15 Mart 2025

Şənbə, 01:28

"QARABAĞSIZ MUĞAM DA BAŞQA CÜR SƏSLƏNIR"

Ehtiram Hüseynov: "Hərdən mənə elə gəlir ki, Laçından bu gün çıxmışam"

Müəllif:

01.11.2011

Azərbaycan musiqisinin beşiyi - Qarabağ işğal altındadır. Amma bu di-yardan çıxan sənətkarlar Qarabağ musiqi məktəbinin ənənələrini yaşatmaqda davam edirirlər. Zirvəsində muğam dayanan bu alınmaz qalanı qoruyanlar arasında gənclər də az deyil. 

Gənc xanəndə Ehtiram Hüseynov 1980-ci il oktyabrın 18-də Laçın rayonunun Hacısamlı kəndində anadan olub. Bütün «sovet» uşaqları kimi, 7 yaşında o da doğma kəndindəki səkkizillik orta məktəbdə təhsil almağa başlayıb. Həmkəndliləri deyirlər ki, uşaqlıqda Ehtiram çox dəcəl idi. Amma kənddə onu çox sevirdilər, çünki balaca dəcəlin fitri istedadı o vaxtdan hamıya məlum idi. Onu oxutmaq isə böyüklərə elə də asan başa gəlmirdi. Tərslik edirdi, hərçənd sonradan razılaşırdı. «Bu, bir qayğısız uşağın şıltaqlığı idi», - deyən Ehtiramın özü də uşaqlıqda dəcəl olduğunu inkar etmir. Bir şeyə təəssüf edir ki, bu qayğısız həyat uzun sürmədi... 

Müharibə başladı və Ehtiramın da taleyinə minlərlə digər həmyaşıdı kimi köçkünlük düşdü. 1992-ci ildə Laçın rayonu işğal olunandan sonra, Hüseynovlar ailəsi doğma kəndlərini tərk edərək, Bakıya köçməli oldu. Elə musiqi təhsilini də 12 yaşlı Ehtiram paytaxtda almağa başladı. Əvvəlcə onu Dövlət Televiziya və Radiosunun «Bənövşə» uşaq xoruna qəbul etdilər, sonra isə Ehtiram, özü kimi köçkün həyatı yaşayan Ağdam musiqi məktəbində təhsil almağa başladı. 1997-ci ildə Asəf  Zeynallı adına musiqi kollecinə daxil olan Ehtiram, burada professional muğam ifaçısı kimi püxtələşməyə başladı. Və 10 il sonra, 2007-ci ildə gənc xanəndə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi çərçivəsində, Heydər Əliyev Fondu,  Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən «Muğam» televiziya müsabiqəsinə qatıldı.  Məhz bu mötəbər yarışda tutduğu  ikinci yer Ehtiram Hüseynovun yaradıcılığında dönüş nöqtəsinə və onun «vizit kartı»na çevrildi. Sonradan o, həmçinin  Bakıda keçirilən Beynəlxalq muğam müsabiqəsinin və bir çox digər müsabiqə və festivalların iştirakçısı oldu. Hazırda Milli Konservatoriyada təhsilini davam etdirən Ehtiram Hüseynov, həm də Dövlət Filarmoniyasının solistidir.  

Suallara xəsisliklə cavab verir, təvazökarlıq edir. Deyir ki, uğurlar barədə danışmaq hələ tezdir. Buna baxmayaraq, onu müsahibə vermək üçün yola gətirə bildik və gənc xanəndə redaksiyamızın qonağı oldu. 

- Muğam sizin üçün nədir?

- Mənim üçün muğam hər şeydir. Mən özümü və həyatımı muğamsız təsəvür eləmirəm.

 - Bildiyimizə görə, ilk dəfə peşəkar səhnəyə Əfsər Cavanşirovun “Bənövşə” uşaq xorunda çıxmısınız. Bəs necə oldu ki, muğama gəldiniz?

 - Uşaq vaxtlarından milli musiqimizi çox dinləmişəm. Sənətkarlarımız Xan Şuşınski, Arif Babayev, Yaqub Məmmədov və başqalarının ifası mənim üçün həmişə ideal olub. Həmişə istəmişəm ki, onlar kimi muğam ifaçısı olum. Anam tərəfdə də çoxunun gözəl səsi olub. Ona görə bir tərəfdən, bəlkə bu mənə qanla gələn bir şeydir. O ki qaldı sənətə gəlişimə, Bakıya köçəndən bir müddət sonra televiziyada “Sübh şəfəqləri” adlı müsabiqənin keçirilidiyini öyrəndim və ora müraciət etdim. Müsabiqənin şərtlərindən biri də o idi ki, orada iştirak edən uşaq mütləq hansısa musiqi məktəbinin şagirdi olmali idi. Mən də həmin dövrdə heç bir musiqi məktəbində təhsil almadığımdan, müsabiqənin münsiflər heyətinin üzvü olan Əfsər Cavanşirov məni özü yaratdığı “Bənövşə” uşaq xoruna qəbul etdi. Orada solist kimi fəaliyyət göstərdim. Amma maraqlı tərəf də ondan ibarət idi ki, mənə qədər xorda muğam oxunmamışdı. Əfsər müəllim mənim muğama marağımın daha çox olduğunu görüb, uşaq mahnıları arasında bir-iki bənd muğam oxumağıma icazə verdi. Daha sonra 1997-ci ildə "Asəf Zeynallı adına Musiqi Kolleci”nə, xalq artisti Canəli Əkbərovun sinfinə daxil oldum və bununla da muğamın sirlərinə yiyələnməyə başladım. Amma bir şeyi də qeyd edim ki, mənim üçün uşaqlıqdan muğamdan başqa sənət yox idi. Elə ən böyük arzum və istəyim də muğam ifaçısı olmaq idi.

 - Muğam müsabiqəsinə necə qatıldınız?

 - Müsabiqə Heydər Əliyev Fondunun dəstəyi ilə Dövlət Televiziyasında yayımlanırdı və bu, sırf gənc xanəndələrin üzə çıxarılması üçün təşkil olunan bir müsabiqə idi. Ona görə də həmişə deyirik və deməyi də özümüzə borc bilirik ki, Mehriban xanım  Əliyevanın dəstəyi və əməyi ilə belə bir müsabiqə baş tutdu və gənc xanəndələr də qiymətləndirildi. Müsabiqədə mən də iştirak etdim. Təbii ki, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Əlibaba Məmmədov və başqa sənətkarların qarşısında çıxış etmək məsuliyyətli və çətin idi. Amma mən bu müsabiqədə ikinci yerə sahib oldum. Onu da qeyd edim ki, müsabiqə sırf xanəndələrin öz gücünə qazanılmalı idi. Bu, digər müsabiqələrdə olduğu kimi, SMS yarışması deyildi. Xüsusən, buna görə müsabiqə təşkilatçılarına təşəkkürüm və minnətdarlığım sonsuzdur. 

- Müsabiqə həyatınızda nəyi dəyişdi?

- Demək olar ki, hər şeyi. Əvvəlki Ehtiramla bugünkünün fərqi də böyükdür. Müsabiqə daha məsuliyyətli, çalışqan olmağı öyrətdi. Həm də bu elə bir müsabiqə idi ki, ondan sonra istəsən də, yerində otura bilməzsən. Mütləq işləməli, irəli getməlisən. Mən də münsiflərin, tamaşaçıların, müsabiqə təşkilatçılarının və müəllimlərin etimadlarını doğ-rultmaq üçün əlimdən gələni etməyə çalışıram. 

-  Yeri gəlmişkən, müəlliminiz kimdir?

- Hazırda Azərbaycan Dövlət Konservatoriyasında xalq artisti Arif Babayevin sinfində təhsil alıram. Elə uşaqlıq arzum da məhz Arif müəllimdən musiqi təhsili almaq idi. Onu da qeyd edim ki, Arif müəllim elə bir insan, elə bir şəxsiyyətdir ki, ondan muğamdan başqa insanlıq dərsi də almağa dəyər. O insanın özü böyük bir həyat məktəbidir. Muğamdan əlavə ondan hər şeyi öyrənməyə çalışıram.

- Siz həm də Heydər Əliyev Fondunun bu ilin martında təşkil etdiyi İkinci Beynəlxalq Muğam Festivalının qalibisiniz. Yəqin, indi də müxtəlif beynəlxalq  müsabiqə  və festivallarda iştirak edirsiniz...

- Əlbəttə, beynəlxalq tədbirlərdə iştirak istənilən ifaçının yaradıcılığında böyük rol oynayır. Mən də həmkarlarım kimi, bir çox ölkələrdə olmuşam. Elə avqust  ayında Kanadada keçirilən Beynəlxalq Niaqara festivalında iştirak etdim. Bu festival artıq 3-cü ildir keçirilir. Məndən öncə bu festivala Bəyimxanım Mirzəyeva, Güllü Muradova və başqa gənc xanəndələr qatılıblar. Ənənəvi olaraq həmin festivalda avqust ayının 26-da Azərbaycan muğamı konserti verilir. Bu il də ölkəmiz çox geniş şəkildə təmsil olunurdu. Məndən başqa bu il orada tar ifaçıları Sahib Paşazadə, Ramiz Quliyev və başqaları çıxış etdilər. Hər il olduğu kimi, bu il də festivalda tar və kamançanın mahir amerikalı ifaçısı Cefri Verbax da çıxış etdi. Bildiyimiz kimi, Cefri Verbax təkcə Amerikada deyil, bütün Avropa ölkələrində tar və kamanın təbliği üçün əlindən gələni edir. Onun amerikalı olmasına baxmayaraq, Azərbaycanın milli musiqi alətlərində məharətlə ifa edir. 

- Ömrünüzü muğamla bağladığınız üçün məmnun görü-nürsünüz. Bəs həyatda nəyə heyfsilənirsiniz?

- Heyfsiləndiyim bir şey var ki, bu da hamımzın ağrılı yeri  - Qarabağsız olmağımızdır. Ailəmiz köçkün düşəndə  cəmi 12 yaşım var idi. Kəndimizin adı Hacısamlı olsa da, hamı bu kəndi Zavod kimi tanıyırdı, çünki sovet dövründə burada nadir palıd ağacının emalı ilə məşğul olan sex fəaliyyət  göstərirdi. Yeri gəlmişkən, bir dəfə sizin jurnalda da kəndimiz barədə oxumuşam. Məqalədə bildirilirdi ki, ermənilər işğal altında olan ərazilərdə meşələri amansızcasına qırıb-talayırlar.

O vaxt mən balaca olmağıma baxmayaraq, Laçının hər bir yerini yaxşı xatırlayıram. Elə bilirəm ki, ordan bu gün çıxmışam. Hərdən dostlarımla Azərbaycanın başqa bölgələrində olanda bəzi yerlər mənə Laçını xatırladır. Özümdən asılı olmayaraq bu sözü deyirəm: necə də Laçına oxşayır. Mənimçün muğam da Laçınsız, Qarabağsız başqa cür səslənir. 

- Lakin həyat davam edir və yəqin ki, fəaliyyətinizdə yeniliklər var...

- Bu yaxınlarda Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyətə başlamışam. Bundan başqa, Türkiyədə yaşayan azərbaycanlı sənətçi, balaban ifaçısı Əlixan Səmədovun yeni bir layihəsində yer almışam. Layihə Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir. Əsas məqsəd balaban, saz, kaman, tar və digər milli musiqi alətlərinin müşayiəti  ilə Azərbaycan muğamının Avropanın daha asan qəbul edə biləcəyi şəkilidə hazırlayıb təbliğ etməkdir. Kompozisiyalar gənclərin zövqləri də nəzərə alınaraq hazırlanıb. Bir neçə kompozisiya artıq hazırdır. Azərbaycan “Cən-gi”sini, “Qarabağ şikəstəsi”ni, “Şirvan Şikəstəsi”ni  birgə sintez şəkilində Alim Qasımov, Elnarə Abdullayeva, Güllü Muradova, Səbuhi İbayev, Asif Kərimov və mən ifa etmişik. Kompozisiyalar disk şəklində Azərbaycan, rus, ingilis, alman və bir sıra dillərdə işıq üzü görüb, dünya ölkələrində satışa çıxarılacaq. 


MƏSLƏHƏT GÖR:

465