15 Mart 2025

Şənbə, 03:04

SƏKKİZİLLİK HƏSRƏTƏ SON

Azərbaycan yeni dünya çempionuna qovuşdu

Müəllif:

15.10.2011

Bakıda keçirilən boks üzrə lisenziya xarakterli Dünya Çempionatı Azərbaycan komandasının uğurlu çıxışıyla başa çatdı. 1 qızıl və 1 gümüş medal qazanan meydan sahibləri yarışın son günündə 8 illik həsrətə son qoydu. Azərbaycan boks üzrə yeni dünya çempionuna qovuşdu. 

Müstəqil Azərbaycanın ilk Dünya Çempionu Ağası Məmmədov 2003-cü ildə Tailandın Bankoq şəhərində öz çəkisində planetin ən güclüsü olduğunu sübut etmişdi. Düz, 8 il Ağası Azərbaycanın ilk və yeganə dünya çempionu kimi təqdim olundu. Bakıdakı Dünya Çempionatında isə Məhəmmədrəsul Məcidov boks tariximizdə yeni səhifə açmaqla azarkeşlərin həsrətinə son qoydu. 

Hələ "Baku Fires"in heyətində azarkeşlərin sevimlisinə çevrilən Məhəmmədrəsul Məcidov uzun illər həll ediləsi mümkün olmayan ağır çəki problemini yoluna qoydu. Məcidovun əla çıxışından sonra, artıq yığma komandamızda ağır çəkilərlə bağlı problemin olmadığını cəsarətlə söyləmək olar. Maraqlıdır ki, əksər görüşlərində vaxtından əvvəl qələbə qazanan Məcidov rəqibləri üçün qorxulu yuxuya çevrildi. 

Dörddəbir finalda boks ölkəsi sayılan kubalı idmançını üstələyən idmançımız yarımfinalda da güclü tərəf oldu. Finalda isə Məcidov ingilis Entoni Coşuanı məğlub etdi. Yarışı yüksək səviyyədə keçirən Məhəmmədrəsul Məcidov sonda dünya çempionu olmaqla karyerasının ən böyük uğuruna imza atdı. O, həmçinin turnirin ən güclü boksçusu seçildi.

Qızıl medalı çempiona dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev şəxsən təqdim etdi. Final görüşlərini izləmək üçün Heydər Əliyev adına İdman-Konsert Kompleksinə Azərbaycan Prezidentinin təşrif buyurması idmançılarımıza əlavə psixoloci stimul oldu. 

Digər uğurumuz isə Teymur Məmmədovla bağlı oldu. Gənc idmançımız ilin əvvəlində Avropa çempionu olmaqla diqqəti cəlb etdi. Dünya Çempionatında da gözəl qələbələr qazanan həmyerlimiz yalnız finalda büdrədi. 19 yaşlı Teymur həlledici görüşdə təcrübəli ukraynalı Aleksandr Usikuya uduzdu. Bununla belə gənc yaşında Avropa çempionu olmaqla yanaşı, Dünya Çempionatında gümüş medal qazanan Teymurun nəticəsi yüksək qiymətləndirilmədi. Həm Teymur, həm Məhəmmədrəsul London Yay Olimpiya Oyunlarında əsas medal ümidimiz olacaq. 

Boksçularımızdan ikisi - Heybətulla Hacıəliyev (64 kq) və Elvin Məmişzadə (52 kq) medal qazana bilməsələr də, minimum hədəf - lisenziyaya sahib çıxdılar. 

Əlbəttə, 4 lisenziya və 2 medala sahib çıxan Azərbaycan millisinin çıxışı uğurlu alındı. Amma digər 5 çəkilərdəki boksçularla da bağlı danışmamaq olmur. Həmin idmançılara Londona lisenziya qazanmaq üçün qarşıdakı yarışlarda növbəti dəfə şans veriləcək. Lakin məşqçilər korpusunun onları əvəzləyəcəyi də istisna deyil. Problem həmin idmançıların səviyyələrindən aşağı çıxış etməsindədir. 

İlin əvvəlində Avropa çempionu olan Salman Əlizadə təcrübə çatışmazlığından əziyyət çəkir. 15 yaşlı boksçumuz Dünya Çempionatında həyəcanlı və narahat görünürdü. Sanki Əlizadə psixoloci cəhətdən mötəbər yarışa hazır deyildi. Salmanın perspektivli boksçu olması heç kimdə şübhə doğurmur. Amma Olimpiadaya 1 ildən az vaxt qalır. Bu müddətdə Əlizadənin özünü toparlayacağı inandırıcı görünmür. Lakin Əlizadənin öz çəkisində ən güclü olması yığmadakı yerini möhkəmləndirir. 

Dünya Çempionatı barədə danışarkən yenə də Azərbaycanın yüksək təşkilatçılıq imkanlarını vurğulamamaq olmur. Qonaqlar, bu mötəbər yarışın da digər beynəlxalq tədbirlər kimi, ən yüksək səviyyədə təşkil olunduğunu etiraf edirdilər. 

Bundan əlavə, hər zaman konfliktləri sülh yolu ilə həll etməyə çalışan ölkəmiz mötəbər yarışda düşmən ölkə Ermənistan idmançılarının da çıxışına şərait yaratdı. Onların təhlükəsizliyinə dövlət səviyyəsində təminat verən Azərbaycan Ermənistan komandasının Bakıdakı yarışda iştirakı üçün bütün şəraiti yaratdı. Bununla belə, erməni boksçuları Azərbaycan rinqində fiaskoya uğradı. Turnirdə iştirakını vaxtından əvvəl başa vuran ermənilər ölkələrinə medalsız yollandılar.

 Dünya Çempionatının yekunlarına əsasən, komanda hesabında Ukrayna millisi birinci yeri tutdu. Kuba ikinci, Azərbaycan üçüncü oldu. Səviyyələrindən aşağı çıxış edən Rusiya 4-cü pilləyə layiq görüldü.

 

 

SİTAT

"Boksçularımdan razı qaldım. Məhəmmədrəsul tarix yazdı. Teymur da yaxşı çıxış elədi. Onun finalda məğlub olmasına səbəb isə təcrübəsizliyidir. Hazırda boksçularımızın 5 lisenziyası var. Federasiya Olimpiadaya tam heyətlə yollanmağı əsas məqsəd sayır. Ona görə daha 5 lisenziya əldə etmək üçün çalışmalıyıq. Yığmanın heyətində dəyişiklik istisna deyil. İlin sonunda Azərbaycan çempionatı keçiriləcək. Həmin yarışda qızıl medal qazanacaq idmançılara lisenziya yarışlarında şans veriləcək. Sonra London Yay Olimpiya Oyunlarına hazırlaşmalıyıq. İngiltərəyə turist kimi deyil, medal ardınca yollandığımızı sübut etməliyik"/.

Yevgeniy Kotov boks üzrə Azərbaycanyığmasının baş məşqçisi



MƏSLƏHƏT GÖR:

406