15 Mart 2025

Şənbə, 20:00

“60 İLİ NECƏ YAŞAMIŞAMSA, O CÜR DƏ YAŞAMAQDA DAVAM EDƏCƏYƏM”

Yaşar Nuri: «mənim üçün sənətin yüksək nöqtəsi tamaşaçı sevgisi və alqışıdır»

Müəllif:

15.09.2011

Yaşar Məmmədsadıq oğlu Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda - tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə on bir yaşında Azərbaycan Dövlət Musiqili Komediya Teatrında "Toy kimindir?" tamaşasında Tapdıq rolunda çıxıb. Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də tanınmış kino ustasıdır. Aktyor “Bəyin oğurlanması”, “Yaramaz”, “Yoxlama”, “Yol əhvalatı” kimi filmlərdə də yaddaqalan obrazlarla çıxış edib. Bundan başqa, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Bunlardan Ruhəngiz Qasımovanın “Yollar görüşəndə”, “Ömrün yolları”, İsi Məlikzadənin “Qatarda”, Anarın “Evləri köndələn yar”, Mövlud Süleymanlının “Kökdən düşmüş piano”, İslam Səfərlinin “Ac həriflər” teletamaşalarını göstərmək olar. 

Yaşar Nuri 1981-ci ildə əməkdar artist, 1989-cu ildə isə Azərbaycanın Xalq Artisti fəxri adlarına layiq görülüb. 1991-ci ildə “Yaramaz” filmindəki Maşallah roluna görə, Azərbaycan Respublikasının Dövlət Mükafatı, iki dəfə "Qızıl dərviş" mükafatı alıb. 2011-ci ilin sentyabr ayında isə Prezident İlham Əliyevin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunub.

«Şöhrət» ordenli xalq artisti ilə görüşümüz bir qədər çətinliklə baş tutdu. Yaşar müəllimi təbrik etmək, ondan müsahibə almaq istəyənlərin sayı o qədər idi ki, onu tapmaq əsl müşkülə çevrilmişdi. Nəhayət, dəniz kənarında onunla görüşə bildik. Dostları ilə idi. Görünür, bu hay-küydən bir qədər dincəlmək istəyirdi/. 

- Yaşar müəllim, ilk növbədə, sizi 60 illik yubileyiniz və “Şöhrət” ordeni almağınız münasibətilə təbrik edirik.

- Çox sağ olun. Cənab Prezidentə təşəkkür edirəm ki, əməyimi qiymətləndirdi. 60 illik yubileyimdə məni bu ordenlə təltif etdi. 

- 60 yaşında özünüzü necə hiss edirsiniz? 

- Sükür Allaha, indi özümü yaxşı hiss edirəm. Altmış yaşıma çatmışam, özümü də altmış yaşında hiss edirəm.

- Yaşar müəllim, sizin üçün sənətin zirvəsi varmı? Varsa, ora çatmaq üçün nə lazımdır?

- Mənim aləmimdə sənətdə zirvə sözü yoxdur. Yalnız dağın zirvəsi var ki, onu da alpinistlər fəth edir. Kimin üçünsə ola bilər ki, var və o özünü bu zirvəni fəth etmiş sayır, o özü bilər. Amma Yaşar Nuri üçün bu zirvə yoxdur. Sənətin yüksək nöqtəsi ola bilər ki, bu da tamaşaçı sevgisi və alqışıdır. Bu o sevgi deyil ki, tamaşa qutardı, iki-üç dəqiqə alqışladılar. Sevgi odur ki, sənətdən başqa səni həyatda sevsinlər. Başına bir iş gələndə yanında olsunlar, ayağın büdrəyəndə yardımçı olub ayağa qaldırsınlar. Bu, xalqın məhəbbətidir. Və mənə olan bu məhəbbəti cənab Prezident də təsdiq etdi. 

- Xəstə olduğunuz müddətdə həyatınızda nəyisə saf-çürük edə bildinizmi?

- Düşünmüşəm; amma bu 60 ili necə yaşamışamsa, o cür də yaşamaqda davam edəcəyəm. Dərdimi də, günahımı da, müvəffəqiyyətimi də heç nəyə dəyişməzdim. Bu gün də dəyişməmişəm və dəyişməyəcəyəm. Demək, Allah belə yazıb, belə də yaşamaq lazımdır. 

- Həyatda kökdəndüşmüşləri kökləmək asandırmı?

- Yox. Bilirsiniz, əvvəla, çalışm aq lazımdır ki, bu olmasın. Kökdən düşəndə də elə düşmək lazımdır ki, səni yenidən sazlamaq olsun. Əslində, bu söz daha çox alətə yaraşır, ən çox da pianoya. Düzdür, insan da kökdən düşür. Belə məqamda insanın özündən çox şey asılıdır. İnsanı kökə gətirmək çətin məsələ olsa da, amma lazımdır. Hərdən kökdən düşəndən sonra adamdan əlini üzənlər də olur. Amma onlara demək istəyirəm ki, əllərini üzməyə tələsməsinlər. Əksinə, bir az dəstək olanda, insan özü yenidən gəlib kök altına düşür. Bəzən görürsünüz ki, insanın başı ağrıyır, o biri ondan əlini üzür ki, bunun başı da belə getdi. Amma bunu düşünmək lazımdır ki, biz insanıq, canlıyıq, dilimiz var. Dilimizlə neçə qəlbləri ələ ala bilərik. Divar deyilik ki, nəyəsə biganə qalaq. Onu da nəzərə alaq ki, divarların da dili olsaydı, nələr danışardı. 

- Xəstəlikdən sonra hadisələrə münasibətinizdə dəyişikliklər varmı?

- Əvvəllər hər şeyə tez reaksiya verərdim. Bu yaşımda isə çox şeyi kənara çıxarmıram. Özüm də tez həll etməyə çalışıram. İstər özüm, istər başqası üçün. Hiss edirəm, belə də lazımdır. 

- Gileyiniz varmı?

- Gileyim var... Bu gileyim özümdəndir. Həkimlər mənə deyir ki, zərərli vərdişlərdən əl çəkmək lazımdır. Mən onu edə bilmirəm. Pəhrizə əməl etmək, az yemək lazımdır, mən ona əməl etmirəm. Bilirsiniz, mənim fikrimcə, insanın gileyi, ilk növbədə, özünə olmalıdır. 

- Səhnəyə nə vaxt qayıdırsınız?

- Oktyabr ayının 5-də yenidən səhnədə olacam. Azərbaycan Dövlət Dram Teatrının səhnəsində dövlət səviyyəsində yubileyim keçiriləcək. Ondan sonra isə elə həmin teatrda iki yeni tamaşa ilə səhnəyə çıxacam. Tamaşaçılarım xəstə olduğum müddətdə deyirdilər ki, Yaşar müəllim, sağalın, səhnəyə qayıtmasanız da olar. Amma mən yenidən səhnəyə qayıdıram, tamaşaçılarım üçün. Səhnə mənim oksigenimdir. Bilirsiniz, tələbələrimə də çox vaxt deyirəm: sənət elə şeydir ki, gərək sənət üçün yanasan. Elə ən böyük uğur da sənəti sevməkdən başlayır. 


MƏSLƏHƏT GÖR:

507