15 Mart 2025

Şənbə, 02:41

KEÇİLMƏYƏN İMTAHAN

Berti foqts: qalsın, ya getsin?

Müəllif:

15.10.2011

Futbol üzrə Azərbaycan milli komandası tarixinin 9-cu seçmə mərhələsini başa vurdu. Gələn il keçiriləcək Avropa Çempionatının seçmə oyunları yığmamız üçün 5-ci qitə birinciliyi oldu. 5-ci cəhdimizi qrupda 5-ci pillədə başa vurduq.
Başa çatan seçmə mərhələ komandamız üçün bəzi rekordlarla yadda qaldı. Əslində, bu göstəricilərlə öyünmək olmaz. Hətta ortabab futbol ölkələri belə nəticələri antirekord kimi qəbul edir. Amma həmişə ən zəiflər arasında olan yığmamız keçmişiylə müqayisədə ən yaxşı göstəricini əldə edib.
Qələbə sayında rekord. Azərbaycan millisi ilk dəfə seçmə mərhələni 2 qələbə ilə başa vurdu. Əvvəlki 8 tsikldən 6-da 1 qalibiyyəti olan millimiz bu mənada yeniliyə imza atdı. Futbolçularımız Bakıda Türkiyəni və Qazaxıstanı müvafiq olaraq 1:0 və 3:2 hesabıyla üstələdi.
Xal sayında rekord. Arxada qalan 8 seçmə mərhələdə ən yaxşı halda 5 xal toplayan, buna 3 dəfə nail olan yığmamız, nəhayət ki, 10 ildən sonra bu rəqəmi artırdı. İlk dəfə 5 xal rekordu 10 il əvvəl müəyyənləşmişdi. İqor Ponomaryovun rəhbərliyi altında komanda mövsümdə 5 xal topladı. Ardınca Şahin Diniyev həmin rekordu təzələdi. Belədə Foqtsun vaxtında toplanan 7 xal tarixə düşdü.
Qol sayında mütləq rekord. "AÇ-2000" və "DÇ-2010"da 6 qol vuran yığmamız həmin rekordunu təzələdi. Belə ki, millimiz 10 oyunda 10 qol vurmaqla yeniliyə imza atdı. Bu göstərici hələlik ən yaxşı sayılır.
Evdə hamıya qol vurduq. Azərbaycan millisi doğma meydanda keçirdiyi bütün oyunlarda qol sevinci yaşamaqla tarixinin ən yaxşı nəticəsinə nail oldu. İndiyədək belə hal təkrarlanmayıb. Yalnız bu seçmə mərhələdə komandamız Bakıya gələn bütün rəqiblərin qapısına yol tapıb.
Antirekord. Komandamız seçmə mərhələdə kifayət qədər çox qol buraxdı. Cari mərhələdə milli 26 topa üzüldü. Əvvəlki mərhələlərdə bir dəfə 29, bir dəfə 28 qol buraxan yığma 3-cü antirekorda imza atdı. 26 qol buraxmağımız üzücü nəticəyə çevrildi.
Tarixdə 3-cü dəfə. Milli tarixində 3-cü dəfə sonuncu olmadı. Qrupda, adətən, sonuncu yeri tutan futbolçularımız 3-cü dəfə axırdan 2-ci yerə yüksəldi. Əvvəlki hallarda 2 dəfə Lixtenşteyni qabaqlayan komandamız bu dəfə Qazaxıstanı arxada qoydu.
Səfər sindromu. Azərbaycan yığması yenidən səfərdə oynaya bilmədiyini nümayiş etdirdi. Son 2 seçmə mərhələdə səfərdə xal qazanan komandamız sonuncu dəfə "DÇ-2006"da bütün xallarını evdə qazanmışdı. Bu dəfə yenə səfərdə uğursuzluğa düçar olduq.
3-cü dəfə eyni məşqçiylə. Komandamız tarixində 3-cü dəfə seçmə mərhələni başladığı məşqçi ilə başa vurdu. Bu mənada ölkə İqor Ponomaryov imza atıb. Berti Foqts isə ardıcıl 2 mövsüm seçmə mərhələdə millinin sükanı arxasında oldu.
Berti Foqtsun rəhbərliyi altında keçirilən ikinci seçmə mərhələni birmənalı qiymətləndirmək düzgün olmaz. Alman məşqçinin işində mənfi cəhətlərlə yanaşı, müsbət faktorları da qeyd etmək vacibdir. İlk olaraq yığmanın mövsüm ərzində stabil oyun nümayiş etdirmədiyini yada salaq. 1 oyun qələbə qazanan futbolçular ardıcıl 3 oyunda məğlub olmaqla əvvəlki uğurun təsadüfi olduğunu sübut etdi.
4 il ərzində Foqts hələ də komandanın əsas özəyini formalaşdıra bilməyib. Hər oyun ərəfəsində alman məşqçi azarkeşləri təəccübləndirməkdə davam edir. Onun stabil heyət qura bilməməsi mənfi amildir. Üstəlik, tez-tez toplanış keçməsi, lazım oldu-olmadı, klub məşqçilərini tənqid etməsi yaddan çıxmamalıdır. AFFA alman məşqçiyə ideal şərait yaradıb. Foqts istədiyi vaxt çempionatı yarımçıq saxlayaraq, komandanı Avropa ölkələrindən birinə təlim-məşqə apara bilir.
Millimizin oyununda dəyişiklik daha çox qol vurmaqla bağlıdır. Cari mərhələdə 10 qol vurmağa sevinsək, gərək 26 qol buraxdığımıza görə də üzülək. Berti Foqtsun ayın cəmi bir həftəsini Bakıda keçirməsi açıq-aşkar çatışmazlıqdır. Çempionat oyunlarını izləməyən, yalnız millinin matçları zamanı Azərbaycana gələn almanın bu yolla futbolumuza kömək edəcəyi inandırıcı görünmür. Ümumilikdə, işlədiyi 4 il ərzində yığmanın oyununda ciddi irəliləyiş yoxdur. Hər mövsüm onsuz da komandamız bir sürprizə imza atırdı. Bu illərdə də belə oldu. Sual yaranır: əgər ciddi dəyişiklik yoxdursa, bu qədər pulu Foqtsa və köməkçilərinə xərcləməyə dəyərmi?
Alman məşqçinin işində müsbət amillər də var. Onun dövründə yığmada ciddi nizam-intizam yaranıb. Federasiyadan heç kim ona təzyiq göstərə bilmir. Foqts futbolçu seçimində tam müstəqildir. İstənilən zaman Peşəkar Futbol Liqası və ya AFFA-nı tənqid edə bilir. Son məqam onun ölkəmizi reklam etməsiylə bağlıdır. Berti Foqtsun dövründə Avropanın aparıcı media agentlikləri tez-tez alman məşqçinin fikirlərinə yer ayırır, bu isə özlüyündə idmanımızı dünyada tanıdır. Bu reklam ilk illərdə bizə lazım idi, indiki halda isə artıq azarkeşlər nəticə tələb edir.
Növbəti seçmə mərhələdə 7 xalı artırmaq deyil, konkret hədəflər uğrunda mübarizə aparmalıyıq. Komandanın qarşısına qrupda mümkün qədər yaxşı yer tutmaq qoyulmalıdır. Ən çətin sual isə baş məşqçinin taleyi ilə bağlıdır. Əksəriyyət AFFA-nın Berti Foqtsla müqaviləni artırmayajağını düşünür. Doğrudan da AFFA rəhbərliyi nəticə olmayan yerdə Foqtsa bu qədər pul xərcləməyi o qədər də məqsədəuyğun saymır.
Maraqlıdır, Foqts getsə, yerinə kimi gətirək? Çox çətin və düşündürücü sualdır. Tez-tez Qurban Qurbanovun namizədliyini irəli sürürlər. Amma ölkəmizin ən bacarıqlı və perspektivli məşqçilərindən birinin indi millidə işləməsini istəməzdik. Yığma daim tənqid olunur, bu amil Qurbanın gələcək karyerasına mənfi təsir edə bilər. Ən yaxşısı, Qurbanı sevimli "Qarabağ"ımızdan ayırmamaqdır.
Digər tərəfdən, Foqtsla yanaşı, azərbaycanlı futbolçuların səviyyələrindən danışmaq lazımdır. Etiraf etməliyik ki, onlar istənilən məşqçiylə yola getmir. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməkdə çətinlik çəkirlər.
Amma məşqçi ilə yanaşı, futbolçuları dəyişmək çətindir. Ölkədə vur-tut, 15-20 səviyyəli futbolçu var. Rəqabət olmadığı üçün heyətə daim eyni adlar dəvət olunur.
Beləliklə, cari seçmə mərhələdə Türkiyə üzərində qələbəylə dünyanı təəccübləndirdik. Ardınca Astanada Qazaxıstana uduzmaqla azarkeşlərin əsəbləriylə oynadıq. Sonda Belçikayla heç-heçə və Qazaxıstanı Bakıda məğlub etməklə təsəlli tapdıq. Heyət baxımından yeni yerli oyunçu kəşf olunmadı. Yalnız "Frayburq-2"də oynayan türkəsilli Ufuk Budaqın milliyə cəlb olunması alqışlanmalıdır. Yerli oyunçulardan isə parlayan olmadı. 
Təxminən, 1 ildən sonra 2014-cü ildə Braziliyada keçiriləcək Dünya Çempionatının seçmə mərhələsi start götürəcək. Hamıya maraqlıdır: yeni mərhələdə milliyə kim başçılıq edəcək və hansı məqsəd uğrunda mübarizə aparacağıq?



MƏSLƏHƏT GÖR:

400