
"SOCAR-AZERBAIJAN" AVROPADA İKİNCİDİR
Azərbaycanın birinci şahmat klubu özünün ilk uğuruna imza atdı
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı - Roqaşka Slatina - Bakı
İşdir, birdən yolunuz Sloveniyaya düşsə, dörd yüz illik tarixi olan Roqaşka Slatina kurort şəhərinə baş çəkməyi unutmayın. Çoxsaylı termal su mənbələri, tarixi abidələr və müasir turizm infrastrukturu bu "müalicəvi" şəhəri xarici qonaqlar üçün xüsusilə maraqlı edir.
Amma bu dəfə Roqaşka Slatina bizim diqqətimizi tamamilə başqa səbəbdən çəkmişdi. Ok-tyabrın əvvəlində Sloveniyanın bu şəhəri şahmat üzrə klublar arasında Avropa Çempionatına ev sahibliyi edirdi və bizim "SOCAR-Azerbaijan" komandası bu mötəbər yarışdan gümüş medalla qayıtdı.
Bu nüfuzlu yarışa ikinji dəfə qatılan Azərbaycan klubu qitənin 64 komandası arasında 2-ci yeri tutdu. Avropa Kubokunda ötən il debüt edən təmsilçimiz medalsız qalsa da, bu il, sözün əsl mənasında, fədakarlıq nümunəsi göstərdi. Yedditurluq marafonda xarakter nümayiş etdirən şahmatçılarımız sonda Vətənə medalla qayıtmağı bacardılar.
Hələ 3-cü turda Bosniya komandasına məğlub olandan sonra çoxları SOCAR-ın medal şanslarını aşağı qiymətləndirirdi. Amma qrossmeysterlərimiz ardıcıl dörd qələbə sayəsində inanılmazı həyata keçirdi. Özü də son turlarda komandamız güclü "Tomsk-400" və "Baden-Baden" kimi klubları məğlub etdi. Qızıl medaldan SOCAR-ı 1 xal ayırdı.
Yarışın yekunlarını təhlil edərkən görmək olar ki, komandamız sonda arxayınçılığın qurbanı oldu. İlk iki turda qələbə qazanan və yarışın reytinq favoriti sayılan Azərbaycan təmsilçisi Bosniyanın "Bosna" komandasına uduzmaqla arzuedilməz sensasiyaya səbəb oldu. Yalnız son turları yüksək səviyyədə keçirməklə finişə ikinci çatdı.
SOCAR-ın uğurunda ən böyük pay sahiblərindən biri Teymur Rəcəbov oldu. Birinci lövhədə çıxış etməklə yarışın ən güjlü qrossmeysterləriylə görüşən Rəcəbov 5 mümkün xaldan 4,5 xal toplamaqla bütün həmkarlarını qabaqladı. Ruslan Ponomaryovla Maykl Adamsı mat vəziyyətinə salan Teymur yüksək göstəricilərlə fərdi hesabda qızıl medala layiq görüldü. Son aylar inamlı oyun nümayiş etdirən Rəcəbovun uğurlu partiyaları onun reytinqinə də təsirsiz ötüşmədi. Qrossmeysterimiz Azərbaycan şahmatı tarixində rekord göstərici - 2781 reytinq xalı toplamaqla həmkarları arasında güjlü sıçrayışa nail oldu və dünya reytinq cədvəlində 5-ci pilləyə yüksəldi. Xatırladaq ki, indiyə qədər reytinq sıralamasında rekord göstərici - 2776 xalla Şəhriyar Məmmədyarova məxsus olub.
Şəhriyarın özünə gəldikdə isə, təəssüf ki, o hələ də qara zolaqdan çıxa bilmir. Avropa Kubokunda 2 görüşdə uduzması Məmmədyarovlar ailəsinin bö-yük üzvünü ciddi düşündürməlidir. Şəhriyar Avropa çempionatına qədər optimal formasını bərpa etməyə borcludur. Əks halda, o, yığmadakı mövqeyini itirə bilər.
Rauf Məmmədov da öz üzərində işləməklə əvvəlki formasını və reytinqini qaytarmalıdır. Son aylar zəif çıxışına görə tənqid olunan Məmmədov məhz buna görə millidən uzaqlaşdırılıb.
Digər təmsilçimiz Aleksandr Qrişuk isə xəstələnməsinə baxmayaraq, yaxşı təsir bağışladı. Xüsusilə son turda Aleksey Şirov üzərində qələbə Qrişukun uğurlu partiyalarından biridir.
Emil Sutovski, Andrey Volokitin və Rüstəm Kasımjanov da onlara bəslənən ümidləri doğrultdular. Ehtiyat oyunçulardan Eltac Səfərli müsbət sözlərə layiqdir. 6-cı lövhədə bürünc medala layiq görülən Səfərli yığmaya cəlb olunmaqla böyük hədəflər uğrunda mübarizə aparmağa şans qazanıb.
İkiyaşlı "SOCAR-Azerbai-jan"ın qitənin nəhənglərinə qalib gələrək, Avropa Kubokunda gümüş medal qazanması gələcəyə nikbin baxmağa imkan verir. Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası gələn il iddiaçıların turnirini Bakıda keçirmək niyyətindədir. Artıq milli federasiya FİDE rəhbərliyinə turniri Bakıda keçirmək niyyətini bildirib. Mötəbər yarışın paytaxtımızda təşkilinə yalnız Levon Aronyan amili mane ola bilər. Ermənistan şahmat federasiyasının rəhbəri, bu ölkənin başçısı Serj Sarqsyan mötəbər şahmat turnirlərinin Bakıda keçirilməsini əngəlləmək üçün bu amildən məharətlə istifadə edir. Ötən mövsüm məhz Aronyanın Azərbaycana gəlməkdən imtina etməsinə görə FİDE yarışa ev sahibliyi etmək hüququnu Bakıdan alaraq Kazana verdi. Lakin Bakı növbəti dəfə erməni qrossmeysterin təhlükəsizliyinə zəmanət verməyə hazırdır. Necə ki digər beynəlxalq tədbirlərə qatılan erməni nümayəndələri üçün bütün lazımi şərait yaradılır.
SİTAT
"Gümüş medalı uğur kimi qiymətləndirmək olar. Hər halda, Azərbaycanda heç vaxt klub səviyyəsində belə uğurlar olmayıb. Bütün şahmatçılardan razı qaldım. Xüsusilə Rəcəbovdan. Teymur yüksək peşəkarlıq nümayiş etdirərək, komandanın qələbəsində böyük rol oynadı".
Vladimir Tukmakov, "SOCAR-Azerbaijan"ın baş məşqçisi.
"Əvvəllər tez-tez Azərbaycanda şahmat klublarının olmadığı deyilirdi. Şahmatçılarımız başqa klubların heyətində oynayırdı. Artıq öz komandamız var. Gələn il klub qarşısında əsas məqsəd Avropa Kubokunu Bakıya gətirmək olacaq. Mən bu uğura inanıram".
Mahir Məmmədov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti.
MƏSLƏHƏT GÖR: