26 Dekabr 2024

Cümə axşamı, 05:28

BİR DƏSTƏ MEDAL

Cüdo üzrə Azərbaycan millisi Əbu-Dəbidə lizensiya turnirində dörd medal qazandı

Müəllif:

11.11.2014

Ardıcıl uğursuz turnirlərdən sonra, nəhayət, cüdo üzrə Azərbaycan millisi bizləri sevindirdi. Hacıağa Hacıəhmədovun komandası Əbu-Dəbidə keçirilən "Böyük Dəbilqə" silsiləsinə aid olan turnirdə 4 medal qazanmaqla idmançılarımızın böyük potensiala malik olması fikrini təsdiqlədi. Cüdoçularımız Vətənə daha çox medalla qayıda bilərdilər. Əgər ağır çəkidə mübarizə aparan idmançılarımız ümidləri doğrultsaydılar.

Əbu-Dəbi turnirində millimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazandı. Komandamızda ən yüksək nəticə Orxan Səfərovun adı ilə bağlıdı. Birləşmiş Ərəb Əmirliklərində 60 kq-da çıxış edən cüdoçu, sözün əsl mənasında, rəqiblər üçün "qorxulu yuxu"ya çevrildi. Artıq indidən Orxanın 60 kq-da qitənin ən güclü cüdoçularından olduğunu əminliklə söyləmək olar. Təmsilçimiz uğura gedən yolun son iki görüşündə Monqolustanın güclü idmançılarını məğlub etməklə diqqəti özünə cəlb etdi. Yarımfinalda Herlen Handbold, finalda isə Amartuvşin Daşdavanı üstələyən Orxan cari mövsümdə üçüncü dəfə beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. "Böyük Dəbilqə" turnirinin lisenziya xarakterli olduğunu nəzərə alsaq, Səfərovun qələbəsinin vacibliyi bir qədər də artar. Yüksək peşəkarlıqla məşqləri davam etdirən Orxan Səfərov 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarına bir qədər də yaxınlaşdı. 60 kq-da mübarizə aparan digər həmyerlimiz İlqar Müşkiyev bürünc medal qazanmaqla lisenziya xallarının sayını artırdı. Hazırda dünya reytinq cədvəlində Orxan Səfərov İlqar Müşkiyevi qabaqlayır. Ona görə hər iki idmançımızı gələn il maraqlı rəqabət gözləyir. Olimpiadada Azərbaycandan hər çəkidə yalnız bir idmançı iştirak edəcəyindən, Səfərovla Müşkiyevdən biri Braziliyaya yollanmayacaq.

Uzun fasilədən sonra Tərlan Kərimov da uğur qazandı. London Yay Olimpiya Oyunlarının iştirakçısı uğursuzluğa Əbu-Dəbidə gümüş medalla son qoydu. Yarımfinalda Rusiya təmsilçisi Alim Qadanov üzərində parlaq qələbə qazanan həmyerlimiz finalda Belarus Dmitri Şerşana uduzdu. Rəqibin əks fəndindən çıxa bilməyən Kərimov turniri gümüş medalla başa vurdu. Bu çəkidə Tərlanın Azərbaycanda əsas rəqibi Nicat Şıxəlizadə sayılır. Ona görə Tərlan lisenziya xallarını artırmaqda davam etməlidir. 

73 kq-da Rüstəm Orucov məşqçilərin ümidini doğrultdu. Hərçənd idmançımız üçün bürünc medal böyük uğur sayıla bilməz. Rüstəmin xüsusilə fransız Uqo Leqran və Şimali Koreyadan olan Kuk Hyen Honqa üzərində qələbələri yaddaqalan oldu. Orucovun bütün görüşlərini ipponla - təmiz qələbə ilə başa vurması onun yaxşı formada olduğunu sübut etdi.  

Təəssüf ki, millimizdə ağır çəkilərlə bağlı problem həll olunmayıb. Ağırçəkili idmançılarımız arasında yalnız 100 kq-da mübarizə aparan Elmar Qasımov medala yaxın oldu. Təsəlliverici görüşdə Əlcəzair idmançısına uduzan Elmar fəxrü kürsüdən kənarda qaldı. 90 kq-da çıxış edən Məmmədəli Mehtiyev isə turniri 5-ci sırada başa vurdu. Ümumilikdə, millidə 81, 90, 100 kq-da ciddi problemin olması növbvəti dəfə özünü göstərdi. Məhz bu çəkilərdə rəqabətin olmaması məşqçiləri bütün yarışlarda eyni idmançılara güvənməyə məcbur edir. Nəticədə, cüdoçu uduzsa belə, onu başqa idmançı ilə əvəzləmək mümkün olmur. Azərbaycan millisində ağır çəkilərlə bağlı problem uzun illərdir həllini tapmır. Bir zamanlar bu problemi əcnəbi idmançıların sayəsində aradan qaldırmaq müzakirə edilirdi. Sonda məşqçilər korpusu bu təklifi rədd edərək, öz idmançılarımızla işləməyə üstünlük verdi. 

Azərbaycan millisinin baş məşqçisi Hacıağa Hacıəhmədov "R+"a açıqlamasında komandanın çıxışından razı qaldığını bildirib: "Cüdoçularımız ümumilikdə yaxşı mübarizə apardılar. Unutmaq olmaz ki, bu turnir güclü idmançıların iştirak etdiyi yarışdır. Hər bir idmançı lisenziya xallarını çoxaltmağa çalışır. Tərlanla Orxanın medal qazanmasını xüsusi qeyd etmək istərdim. Hər ikisi sona qədər mübarizə apardı. Ağır çəkilərdəki problemə gəlincə, idmançılarımızın bəxti gətirmədi. Digər tərəfdən, komandada bütün idmançılar medal qazana bilməz axı. Bəzən müəyyən səhvlər olur. Ona görə biz daha çox medal qazanmaq şansımızı itiririk. Məşqçilər korpusu səhvlər üzərində işləyəcək. Qarşıda bizi Yaponiyada daha bir böyük turnir gözləyir. Əsas hədəf 2 il sonra keçiriləcək Yay Olimpiya Oyunlarına daha çox lisenziya qazanmaqdır. Bir çəkidə iki idmançının olması rəqabət baxımından yaxşı haldır. Bu halda lisenziya xalı çox olan idmançı olimpiadaya gedəcək. Və ya məşqçilər korpusu iki idmançı arasında yoxlama görüşü keçirəcək. Hazırkı məqamda millidə idmançılarımızın zəif cəhətlərini unutdurmaq istərdik. 2015-ci il lisenziya baxımından çox vacib olacaq. Biz bütün çətinliklərə hazır olmalıyıq".

Qeyd edək ki, Azərbaycan cüdoçuları dekabrda "Böyük Dəbilqə" silsiləsindən olan daha bir turnirdə iştirak edəcək. Mötəbər yarış Yaponiyada keçiriləcək. 



MƏSLƏHƏT GÖR:

685