25 Noyabr 2024

Bazar ertəsi, 19:15

İSTİLİK ENERJİSİ

"Bakıelektrikşəbəkə" 2011-2012-ci illər payız-qış mövsümünə hazırlığı başa çatdırır

Müəllif:

01.10.2011

Azərbaycan paytaxtında yeni sosial-mədəniyyət kompleksləri, yaşayış massivləri, iri sənaye müəssisələri, demək olar ki, hər ay açılır. Bu cür obyektlərin sayı ilə birgə Bakı da, onun tələb və ehtiyacları da böyüyür. Gerçəkləşdirilməli tələblər sırasında ən birinci yerdə şəhərin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi durur. Hələ də əhalinin çoxunun soyuq qış günlərində əsas istilik mənbəyi kimi, elektrik qızdırıcılarından istifadə etməsini nəzərə alsaq, aydın olar ki, paytaxt energetikləri onlara həvalə edilmiş bu təsərrüfatı tam qaydada saxlamaq üçün, demək olar ki, bütün sutkaboyu çalışmalıdırlar. Mövsümdən və havadan asılı olmayaraq istehlakçılara sabit təchizat barədə verdiyi sözü tutmaq üçün "Bakıelektrikşəbəkə" ASC qarşıdan gələn payız-qış mövsümünə artıq yazdan hazırlaşır. Bu gün işlərin əsas hissəsi başa çatdırılıb. 

 

"Qışa yayda hazırlaş..."

Prezident İlham Əliyev də öz çıxışlarında yaşayış və istehsalat obyektlərinin sayının artması ilə bağlı Bakının elektrikpaylayıcı şəbəkəsinin normal işləməsi üçün ciddi tədbirlərin görülməsinin vacibliyi barədə dəfələrlə bildirib. Bu,  nəzərə alınmaqla şəbəkənin kompleks inkişafı və onun beynəlxalq tələblərə uyğun şəklə gətirilməsi üzrə Dövlət Proqramı da hazırlanıb.  Bu proqram çərçivəsində "Bakıelektrikşəbəkə" ASC abunəçilərin fasiləsiz olaraq elektrik enerjisi ilə təminatına, payız-qış mövsümündə xidmətin yüksək səviyyəsinin saxlanmasına yönəlmiş irimiqyaslı təmir-profilaktika tədbirləri gerçəkləşdirir. 

Hər şeydən öncə, artıq qeyd edildiyi kimi, energetiklər şəbəkənin gücünün artırılması istiqamətində işləməli olurlar, bununla bağlı köhnəlmiş avadanlıq yenisi ilə əvəz olunur, yeni yarımstansiyalar tikilir, təzə elektrikötürmə xətləri çəkilir və s. 

"Bakıelektrikşəbəkə"nin texniki direktoru Sadıq Sadıqovun sözlərinə görə, qəbul olunmuş tədbirlər planına uyğun olaraq, cari əsaslı təmir işlərinin dövriliyi sxemi işlənib. "Bu məqsədlə elektrik avadanlığının texniki durumunun yoxlanılması və aşkarlanmış qüsurların aradan qaldırılması, qurğuların təmiri, maşın və mexanizmlərin tam işlək duruma gətirilməsi, gərək olan qədər texnika və hissə ehtiyatının təmin edilməsi gerçəkləşdirilir. Bundan başqa, mümkün qəzalardan qaçmaq üçün mütləq transformatorların kontakt birləşmələrinin və  soyuducu sistemlərin təftişi aparılır, avadanlıqlarda yanğın əleyhinə tədbirlər görülür", - deyə o bildirir.

Qeyd etmək lazımdır ki, enerjipaylayıcı şəbəkənin payız-qış mövsümünə hazırlanması çərçivəsində işlər artıq başa çatmaq üzrədir və paytaxt energetikləri əmin edirlər ki, soyuqlar başladıqdan sonra paytaxtın və Abşeron yarımadasının sakinlərinin elektriklə bağlı problemi olmayacaq. Əvvəlki  illərdə olduğu kimi, bu il də energetiklər şəbəkənin əlavə yüklənməsindən qaçmaq üçün elektrikin səmərəli istehlakı məsələsində abunəçilərin şüurlu davranacağına ümid edirlər. 

  

Günbəgün islahat 

Qışa hazırlıq paytaxt energetiklərinin gündəlik qayğılarının yalnız bir hissəsidir. Azərbaycanın yanacaq-energetika kompleksinin inkişafı üzrə Prezident İlham Əliyev tərəfindən  təsdiq edilmiş Dövlət Proqramının (2005-2015-ci illər) gerçəkləşdirilməsi məqsədi ilə "Bakıelektrikşəbəkə" ASC üzrə investisiya proqramı hazırlanıb və onun çərçivəsində şəhərin enerji təchizatının yaxşılaşdırılmasına yönəlmiş tədbirlər silsiləsi gerçəkləşdirilir. 

S.Sadıqov vurğulayıb ki, 2006-cı ildə "Bakıelektrikşəbəkə"nin fəaliyyətinin bərpasından bu yana yeni 110 kv.-luq 14 yarımstansiya və 35 kv.-luq 29 yarımstansiya, həmçinin, 128 transformator məntəqəsi tikilib, 2 min km elektrikvermə xətləri çəkilib. Yeri gəlmişkən, hazırda 110 kv.-luq 5 yarımstansiyada və 35 kv.-luq 16 yarımstansiyada işlər başa çatdırılır. Görülən işlər nəticəsində Bakı şəbəkəsinin qəbuletmə və paylama gücü 2006-cı ilə baxanda 70% artıb.

Bundan başqa, son illər ərzində enerji təchizatında uzunmüddətli qəza kəsilmələrinin sayı minimuma endirilib, paytaxt elektrik şəbəkəsinin "Bakıelektrikşəbəkə"yə həvalə edilməsindən qabaq isə bunlar tez-tez baş verirdi. Bu cür nəticənin əldə edilməsi isə şəbəkədəki bərpa işlərinin, o cümlədən, aparıcı izolə edilmiş naqillərdən yararlanmaqla 0,4.-kv.-luq şəbəkənin qurulması, istehlak edilən elektrik enerjisi hesabatının çağdaş texnologiyalarla aparılması, yeni yarımstansiyalarda məsafədən idarə etmək üçün SCADA sistemlərinin istifadə edilməsi, həmçinin, çağdaş rele-təhlükəsizlik və avtomatik sistemlərin tətbiqi sayəsində baş tutub. Keçən illər ərzində texniki itkilərin həcmi 10%-dən çox azaldılaraq 6%-ə endirilib, şəbəkənin ifrat yüklənməsi halları aradan qaldırılıb. Amma bunlar da son hədd deyil - yuxarıda adı çəkilmiş investisiya proqramı çərçivəsində işlər davam etdirilir. 

"Bakıelektrikşəbəkə"də yaxşı anlayırlar ki, bütün islahatların uğurlu olmasının əsasında insan amili durur və ASC texniki heyətin əmək şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir, yeni inzibati binalar, ehtiyat hissələrinin qorunması üçün anbarlar, elektrik saycağlarının testdən keçirilməsi və təmiri üçün çağdaş texnologiyalarla təchiz edilmiş bina və s. tikilir. 

Ümumiyyətlə, nə qədər ki Bakı inkişaf etməkdədir, paytaxt energetiklərinin həmişə islahatlara və təkmilləşməyə ehtiyacı olacaq. Başlıca məsələ onların indən belə də düşündüklərini yerinə yetirə bilmələridir - onda Bakının işıqlarının şöhrəti daha da dildən-dilə düşəcək və hər bir vətəndaşımızın həyatını işıqlandıracaq.


MƏSLƏHƏT GÖR:

500