medalsız qayıtdı. 

Yığma komandamızda Ramilə Yusubova (63 kq) Əbu-Dəbi turnirinin qəhrəmanlarından sayıla bilər. Güclü rəqiblərə qalib gəlməklə gümüş qazanan xanım idmançı dünya çempionatında əldə etdiyi bürünc medalın təsadüfi olmadığını sübut etdi. Əgər Ramilə məşqləri yüksək templə davam etdirsə, Londonda əsas medal ümidlərimizdən sayılacaq. 

Millinin lideri Elnur Məmmədli də alqışa layiq çıxış etdi. Məşqçilərin məsləhətiylə çəki salmayan Olimpiya çempionu Əbu-Dəbidə eksperiment etməyi məqsədəuyğun saydı. Londona 81 kq.-da hazırlaşan Elnur 90 kq.-da da uğurlu çıxış edə biləcəyini göstərdi. Yeni çəkidə bürünc medala layiq görülən Məmmədli əsl peşəkar keyfiyyətlərini üzə çıxardı. İsveçli Markus Nyumana uduzan Elnurun finala çıxmaq şansları da yüksək qiymətləndirilirdi. Lakin fiziki gücün düzgün bölüş-dürülməməsi onun finala gedən yolunu bağladı. Lakin 90 kq.-da qazandığı bürünc medala rəğmən, Elnur tezliklə köhnə çəkisinə qayıtmalıdır. Çünki London Yay Olimpiya Oyunlarında ondan məhz 81 kq.-da medal gözləyirik. 

Qarşıda cüdoçularımızı Malaqada təlim-məşq toplanışı, ardınca Ams-terdamda Qran-Pri yarışı, dekabrda isə Tokioda "Böyük Dəbilqə" silsiləsindən olan turnir gözləyir. Artıq yığmanın Londona gedəcək təxmini heyəti müəyyənləşmək üzrədir. Elnur Məmmədli ilə Elxan Məmmədovun Londona yollanacağı ilin əvvəlindən məlum idi. İndi onlara İlqar Müşkiyevlə Tərlan Kərimov da qoşula bilər. Üstəlik, Kifayət Qasımova, Ramilə Yusubova və Elmar Qasımovun da lisenziya qazanacağı real görünür. Deməli, komandamız Londona böyük heyətlə yollanmağa çox yaxındır. Lisenziya təmin olunandan sonra isə xüsusi planla hazırlıq başlanacaq. 



MƏSLƏHƏT GÖR:

397