15 Mart 2025

Şənbə, 01:16

NİYƏ DƏ YOX?!

Yay Olimpiya oyunlarının keçirilməsinə yenidən iddia edən Bakının şansları necə qiymətləndirilir?

Müəllif:

15.09.2011

Beynəlxalq Olimpiya Komitəsi 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək uğrunda mübarizə aparacaq namizəd şəhərlərin adını açıqlayıb. Doha, İstanbul, Madrid, Roma və Tokio ilə yanaşı, Olimpiadanı keçirmək uğrunda Bakı da yarışacaq. 

Ölkəmizin bu mötəbər yarışa iddia etməsi özü-özlüyündə çox şeydən xəbər verir. Göründüyü kimi, 4 ildən bir keçirilən Olimpiadaya namizəd kimi cəmi 6 şəhər var. Sirr deyil ki, Bakı artıq ikinci dəfə namizəd şəhər qismində çıxış edir. Yaxın keçmişdə paytaxtımız 2016-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün Beynəlxalq Olimpiya Komitəsinə müraciət etmişdi. Həmin il mübarizəyə qatılan paytaxtımız sonda final mərhələsinə keçmədi. 2016-cı il Olimpiadası isə Rio-de-Janeyroya həvalə edildi. 

Bakının növbəti dəfə namizəd şəhər qismində təmsil olunması ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Namizəd şəhərlər, adətən, seçim turuna qədər bütün dünya mediasının diqqət mərkəzində olur. İnsanlar həmin şəhərlər haqda məlumat toplayır və bir qayda olaraq, namizəd şəhərlərə turist axını çoxalır. 

Digər tərəfdən, əgər Bakı 2016-cı il Olimpiadasını qəbul etmək istəyəndə şəhərimizi ciddi rəqib kimi qəbul etmirdilərsə, indi vəziyyət xeyli dəyişib. Dünya mediası Bakını nəinki ciddi rəqib sayır, üstəlik, paytaxtımızın seçim turunda hamını təəccübləndirəcəyinə inanır. Xatırladaq ki, artıq Beynəlxalq Olimpiya Komitəsi namizəd şəhərlərin adını açıqlayıb. Sənəd qəbulu başa çatıb və bundan sonra əlavə heç bir şəhər mübarizəyə qoşula bilməz. Növbəti aylarda Beynəlxalq Olimpiya Komitəsi iddiaçı ölkə və şəhərlərin Olimpiadanı qəbul etmək və keçirmək imkanları barədə məlumat toplayacaq. Sonra komitə 2020-ci il Olimpiya Oyunlarını keçirmək uğrunda mübarizəni davam etdirəcək şəhərləri seçəcək. Bu zaman növbəti mərhələyə keçəcək şəhərlərin sayı dəqiqləşdirilmir. Yəni növbəti mərhələdə 3-4 və ya cəmi 2 şəhər də ola bilər. BOK-un xüsusi komissiyası bu mərhələdə namizəd şəhərlərə yollanaraq, vəziyyətlə yerində tanış olacaq. 

2020-ci il Yay Olimpiya Oyunlarını qəbul edəcək ölkənin adı isə 2013-cü il sentyabrın 7-də Buenos-Ayresdə açıqlanacaq. Altı namizəd şəhərdən Roma (1960) və Tokio (1964) indiyə qədər Yay Olimpiya Oyunlarını qəbul edib. İtaliya və Yaponiya Qış Olimpiya Oyunlarını hərəyə 2 dəfə qəbul edən ölkələrdir. Yaponiya 1972 (Sapporo) və 1998-ci (Naqano) illərdə, İtaliya 1956 (Kortina d Ampetso) və 2006-cı (Turin) Qış Olimpiadasının ev sahibi olub. İspaniya 1992-ci il (Barselona) Yay Olimpiya Oyunlarını qəbul edib. Azərbaycan, Türkiyə və Qətər isə heç bir zaman Olimpiya Oyunlarını keçirməyib. 

Bəs Bakının dördilliyin ən mötəbər yarışı sayılan Olimpiada uğrunda mübarizədə şansları nə qədərdir?

 

Maddi dəstək

Böyük yarışları keçirmək üçün, sözsüz ki, böyük büdcə lazımdır. İstənilən yarışa təşkilatçılıq edən ölkə maddi məsələləri həll etmək üçün nüfuzlu şirkətləri sponsor kimi işə cəlb edir. Bu mənada Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə zəmanət verə bilər. Son illər dünyada iqtisadı böhran olsa belə, bu problem ölkəmizdə hiss edilmədi. Əksinə, paytaxtımıza xarici şirkətlər tərəfindən investisiya qoyulmaqda davam edir. Üstəlik, büdcəmiz ilbəil artır. Ona görə Bakı 2020-ci il Yay Olimpiya Oyunlarını keçirmək üçün heç bir maddi problemlə üzləşməyəcək. Üstəlik, dünya brendlərinin və aparıcı şirkətlərin Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir. Lazım gələrsə, həmin şirkətlər də sponsor kimi köməkçi qüvvəsini yerinə yetirə bilərlər.

 

Dövlətin dəstəyi

Azərbaycanda idmana böyük dövlət dəstəyi var. Bu işdə Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi əhəmiyyətli rol oynayır. Onun idman hərəkatına başçılıq etməsinin uğurlarımızın sayına təsiri danılmazdır. Bu gün beynəlxalq idman federasiyalarının rəhbərləri Azərbaycanda dövlətin idmana və idmançılara olan qayğısını başqa ölkələrə nümunə göstərir. 

 

Təşkilatçılıq 

Son illər Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və qəbul olunur. Paytaxtımızda nüfuzlu yarışların keçirilməsi artıq ənənə halını alıb. Bakı bədii gimnastika və güləş üzrə dünya çempionatı, bir sıra idman növləri üzrə Avropa çempionatına ev sahibliyi edib. Lisenziya xarakterli turnirlər, Qran-Pri yarışları ölkəmizdə yüksək səviyyədə təşkil olunub. Gələn qonaqlar yaradılan şəraitdən razı qalıb və Azərbaycan təşkilatçılığını başqalarına nümunə göstərib. Elə ona görə təşkilatçılıq baxımından da 2020-ci il Yay Olimpiya Oyunlarını keçirmək Bakı üçün problem təşkil etməməlidir. Mötəbər yarışları keçirmək təcrübəsi olan Azərbaycan gələn il "Avroviziya" mahnı müsabiqəsində bir daha əyani şəkildə təşkilatçılığını nümayiş etdirəcək. Şübhəsiz, bu da Beynəlxalq Olimpiya Komitəsinin diqqətindən yayınmamalıdır. 

 

İdman qurğuları 

Son illər ərzində Azərbaycanda beynəlxalq standardlara cavab verən 31 Olimpiya kompleksi inşa etdirilib. Hazırda 9 kompleksdə tikinti işləri yekunlaşmaq üzrədir. Daha 3 idman qurğusunun tikintisinə başlanılacaq. Cari il 65 minlik Olimpiya stadionunun təməlqoyma mərasimi oldu. Yəni bu arenada Yay Olimpiya Oyunlarının təntənəli açılış və bağlanış mərasimini keçirmək mümkün olacaq. Üstəlik, Beynəlxalq Olimpiya Komitəsi Bakını dəstəkləyəcəyi təqdirdə, yeni qurğular inşa etmək imkanı da var. 2020-ci ildə Olimpiadanı qəbul edəcək şəhər 2013-cü ildə təsdiqlənəcək. Bu isə o deməkdir ki, hazırlıq üçün 7 il əlavə vaxtı olacaq. Bu müddətdə yüksək standartlara cavab verən yeni idman qurğuları inşa etdirmək mümkündür. 

 

Təhlükəsizlik 

İndiyədək Azərbaycanın ev sahibliyi etdiyi mötəbər yarışlar zamanı təhlükəsizlik baxımından heç bir problem olmayıb. Qonaqlar yüksək səviyyədə qarşılanaraq, elə də yola salınıblar. Ölkəmizdə olan siyasi stabillik Olimpiada zamanı Bakıya gələcək qonaqların təhlükəsizliyinə zəmanət verməyə imkan yaradır. Aydın məsələdir ki, Olimpiada kimi yarışı qəbul edən şəhərə əlavə qüvvələr gəlir və mühafizəyə nəzarət artır. Fikrimizcə, Bakı bu işin də öhdəsindən gələ biləcək. 

 

Qonaqların yerləşdirilməsi 

Təkcə bu ilin sonuna qədər Bakıda bir neçə 5 ulduzlu otel istifadəyə veriləcək. Üstəlik, gələn il daha bir neçə mehmanxananın tikintisinə başlanılacaq. Bakının 2020-ci ildə Olimpiadanı qəbul edəcəyi təsdiqlənsə, Olimpiya kəndinin inşasına başlanılacaq. Odur ki, sadaladığımız faktların Beynəlxalq Olimpiya Komitəsinin diqqətindən yayınmayacağına ümid etmək olar. 

Məsələ ilə bağlı gənclər və idman naziri Azad Rəhimovun fikri belədir: "Əvvəlki seçimlə müqayisədə şanslarımız daha çoxdur. Yaxın keçmişdə ilk dəfə Bakı namizəd şəhər olmuşdu. İndi artıq ikinci dəfədir. Bakının şansı müxtəlif cür qiymətləndirilə bilər; məsələn, Bakının şansı Dohadan çoxdur. Hamı bilir ki, Qətərdə iqlimlə bağlı problem var. Orada yayda 50 dərəcədən yuxarı isti olur. Ona görə Qətər Olimpiadanı oktyabr və noyabr aylarında keçirmək istəyir. Olimpiya Komitəsi isə bu təkliflə razılaşmır. Fikrimcə, Bakı 2020-ci il Olimpiadasına ev sahibi kimi təsdiqlənsə, hər şeyi yüksək səviyyədə təşkil edə bilər. Əgər qalib gəlsək, 2020-ci ildə Bakı Olimpiadanı qəbul etməyə hazır olacaq".

Yay Olimpiya Oyunları ilə bağlı belə bir deyim var: əsas Olimpiadada iştirakdır. Bakının artıq ikinci dəfə Olimpiadanı keçirmək üçün namizəd şəhər olması özü-özlüyündə əlamətdar hadisədir. Amma bu o demək deyil ki, biz yalnız iştirak xatirinə bu işə qoşuluruq. Yaxın keçmişdə çoxlarının ağlına belə gəlmirdi ki, əhalisinin əksəriyyəti müsəlman olan, gənc müstəqil Azərbaycan "Avroviziya" mahnı müsabiqəsində qalib gələ və bu mötəbər beynəlxalq tədbirə ev sahibliyi edə bilər. Lakin bu artıq reallıqdır. Elə isə Olimpiadanın Bakıda keçirilməsi niyə real olmasın?



MƏSLƏHƏT GÖR:

360