
ÇOX GÜMAN Kİ, BU HƏLƏ BAŞLANĞICDIR
Aliyə Qarayeva Londona 18-ci lisenziyamızı qazandı
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Fransanın Monpelye şəhərində keçirilən bədii gimnastika üzrə Dünya Çempionatı Azərbaycan komandası üçün böyük əhəmiyyət kəsb edirdi. Çünki builki mundial həm də gələn il təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyırdı. İdmançılarımız uğurlu çıxış edərək həm bürünc medal qazandı, həm Azərbaycana 18-ci lisenziyanı gətirdi.
Son illər Azərbaycan gimnastikasının liderinə çevrilən Aliyə Qarayeva Fransada da sözünü dedi. Gimnast gürzlərlə 4-cü, lentlə hərəkətlərə görə isə 5-ci yeri tutdu. Hər iki növ üzrə qızıl, gümüş və bürünc medalları, müvafiq olaraq, Yevgeniya Kanayeva, Darya Kondakova (Rusiya) və Silviya Mityeva (Bolqarıstan) qazandılar.
Qarayevanın, güclü rəqabətə baxmayaraq, gürzlə kompozisiyada medalın bir addımlığında dayanması xüsusi vurğulanmalıdır. Aliyəni medaldan cəmi bir neçə xal ayırdı. Amma gimnastımız istədiyinə nail oldu. Mundialın çoxnövçülük üzrə yarışlarında finala vəsiqə qazanan Aliyə Qarayeva bürünc medala layiq görüldü. Bununla Aliyə Londona vəsiqə qazanan 15 gimnast sırasına daxil oldu.
İndiyə qədər bir sıra Avropa və dünya çempionatlarında medal qazanan Aliyə ilk dəfə mundialda çoxnövçülük üzrə medala sahib çıxdı. Adətən, çoxnövçülükdə mükafatçılar sırasına düşmək daha çətin sayılır. Buna görə Qarayevanın bu uğuru xüsusi vurğulanmalıdır.
Dünya Çempionatında planetin bütün komandaları təmsil olunur. Güclü rəqabət fonunda medala sahib çıxmaq çox çətindir. Aliyə Qarayeva isə həm medal, həm də lisenziya arzusunu reallaşdırdı. Gimnastlarımızın uğurlu çıxışı etmələrini Rusiya millisinin baş məşqçisi İrina Viner də təsdiqləyib. Rusiya mətbuatına müsahibəsində dünya gimnastikasında kifayət qədər tanınan xanım məşqçi komandamızın hazırlığını yüksək qiymətləndirib: "İndi gimnastikada çoxlu sayda maraqlı komandalar yaranıb. Azərbaycan yığması son illər çox inkişaf edib. Biz də onlara dəstək veririk. İstəyirik, rəqabətə qoşularaq dünya gimnastikasında sözlərini desinlər".
Dünya Çempionatının bürünc mükafatçısı Aliyə Qarayeva da sevincini oxucularımızla bölüşüb: "Dünya Çempionatında çox həyəcanlı idim. Ötən il Moskvadakı yarışla müqayisədə rəqabət daha yüksək idi. Çünki medallarla yanaşı, lisenziyalar uğrunda da mübarizə gedirdi. Sevinirəm, indi hər şey alındı. Çox xoşbəxtəm ki, Azərbaycana medal və lisenziya ilə qayıdıram. Bu medal kolleksiyamda xüsusi yer tutacaq. Olimpiya kateqoriyasında uğur əldə etmək həmişə çətin olur. Ona görə Fransadakı medal məni çox ruhlandırdı. Bu uğuru London Yay Olimpiya Oyunlarında da təkrarlamaq istəyirəm".
Qeyd edək ki, qarşıda gimnastlarımızı lisenziya xarakterli bir neçə turnir gözləyir və çox güman ki, Aliyə Qarayevanın lisenziyası hələ başlanqıcdır. İdmanın bu növündə daha bir gimnastımız (qaydalara görə, Olimpiadada hər ölkə 2 gimnastla təmsil oluna bilər) və qrup hərəkətləri üzrə yığmamız Olimpiadaya vəsiqəni təmin edə bilər. Aliyə Qarayeva isə istirahətdən sonra Londona hazırlığa başlayacaq. Onun Olimpiadada medal qazanacağına ümid böyükdür.
MƏSLƏHƏT GÖR: