15 Mart 2025

Şənbə, 02:51

BİRGƏ TƏTİL?

ABŞ-dan Pakistanadək: sosial-iqtisadi vəziyyətlə bağlı narazılıqlar bir axında birləşir

Müəllif:

01.11.2011

"İş yerlərinin ixtisarına, spekulyantların və bankirlərin yenidən bizim hesabımıza varlanmaları xətrinə pensiyaların azaldılmasına dözmək istəmirik", "Səhiyyə və sosial təminat sisteminə, təhsil və vətəndaş azadlıqlarına analoqu olmayan hücumlara şahidlik edirik", "Kapitalizmə qarşı!", "Birlikdə etiraz edirik!", "İxtisarların ən böyük zərbəsinin qadınlara, gənclərə, əlillərə, qeyri-ənənəvi seksual orientasiyalı şəxslərə, milli azlıqlara dəydiyi aydındır. Bunun fonunda hökumət bizi parçalamaqda israrlıdır - o, etirazçıların diqqətini əhalinin ən zəif təbəqələrinə qarşı yönəltməyə və tətilçilər arasında irqçi əhval-ruhiyyəni artırmağa çalışır".

Bu fikirlər oktyabrın 9-da hökumətin səhiyyə sisteminə planlaşdırdığı dəyişikliklərə etirazını bildirmək üçün Londonun mərkəzindəki məşhur Vestminster körpüsü üzərinə toplaşmış onlarca insanın yaydığı vərəqlərdə yazılmışdı. Aksiya iştirakçılarının əksəriyyəti əllərində solçu şüarların yazıldığı plakatlar tutmuşdu. Onlar Devid Kemeron hökumətini istefaya çağırır.

Aksiya son dərəcə dinc şəraitdə keçirilib. Onun iştirakçıları öz missiyalarına yaradıcı yanaşırdı. London Eye  atraksionundan Temza çayının qarşı sahilinə keçmək istəyən turistlər həkim, tibb bacısı və xəstə geyimlərində gəzişən gənclərin əhatəsinə düşürdülər. Səhnələşdirilmiş aksiyada əsaya söykənmiş qarılar, gözlərinin altı qaralmış qoca kişilər, onların ardınca özünü güclə çatdıran digər xəstələr, əli-ayağı sarıqlı insanlar, hətta yolun ortasında "ölənlərə" də rast gəlmək olardı.  

Aksiya iştirakçılarını bir neçə dairədə mühasirəyə almış sarıgeyimli polislər isə bu səhnəni tam sakit, amma ciddi şəkildə müşahidə edirdilər.

Tibb işçilərinin etirazı Londonda payızın əvvəlindən indiyədək keçirilən ilk belə aksiya de-yil. Ondan, təxminən, 1 həftə sonra - oktyabrın 15-də nümayişçilər London Fond Birjasının binasını "səhnələşdirilmiş" addımlarla ələ keçirməyə cəhd göstərsələr də, polisin müdaxiləsindən sonra yaxınlıqdakı məhəllələrdə yürüş keçiriblər. Qalmaqallı Wikileaks saytının yaradıcısı Culian Assanc da nümayişçilərə dəstək verib.

Aksiyaçıların yaydığı vərəqələrdən birinin üzərində yazılıb ki, noyabrın 30-da 3 milyonadək britaniyalı fəhlə "hökumətin pensiya sisteminə etiraz edəcək".

Böyük Britaniyada son dəfə etirazın belə geniş şəkil almasına 1926-cı ildə keçirilmiş ümumxalq tətili zamanı rast gəlinmişdi.

"Dumanlı Albion"un sakinləri böhranla üzləşmiş banklara görə əziyyət çəkmək istəmirlər və bu işdə onlar tək deyillər. Qərb ölkələrində sosial bərabərsizliyə, dünyanın maliyyə elitasının siyasətinə, həmçinin, siyasi sahəyə beynəlxalq korporasiyaların təsirinə etiraz sanki bir dalğaya çevrilib. Bəzi nümayişçilər hökumət və beynəlxalq korporasiyaların fəaliyyətini "maliyyə terroru" adlandırır. İnsanlar hökumətin böhran əleyhinə tədbirlər çərçivəsində büdcə xərclərini azaltmasına etiraz edir. Əksər Qərb ölkələrinin sakinləri sosial proqramlar üçün nəzərdə tutulmuş büdcə xərclərinin azaldılmasındansa, zəngin şəxslər üçün vergilərin artırılmasını təklif edir.

Bir çox hallarda olduğu kimi, bu işdə də nümunə ABŞ-dan gəlib. Orada sentyabrın ortalarında "Uoll-striti zəbt et" adı ilə başlamış aksiya az zamanda bütün dünyada xəbərlər proqramlarının əsas informasiyasına çevrildi. Bir çox reportyorlar dünyanın ən nəhəng ticarət meydanı olan Nyu-York Fond Birjasından bir qədər aralıda aksiya keçirən etirazçı kütlə haqda açıq sezilən şadlıqla danışırdı. Bundan başqa, nüma-yişçilər artıq zaman-zaman Manhettenin maliyyə məhəlləsindən də keçmək, bu zaman tələblər səsləndirmək adətinə yiyələniblər.

Sonradan etirazların ABŞ-ın Los-Anceles, Çikaqo, Vaşinqton da daxil olmaqla, digər şəhərlərinə də yayılması təəccüblü deyil.

Beləliklə, sonradan İtaliya, Böyük Britaniya, Fransa, Belçika, Yunaınstan, İspaniya, Almaniya və sair ölkələr də ABŞ-a qoşulub.

Maraqlıdır ki, dünyanın ən sabit ölkələrindən olan İsveçrə vətəndaşları da etiraz dalğasına dəstək verib. Sürix, Cenevrə, Bazel və Börndə etiraz aksiyaları keçirilib.

2 mindən artıq insan Niderlandın nəhəng şəhərlərində küçələrə çıxıb. Sloveniya paytaxtı Lyublyanada insanlar barabanların sədaları altında "maliyyə kapitalizminin zorlanması" əleyhinə şüarlar səsləndirib.

Kanadada Toronto küçələrinə çıxmış yüzlərlə şəxs "korporativ tamahkarlıq"a etiraz edib. Fransa da istisna deyil. Amma "G20"nin maliyyə və mərkəzi bank rəhbərlərinin toplantısının məhz Parisdə keçirilməsinə baxmayaraq, burada nümayiş elə də izdihamlı olmayıb.

Tələblərində ən sərt olanlar italiyalılardır. Romada keçirilən nümayiş zamanı iğtişaşlar baş verib, təxminən, 70 nəfər yaralanıb. Yaralananların 40-ı polisdir. Sifətlərini müxtəlif maskalarla gizlətmiş insanlar içərisində yanacaq olan şüşələri polislərə atıb, avtomobillərə od vurub, şüşələri sındırıb, şəhər mərkəzindəki mehmanxanalardan birinin qarşısından götürdükləri İtaliya və Avropa İttifaqının bayraqlarını yandırıb, hətta Müdafiə Nazirliyinin binasına basqın da ediblər. Təxmini hesablamalara görə, nüma-yişdə 150 minədək insan iştirak edib. Onların əksəriyyəti son dövrlərdə işsiz qalmış şəxslərdir. Sosial ödənişli iş tələb edən tələbələr və ali məktəb məzunları da aksiyaya qoşulublar. Maraqlıdır ki, nümayişçilər digər tələblərlə yanaşı, layiqli orta məktəb və universitet təhsilinin qorunub-saxlanmasını, elmi tədqiqatların maliyyələşdirilməsini də tələb edib.

Oktyabrın 22-də nümayişlər bu dəfə Yunanıstanda iğtişaşlara və kütləvi toqquşmalara yol açıb. Afinanın mərkəzində minlərlə aksiyaçı polisi daşqalaq edib, asayiş keşikçilərinə yanacaqdolu şüşələr atıb. Polis öz növbəsində gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə etməli olub. Yunanıstan paytaxtında nümayişə qatılanların sayı 100 mini ötüb və bu, son illərin ən miqyaslı etiraz aksiyasına çevrilib. İnsanların növbəti dəfə küçələrə çıxmasına parlamentdə vergilərin artırılması və büdcə xərclərinin azaldılması məsələsinin səsverməyə çıxarılması səbəb olub.

Nümayişlərin miqyasının artdığı vaxtda, polis də aksiyaçılara qarşı daha sərt tədbirlərə əl atmağa başlayıb. Almaniyada mitinqin dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edilib. ABŞ-da Manhettendə daha fəal nüma-yişçilər həbs olunublar. Oktyabrın 23-də Çikaqo polisi "Çikaqonu zəbt et" aksiyasının 130 iştirakçısını saxlayıb. Elə həmin gün Ohayo ştatının Sinsinnati şəhərində analoji nümayişin 11 üzvü həbs olunub. Melbrunda 95 nümayişçi dəmir barmaqlıqlar arxasına göndərilib. Aksiya iştirakçıları bu zaman polisin həddindən artıq sərt davrandığını bildirir.

Baş verənlərin fonunda etiraz dalğasının yaşandığı bir sıra ölkələrin siyasətçiləri "yaxşı nüma-yişçilər" arasından "pis səbəbkarlar"ı tapmağa çalışır. Məsələn, İtaliya hökuməti və ölkənin hüquq-mühafizə orqanları bəyan edib ki, iğtişaşlar dinc aksiyadan öz məqsədi üçün istifadə edən "Qara blok" anarxist təşkilatı tərəfindən təşkil olunub. İtaliyanın Baş naziri Silvio Berluskoni bildirib ki, baş verənlər "vətəndaş cəmiyyətini təhlükə altına qo-yur".

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq istəyən Herman Keyn "CBS News" telekanalına açıqlamasında "Uoll-striti zəbt et" aksiyasını antiamerika aksiyası adlandırıb. O, bu fikrini aksiya iştirakçılarının kapitalizm və azad bazar anlayışlarını qəbul etməməsi ilə əsaslandırıb.

Konqresin Nümayəndələr Palatasının sabiq spikeri Nyut Qinqriç isə baş verənlərin pis təhsil sisteminin nəticəsi olduğunu düşünür. Onun fikrincə, məhz təhsil sisteminin pis olması insanların beyninə yanlış ideyaların dolmasına səbəbdir.

CBS telekanalının "The New York Times" qəzeti ilə birgə keçirdiyi sorğunun nəticələrini isə heç bir konqresmen şərh etməyib. Sorğu göstərib ki, əhalinin 43%-i "Uoll-striti zəbt et" hərəkatını dəstəkləyir. Respondentlərin 30%-i isə sualı cavablandırmağa çətinlik çəkib.

Həqiqətən də, son zamanlar ABŞ-da işsizliyin səviyyəsi artıb və hazırda o, 9,1% təşkil edir. Konqresin Büdcə İdarəsindən bildirirlər ki, əhalinin Amerikanın ən zəngin şəxsləri olan 1%-i son 30 ildə ölkənin milli gəlirindəki paylarını 8%-dən 17%-ə qaldırıblar. ABŞ Senatı isə oktyabrın ortalarında Prezident Barak Obamanın müəllimlər, polislər və yanğınsöndürənlər üçün iş yerlərinin qorunub-saxlanması üçün 35 milyard dollar ayrılmasını nəzərdə tutan qanun layihəsini rədd edib. Əvəzində, Ağ ev sahibi Konqres, Uoll-strit və Vaşinqtondakı məmurları növbəti dəfə adi amerikalılar üçün az iş görməkdə günahlandırıb.

"Die Presse" öz növbəsində britaniyalı konspiroloq Devid Ayka istinadla fərqli versiya irəli sürüb: "Uoll-striti zəbt et" hərəkatı MKİ-nin iştirakı ilə Qeyri-zorakılılıqlı aksiyalar və strategiyaların  tətbiqi Mərkəzinin  (CANVAS) "serbiyalı qiyamçılar"ı tərəfindən başlanılıb. Bununla yanaşı, yazıda bildirilir ki, "ərəb baharı" ilə London və Nyu-Yorkdakı etiraz dalğaları eyni hadisələrdir: hədəf sistemin sındırılması yox, müxalifət qüvvələrinə nəzarətin ələ alınmasıdır və guya Amerikadakı yeni hərəkat "sadəlöhv solçular üçün tələ"dir.

"Reuters"də dərc olunmuş məqalədə isə etiraz dalğasının maliyyələşdirilməsinə dolayısı ilə Corc Sorosun aidiyyətinin olduğu bildirilir.

Amma etiraz aksiyalarının arxasında kimin durmasından asılı olmayaraq, onların hamısı sosial ədalətsizliklə mübarizə, dünyanın maliyyə elitasının riyakarlığına etiraz şüarları ilə keçirilir. Həqiqətən də, bir çox siyasətçilər və iqtisadçılar qlobal maliyyə böhranının əsas qurbanlarının banklar, nəhəng korporasiyalar olduğu qənaətini yaradır. Amma büdcə xərclərinin azaldılmasının əsas əziyyətini məhz əməkhaqqı hesabına yaşayan insanlar çəkir. Ümumilikdə isə, dünyanın 900 şəhərində analoji aksiyalar keçirilib. Nümayiş iştirakçıları arasında yaşı 18-29 arasında olan çoxlu sayda gənc insan  bir-birlərini Facebook və Twitter vasitəsilə tanıyır. Sosial şəbəkələr vasitəsilə ünsiyyət qurmaq imkanı planetin müxtəlif hissələrində yaşayan insanlarda onların ümumi problemlərinin olduğu, demək, birgə qərar qəbul etməyin mümkünlüyü qənaətini yaradır. Yəni, "Uoll-stritin işğalçıları" başqa fərqlərə baxmayaraq, sosial-iqtisadi vəziyyətlərindən narazılıq əsasında bir araya gəlir.

"Rosbalt" xəbər verir ki, Pakistanda "İslamabadı zəbt et" şüarı altında aksiya planlaşdırılır. Onun təşkilatçıları gənclər hərəkatları və həmkarlar ittifaqı təşkilatlarıdır. Təşkilatçılar Nyu-York və dünyanın digər şəhərlərində küçəyə çıxmış insanlara dəstək nümayiş etdirmək istəyir. Necə deyərlər, şərhə ehtiyac yoxdur.



MƏSLƏHƏT GÖR:

412