15 Mart 2025

Şənbə, 02:52

CƏMAHİRİYYƏNİN SONU

Qəddafi məhv edildi, amma xarici hərbi müdaxilə hələ uzun müddət Liviya gerçəkliyinin ayrılmaz hissəsi olacaq

Müəllif:

01.11.2011

Oktyabr inqilabının rəhbəri demişkən, baş tutdu! NATO hərbi aviasiyası tərəfindən yarım ildən çox müddət ərzində Liviya ərazisinin bombalanması nəticəsində bütün Qərbin nifrət etdiyi Müəmmar Qəddafi məhv edildi - həmvətənlərinin nə qədər onu sevmədiyi məsələsi isə hələ də məlum deyil. Ona görə məlum deyil ki, öz boynuna Liviya xalqının iradəsini ifadə etmək məsuliyyəti götürmüş Benqazi müxalifətinə çoxillik diktatorla haqq-hesabı çürütmək üçün bu qədər uzun vaxt lazım gəldi, halbuki Şimali Atlantika Alyansı ilk başdan Qəddafi  rejiminin öhdəsindən qısa müddətə gəlməyi planlaşdırırdı. Əlqərəz, artıq Liviya xalqının Cəmahiriyyə banisinə nə qədər nifrət edib-etməməsi məsələsi elə də önəmli deyil. Amma liviyalılar yeni hakimiyyəti sevəcəklərmi? Öz tarixi üçün yeni səhifə açan, artıq "nə Liviya inqilabının lideri"nə, nə də Cəmahiriyyənin özünə yer olmayacaq ölkənin yaşadığı anın hazırkı  mənası budur. 

 

Sirtdə qətl

Liviyanı 42 il idarə etmiş Müəmmar Qəddafi üsyançı hərəkatın başında duran Milli Keçid Şurasının (MKŞ) tərəfdarları tərəfindən əsir götürüldükdən sonra həlak oldu. Bu, diktatorun doğma şəhəri Sirtdə baş verdi. Bütün dünya, KİV-də yayılmış və  MKŞ döyüşçülərinin hələ sağ olan Qəddafini necə dəlmə-deşik etdiyini  əks etdirən videokadrların şahidi oldu. Ölü Qəddafinin kadrları isə belə təəssürat yaradırdı ki, o, sanki ətrafdakı insanlar tərəfindən parça-parça edilib. MKŞ təmsilçilərindən birinin bəyanatı da bunu təsdiqlədi; o etiraf etmişdi ki,  Qəddafi onu ələ keçirmiş üsyançılar tərəfindən bilərəkdən öldürülüb. 

Qəddafinin qohumları videoçəkilişlərin yayılmasından dərhal sonra Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcəklərini bildirdilər. Onların fikrincə, NATO pilotları Cəmahiriyyə liderinin kortecinə atəş açmaqla əvvəldən planlaşdırılmış hərbi cinayəti yerinə yetiriblər. Qəddafi ailəsinin vəkili Marsel Sessaldi bildirir ki, NATO helikopterləri mülki əhali üçün heç bir təhlükə törətməyən hökumət kortecinə atəş açıb. Həmçinin, vəkil Misurata pavilyonlarının birində ictimai baxış üçün qoyulmuş mərhumun meyitinin təhqir edilməsi faktına da diqqəti çəkir. 

Qəddafinin həlakına dair istintaqın aparılması tələbi ilə BMT-nin insan haqları üzrə ali komissarının idarəsi də çıxış edib. BMT başçısının Liviya üzrə xüsusi komissarı, bu ölkədə BMT missiyasının başçısı İan Martin də Qəddafinin öldürülməsinin səbəblərini araşdırmağı tələb edib. Analoji tələblə beynəlxalq hüquq mühafizəsi təşkilatı "Amnesty International" da çıxış edib.

Beynəlxalq ictimaiyyətin təzyiqi altında  MKŞ Qəddafinin öldürülməsini araşdırmağa və hətta onun qatillərini mühakimə etməyə razılıq verib. Bununla belə, yeni Liviya rəhbərliyinin nüfuzuna təkcə Qəddafinin zülmlə öldürülməsi, daha sonra onun və oğlu Mütəssimin cəsədinin ictimai baxışa çıxarılması deyil, həm də meyitinin həddindən ciddi şəkildə gizli saxlanan yerdə basdırılması da yetərincə xələl gətirib. Əslində, görəsən,  üsyançılar niyə hətta ölü Qəddafidən də bu qədər qorxurlar? Hansı məqsədlə onun dəfn edildiyi yeri gizlədirlər?

MKŞ Qəddafinin məzarının onun tərəfdarlarını birləşdirəcək bir mərkəzə çevriləcəyindən ehtiyat etdiyini gizlətmir. Bundan belə çıxır ki, qəddafiçilərin sayı heç də son aylarda Liviya üsyançıları və Qərb təbliğatının sübut etməyə çalışdığı qədər də az deyil. 

Məhz bu səbəbdən, diktatorun məzarının yerinin dəqiq bilinməsi yeni hakimiyyət üçün real təhlükə ola bilərdi. MKŞ-in keçmiş diktatoru məhv etməyə tələsdiyindən və onun işini səs-küylü məhkəmə araşdırmasına buraxmamaq istəyindən də danışmağa dəyməz - bu proses həm yeni Liviya hökumətinin dayanıqlılığı baxımından, həm də aparıcı Qərb dövlətlərinin bu yaxınlara kimi Liviya rejiminin əlini çox həvəslə sıxmış liderlərinin nüfuzu baxımından gözlənilməz nəticələr ortaya çıxara bilərdi. 

Amma nə baş verməsindən asılı olmayaraq, Qəddafi rejiminin yıxılması üzrə əməliyyat sona çatdı. Dünyanın ən iri neft ixracatçılarından olan Liviyada hakimiyyət MKŞ-in əlinə keçdi. Amma Liviyada bundan sonra vəziyyət sakitləşəcəkmi və ölkənin inkişafı hansı istiqamətdə gedəcək? 

 

Uçuşsuz zona rejiminin ləğvi 

Önəmli məsələdir, Qəddafinin məhv edilməsindən dərhal sonra BMT Təhlükəsizlik Şurası (TŞ) Liviyada uçuşsuz zona rejimini ləğv etdi. Bu rejim martın 17-də ölkə əhalisini hökumət qoşunlarından qorumaq məqsədi ilə tətbiq edilmişdi və faktik olaraq, bu ölkəyə NATO aviazərbələrinə sanksiya vermişdi.  Hərbi əməliyyatların rəsmi sonaçatma tarixi də müəyyən edilib - bu, 31 oktyabrdır. Müvafiq mandatın başa çatması qərarına BMT TŞ-in üzvü olan 15 dövlət yekdilliklə qərar verib. 

Ancaq Liviya MKŞ NATO rəhbərliyinə xahişlə müraciət edib ki, əməliyyatları, ən azı, ilin sonuna kimi davam etdirsin. MKŞ rəhbəri Mustafa Abdel Cəlilin sözlərinə görə, Alyans ölkədə durumu sabitləşdirməyə yardımçı ola bilər. Liviyadakı hərbi əməliyyatlarda iştirak etmiş dövlətlərin hərbi qüvvələrinin qərargah rəislərinin Qətərdə keçirilmiş görüşündə çıxış edən  Abdel Cəlil öz xahişini "qonşu ölkələrdən hərbi müdaxilənin qarşısını almaq üçün sərhədlərin mühafizəsi və Liviyanı oralarda gizlənmiş Qəddafi qüvvələrinin qalıqlarından qorumaq" istəyi ilə izah edib. 

"Qəddafi qüvvələrinin qalıqları"an gəldikdə isə, onlar doğrudan da yeni Liviya hakimiyyətinə hələ çox ziyan vura bilərlər. Öldürülmüş polkovnikin oğullarından ən siyasiləşmişi və enerjilisi Saif əl-İslam sağ qalıb və atasının intiqamını alacağına söz verib. Böyük ehtimalla, Qəddafi tərəfdarlarının hamısı dəqiq yeri hələ bəlli olmayan  Saif əl-İslam ətrafında birləşəcəklər. Burası dəqiq bəllidir ki, Saif əl-İslam artıq Liviyadan kənardadır və Afrika ölkələrinin birindədir. Həmçinin, bəzi məlumatlara görə, bir sıra Liviya aşirətləri ona sadiqliyə and içiblər. Onların sırasında nüfuzlu bərbər tayfalarından olan və bir zaman Qəddafi rejimini dəstəkləmiş tuareqlər də var. Belə bir ehtimal da səsləndirilir ki, qəddafiçilər məhz tuareqlərin iştirakı ilə keçmiş Cəmahiriyyənin cənub hissəsində müstəqil dövlət yaradılmasına cəhd göstərə bilərlər. Bununla yanaşı, MKŞ yalnız tuareqlərlə deyil, həm də başqa aşirətlərlə bağlı problemlərlə üzləşə bilər. Uzun müddət Qəddafinin dəmir əlləri ilə bir yerdə saxlanan bu aşirətlər arasında  çəkişmələr başlaya bilər. Bu "əlin" kəsilməsi ilə Liviya aşirətlərinin birliyi ciddi sınaqlarla qarşı-qarşıya qala bilər. 

Bundan başqa, bəlli olur ki, Liviya daxilində çox qüvvələr yeni hakimiyyətdə təmsil olunmaq və neft-qaz gəlirləri də daxil olmaqla, Qəddafinin hakimiyyətindən qalmış piroqun bölgüsünə qatılmaq istəyirlər. Liviyada Cəmahiriyyənin yıxılmasında böyük rol oynamış Liviya islamçıları da bu qüvvələrin sırasındadır. O cümlədən, Liviyanın "Müsəlman qardaşları" təşkilatı da buradadır və böyük ehtimalla, məhz onların təsiri ilə Qəddafinin ölümündən dərhal sonra MKŞ bəyan etdi ki, Liviya indən belə şəriət qanunları ilə yaşayacaq. 

Qərbdə heç cür yeni Liviya hakimiyytinin bu gedişini gözləmirdilər. MKŞ dərhal onları Liviya taxtına oturtmuş NATO tərəfindən təzyiqə məruz qaldı və yeni hakimiyyət deyimi bir qədər yumşaltmağa tələsdi. Bildirdi ki, şəriət yeni Liviya qanunvericiliyinin əsas mənbələrindən biri olacaq. Amma istənilən halda, islamlaşma istiqaməti artıq ifadə edilib. Bununla da bu ilin əvvəlində Yaxın Şərqi bürümüş ərəb inqilabi hərəkatının  ən güclü səbəblərindən biri təsdiqlənib. 

"Ərəb baharı"nın çiçəkləndiyi  ilk ölkənin - Tunisin nümunəsi də örnəkvericidir. Bu ölkədə bu yaxınlarda keçirilmiş parlament seçkilərində "Ən-Nahda" islam partiyası qalib gəlib. Bu fakt aydınca göstərir: ərəb ölkələrində avtoritar diktaturaların yerini islamyönümlü qüvvələr tutur. Və Qərb ölkələrinin strateqləri, şəksiz, hazırda islam hərəkatına alternativ olacaq nəsə tapmaq üçün baş sındırırlar. 

ABŞ Prezidenti Baraka Obamanın "Qəddafinin ölümü bütün dünya üzrə diktatorlara dərs olmalıdır" sözlərini nəzərə aldıqda, Qərbin ərəb inqilablarını niyə dəstəklədiyinin səbəbləri aydın olar. "Qara siyahı"ya Suriya Prezidenti Bəşər Əsəd də salınıb ki, Ağ ev sahibi öz fövqəladə tutumlu çıxışında dolayısı ilə ona xəbərdarlıq edib. 

Amma biz yenə də yeni Liviya hakimiyyətinin vurnuxmalarına qayıdırıq, öz gücünə inanmayan bu hakimiyyət NATO-dan Liviyada qalmağı xahiş edib. Qərb MKŞ-in çağırışını öz sadiq müttəfiqi Qətərin açıqlaması ilə eşidib. Bu ölkənin ordusunun baş komandanı general-mayor Hamad bin Ali əl-Attiyyə bəyan edib: "NATO-nun öz qoşunlarını istənilən an çıxara biləcəyi bizə aydın olanda, Liviyanın Qərbdəki dostları bu ölkənin dəstəklənməsi üçün yeni alyans yaradılmasını təklif etdilər və tələb etdilər ki, ona Qətər rəhbərlik etsin, çünki Qətər həm Qərbin, həm də Liviyanın dostudur". 

Yada salmaq yerinə düşər ki, Qətər öz vaxtında Liviya üzərində uçuşsuz zonanın yaradılmasının təşəbbüskarlarından biri idi. Bundan başqa, Liviya ilə müharibə zamanı məhz Qətər onun dünya bazarlarına neft nəqlinə nəzarət edirdi. Və aydındır ki, Qətərin bundan sonra da Liviyada Qərbin maraqlarının hərəkətvericisi roluna razılıq verməsini nəzərə alan ABŞ Dövlət Departamenti bildirib: "Müvəqqəti Keçid Şurası NATO-nun Liviyadakı gələcək roluna yenidən baxa bilər". Ona görə də istisna deyil ki, xarici hərbi müdaxilə hələ uzun müddət Liviya gerçəkliyinin ayrılmaz parçası olacaq. 



MƏSLƏHƏT GÖR:

518