15 Mart 2025

Şənbə, 02:51

ŞAİRİN QƏLBİ

"Xalq irsi" layihəsi çərçivəsində xalq şairi Hüseyn Arifin şeirlər toplusu çap edilib

Müəllif:

15.09.2011

Hüseyn Arif şeirləri bu gün də geniş tanınan şairdir. Onun şeirlərinə çox mahnılar yazılıb. Uzun illər əvvəl Zeynəb Xanlarova tərəfindən ifa edilmiş məşhur "Qonşu qız" bir saat içindəcə mahnıya çevrilərək, necə deyərələr, əsl superhitə dönüb. Onun şeirləri bu gün də aktualdır - insanlar Hüseyn Arifin əsərlərini sevir və oxuyurlar. 

Bu yaxınlarda "Xalq Bank" ASC xalqımızın mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi işinə öz  töhfəsini əlavə edib. Bank tərəfindən gerçəkləşdirilən "Xalq əmanəti" layihəsi çərçivəsində xalq şairi, Dövlət Mükafatı laureatı Hüseyn Arifin  "Seçilmiş əsərləri" işıq üzü görüb. Kitabın təqdimatına ictimaiyyət təmsilçiləri və mədəniyyət xadimləri toplaşıblar. Onların arasında Hüseyn Ariflə şəxsən tanış olanlar da çox olub. Milli Elimlər Akademiyasının müxbir üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov bildirib ki, Hüseyn Arif həmişə xalqın yaddaşında doğma torpağı vəsf edən şair kimi qalacaq. 

N.Cəfərov şairin Azərbaycan ədəbiyyatındakı yeri, onun təmiz, açıq və səmimi poeziyasının özünəməxsusluğu barədə danışıb. O, həmçinin bildirib ki, şair öz yaradıcılığı ilə Azərbaycan dilinin inkişafına xidmət edib. Tədbir iştirakçıları Hüseyn  Arifi təbiət vurğunu və təbiətdən ilham alan usta kimi dəyərləndiriblər. Hüseyn Arif öz şeirlərində təbiəti bir rəssam kimi təsvir etməklə yanaşı, həm də onun fəlsəfəsini göstərməyi bacarıb. Şair Nəriman Həsənzadə də şair haqqında xatirələrini bölüşüb, onun incə yumor hissindən danışıb. 

Hüseyn Arif (Hüseynzadə Hüseyn Camal oğlu) 15 iyun 1924-cü ildə Qazax rayonunda anadan olub. 1940-cı ildə Bakı Pedaqoji Məktəbini bitirib və Tovuz rayonunda, eləcə də  Qərbi Azərbaycanda orta məktəb müəllimi olaraq əmək fəaliyyəti göstərib. 1943-1945-ci illərdə ordu birləşmələri tərkibində Ukrayna, Polşa, Çexoslovakiya və Almaniyada döyüşüb. Müharibədən sonra Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində və Moskvada, M.Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb.

1949-cu ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul olunub. 1950-ci ildən başlayaraq Hüseyn Arifin şeirləri qəzet və jurnallarda çap olunub. Kitablarının ümumi tirajı 250 mindən çox olan şairin şeir və poemaları dünyanın bir çox dillərinə tərcümə olunaraq nəşr edilib. Onun sözlərinə bəstələnmiş mahnılar dillər əzbəridir və bu gün də sevilərək oxunur.

Yaradıcılıqla yanaşı, elmi fəaliyyətlə də məşğul olan Hüseyn Arif Azərbaycanın aşıq yaradıcılığını dərindən tədqiq edib və indi də  bu tədqiqat ən ciddi araşdırma sayılır. 1978-ci ildə Hüseyn Arif Azərbaycan Dövlət Mükafatına layiq görülüb. 1984-cü ildən ömrünün sonunadək rəhbərlik etdiyi Azərbaycan Aşıqlar Birliyini yaradıb. 1989-cu ildə Azərbaycan Xalq şairi fəxri adına layiq görülüb.

H. Arif 1992-ci ildə, sentyabr ayının 14-də 68 yaşında vəfat edib və Ağstafa rayonunda dəfn olunub. 

"Region plus"la söhbətində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib ki, onun atası şairin yaxın dostu olub; danışıb ki, uşaq olan zaman o, heç təsəvvür belə edə bilmirdi ki, bu "Hüseyn əmi" şairdir. 

"Axı həmin vaxtlarda sovet məktəblərində Azərbaycan ədəbiyyatını və poeziyasını  tədris etmirdilər". Məleykə xanımın atası tez-tez təkrar edirmiş ki, Hüseyn Arif böyük şairdir və o, əbədi olaraq Azərbaycan xalqının yaddaşında qalacaq. M.Abbaszadə bildirir ki, 20-30 il qabaq heç də Hüseyn Arifin yazdıqlarının hamısını başa düşmürmüş. Amma müəyyən müddətdən sonra anlayıb ki, şairin yaradıcılığı yaşadığı dövrlə heç də bağlı deyil. Buna görə də Hüseyn Arifin şeirləri qəlbin tellərini, insanların duyğularını dilləndirir. Bu misralar ürəkdən gəlir. 

Qızı Zöhrə isə  Hüseyn Arifi müdrik, sakit və çox səmimi insan kimi xatırlayır. Öz xatirələrini bölüşərkən söyləyib ki, atasının ilk dinləyiciləri evin sakinləri olub. O, qızına hələ birinci sinfə getməzdən çox qabaq oxumaq, yazmaq  öyrədibmiş. Zöhrə xanım hələ uşaqlığından kitabların əhatəsində olub və indiyə kimi poeziya aşiqidir. 

"Xalq Bank"ın layihəsinə gəldikdə isə, o, keçən ildən gerçəkləşdirilir. Məqsəd  Azərbaycan xalqının mədəniyyət irsinin qorunub-saxlanılması və gələcək nəsillərə ötürülməsidir. Layihə çərçivəsində Azərbaycanın çox qiymətli folklor nümunələrinin, ədəbiyyat, incəsənət və elm xadimlərinin əsərləri nəşr olunur. Nəşrlər Azərbaycanın xalq rəssamı Böyükağa Mirzəzadəyə, xalq şairi Məmməd Araza və Azərbaycanın ilk peşəkar qadın rəssamı Maral Rəhmanzadəyə həsr olunub. Onların yüksək bədii dəyəri və poliqrafik keyfiyyəti milli təsviri sənət və poeziya həvəskarları tərəfindən heyranlıqla qarşılanıb. 

Layihə çərçivəsində nəşr olunan kitablar əvəzsiz olaraq ali və orta məktəblərə, uşaq evlərinə və kitabxanalara, fondlara, dövlət idarələrinə, xarici səfirliklərə və ölkədən kənardakı konsulluqlara  hədiyyə edilir, Azərbaycan mədəniyyətinə qiymət verənlər arasında yayılır.



MƏSLƏHƏT GÖR:

378