15 Mart 2025

Şənbə, 01:45

CAZ, YALNIZ CAZ

Bakıda iv beynəlxalq caz festivalı keçirildi

Müəllif:

01.11.2011

Bakıda IV beynəlxalq caz festivalı tanınmış Amerika caz müğənnisi Reyçel Ferrellin möhtəşəm çıxışı ilə başlayıb. Mədəniyyət və Turizm Nazirliyi, "Azərbaycan Mədəniyyətinin Dostları" Fondu və "Sweet production" şirkəti tərəfindən təşkil edilmiş musiqi bayramının açılışı oktyabrın 15-də Heydər Əliyev Sarayında baş tutub. 

Ölkənin əsas konsert meydançasını ağzına qədər dolduran izləyicilər Amerika müğənnisinin çıxışını heyranlıqla dolu  alqışlarla qarşıladılar. Qeyri-adi Reyçel Ferrell elə konsertin ilk dəqiqələrindən inanılmaz güclü və gözəl səsi ilə bütün dinləyicilərin qəlbinə yol tapdı. Reyçel ümidləri yanıltmadı - vokal göstəricilərinə görə tez-tez Meray Kerri ilə müqayisə edilən müğənninin inanılmaz səs imkanları ona məhdudiyyətsiz sərbəstlik verir, dinləyicilərlə yalnız ona məxsus sərbəstlik və açıqlıqla danışmaq imkanı yaradırdı. 

Azərbaycanda olduğu qısa müddətdə Reyçel Ferrell yalnız "çox sağ ol" və "Bakı" sözlərini öyrənə bilmişdi. Amma paytaxtımıza və tamaşaçılara minnətdarlığını ifadə etmək üçün buna, bütöv bir kompozisiya həsr etmək də yetərli idi. Reyçel həm də fortepianoda peşəkar ifa nümayiş etdirdi. Bakılılar "R&B" üslubunda kompozisiyalar, klassik caz, Afrika motivləri ilə melodiyalar eşitdilər. Kompozisiyalararası fasilələrdə Ferrell Bakı tamaşaçısı və şəhərimiz haqqında təəssüratlarını bölüşdü. 

"Mən konsertdən və elitar Bakı publikasından böyük ləzzət aldım. Düşünürəm ki, peşəkarları və zaldolu melomanları cəlb edən bu cür gerçək musiqi bayramları keçirmək mədəniyyətin inkişafı üçün böyük işdir. Belə festivallar xalqları yaxınlaşdırır, axı musiqinin dili hamı üçün eynidir. O, sərhədləri, hansısa bir irqə,  millətə məxsus mənsubiyyətləri aradan götürür. Musiqi bir müddət problemlərimizi unutdurur, gözəlliklər dünyasına baş vurmağa imkan yaradır və bu, əsl həzdir", - deyə Reyçel Ferrell "R+"un müxbirinə bildirib.

Oktyabrın 29-na kimi davam edən festival çərçivəsində dünyada tanınmış caz ifaçılarının konsertləri həm də Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Dövlət Filarmoniyasında və Caz Mərkəzində də keçirilib. Bakının caz həvəskarları qarşısında öz ustalığını nümayiş etdirənlər sırasında tanınmış fransız bəstəkarı və gitaraçı Marsio Farako, Azərbaycan caz ifaçıları Elçin Şirinov, Zaur Mirzəyev, Şahin Növrəsli, Əminə Fiqarova da olub. Azərbaycan tamaşaçıları, həmçinin, "Yeni adlar" caz layihəsi ilə tanış olublar, populyar caz-bendlər  "Aleksandr Maşin i druzya" və "De Phazz"ın, Salman Qəmbərov və Yuri Kuznetsov, Cəmil Əmirovun qrupunun, "Savab" qrupunun, Montre beynəlxalq musiqi festivalının qalibi İsfar Sarabskinin, Əfqan Rəsulun, Misirli Əhmədin, Raina Sultanovanın, Vaqif Sadıqovun, "Cazzanova" qrupunun, Sonni Emorinin və  Dük Ellinqtonun orkestrinin çıxışını dinləyiblər. Onların ifasında dünyada tanınmış bəstəkarların populyar caz improvizələri, həmçinin fərdi bəstələri səslənib. 

Festival çərçivəsində "Yeni adlar" caz layihəsi də təqdim edilib. Layihənin məqsədi istedadlı gənclərin aşkar edilməsi və yeni başlayan ifaçılara böyük səhnəyə ilk addımlarında yardım etməkdir. Gənc ifaçılar Suadə Ələkbərova, Tamilla Yaqubova, Orxan Ağayev, Ləman Abbaszadə, Camal Eminli və Zülfinaz Nəcəfovanın çıxışları da alqışlarla qarşılandı. Festivalın önəmli tədbirlərindən biri Beynəlxalq Muğam Mərkəzində əfsanəvi pianoçu, bəstəkar və aranjmançı, Azərbaycan cazının korifeylərindən biri Rafiq Babayevin xatirəsinə həs edilmiş gecə oldu. 

İsfar Sarabski "R+"un müxbirinə bildirib ki, Bakı festivalının cem-seyşnləri musiqiçilərə dünyanı bacardıqları qədər gözəl göstərməyə imkan verir və müxtəlif eksperimentlər üçün tam sərbəstlik yaradır ki, bu da Bakıda cazın əsl pərəstişkarlarını sevindirir. 

Önun sözlərinə görə, Bakıda əvvəllər "on dəfə" olmuş Aleksandr Maşin Caz Mərkəzindəki çıxışını Emil İbrahimin xatirəsinə həsr elədi, həmçinin, İsfar Sarabski ilə birlikdə festival çərçivəsində əsası Emil İbrahim tərəfindən qoyulmuş cem-seyşnlər ənənəsini dirçəltdi. Maşin bildirdi ki, Bakıya bir daha gələcək, çünki bura onun ən sevimli caz şəhəridir. 

Ənənəvi caz musiqisi festivalı Bakıda 2002-ci ildən keçirilir. Paytaxtın dörd musiqi səhnəsində dünyanın 10 ölkəsindən, o cümlədən, Azərbaycandan da musiqiçilər çıxış edirlər. Festivalın sonuncu günü - ayın 29-da caz həvəskarlarını sürpriz - Dük Ellinqtonun orkestri ilə görüş gözləyirdi. 1974-cü ildə Ellinqtonun ölümündən sonra, orkestrin idarəsini onun oğlu Merser Ellinqton öhdəsinə götürüb. On beş il qabaq isə kollektiv "caz kralı"nın nəvəsi Pol Merser Ellinqtonun idarəsinə keçib. 

Hazırda orkestrdə hələ də Dük Ellinqton ilə birgə ifa etmiş bir neçə musiqiçi qalıb. Orkestrin banisi tənqidçilər tərəfindən "son 50 ilin ən böyük caz istedadı" sayılır. Ellinqtonun yaradıcılığı cazın bütün əsas cərəyanlarına təsir göstərib. O, müzik-hollar, musiqi teatrları, konsert proqramları və caz festivalları, radio və televiziya, kinofilm və tamaşalar üçün musiqilər yazıb. Sadəliyi ilə seçilən və asan yadda qalan melodiyaları bir neçə gün ərzində populyarlaşırdı. Ellinqton ilk dəfə olaraq insan səsini alət kimi istifadə etməyə başlayıb. Həmişə onun orkestri ilə birlikdə yalnız yaxşı və böyük musiqiçilər çıxış ediblər. Onların sırasında Lui Armstronq, Kaunt Beysi, Con Koltreyn, Ella Fitscerald, Qlenn Miller və başqaları olublar. 



MƏSLƏHƏT GÖR:

566