
DAHA YAXŞI OLA BİLƏRDİ
Xanımlarla "klassik"lər ümidləri doğrultmadı, nüfuzumuzu sərbəst güləşçilər xilas etdi
Müəllif: Nadir XOSROVOĞLU Bakı
Türkiyədə keçirilən güləş üzrə Dünya Çempionatı Azərbaycan komandasının 8 medal qazanması ilə nəticələndi. Əvvəlki dövrlərdə 2 qızıl, 1 gümüş və 5 bürünc medalı biz böyük uğur kimi dəyərləndirərdik. Elə indi də 8 medal və London Yay Olimpiya Oyunlarına qazanılan 7 lisenziyanı zəif nəticə saymaq olmaz. Amma etiraf etmək lazımdır ki, son illər ölkədə güləşə olan diqqət daha böyük uğurlar tələb edir. Ələlxüsus, qardaş ölkədə Azərbaycan güləşçiləri daha uğurlu çıxış edə bilərdi. Problem böyük ümid bəslənilən pəhləvanların səviyyələrindən aşağı iştirakıdır.
İlk olaraq mübarizəyə qoşulan yunan-Roma güləşçilərindən yalnız Rövşən Bayramov qarşıya qoyulan məqsədə çatdı. Uzun müddət məsul turnirlərdən uzaq qalan Pekin Olimpiadasının gümüş medalçısı Qızıl Qran-Pridəki uğurunu mundialda davam etdirdi. 55 kq.-da bütün rəqiblərini üstələyən Rövşən heç nəyə baxmayaraq, karyerasında ilk dəfə dünya çempionluğunun sevincini yaşadı. İkiqat Avropa çempionumuz Türkiyədə Azərbaycan Himnini səsləndirməklə adını tarixə yazdı. Fərid Mansurovun digər yetirmələrindən 84 kq.-da Saman Təhmasibi London Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqla, yığmadakı yerini möhkəmlətdi. Təəssüf ki, Fərid Mansurovun komandasındakı digər pəhləvanlar haqda eyni sözləri demək çətindir. Vitali Rəhimov, Həsən Əliyev, Rafiq Hüseynov və Şalva Qadabadze zəif rəqiblərə uduzmaqla məşqçilərin ümidlərini doğrultmadı. Dünya və Avropa çempionu Həsən Əliyevin (60 kq) venesuelalı rəqibinə uduzması isə ümumiyyətlə bağışlanılmazdır. Cənubi Amerika təmsilçisi finaladək irəliləsəydi, sürpriz məğlubiyyəti qəbul etmək olardı. Amma Lopes Lyendonun növbəti mərhələdə mübarizəni dayandırması Həsən Əliyevin zəif rəqibə uduzmasını təsdiqlədi. Görünür, son qitə birinciliyində bürünc medalla kifayətlənən Həsən səhvlərdən nəticə çıxarmayıb. 120 kq.-da Məsut Həşimzadənin erkən mərhələdə uduzacağı məlum idi. Amma Avropa çempionu Rafiq Hüseynovun (74 kq) güləş ənənələri olmayan xorvat idmançısına təslim olması, sadəcə qəbuledilməzdir.
Rövşən Umudovun rəhbərlik etdiyi qadınlardan ibarət komandamız da qeyri-sabit çıxışıyla yadda qaldı. Mariya Stadnik (48 kq), Patimat Baqomedova (51 kq) və Sona Əhmədli (59 kq) fəxri kürsüyə qalxsalar da, Yuliya Radkeviç (55 kq), Gözəl Zutova (63 kq), Nadya Sementsova (67 kq) və Dina İvanova (72 kq) medalsız qaldılar. Analıq məzuniyyətindən sonra Stadnikin finala qədər rəqiblərini birnəfəsə keçməsi xüsusi vurğulanmalıdır. Yalnız həlledici qarşılaşmada yapon həmkarına uduzan Mariyanın mükafatlandırma mərasimində ağlaması onun çempionluğu nə dərəcədə arzulamasını göstərdi. Təəssüf ki, Stadnikdə olan əzmkarlıq onun digər komanda yoldaşlarında hiss edilmədi. Radkeviçlə Sementsovanın öz potensiallarından aşağı çıxış etmələri məşqçiləri ciddi düşündürməlidir.
Sərbəst güləşçilər də yarışa uğursuz başladılar. Məhəmməd Məhəmmədov, Zəlimxan Hüseynov və Xetaq Qazyumov erkən mərhələdə uduzmaqla komandaya heç nə qazandırmadılar. Əgər Qazyumovun məğlubiyyətini zədəylə əlaqələndirmək olarsa, digərlərinin uduzması hazırlığın aşağı səviyyəsindən xəbər verirdi. Lakin Dünya Çempionatının son günü sərbəst güləşçilərimiz özlərinə gəldilər. Şərif Şərifov (84 kq) fantastik çıxışla hamını yaxşı mənada təəccübləndirdi. Şərifov bütün görüşlərdə rəqiblərinə bir hissə belə uduzmadı. Onun gözəl mübarizəsi digər pəhləvanlara təsirsiz ötüşmədi. Sonuncu gün döşək üzərinə çıxan hər 3 pəhləvan medal qazanmağı bacardı. Cəbrayıl Həsənov, Əşrəf Əliyev və Cəmaləddin Məhəmmədov bürünclə kifayətləndilər.
Ümumilikdə, sərbəst güləşçilərin çıxışını yüksək dəyərləndirmək olar. Onlar güləş aləmindəki nüfuzumuzu qorumaqla, federasiyanın əziyyətini yerə vurmadılar. Amma yunan-Roma ilə xanım güləşçilər məğlubiyyətdən nəticə çıxarmalı və növbəti mövsüm keçiriləcək 3 lisenziyalı turnirdə özlərinə bəraət qazandırmalıdırlar.
MƏSLƏHƏT GÖR: