Müəllif: Zöhrə FƏRƏCOVA Bakı
Həştərxandaydılar. 1919-cu il idi. Bakıda 1918-ci ildə erməni daşnakları və bolşeviklər türk-müsəlman millətinə qarşı qırğınlar törədəndə onlar da baş götürüb bu şəhərə qaçmışdılar. Həştərxanda günləri dinclik içərisində keçmirdi. Dövrün ziddiyyətli axarında bakılı Ələsgər inqilabçı olmuşdu. Həştərxana gedəndə artıq siyasi mübarizədə fəal olanların çoxunu tanıyırdı. Nəriman Nərimanovla dost idi. Həştərxanda eyni evdə yaşayırdılar. Nəriman Nərimanov birinci mərtəbədə, Ələsgər isə ailəsi ilə bərabər ikinci mərtəbədə. Bir gün kiçik, sevimli qızı Leyla əlini sinəsinə aparıb şikayətləndi: "Ata, ağrıyır...". Ələsgər "Get, Nəriman əmi sənə baxsın", - dedi. Uşaq ixtisasca həkim olan Nəriman Nərimanovun yanına qaçdı. O, qızdan soruşdu: "Ağrı hardadır?". Leyla əlini köksündə gəzdirə-gəzdirə "Burdadır, burdadır...", - dedi. Nəriman Nərimanov gülümsədi: "Yaxşı, nə vaxt bir yerində ağrı olarsa, onda gələrsən".
O vaxt Leyla 10 yaşındaydı. O, 1909-cu ilin 9 sentyabrında Bakıda dünyaya göz açmışdı. Valideynləri ilə birlikdə doğma şəhərindən uzaq düşdüyü vaxtarda balaca Leyla inqilabçıların köməkçisinə çevrildi. İnqilab dalğası Həştərxanı öz ağuşuna almışdı. Şəhərdə barrikadalar qurulmuşdu. Leyla uşaq olduğundan, jandarmların diqqətini cəlb etmirdi. Ona görə də inqilabçılar məktublarını, sənədləri ona verib, lazımi ünvanlara göndərirdilər.
Əmisi oğlu da bolşevik idi. O, XIX ordu ilə Bakıya gəldi. 1920-ci ildə Leylagil də qayıtdılar.
On iki-on üç yaşları olanda anası vəfat etdi. Atası və üç əmisi çalışırdılar ki, Leyla anasızlığını hiss etməsin. O, elə əvvəldən dörd qardaşın sevimlisiydi. Ailənin tək uşağı idi. Həm də bu dünyadan gənc yaşında, nakam köçmüş bibisinin adı verilmişdi ona. Ələsgər Zeynalov illər sonra yenidən evləndi. 1935-ci ildə bir oğlu da oldu.
Leyla isə 1925-ci ildə, on dörd yaşında artıq ata ocağından köçmüşdü. Əslən kürdəxanılı olan ondoqquzyaşlı Bəhrəm Məmmədbəyovla ailə qurmuşdu. İlk övladı dünyaya gələndə Leyla Məmmədbəyova on altı yaşındaydı.
Onun bəxti gətirmişdi. Həyat yoldaşı Leyla Məmmədbəyovanı işləməyə, ictimai həyatda fəal olmağa həvəsləndirirdi...
Leyla Məmmmədbəyovanın bir vaxtlar övladlarına danışdığı bu xatirələri indi kiçik oğlundan - Xanlar Məmmədbəyovdan eşidirəm: "Atam o vaxtlar təhsil alır, həm də fəhlə işləyirdi. O, evliliklərinin ilk vaxtlarında anama "Sən həm oxumalı, həm də işləməlisən", - deyib. Atam sözünün üstündə durub. Çadralı gənc həyat yoldaşının Əbilov adına kluba getməsinə icazə verib. Anam orada təhsil almağa başlayıb".
Sonralar Bəhram Məmmədbəyov müxtəlif vəzifələrdə çalışıb, böyük hörmət qazanıb. 1927-ci ildə kommunist partiyasının sıralarına daxil olub. Xanlar Məmmədbəyov deyir: "1928-ci ildə iclas keçirilib. Əvvəlcədən bütün kommunistlərə tapşırıblar ki, həyat yoldaşlarınızı gətirin. Atam da anamı aparıb. O vaxtlar çadrasını atan qadınların siyahısını aparırdılar. İclas zalında çağırış ediblər. Anam çadrasını başından açıb, amma atmayıb, qoltuğuna vurub". Onda Leyla Məmmədbəyovanın on doqquz yaşı var idi.
Bakı təyyarəçilər məktəbinə qəbul keçirildiyindən xəbər tutdu. Həyat yoldaşı Dəvəçidə işləyirdi. Oradan yazırdı ki, işləməyə get. Leyla Məmmədbəyova qərarını verdi...
Təyyarəçilər məktəbinə 22 nəfər qəbul etdilər. Onların arasında yeganə qadın oldu. Hərbi forma da verildi. Geyinib həyat yoldaşının yanına getdi. Bəhram Məmmədbəyov qapını açdı. Qarşısında kişi hərbi geyimində biri dayanmışdı, oğlana oxşayırdı, ancaq hörükləri dizdən aşağı sallanırdı. Əvvəlcə tanımadı. Sonra gülə-gülə "Afərin sənə, uç!" - dedi.
Bir gün ona "Əsasnaməyə görə, təyyarəçi hörük gəzdirə bilməz", - dedilər. Məsləhətləşmək üçün evə gəldi. Həyat yoldaşının qanı qaraldı. Amma hörüklərini kəsəndən sonra ona diqqətlə baxıb: "Pis deyil!" - dedi.
Bakı aeroklubunda təhsil alan Leyla Məmmədbəyovanın 1931-ci ildə ilk uçuşu olmalıydı. O gün həyatının ən unudulmaz anlarını yaşadı. Bakı aeroklubun kursantları uçuş meydanında sıraya düzüldülər. Bir neçə dəqiqədən sonra Leyla Məmmədbəyova "U-1" təyyarəsində təcrübəli təlimatçı ilə birgə ilk dəfə havaya qalxdı. Səmada qanadlanan təyyarənin kabinəsində özünü dünyanın ən xoşbəxt adamı hesab edirdi. İlk müstəqil uçuşu uğurla başa vudu. Təriflər, təbriklər eşitdi.
1932-ci ildə təhsilini davam etdirmək üçün Moskvaya göndəriləndə Azərbaycanın ozamankı rəhbəri Mir Cəfər Bağırova "Uşağım balacadır", - dedi. Bağırov dayə veriləcəyini söylədi. Belə də oldu.
Leyla Məmmədbəyova Moskvaya oxumağa getdi. Gərgin təhsil, təlim və uçuş günləri yenidən başlandı. "U-2" təyyarəsini idarə etməyi öyrəndi, tanınmış təyyarəçilərlə tanış oldu.
Xanlar Məmmədbəyov deyir: "Anam danışırdı ki, atanız mənimlə bircə dəfə mübahisə etdi. 1933-cü ildə aerodroma paraşütlər gətirdilər. O vaxtlar bu, böyük yenilik idi. Anam sevinc içərisindəymiş. Ancaq həyat yoldaşına paraşütdən tullanacağını söyləyəndə, o, əsəbiləşib: "Bəsdir, uşaqları fikirləş!" - deyib.
Anam hər dəfə təyyarədə uçanda atam narahatlıq keçirirmiş. Paraşüt məsələsi ortaya çıxanda daha əsəblərini cilovlaya bilməyib. Hirsli-hirsli deyib: "Sənə dedim, get oxu, işlə. Demədim ki, get göyə çıx. Yaxşı, dinmədim. Gül kimi saçların vardı, onları da kəsib-atdın, dinmədim. İndi də paraşütdən tullanmaq istəyirsən, paraşüt açılmadı, göydən gəlib düşdün yerə. Uşaqlara kim baxacaq?".
Leyla Məmmədbəyova susurdu. Həyat yoldaşını yaxşı başa düşürdü. Ancaq qərarından dönməyəcəkdi.
1933-cü ilin 17 martında Moskvanın Tuşino aerodromunda "U-2" təyyarəsindən paraşütlə atıldı. Ona qədər Sovet İttifaqında 84 nəfər paraşütçü olmuşdu. Onların da yalnız biri qadın idi. Leyla Məmmədbəyova Nina Kamnevadan sonra ikinci qadın paraşütçüsü oldu.
Bakıya arzularla dönsə də, tezliklə qanı qaraldı: "Moskvadan qayıtdıqdan sonra ona deyiblər ki, sənə təyyarə verməyəcəyik, get kitabxanada müdir ol", - Xanlar Məmmədbəyov danışır. - "Anam etiraz edib. Mir Cəfər Bağırova bildirib ki, mən iki uşağı burda qoydum, soyuqda getdim Moskvada oxudum, indi deyirlər, kitabxana müdiri olacaqsan...".
O, anama deyib ki, yaxşı get. Bununla da məsələ həll olunub. Dərhal anama təyyarə verilib. Başlayıb işləməyə".
1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutdu. 1935-ci ildə, Sovet Azərbaycanının 15 illiyi tamam olanda respublika nümayəndə heyətinin tərkibində Moskvaya getdi. SSRİ MİK-in sədri ona "Şərəf nişanı" ordenini təqdim edən M.Kalinin "Sizin peşəniz vacibdir, daha tez və yüksəkliyə uçmağınızı arzu edirəm", - dedi.
Leyla Məmmədbəyova Bakıda hələ də qadınların çadranı atmasına, çalışmasına, ictimai işlərə qoşulmasına qadağalar qoyulduğu bir vaxtda bu işləri görürdü. 1933-cü ilin yanvarında Əli Bayramov adına qadın klubunun ən fəal üzvlərindən biri, tikiş sexinin işçisi Səriyyə Xəlilova atası və qardaşı tərəfindən qətlə yetirildi. O zaman bu faciə çoxlarını sarsıtdı. 1934-cü ildə rejissor Mikayıl Mikayılov iki gənc qadının - Leyla Məmmədbəyovanın və Səriyyə Xəlilovanın həyatından bəhs edən film çəkdi. "İsmət" adlı filmdə rejissor ümumiləşdirmə apararaq, Azərbaycan qadınlarının taleyini əks etdirdi.
1937-ci ildə sovet hakimiyyətinin repressiya siyasəti Məmmədbəyovlar ailəsinə həyəcanlı günlər yaşatdı. Xanlar Məmmədbəyovun söylədiklərindən: "1937-ci ildə atamın partiya biletini alıblar. O zaman belə idi: partiya biletini almaq həmin adamın faciəli sonu demək idi. Atam dərhal Bağırovun qəbuluna gedib. Ona vəziyyəti danışıb. Bağırov Ələsgər Zeynalovu yaxşı tanıyırdı. Elə atamın o vaxt həbs olunmamasının səbəbi də bu olub. Qayınatasına görə atamı tutmayıblar. Səhəri günü partiya biletini özünə qaytarıblar".
1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Leyla Məmmədbəyova dörd uşaq anasıydı. Kiçik qızı elə həmin il dünyaya gəlmişdi. Onu cəbhəyə aparmadılar. Bakı aeroklubu da bağlandı. Leyla Məmmədbəyova Mir Cəfər Bağırovun qəbuluna getdi. Ona işsiz qaldığını dedi. Axır ki, planer-paraşüt klubunun açılmasına nail oldu. Sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirdi. Müharibə illərində yüzlərlə desantçı və dörd min paraşütçü-desant hazırlayıb cəbhəyə yolladı. Şagirdlərinin ikisi - Adil Quliyev və Nikolay Şeverdyayev Sovet İttifaqı Qəhrəmanı oldu. Azərbaycanda ilk hərbi təyyarəçi qadın - Züleyxa Seyidməmmədova Leyla Məmmədbəyovadan ilham alaraq bu sənətə gəldi.
Leyla Məmmədbəyovanın son uçuşu 1949-cu ildə oldu. İyirmi il qulluq edəndən sonra təyyarəçi kimi təqaüdə çıxdı. Səmadan ayrılmaq çətin idi. Ancaq həkimlər onun səhhəti üçün narahatlıq keçirirdilər. Xanlar Məmmədbəyov deyir: "O vaxt çox xəstələnirdi. Deyirdi, ürəyimdir. Ancaq anamı müayinə edən həkim bildirib ki, ürəyində problem yoxdur. Müalicə olundu. Sonra yavaş-yavaş sağaldı. HDQKYQ-in (Hava və Dəniz Qüvvələrinə Könüllü Yardım Qurumu - Z.F.) Bakı Komitəsinin sədr müavini işlədi. 1961-ci ildə təqaüdə çıxdı".
Leyla Məmmədbəyovanın müharibə və müharibədən sonrakı illərdə aldığı mükafatları arasında "Analıq medalı" da var idi. Altı uşaq böyüdüb tərbiyə etdiyinə görə layiq görülmüşdü bu medala.
Xanlar Məmmədbəyov bildirir ki, Leyla Məmmədbəyovanın on uşağı olub: "Dördü kiçik yaşlarında vəfat edib. Biz altı uşağa - Firudbəy, Rüstəm, Elmira, Zemfira, Vaqif və mənə uzun ömür yaşamaq qismət olub. Artıq iki böyük qardaşımız da həyatdan köçüb - Rüstəm 1993-cü ildə, böyük qardaşımız Firudbəy isə 2007-ci ildə vəfat edib".
Leyla Məmmədbəyovanın böyük oğlu Firudbəy 18 yaşında II Dünya Müharibəsində, kiçik oğlu Xanlar isə 45 yaşında Qarabağ müharibəsində vuruşub.
Xanlar Məmmədbəyovun söylədikləri: "Atam insult oldu. O, əlli iki yaşında vəfat edəndə övladlarından dördü balacaydı: üç, səkkiz, on bir və on üç yaşlarındaydı. Atamdan sonra evdə qulluqçumuz da olmadı. Hər işi anam özü görürdü. Biz də ona kömək edirdik. Üç uşaq gecə məktəbində oxuyurdu. 16 yaşından gedirdilər işləməyə. Ailə vəziyyəti çətin olduğuna görə, o biri uşaqlar orta məktəbdə oxumadılar. Tək mən orta məktəbi bitirdim. Anam həm təyyarəçi kimi maaş, həm də çoxuşaqlı ana kimi təqaüd alırdı. Mülki təqaüdə gedəndə dedilər ki, biri olmalıdır. O vaxt aldığı pul lap azaldı - 60 rubl oldu. Onda mənim on iki yaşım var idi".
1989-cu ilin iyulunda vəfat etdi. Sentyabrda 80 yaşı tamam olmalı idi. İkinci Fəxri xiyabanda yer verdilər. Ancaq bütün SSRİ-də məşhur olan, adına şeirlər yazılan, filmlər çəkilən ilk qadın-təyyarəçimiz haqqında qəzetlərdə heç nekroloq belə dərc olunmadı...
MƏSLƏHƏT GÖR: