14 Mart 2025

Cümə, 11:11

İRƏVANIN "SURİYA OYUNU"

Ermənistan Yaxın Şərqdə "xristian muxtariyyəti"nin yaradılması planını canlandırmağa çalışır

Müəllif:

11.11.2014

Suriyadakı qarşıdurma lap əvvəldən Ermənistan üçün xüsusi mövzu olub - ilk növbədə, oradakı çoxsaylı və nüfuzlu erməni icması üzündən. Açığı, yüz minlərlə ələvi, sünni, türkmən, kürdün başına bəla olmuş qanlı vətəndaş müharibəsinin Suriya xristianlarından, o cümlədən ermənilərdən yan keçəcəyi şansı nəzəri cəhətdən belə yox idi. Bununla yanaşı, erməni auditoriyasının və siyasi elitanın Suriya böhranına yanaşmasında bir neçə mərhələni bir-birindən ayırmaq olar. Əvvəlcə orada tam səmimi olaraq həmvətənlərinin taleyindən narahatlıq keçirir, erməni icmasına bu və ya digər formada toxunan bütün insidentlər haqda ətraflı məlumat verirdilər. Sonradan vətəndaş müharibəsinin Suriya ermənilərinin əsas məskunlaşdıqları şəhərləri - Dəməşq və Hələbi bürüdüyü zaman ermənilərin kütləvi şəkildə Ermənistana köçürülməsinə başlanıldı. Bunun üçün xüsusi aviareyslər belə, təşkil olunurdu. Üstəlik, erməni siyasətçilər ənənələrinə sadiq qalaraq, onların işğal altındakı Azərbaycan torpaqlarına yerləşdirilmələrini təklif edirdilər. Amma ermənilərin "köçürmə siyasəti" iflasa uğradı. Bir müharibədən çıxıb digərinə düşmək istəyənlər tapılmadı. Suriya erməniləri, hətta Ermənistanda belə, qərar tuta bilmədilər. Nəticədə, hətta köç məqsədilə açılmış xüsusi aviareyslər ləğv olundu - uçmaq istəyində olan sərnişin tapılmırdı.

Bütün bunlardan sonra Ermənistanın Suriya hadisələrinə marağı sönməyə başlandı. Amma sonradan adını dəyişərək "İslam Dövləti" (İD) olmuş İŞİD-in meydana çıxması ilə vəziyyət dəyişdi. Suriya böhranı bütün baş verənlərdə Türkiyə və Azərbaycanı günahlandırmaq üçün əla bəhanə oldu. İrəvan KİV və xaricdəki erməni lobbisi çox sadə konstruksiya irəli sürürdü: guya Suriyadakı "islamçılar"ı Türkiyə dəstəkləyir və məqsəd onların bu dəfə Suriya ərazisində "ermənilərin məhvini davam etdirməsi"dir. Gebbels təbliğatının məşhur postulatına tam uyğun: yalan nə qədər dəhşətlidirsə, ona bir o qədər tez inanacaqlar. Artıq Suriyadakı həmvətənlər haqda heç kəs düşünmürdü - onların taleyi İrəvan siyasətçilərini yalnız Türkiyəyə, həmçinin qismən Azərbaycana hücumların təşkili üçün "informasiya bəhanəsi" kimi maraqlandırırdı.

Bu mənada bu ilin yazında Hələb yaxınlığında Kəsab erməni şəhərinin ələ keçirilməsilə bağlı epizod kifayət qədər maraqlıdır. Aprelin əvvəlində erməni KİV də daxil olmaqla, bir sıra mətbuat orqanlarında "Əl-Qaidə" ilə əlaqəli "Ən-Nusra" qruplaşmasının Kesab şəhərini ələ keçirməsi, orada dinc əhaliyə qarşı qətliamların törədilməsi haqda damarlarda qanı donduracaq məlumatlar yer almağa başladı. Erməni jurnalistlər, lobbiçilər, hətta ABŞ Konqresinin üzvləri guya söhbətin "Türkiyədə məskunlaşmış" terrorçulardan getdiyini, onların Kesabı yalnız "erməni soyqırımı"nı davam etdirmək məqsədilə ələ keçirdiklərini iddia edirdilər.

Daha sonra KİV-də hər şeyin əslində fərqli olduğuna dair məlumatlar yayıldı. Məlum oldu ki, Kesab Suriya müxalifətçilərini yalnız və yalnız şəhərin yaxınlığında RLS yerləşdiyi üçün maraqlandırırmış. Hökumət həmin RLS-in vasitəsilə müxalifət dəstələri arasındakı danışıqları "tuturmuş". Daha sonra şəhər meri V.Çaparyan şəhərdə 80 erməninin qətlə yetirildiyinə dair xəbərlərin tamamilə yalan olduğunu bildirdi və onun bu sözləri mətbuatda, o cümlədən Cənubi Qafqaz KİV-də geniş yer aldı. Mer şəhərdən bütün dinc sakinlərin evakuasiya olunduğunu, nəticədə, onlar hər şeylərini itirsələr də, sağ olduqlarını və təhlükəsiz şəraitdə yerləşdirildiklərini söylədi. Bir müddət sonra isə internetdə guya "Kesabda ermənilərin qətliamı" adı ilə yerləşdirilmiş dəhşətli videogörüntülərin bu şəhərə və ermənilərə heç bir aidiyyətinin olmadığı üzə çıxdı. Belə görüntülərin birində, əslində, terrorçuların Suriya hökumət qoşunlarının əsgərlərini güllələməsi kadrları əks olunmuşdu. Bu, əlbəttə ki, son dərəcə təsirli hərbi cinayətdir. Lakin orada söhbət Kesabda dinc ermənilərə qarşı qətliamdan getmir. Digər videoçarxda isə ümumiyyətlə, "böyüklər üçün" filmdən kadrlar yer alıb. Üstəlik, sonradan Kesabdan evakuasiya olunmuş qocaların məhz Türkiyə ərazisində məskunlaşdıqları da üzə çıxıb.

İndi Ermənistanda yeni epizod ətrafında "səs-küy" qaldırmağa başlayıblar. Söhbət Deyr-ez-Zordakı erməni kilsəsinin İŞİD tərəfindən partladılmasından gedir. Erməni dinşünas Vardan Xaçatryanın fikrincə, "Deyr-ez-Zordakı "Bütün müqəddəslər" kilsəsinin sentyabrın 21-də partladılması (Ermənistanın müstəqillik günü) prinsipcə Ermənistanın terrorçuların hədəflərindən biri olduğunu göstərir".

Bununla yanaşı, kilsənin "erməni soyqırımı" qurbanlarının xatirəsinə ucaldıldığı bildirilir. Ermənistanda akkreditasiya olunmuş əksər diplomatik missiyalar bu terroru pisləyən bəyanatlarla çıxış ediblər. Bu, tamamilə başadüşüləndir: məbədin partladılması istənilən dində cinayətdir. Ermənistanda və erməni lobbiçiləri arasında isə buna dərhal fərqli don geydirilib: guya partlayışın arxasında mərdimazar Türkiyə dayanır və bununla, o... "erməni soyqırımı"nın tanınmasına mane olmaq istəyir. Üstəlik, bu versiyanı erməni lobbisilə sıx əlaqəli amerikalı konqresmenlər Adam Şiff, Frenk Pallone, Cim Kosta və Sendi Levin də təkrarlayıblar.

Əlbəttə ki, İrəvanın Suriya faciəsini Türkiyəni növbəti dəfə bütün ağlagələn və gəlməyən pisliklərdə ittiham etmək üçün bəhanə kimi görməsi versiyası var. Amma peşəkar erməni lobbiçiləri "soyqırımı"nın 100-cü ildönümünün çatdığını, amma bu sahədə xüsusi uğurların hələ də görünmədiyini anladıqları üçün Suriya faciəsindən və İŞİD-in əməllərindən, sadəcə, özlərini yada salma vasitəsi kimi istifadə etmək fikrinə düşüblər. Ekspertlər isə guya Suriyada "erməni soyqırımı"nın davam etdirildiyinə dair fikirlərin yayılmasında daha bir hədəfin olduğunu istisna etmirlər. Bu yerdə unutmaq lazım deyil ki, "erməni soyqırımı" haqqında mif lap əvvəldən 6 Şərqi Anadolu vilayətinə ərazi iddialarını "əsaslandırmaq" üçün nəzərdə tutulub. Ermənilər məhz həmin vilayətlər hesabına "Qərbi Ermənistan"ı genişləndirməyi düşünürdülər. İndisə ermənilər, həmçinin bir sıra digər dairələr Yaxın Şərqdə "xristian muxtariyyəti" ideyasını işə salıblar.

Xatırladaq ki, 2012-ci ilin iyulunda "İzvestiya" qəzetində "Suriyadan kənarda yaşayan Suriya xristianları birliyi"nin bəyannaməsi dərc olunmuşdu. Təşkilat tərəfdarlarını birliyə, Suriya ərazisində muxtariyyət və ya müstəqil dövlət yaratmağa çağırırdı. Hələ 2008-ci ildə isə İraqdakı qeyri-sabitlik fonunda ermənilər bu ölkənin neftlə zəngin şimalında xristian muxtariyyətinin yaradılmasını fəal şəkildə müzakirəyə çıxarmışdılar. Hər halda, o zaman "Novoye vremya" qəzeti Mosulda xristianların öldürülməsini İraqın şimalında... "erməni-assuriyalı muxtariyyəti"nın yaradılması planı ilə əlaqələndirirdi. Bu yerdə qəflətən bir fikir də ortaya çıxmışdı: İraqın neftlə zəngin şimalında yaşayan ermənilərin əksəriyyəti ölkənin cənubundan buraya son 1-2 ildə köçürülüblər.

"İraq erməni-katoliklərinin dini lideri Levon Adamyan Beyrutun "Azdak" qəzetinə müsahibəsində Bağdadda yaşayan ermənilərin İraqın şimalındakı Hamdaniyə və Telkeyt əyalətlərinə köçməklə bağlı təkliflər aldıqlarını təsdiqləyib. Bunu İrəvanda keçirdiyi mətbuat konfransında İraq ermənilərinin Milli Mərkəzi İdarəsinin rəhbəri Paruyr Akopyan da xatırladıb", - deyə o zaman qəzet yazırdı.

Göründüyü kimi, "neft meydanları" yaxınlığında "xristian muxtariyyəti"nin yaradılmasına cəhdlər olub və ermənilər oraya az qala tapşırıqla köçürülüblər. O zaman bu ideyanı həyata keçirmək mümkün olmayıb. İndi, deyəsən, o, yenidən yada düşüb. 



MƏSLƏHƏT GÖR:

645