15 Mart 2025

Şənbə, 02:41

MƏĞLUBİYYƏT ZOLAĞI QIRILDI

Müstəqillik tarixində ilk dəfə olaraq, futbol üzrə Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində 7 xal qazandı

Müəllif:

15.09.2011

Futbol üzrə Avropa Çempionatının seçmə mərhələsində keçirilən Azərbaycan-Belçika və Azərbaycan-Qazaxıstan oyunları azarkeşlərin ürəyincə oldu. Səkkiz ay qələbə üzünə həsrət qalan futbolçularımız  iki oyuna 4 xal toplamaqla yeni rekorda imza atdılar. Müstəqillik tarixində seçmə mərhələlərdə 5 xallıq baryeri keçməyən millimiz cari tsikldə xalını 7-yə çatdırdı. 

Tofiq Bəhramov adına Respublika stadionunda Belçikanı qəbul edən millimiz müsbət nəticə əldə etməklə həm azarkeşləri sevindirməliydi, həm də qardaş Türkiyə yığmasına dəstək olmalıydı. 

İnsafən, qeyd etməliyik ki, yığmamız oyuna yaxşı başlamadı. İlk dəqiqələr meydanda yalnız Belçikanın futbol oynadığını göstərdi. Bizimkilər isə bacardıqları oyunu belə göstərməməklə, sanki meydanda mübarizə aparmaq istəmədiklərini nümayiş etdirdilər. Amma ilk 45 dəqiqədə bəxt komandamızın tərəfində oldu. Belçikanın yaratdığı çoxlu sayda qol vəziyyəti nəticəsiz qaldı. Həmişə olduğu kimi, yenə qapıçımız Kamran Ağayev rəqibə sevinməyə imkan vermədi. Sonradan matçın qəhrəmanı olacaq Rauf Əliyev topla təmin olunmadığından, istəyini göstərə bilmədi. Vaqif Cavadovla Əfran İsmayılovun optimal formadan uzaq olması hələ fasiləyə qədər də hiss olundu. 

İkinci hissənin əvvəli də Belçikanın aktivinə yazıldı. Ümidini əks-hücumlara bağlayan Berti Foqtsun komandası 55-ci dəqiqədə penalti şoku yaşadı. Kapitan Rəşad Sadıqovun cərimə meydançasında kobud oyununa görə hakim 11 metrlik nöqtəni göstərdi. Topa yaxınlaşan Timmi Simons dəqiq oldu. 

Hesab açılandan sonra nisbətən arxayınlaşan rəqib oyunun tempini aşağı saldı. Görünür, Belçika Bakıdan asanlıqla qələbəylə ayrılacağına çox inanmışdı. 75-ci dəqiqədən etibarən azarkeşlərin növbəti dəfə baş məşqçi Berti Foqtsu istefaya səsləməsi sanki komandamızı yuxudan ayıltdı. Gözlənilməz olsa da, milli oyunu xoşbəxt sonluqla başa çatdırmağa nail oldu. 86-cı dəqiqədə Mahir Şükürovun gözəl zərbəylə ötürdüyü topu Rauf Əliyev eyni gözəlliklə tora yolladı. 

Bərabərlikdən sonra müdafiəyə çəkilən millimiz sona qədər heç-heçəni qoruya bildi. Bu hesab yığmanın aktivinə 4-cü xalı yazdı. 

Belçikalıları büdrədəndən 4 gün sonra yığmamız Qazaxıstanla çətin oyuna çıxdı. Hamı yaxşı başa düşürdü ki, millinin evdə qazaxlara xal verməyə haqqı yox idi. Məlum Astana məğlubiyyətinin əvəzini (milli səfərdə 1:2 hesabıyla uduzub) çıxmaqla, azarkeşlərin könlünü almaq məcburiyyətində qalan futbolçularımız Berti Foqtsun yığmadakı gələcək taleyinə də təsir edəcəkdi. Alman mütəxəssis millinin sükanı arxasında 5 xallıq baryeri keçməklə rekordçuya çevriləcəkdi. Komandamız məğlub olacağı təqdirdə isə futbol ictimaiyyəti Foqtsu bağışlamayacaqdı. Doğma azarkeşlərin dəstəyindən ruhlanan milli ilk dəqiqələrdən xoşbəxtliyi rəqib qapısında axtarmağa başladı. Mahir Şükürov, Vaqif Cavadov və Əfran İsmayılovun yaratdığı çoxlu sayda qol vəziyyətləri bəhrəsini vermədi. Millidə həlledici zərbəni vuran tapılmadı. Buna görə də uzun müddət üstünlüyümüz tabloda əksini tapmadı. 

20-ci dəqiqədə Sergey Ostapenkonun vurduğu qol isə komandamız üçün isə "soyuq duş" oldu. 

Fasiləyə məğlub durumda yollanan komandanı ikinci hissədə tanımaq olmadı. Əzmkar oyunla sona qədər mübarizə aparan futbolçularımız Qazaxıstandan güclü olduğumuzu 3 qolla sübut etdi. 

Əvvəlcə Rauf Əliyev hesabı bərabərləşdirməklə növbəti dəfə yığmanın xilaskarına çevrildi. 

Ardınca "Qarabağ"ın futbolçusu komandamız üçün penalti qazandı və Mahir Şükürov çərçivəni dəqiq nişan aldı. 

Son nöqtəni Vaqif Cavadov qoydu. 3:1 hesabı ilə irəlidə olan millimiz son dəqiqələrdə daha bir qol buraxsa da, üstünlüyü qoruya bildi. 3:2 hesablı qələbə yığmamızın xal sayını 7-yə çatdırdı. 

Milli qələbəylə Astanadakı məğlubiyyətin qisasını aldı. Futbolçularımızdan Rauf Əliyevlə Mahir Şükürovu xüsusi qeyd etmək lazımdır. Həm Belçika, həm də Qazaxıstana qol vuran Əliyev son illər ən yaxşı formada olduğunu bir daha göstərdi. 

Lakin qələbəyə baxmayaraq, yığmanın oyun planında müəyyən problemin olması aşkar göründü. Adi epizodlarda topun itirilməsi, müdafiədən hücuma sürətli keçidin olmaması məşqçiləri ciddi düşündürməlidir. Unutmaq olmaz ki, Qazaxıstan Avropanın ən zəif komandalarından sayılır. Ciddi rəqiblər bizə bu qədər sərbəst oynamağa imkan verməyə bilər. 

İndi məşqçilər korpusu oktya-brda keçiriləcək Avstriya ilə oyunda uğur qazanmağın planlarını cızmalıdır. Qazaxıstan üzərində qələbədən sonra futbolçularımız eyforiyaya qapılmamalıdır. Komanda başa düşməlidir ki, 7 xal son deyil. Qarşıda bizi Avstriya və Türkiyə ilə oyunlar gözləyir. 



MƏSLƏHƏT GÖR:

395