5 Dekabr 2025

Cümə, 20:50

ƏVVƏL TORPAQLAR, SONRA SƏRHƏDLƏR və QAZ

Türkiyə Parlamentinin Deputatı "R+"a müsahibəsində Ankaranın ABŞ və Aİ qarşısında irəli sürdüyü şərtlərdən danışıb

Müəllif:

01.10.2011

Türkiyə hökuməti ölkə parlamentinin bundan əvvəlki heyətinin müzakirəyə çıxarmadığı 166 beynəlxalq razılaşmadan birini - Ermənistan -Türkiyə protokollarının Parlamentə qaytarılmasına qərar verib. Bunu Türkiyənin "Takvim" qəzeti yazıb.

Qeyd edək ki, avqustda Türkiyə Parlamenti Sürix protokollarının müzakirəsini gündəlikdən çıxarmışdı. Sənədin gözlənilmədən Türkiyə hökumətinin gündəminə qayıtması, həmçinin, Ankaranın xarici siyasəti ilə bağlı bir sıra digər vacib məsələlər haqda Türkiyə Böyük Millət Məclisinin (Parlament) hakim Ədalət və İnkişaf Partiyasından (ƏİP) olan deputatı İrfan GÜNDÜZ ilə söhbətləşdik.

- Türkiyə hökuməti və parlamenti birmənalı şəkildə bəyan edib ki, Ankara ilə Yerevan arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan Sürix protokolları türk xalqının milli maraqlarına cavab vermir.  Elə isə hökuməti protokolların Parlamentə qaytarılmasına nə vadar etdi?

- Burada bir çox vacib məqam var. Ermənistan - Türkiyə münasibətlərinə dair protokolların arxasında Avropa İttifaqı ilə ABŞ dayanır. Yadınıza salın, Ermənistan - Türkiyə münasibətlərinin bərpası ideyası 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş vermiş müharibədən bir qədər sonra peyda oldu. Gürcüstandakı hərbi əməliyyatlar zamanı Bakı -Tbilisi - Ceyhan neft kəməri fəaliyyətini dayandırmışdı. Avqust müharibəsi göstərdi ki, Xəzər enerji resurslarının Avropaya nəqlini həyata keçirən cəmi bir xətt üçün risklər çox böyükdür. Görünür, o zaman Qərbdə ikinci marşrutun yaradılmasına, bununla da enerjidaşıyıcılarının fasiləsiz nəqlinə zəmanət əldə etməyə qərar verildi. Onlar alternativ xətt üçün mümkün variant kimi, Ermənistan ərazisini nəzərdən keçirirlər. Məlum səbəblər üzündən neftin İran və Rusiya ərazisi ilə nəqli Qərb üçün qəbulolunmazdır. Xəzər neftinin Ermənistan vasitəsilə nəqli üçün isə Yerevanın Ankara, həmçinin, Bakı ilə münasibətləri qaydaya salınmalıdır.

Türkiyə hökuməti bu oyuna girdi və türk xalqının gözlədiyini etdi: protokolların ratifikasiyası Azərbaycan ərazilərinin işğaldan boşaldılması ilə əlaqələndirildi. Brüssel və Vaşinqton anlayır ki, Azərbaycan və Qazaxıstan neftinin, həmçinin, Azərbaycan və Türkmənistan qazının düşünülən yeni Bakı - Yerevan - Ceyhan marşrutu ilə nəqli üçün Azərbaycan torpaqları işğaldan azad edilməlidir. Türkiyə Ceyhanın bu layihəyə qoşulmağa tam hazır olduğunu göstərir. İndi Qərb Ermənistana açıq şəkildə göstərməlidir ki, Azərbaycan ərazilərinin boşaldılması Aİ və ABŞ-ın strateji maraqlarına uyğundur. Protokollarla bütün sonrakı proseslər də bu ssenari üzrə gedəcək. Türkiyənin ritorikası belədir: enerji resurslarının nəqli üçün alternativ yol istəyirsinizsə, Dağlıq Qarabağın işğaldan azad edilməsinə nail olun. Bu halda biz protokolları ratifikasiya edəcəyik. Bu, Azərbaycan və Türkiyə hökumətlərinə sərf edən vəziyyətdir. Protokolların Türkiyə Parlamentinə qaytarılması Azərbaycanı narahat etməməlidir. Ermənistan Dağlıq Qarabağın işğalına son qoymasa, protokollar ratifikasiya edilməyəcək, Ermənistanla sərhəd açılmayacaq.

- Son zamanlar Türkiyənin xarici siyasətində kritik məqamlar var. Xüsusilə Türkiyə-İsrail münasibətlərində qarşıdurma dərinləşir. Problemin hərbi münaqişəyə çevrilə biləcəyini düşünmək olarmı?

- Bu gərginliyə görə bütün məsuliyyət İsrail hökumətinin üzərinə düşür. İsrail xüsusitəyinatlılarının humanitar yük aparan "Mavi Mərmərə" gəmisindəki 31 ölkənin vətəndaşına hücum, həmçinin, 9 Türkiyə vətəndaşını öldürməsinə heç cür haqq qazandırmaq mümkün deyil. Məhz İsrail tərəfinin bu təxribatçı və məsuliyyətsiz addımı Türkiyə ilə münasibətlərdə qarşıdurmaya səbəb olub. Ankara ötən illərin təcrübəsini nəzərə alaraq, İsrail rəhbərliyinin cinayət etdiyini dünyaya sırf diplomatik yolla nümayiş etdirib. İsrail ilk dəfə tək qalıb. Hətta ABŞ-da İsraili, bu ölkənin rəhbərliyinin saldığı siyasi dalandan çıxarmaqda maraqlı deyil. İstənilən halda, bu insidentdən Türkiyə qalib çıxacaq. Qarabağ məsələsində həqiqət və güc nə qədər Azərbaycanın tərəfindədirsə, "Mavi Mərmərə" ilə bağlı insidentdə həm həqiqət, həm də güc o qədər Türkiyənin tərəfindədir.

- Aralıq dənizində yaranmış vəziyyət də təhlükəlidir. Yunan Kiprinin bu dənizdə neft axtarmaq planına cavab olaraq, Türkiyənin geodeziya gəmiləri Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin müşayiəti ilə neft kəşfiyyatına başlayıb. Üstəlik, Ankara ona mane olunacağı təqdirdə, qarşı tərəfə güc tətbiq olunacağını birmənalı şəkildə bəyan edib. Bu vəziyyətin hərbi münaqişəyə yolaçma təhlükəsi varmı?

- Yunan kiprləri Ankaranın İsraillə münasibətlərindəki gərginlikdən istifadə edərək, Türkiyəni küncə sıxmaq qərarına gəliblər. Amma Türkiyənin xarici qüvvələrə sinə gərməsi üçün yetərincə gücü var. Biz Aralıq dənizində neft kəşfiyyatını davam etdirəcəyik. Orada hansısa hərbi münaqişənin baş verəcəyini düşünmürəm. İsraillə təsadüfi silahlı insident də istisnadır.

- NATO-nun Hava Hücumundan Müdafiə Sisteminin Türkiyə ərazisində yerləşdirilməsi məsələsi, demək olar ki, həll edilib. Ankara "qonşularla sıfır problem" prinsipini qarşısına məqsəd qoyub. NATO ilə son razılaşmanın Ankara ilə Rusiya və ya İran arasında problem yaradacağını düşün-mürsünüz?

- "Raket sipəri"nin, radarların yerləşdirilməsinə dair qərar NATO üzvləri tərəfindən kollektiv şəkildə qəbul olunub. Bu sistem müdafiə xarakteri daşıyır və region ölkələrinin təhlükəsizliyinin təmininə yönəlib. O, NATO-ya üzv olmayan dövlətlərə təhlükə yaratmır. Bu üzdən hesab edirəm ki, Ankaranın Moskva və ya Tehranla münasibətlərində heç bir problem olmayacaq.

P.S. Jurnalımızın bu nömrəsi çapa hazırlanan vaxt İran Parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Məhəmməd Kavşari "Tehran Times" qəzetinə müsahibəsində bildirib ki, Türkiyənin ərazisində NATO HHM sisteminin yerləşdirilməsinə razılıq verməsi "böyük strateji səhvdir". O, Türkiyəni "ikili standartlara əsaslanan siyasət yürütməkdə" günahlandırıb və bildirib ki, bu qərar "Türkiyənin islamçı hökumətinə böyük problemlər yaradacaq".


MƏSLƏHƏT GÖR:

653