
KÖHNƏ ARENANIN YENİ SİMASI
Azərbaycanın ən böyük stadionu əsaslı təmirdən sonra necə görkəm alacaq?
Müəllif: Nadir XOSROVOĞLU Bakı
Azərbaycanın ən böyük stadionu - mərhum hakim Tofiq Bəhramovun adını daşıyan arena təmirə bağlanır. 60 il yığma və klublarımızın ev oyunlarına sahiblik edən stadion bir müddət təmir-bərpa işləri ilə əlaqədar azarkeşlərin üzünə bağlı olacaq. İndi burada futbolçular deyil, inşaatçılar öz məharətlərini göstərəcək. Doğrudur, stadion sentyabrda yığmanın Belçika və Qazaxıtsan, eləcə də "Neftçi" və "Bakı" klublarının çempionat oyunlarını qəbul edib. Noyabrdan isə ot örtüyünün dəyişdiriləcəyinə görə arenada futbol matçları keçirilməyəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə görüləcək işlər zamanı sovet dövrünə məxsus bütün atributlar yığışdırılacaq. Stadionun direktoru Akif İsmayılovun sözlərinə görə, mərkəzi girişdə və digər hissələrdə qoyulan SSRİ-nin oraq və çəkicdən ibarət gerbi götürüləcək. Arenanın son görünüşü isə işlərin hansı plan əsasında aparılmasından asılı olacaq. İstənilən halda azarkeşlər oturan hissələrdə meydançanın üstünün örtüləcəyi dəqiqdir. 2012-ci ilin martınadək davam edəcək təmir işləri zamanı meydançanın ot örtüyü, arenanın plastik oturacaqları, pilləkənlər dəyişdiriləcək. Stadionun giriş qapıları və ətrafı müasir formaya salınacaq. Stadion ərazisində otelin tikiləcəyi də istisna deyil. Otel idmançılar və qonaqlar üçün nəzərdə tutulacaq. Hələlik otelin neçə mərtəbədən ibarət olacağı müəyyənləşməyib. Təmir işlərini Koreya, ot örtüyünün dəyişdirilməsini isə Bolqarıstanın "Bayk Plus Ltd" şirkəti həyata keçirəcək.
Akif İsmayılov deyir ki, hələlik stadionun ərazisində qazma, betonlama və bərkitmə işləri görülür. Təmir işlərini Koreya mütəxəssisləri həyata keçirəcək. Tikintiyə mane olan ağaclar çıxarılır və başqa yerlərə əkilir. Bəzi qoca ağaclar isə yer dəyişəndə bitmədiyinə görə yenidən əkilmir. Stadionda soyunub-geyinmə otaqları, tualet, pilləkənlər, mətbuat mərkəzi və digər obyektlər dəyişdiriləcək, uşaqlar üçün olan meydança yenidən qurulacaq və üstü bağlanacaq.
Hazırda stadionda 29870 oturacaq var ki, təmir işlərindən sonra onların sayı 29 000-ə qədər azalacaq. Buna səbəb VİP tribunaların ərazisi genişləndiyi zaman, 800-1000 nəfərlik yerlərin itirilməsidir. VİP tribunaların da sayı artırılacaq. Bu tribunalar xüsusi olaraq quraşdırılacaq və hər biri 10 nəfər tutan 10 salondan ibarət olacaq. Həmin salonlarda kondisionerlər, yemək üçün, əl-üz yumaq üçün yerlər düzəldiləcək.
Ümumilikdə, arenadakı bütün oturacaqların dəyişdiriləcəyi nəzərdə tutulub. Hazırda rəhbərlik hansı oturacaqlardan istifadə olunması barədə müzakirələr aparır. Stadionun direktoru Akif İsmayılovun sözlərinə görə, təmirdən sonra oturacaqların qorunması üçün yeni bir sistemə keçiləcək. Təhlükəsizlik xidmətinin işçiləri oyunlar zamanı avadanlıqlara nəzarət edəcək. Əgər oyunlar zamanı hər hansı bir klubun azarkeşi oturacaqları sındıracaqsa, komandalara qarşı cəza tətbiq olunacaq. Təmirdən sonra stadion ərazisində olan ticarət obyektlərinin dizaynı yeniləşəcək.
Ən əsas məsələlərdən biri ot örtüyü ilə bağlıdır. Stadion rəhbərliyi yeni ot örtüyünün altında istilik sisteminin quraşdırılacağını söylədi. Soyuq havalarda otun korlanmaması üçün bu istilik sislemləri mühüm rol oynayacaq. Səpilən toxumlar soyuq havalarda da yetişəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev Tofiq Bəhramov adına stadionun yenidənqurulmasına Prezidentin ehtiyat fondundan 10 milyon manatın ayrılmasına dair Sərəncam imzalayıb.
TARİXİ ARAYIŞ
Tofiq Bəhramov adına stadionun rəsmi açılışı 1951-ci ilin 16 oktyabrında keçirilib. İnşasına 1939-cu ildə başlanılsa da, İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar tikinti işləri yarımçıq qalıb. Yalnız 12 illik fasilədən sonra stadionun tikintisi başa çatdırılıb və azarkeşlərin ixtiyarına verilib. Arenanın tikintisində alman hərbi əsirləri də iştirak ediblər.
MƏSLƏHƏT GÖR: