
CÜDOMUZ "İPPON"a DÜŞDÜ
Komandamız dünya çempionatında yalnız bir bürünc medalla kifayətləndi
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Fransanın paytaxtı Parisdə keçirilən cüdoçuların Dünya Çempionatından yığmamız ürəkaçan nətijələrlə qayıtmadı. Səfərə böyük ümidlərlə yollanan idmançılarımız cəmi 1 bürünc medal qazanmaqla komandada ciddi problemlərin olduğunu üzə çıxardı. Parisdəki çempionat liderlərin ideal formadan uzaq olduğunu, fiziki cəhətdən yarışa hazır olmadığını göstərdi. Ağayar Axundzadənin komandası Dünya Çempionatında, demək olar ki, özünə bənzəmirdi. Yığmada yeganə medalı isə gənc İlqar Müşkiyev qazandı. Ümumilikdə, çempionat Olimpiada ərəfəsində komandanın yaxşı vəziyyətdə olmadığını sübut etdi.
Cüdoçular arasında üzümüzü güldürən İlqar Müşkiyev 60 kq.-da çıxış edən idmançımız kimi mötəbər yarışlara hazır olduğunu bürünc medalı qazanmaqla nümayiş etdirdi. Əslində, Müşkiyevdən çempionatda medal gözlənilmirdi. Çünki idmançımız gənclər arasında böyük uğurlar əldə etsə də, böyüklərin turnirlərinə yalnız bu ildən qoşulub. İlqar Müşkiyevin 60 kq.-da bürünc medal qazanması onunla eyni çəkidə yarışan Nicat Şıxəlizadəni düşündürməlidir.
Müşkiyevin uğurundan sonra Nicatın 60 kq.-da yığmada bir nömrə olacağı inandırıcı deyil. Ona görə də uzun müddət idmandan ayrı düşən Nicatın çəkisini dəyişəcəyi gözlənilir.
66 kq.-da Tərlan Kərimov da medalsız qaldı. Onun 7-ci yeri tutması qənaətbəxş sayıla bilməz. Olimpiadaya yollanmağı hədəfləyən idmançımız tezliklə optimal formasını bərpa etməlidir. Əks halda, məşqçilər onun yığmada çıxışını yenidən müzakirəyə çıxara bilərlər.
Ən böyük təəssüf Azərbaycan xalqını böyük qələbələrə öyrəşdirən Elnur Məmmədliylə bağlı oldu. Yazda 81 kq.-da Avropa çempionluğunun sevincini yaşayan Elnur Parisdə özünə bənzəmədi. Daim çevik, sürətli hərəkətlərlə rəqiblərin başağrısına çevrilən Məmmədlidən bu dəfə əsər-əlamət yox idi. Onun Dünya Çempionatına yüksək səviyyədə hazırlaşmasıyla bağlı verdiyi açıqlamalar yalan çıxdı. Artıq ilk görüşlər Elnurun yarışa hazır olmadığını göstərdi. Adətən, rəqiblərini "ippon"la məğlub edən cüdoçumuz ilk görüşlərdə "qızıl xal" sayəsində qələbə qazandı. Yalnız əlavə olunan vaxtlarda qələbə qazanan Elnurun belə çıxışla uzağa getməyəcəyi məlum idi. Nəticədə, həmyerlimiz 18 finalda büdrədi. Hətta ukraynalı cüdoçu, özünün dediyinə görə, Elnur üzərində qələbə qazandığına inanmayıb. Sonradan Məmmədliyə yaxınlaşaraq ondan belə mübarizə gözləmədiyini bildirib. Elnurun belə zəif çıxışı məşqçilər korpusunu da ciddi düşündürməlidir. Sözsüz ki, uğursuzluq hər bir idmançının karyerasında olur. Biz yalnız bir məğlubiyyətə görə Olimpiya və ikiqat Avropa çempionu Elnuru tənqid atəşinə tutmaq fikrində deyilik. Cüdo millisinin kapitanı və eyni zamanda, komandanın liderinin zəif çıxışı çoxları üçün təəccüblü oldu. Adətən, Elnurun qələbələri komanda yoldaşları üçün stimul rolunu oynayırdı. Təəssüf ki, bu dəfə Məmmədli heç nəylə onlara kömək olmadı.
81 kq.-da çıxış edən Elxan Rəcəbli startda iki ardıcıl qələbə qazandı. Onun ən azı bürünc medal əldə edəcəyi gözlənilirdi. Lakin fiziki cəhətdən yarışa hazır olmayan cüdoçu yekunda 5-ci yerlə kifayətləndi. Halbuki Rəcəbli bürünc medala çox yaxın idi. Uğursuzluğa baxmayaraq, Rəcəblinin London Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa şansları yüksəkdir. Eyni sözləri Renat Mirzəliyev haqqında demək olmaz. 73 kq.-da mübarizə aparan cüdoçu son iki ildə ciddi heç nəylə yadda qalmayıb. Artıq məşqçilər də 73 kq.-da Olimpiadada təmsil olunmayacağımızla barışıb. Onun Parisdə göstərə bilmədiyi mübarizlik və əzmkarlığı yaxın aylarda görəcəyimiz şübhə doğurur.
90 kq.-da Elxan Məmmədov yalnız iki görüşdə qələbə qazandı. Üçüncü dueldə keçmiş dünya çempionu Kyu Von Liyə uduzan həmyerlimiz medal ümidini puç elədi. Elxanın öz üzərində işləməsi çox vacibdir. Məşqçilər 90 kq.-da Elxanın lisenziya qazanacağına inanır. Amma belə çıxışla, çətin ki, Məmmədov Londonda nəsə edə bilsin.
Ən ağır çəkidə mübarizə aparan Elmar Qasımovun (100 kq) Paris sevdası isə cəmi bir görüşdən ibarət oldu. Son illər geriləyən Qasımovdan yaxınlarda nəticə gözləmək real görünmür. Gənclər arasında Avropa çempionu olandan sonra ciddi heç bir nəticəylə yadda qalmayan Elmarın düşünmək üçün vaxtı çox azdır. Olimpiadaya bir ildən də az vaxt qalıb.
Zərif cinsin nümayəndələrinin də nəticələri sevindirici olmadı. Kifayət Qasımovayla (57 kq) Ramilə Yusubova (63 kq) qeyri-stabil çıxışıyla Olimpiadadan kənarda qala bilərlər. Bu gedişlə xanımlar London Olimpiadası zamanı cüdo görüşlərini televiziyadan izləyəcək.
Beləliklə, Azərbaycan yığmasının Fransada Dünya Çempionatındakı qazancı 1 bürünc medal oldu. Odur ki, bu çempionatı komandanın aktivinə yazmaq qeyri-mümkündür. Yığma öz səviyyəsindən aşağı çıxış etməklə azarkeşləri məyus etdi, məşqçiləri və federasiya rəhbərliyini isə qayğılandırdı. İndi federasiya rəhbərliyi və məşqçilər korpusu nəticələri təhlil etməli və problemin nədə oldu?unu öyrənməlidir.
Sirr deyil ki, artıq Elnur Məmmədliylə Elxan Məmmədov London Yay Olimpiya Oyunlarına lisenziya verən xalları qazanıb. Onların lisenziyası gələn il rəsmiləşəcək. Amma cüdoçularımızın Londona yalnız iştirak xatirinə yollanmasını istəməzdik. Olimpiadada Azərbaycan Bayrağı yüksəlməli, himnimiz səslənməlidir.
MƏSLƏHƏT GÖR: