
BİR AZ NƏTİCƏ HESAB OLUNMUR
Voleybolçu qızlarımız avropa çempionatında nisbətən yaxşı çıxış etdilər
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Qadın voleybolçuların Avropa Çempionatı Faiq Qarayevin rəhbərlik etdiyi Azərbaycan millisi üçün erkən başa çatdı. Əslində, belə sonluğu gözləmək olardı. Qitə birinciliyinə uğursuz başlayan voleybolçularımız belə zəif oyunla uzağa gedə bilməzdilər.
Startda Türkiyə və İtaliya (hər ikisinə 1:3 hesabıyla) yığmalarına uduzan voleybolçularımızın pley-offa vəsiqə alması çətin görünürdü. Amma komanda qrup mərhələsinin son görüşündə inamlı çıxış etməklə, növbəti mərhələyə adladı. Qrupda 3-cü görüşdə Azərbaycan millisi ilk 2 oyundakı məğlubiyyəti azarkeşlərə unutdura bildi. Komandamız növbəti mərhələyə yüksəlmək üçün 3:0 və ya 3:1 hesabı ilə qələbə qazanmalı idi. Xorvatiya ilə görüşü yüksək səviyyədə keçirən Faiq Qarayevin yetirmələri 3:1 hesablı layiqli qələbə ilə mərhələ adladı.
Təəssüf ki, voleybolçularımız Serbiya və İtaliyada təşkil olunan Avropa Çempionatının final mərhələsində pley-offda mübarizəni dayandırmalı oldular. Hollandiya ilə pley-off görüşü komandamız üçün heç də asan olmadı. Belə ki, ilk hissədə əzmkar qələbə qazanan komandamız ikinci setdə də hesabda irəlidə oldu. Lakin voleybolçularımız bu üstünlüyü qoruya bilmədi. Hollandlar bu hissəni aktivlərinə yazaraq matçda bərabərlik yaratdılar. Çünki setlərin hesabı 1:1 olduqdan sonra, Faiq Qarayevin yetirmələri çətin vəziyyətə düşdülər. Ardıcıl səhvlərimizdən məharətlə istifadə edən rəqib isə növbəti 2 setdə qələbə qazandı. Bununla Avropa Çempionatının final mərhələsində 4 oyun keçirən voleybolçularımız 3-cü məğlubiyyətini almaqla yarışla vidalaşdılar. Yekunda komandamız turniri 9-cu yerdə tərk edib.
Bu isə o deməkdir ki, Azərbaycan yığması Avropa çempionatları tarixində özünün ikinci nəticəsini göstərib. Belə ki, dördüncü dəfə qitə birinciliyinin final mərhələsinə qoşulan voleybolçularımız 2005-ci ildə Xorvatiyada keçirilən analoji yarışda 4-cü olmaqla ən yaxşı nəticəyə imza atmışdı. Lakin növbəti iki çempionatda Faiq Qarayevin yetirmələri həmin nəticədən çox-çox uzaq oldular. 2007-ci ildə Belçika və Lüksemburqda, 2009-cu ildə isə Polşada baş tutan final mərhələlərində millimiz eyni nəticəni təkrarlayıb - 12-ci yer.
Bu dəfə nisbətən yaxşı nəticə göstərən millimizin əsas problemi ehtiyat oyunçuların azlığı ilə bağlıdır. Avropa Çempionatında bütün yığmaların kifayət qədər güclü ehtiyat qüvvəsi var idi. Bizim komanda isə demək olar ki, bütün oyunlarda eyni heyətlə mübarizə apardı. Lakin qarşıda komandamızı daha məsuliyyətli yarışlar - London Yay Olimpiya Oyunlarına lisenziya uğrunda turnirlər gözləyir. Buna görə də ehtiyat oyunçu problemini mümkün qədər tez həll etmək lazımdır.
Baş məşqçi Faiq Qarayev isə Londona vəsiqə qazanmağı real sayır: "Avropa Çempionatını belə erkən tərk edəcəyimizi gözləmirdim. Millinin potensialı böyükdür, ona görə irəli gedəcəyimizə inanırdım. Düzü, heyətlə bağlı problemlərimizin olduğu hamıya məlumdur. Nataliya Məmmədova son 3 ayda heç bir oyunda iştirak etməyib. Oksana Parxomenko Moskva "Dinamo"sunun heyətində bir neçə oyunda meydana çıxıb. Kseniya Kovalenko "Lokomotiv"də ehtiyatda qalmaqla oyun praktikasını itirib. Avropa Çempionatına cəmi 15 günə hazırlaşdıq. Halbuki əksər rəqiblər ilin əvvəlindən mötəbər turnirə hazırlığa başlayıb. İstəməzdim, belə tez çempionatı tərk edək. Amma komandaya inamım böyükdür. Belə əzmkarlıq göstərsələr, London Yay Olimpiya Oyunlarına lisenziya qazana bilərik. Bu, həyata keçirə biləcəyimiz arzudur".
MƏSLƏHƏT GÖR: