
AVROPAYA "DÖRDNALA" ÇAPMAQ
Bakı bir neçə günlüyə Avropa kinematoqrafının mərkəzinə çevrildi
Müəllif: Aydan VƏLİYEVA Bakı
Avropa kinosunu bu gün elitar incəsənət saymaq olar. Məhz Avropa dünyaya çox sayda məşhur filmlər, qeyri-adi yanaşmalar, qeyri-standart düşüncəli rejissorlar bəxş edib. Avropa kinematoqrafını "mənəviyyat mətbəxi" də adlandırmaq olar. Bu mətbəxdə incəruhlu, yaradıcı insanların taleləri qaynayır, onlar çətinliklərə, sınaqlara və mənəvi sarsıntılara baxmayaraq, çeşidli dəyərlər toplusu yaradırlar. Məna novatorluğu, orijinallıq, həssaslıq, dərin düşüncə, həyatın anlamı barədə mühakimə yurütmək belə filmlərin xarakterik əlamətləridir. O tez anlaşılır və çox dillərdə danışır. Adətən, onu akademik sayırlar.
Azərbaycan paytaxtında Avropa kinosu festivalının (European Movie Festival) keçirilməsi bakılılar üçün gözəl hədiyyə və yüksək kino incəsənəti ilə tanışlıq baxımından daha bir fürsət oldu. Festival oktyabrın 6-dan 10-na kimi "Park Cinema"da keçdi. "Biz Avropa ölkələrinin insanları ilə Azərbaycan sakinlərini yaxınlaşdırmaq istəyirik. Tanışlıq üçün ən yaxşı üsul isə incəsənət və mədəniyyətdir", - deyə Avropa Komissiyasının Azərbaycandakı nüma-yəndəliyinin başçısı Roland Kobia bu önəmli tədbirin açılışı zamanı bildirib.
R.Kobianın sözlərinə görə, Avropa filmləri festivalı çox önəmli mədəniyyət hadisəsidir. Onun əsas məqsədi tanınmış rejissorların yeni filmləri vasitəsilə azərbaycanlıları Avropa mədəniyyəti ilə tanış etməkdir. Kino işlərinin seçimində təşkilatçılar hər şeydən öncə, filmlərin keyfiyyətini nəzərə alıblar. Təqdim edilən filmlərin əksəriyyəti çox sayda beynəlxalq kinofestivallarda müxtəlif mükafatlara layiq görülüb. Keçirilən beş festival günü ərzində Azərbaycan tamaşaçıları 12 Avropa ölkəsindən olan tanınmış rejissorların 11 filminə baxıblar. Festival qonaqları sırasında rejissorlar Olivye Orle (Fransa), Mixael Qlavoqqer (Avstriya), Marek Lexski (Polşa), İnessa Kurklietite (Litva), alman sənədli film ustaları Stefan Kolbe və Kris Rayt, yunan aktyoru Gennadios Patsis və başqaları olublar.
Bakıdakı Avropa filmləri festivalı Polşa rejissoru Marek Lexskinin "Erratum" filminin nümayişi ilə açılıb ("erratum" sözü latıncadan tərcümədə səhv deməkdir). Bu film 2010-cu ildə Yunanıstanın Saloniki şəhərində keçirilmiş 51-ci beynəlxalq kinofestivalda "Ən yaxşı ssenari" nominasiyası üzrə qalib olub. Bu, bir ailənin əhvalatı, ata və oğlu arasında münasibətlərin klassik hekayəsidir. "Erratum" filmi əxlaqi-etik məsələlərə həsr edilib. İnsan vicdanı haqqındadır. Filmin qəhrəmanı, çox imkanlı insan olan Mixail təsadüfən maşınla adam vurur. Onun məsuliyyətlə bağlı qorxusu yoxdur, çünki vurduğu adam evsiz-eşiksiz tənha "bomj"dur. Amma vicdanın məhkəməsi var. Nə qədər çətin olsa da, Mixail bu adam haqqında hər şeyi öyrənir, "bomj"un dəfnini öz boynuna götürür, hətta onun qəbri üzərində böyük bir xaç da qoyur. Qeyd edək ki, Marek Lexski təkcə filmin rejissoru deyil, həm də ssenari müəllifidir və öz işinin prodüserliyi ilə məşğul olub.
Nümayiş etdirilən Avstriya, Belçika, Almaniya, İtaliya və başqa ölkə filmləri arasından istənilən zövqə uyğun əsər tapmaq mümkün idi; məsələn, yeniyetmələrin problemlərini əks etdirən "Kuki qayıdır" (Çexiya Respublikası) və "Dəhşətli Henri" (Böyük Britaniya) filmləri gənc auditoriya üçün nəzərdə tutulub. Birincidə aktyor oyunu ahəngdar şəkildə animasiya ilə çuğlaşdırılır. Hər şey körpə Ondronun yaşadığı və allergiyadan əziyyət çəkdiyi real dünyadan başlayır. Onun anası üçün qırmızı ayı Kuki, sadəcə, içinə ağac kəpəyi doldurulmuş köhnə kisə, sağlamlıq üçün zərərli olan toz mənbəyidir. Ona görə də heyvanı zibilliyə yola salır. Oyuncağın buldozerin təkərləri altına düşməsinə az qaldığını göstərən kadrlar gerçəkdən qorxuludur. Amma Ondronun duası irigözlü ayı balasını canlandırır və o, boğucu zibil torbaları ilə mühafizə olunan qorxulu zibillikdən meşəyə qaçır və orada əsl macəra başlayır.
İkinci film xüsusilə kiçik uşaqların ürəyincə olub. "Dəhşətli Henri" gənc dəcəl, məktəbin ən şuluq şagirdi haqqında əhvalatdır. Onun əməllərindən yalnız doğma qardaşları və yaşıdları deyil, müəllimləri də məəttəl qalırlar. Bütün bu işlər arasında o hətta öz musiqi qrupunda ifa etməyə də macal tapır. Amma şəhərciyə mənfur müəllim Vik fon Morşini gəldikdən sonra, bayram sona çatır. O, bütün gücü ilə Henrinin doğma məktəbini bağlatdırmağa çalışır. Onda gənc dəcəl burada əsas "oyunçu"nun kim olduğunu çağırılmamış qonağa göstərmək, həm də eyni zamanda doğma məktəbi qorumaq qərarına gəlir. Yeri gəlmişkən, istənilən millətdən olan uşaqlar üçün yetərincə maarifləndirici filmdir/.
Festivalda təqdim edilən bütün filmlər xüsusi diqqətə layiqdir. Çünki biz Avropa rejissorlarının ən parlaq işlərini qeyd edirik. Ötən festivalın ən parlaq filmlərindən biri fransız rejissoru Olivye Orlenin "Nikostratos pelikan" filmidir. Bu, yunan körpəsi Yanisin pelikan Nikostratosla dostluğu, bu dostluğun ətrafdakı böyüklərə təsiri barədə əhvalatdır. Kədərli, amma qayğıkeş ata rolunu heyvanlar aləminin böyük bilicisi Emir Kusturitsa oynayır, musiqi də "Balkan çaları"na uyğundur. "Pelikan" ənənəvi kinodur və ancaq süjetinə görə yunan əhvalatıdır, əslində isə fransız kinosudur və fransız Erika Buassenin "Nikostatos" kitabı əsasında çəkilib. Təəssüf ki, filmin baş qəhrəmanlarından olan Emir Kusturitsa Bakıya gələ bilməmişdi. Amma rejissor Olivye Orle gəlmişdi və Azərbaycan mədəniyyəti ilə tanış olduğuna görə çox şad idi. Orlenin sözlərinə görə, Bakı onu çağdaş memarlığı və Avropa həyat tərzi ilə heyran qoyub. Festival çərçivəsində Avropa istehsalı olan çağdaş filmlərə pulsuz baxışla yanaşı, izləyicilər həm də dünyada tanınan rejissor və aktyorlarla da söhbət edə bilirdilər. Alman rejissoru Kris Rayt "R+"la söhbətində bildirib ki, Avropa tamaşaçısı Azərbaycan filmləri və kinematoqrafları ilə tanış deyil. Onun sözlərinə görə, Avropa Azərbaycan kinosu ilə maraqlanır və Avropa kino bazarı bizim filmlər üçün açıqdır. Roland Kobia isə bildirib ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi hazırda Avropa Birliyi (AB) təmsilçiləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məsələsini müzakirə edir. Həmçinin, Azərbaycan filmlərinin Avropa bazarlarında nümayiş imkanlarına baxılır. Kobia qeyd edib ki, başlıca məqsəd Azərbaycanın və Avropa Birliyi ölkələrinin özünəxas mədəniyyətlərinin kinematoqrafiya vasitəsilə yaxınlaşdırılmasıdır. Qeyd edək ki, festival AB-nin Azərbaycandakı nümayəndəliyi və AB üzvü olan ölkələrin səfirlikləri ilə birlikdə "Park Cinema" tərəfindən təşkil edilmişdi.
MƏSLƏHƏT GÖR: