Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Həmişə öz uşaqlarının və onların gələcəyinin keşiyində dayanan, gələcək nəsillər olmadan öz həyatını düşünə bilməyən Azərbaycan cəmiyyəti Bakının hansısa qəsəbəsində valideynləri tərəfindən döyülmüş 5 yaşlı qızın dünyasını dəyişməsi barədə xəbərlərə alışmayıb. Bizim fikrimizcə, bu cür hadisələr dünyanın istənilən yerində baş verə bilər, yalnız Azərbaycanda yox. Dünya demək olar ki, hər gün bizdən uzaq bir yerdə hansısa ananın övladını köpək kimi zəncirə salıb hərdənbir yemək verməsindən, hansısa atanın sərxoş halda oğlunu ölənə kimi döyməsindən, yaramaz bir "ata"nın qızlarını zirzəmidə saxlayaraq, illərlə zorlaması barədə xəbərlərdən dəhşətə gəlir.
Bunlar qorxuludur, bizim üçün ağlasığmazdır. Amma bu ilin fevralında Bakıda Sevinc Həsənovanın başına gəlmiş hadisə göstərdi ki, belə olaylar bizlərdən də o qədər uzaqlarda deyil. Ailədə uşaqların ölməsi bizim Azərbaycanda da baş verə bilər. Deməli, heç də hər şey düşündüyümüz kimi yaxşı deyil. İstənilən halda, bizdə də atalıqların övladlar üzərində zorakılıq halları mümkündür və bizdə də ögey övladlara yaxşı baxılmaması faktları var. Sevinc Həsənovanın başına gələnləri istisna etsək də yəqin ki, bizim ailələrdə də belə hallar var, sadəcə, biz bu barədə bilmirik və bu cür hadisələrdən ictimaiyyət heç də həmişə xəbər tutmur. Yəni bundan ictimaiyyətin xəbər tutması üçün məhz ölməkmi lazımdır?
Uşaq mülkiyyət deyil
Niyə Azərbaycanda uşaqlarla sərt davranış halları çox vaxt gizli qalır? Çünki biz rahatıq, düşünürük ki, bizdə belə problemlər yoxdur. Heç vaxt özümüzə sual vermirik ki, qonşunun oğlunun gözlərinin altı bu gün niyə qaralıb və ya əllərindəki göyərti hardandır. Etiraf etmək lazımdır ki, Azərbaycanda qəyyumluq və himayədarlıq orqanları, həddi-büluğa çatmamışların hüquqlarının müdafiəsi üzrə komissiya, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir və onlar cəmiyyətdə uşaqların hüquqlarının müdafiəsi üzrə müəyyən işləri qaydaya salıblar.
Amma ailə daxilində uşaqların durumuna nəzarət həyata keçirilmir. Cəmiyyətin özü də buna hazır deyil. Bizdə uşaqların valideynlər tərəfindən döyülməsi halları zamanı qəyyumluq və himayədarlıq orqanlarına müraciət edilməsi praktikası yoxdur, hesab edilir ki, bu cür cəzalandırma ailənin öz işidir və kənar şəxslər buna müdaxilə etməməlidir. Bəlkə də buna bir dəfə, iki dəfə və ya üç dəfə yol vermək olar, amma ətrafdakılar görəndə ki, bu cür hal sistematik təkrarlanır, onda laqeyd qalmamalıdırlar. Bu cür əməllər ictimaiyyətin susqunluğu ilə müşayiət olunmamalıdır. İnanmaq çətindir ki, Avropanın hansısa ölkəsində uşaqların döyülməsinə laqeyd qalırlar. Əgər bu fakta qonşular laqeyd qalırsa, uşağın oxuduğu məktəb mütləq qəyyumluq orqanına müraciət edir. Belə olan halda bədən xəsarətinə səbəb olmuş valideyni yalnız valideynlik hüququndan məhrum etməklə buraxmırlar, həm də onu cinayət məsuliyyətinə cəlb edirlər. Doğrudur, elə olur ki, Avropanın qəyyumluq orqanları bəzən absurd qərarlar verir, uşaqlara qarşı yüngülvari cəzalara cavab olaraq uşağı ala bilərlər.
Amma bu cür pedaqoji işin məğzində uşağı özünü gözəl anlayan və öz hüquqlarını bilən şəxsiyyət kimi böyütmək istəyi durur. Yəni lazım olanda bu kiçik insanın müdafiəsinə dövlət qalxır. Onun özü hüquqlarının pozulması ilə bağlı müvafiq orqanlara müraciət etmək iqtidarında olan zaman isə dəqiq biləcək ki, bu, nə zaman və necə edilir.
2011-ci ilin iyun ayında Azərbaycan Milli Məclisinin sosial siyasət komitəsində ölkənin Ailə Məcəlləsinə dəyişikliyə baxılıb. Dəyişikliyə görə, uşaqlarına qarşı zorakılıq törədən valideynlər məhz valideynlik hüququndan məhrum edilə bilərlər. Böyük ehtimalla bu dəyişiklik parlamentin payız sessiyasında baxılacaq və qəbul ediləcək. Ancaq qeyd etmək lazımdır ki, bu günə kimi uşaqlarla sərt davranış halında valideynlik hüququndan məhrum edilməsi məsələsinə ölkənin müvafiq icra hakimiyyətlərinin nəzdində olan yerli və ya rayon həddi-büluğa çatmamışların işi və müdafiəsi komissiyası tərəfindən baxılırdı. Dövlətlərarası övladlığagötürmə məsələsinə baxan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də valideynlikdən məhrumetmə üzrə səlahiyyətləri var. Dövlət Komitəsindən bildirirlər ki, bu mərkəz övladlığagötürmə qurumunun yaradılmasndan bəri valideynlik hüququnun yerinə yetirilməsi ilə bağlı problemə rast gəlməyib. Əgər bu cür hadisələr baş verərsə, komitə övladlığın ləğv edilməsi ilə bağlı səlahiyyətlərə malikdir.
Dağlanmış barmaqlar
Maraqlıdır ki, "Region plus"un əldə etdiyi məlumata görə, müvafiq komissiyadan Azərbaycanın Ali Məhkəməsinə valideynlik hüququndan məhrumetmə ilə bağlı bircə müraciət belə daxil olmayıb, yalnız Sevinc Həsənovanın valideynlərinin sərt davranışı istisnadır. Qız həlak olub və onun valideynlərini cinayət məsuliyyətinə cəlb etməklə yanaşı, həm də valideynlik hüququndan məhrum ediblər. Bu, nə deməkdir? Şəksiz, Azərbaycanda bu cür işlərə məhkəmə yolu ilə baxılması nadir halda baş verir və bu, əslində, müsbət haldır. Amma məsələnin nadir hallarda baş verməsi həm də bir qədər ehtiyatlandırır, çünki həm də düşünmək olar ki, uşaqların valideynlər tərəfindən döyülməsi faktlarının çoxu gizlədilir və məhkəmələrə qədər gedib çıxmır. Bu, hətta şahidlərin yanında baş versə belə, onlar da susmağı üstün tuturlar.
Ali Məhkəmədəki mənbə bildirib ki, hətta uşaqlar üzərində zorakılıq halları qeydə alınsa da, məhkəmə instansiyaları baş verənləri valideynlik hüququndan məhrum etməyə qədər aparmamağa üstünlük verirlər, çünki bundan sonra uşağı dövlətin himayəsinə - uşaq evinə vermək lazım gəlir. "Azərbaycanda isə əksinə, uşaq evlərinin deinstitualizasiyasının elanından sonra, uşaq evlərində qalanların sayını azaltmağa çalışırlar, valideynləri olan uşaqları ailələrinə qaytarmağa cəhd edirlər. Belə çıxır ki, iş zamanı bir məsələ o birisinə mane olur. Hər necə olursa-olsun, onlar valideyndirlər. İstənilən halda, uşağa öz evində olmaq uşaq evindəkindən daha xoşdur", - deyə mənbə bildirir.
Azərbaycanda tez-tez rast gəlinməsə də, uşaqlara qarşı zorakılığın baş verməsini, onların, hətta valideynləri tərəfindən qətlə yetirilməsi hallarının olduğunu bu yaxınlarda Bakıda və Biləsuvar ra-yonlarında baş vermiş hadisələr də sübut edir.
2011-ci ilin may ayında Bakının Nizami rayon sakini olan ana öz uşaqlarını tərbiyə üçün sadist üsulundan istifadə edib - qadın bir-biri ilə söyüşən uşaqlarının əllərinə dağ basmışdı. Bu zaman qadını gözləyən ən sərt cəza cərimə olmuşdu. Bu barədə Azərbaycanın "Vesti.az" informasiya agentliyinə 24-cü polis bölməsinin faktı araşdıran əməkdaşı, leytenant Rövşən Nəcəfov bildirib. Onun sözlərinə görə Xatirə Talıbovanın əməlləri yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə, yəni sağlamlığa bilərəkdən yüngül zərər vurulması maddəsinə uyğun gəlir və bu zaman ona 300 manat cərimədən bir il icbari işə qədər cəza kəsilə bilər. Ancaq qadının himayəsində azyaşlı uşaqlar olduğuna görə, ona həbs kəsilə bilməz.
Onun əri və hazırda boşanmaq üçün ərizə vermiş Mehman Talıbov ərizə ilə polisə müraciət edərək bildirib ki, arvadı qaz plitəsinin üzərində böyük mətbəx bıçağını közərdib və sonra 2005-ci ildə doğulmuş oğlu Uğurun və 2007-ci ildə doğulmuş qızı Səmanın əllərinə dağ basıb. Hər iki uşağın sağ əllərindəki barmaqlarında yanıqlara rast gəlinir. Ana etdiyi əməlləri boynuna alıb.
Biləsuvar rayonunda isə ana yenicə doğduğu uşağını öldürüb. Hadisə Çaylı kəndində baş verib. Uşağın meyitini kanaldan tapıblar. Baş vermiş cinayəti törədən şəxsin müəyyən olunması üzrə istintaq başlayıb. Məlum olub ki, uşağın anası 1972-ci ildə dünyaya gəlmiş Gülarə Qarayevadır. Qadın uşağı doğandan dərhal sonra onu boğub. Bundan sonra Qarayeva körpənin cəsədini vedrəyə qoyaraq su kanalına aparıb və onu kanala atıb.
İstintaq zamanı bəlli oldu ki, Q.Qarayevanın 10 yaşlı oğlu var, bir neçə il qabaq isə onun əri dünyasını dəyişib. Hadisəyə səbəb isə uşağı vətəndaş nikahında yaşadığı kişidən doğması olub. Qarayeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 121-ci maddəsi üzrə, yəni ananın öz yeni doğulmuş körpəsini bilərəkdən öldürməsi maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilib.
Psixoloq Dəyanət Rzayevin praktikasında elə faktlar olub ki, kəskin psixopatiyadan əziyyət çəkən ana ayaqları ilə öz ikiyaşlı körpəsini döyüb. Elə valideynlər olub ki, öz günahlarını anlayaraq məsləhət üçün ona müraciət ediblər. Xahiş ediblər ki, onları "uşaq döymək" xəstəliyindən xilas etsinlər. D. Rzayev hesab edir ki, Azərbaycan cəmiyyətinin diqqətini uşaqlarla vicdansız davranış probleminə yönəltmək üçün maarifçilik işinin aparılmasının vaxtıdır.
Valideyn zülmü ilə üz-üzə qalmış uşaqlarda hansı dəyişikliklər baş verir? Onlarda ətrafdakılarına nifrət hissi yarana, bu travma isə özünü istənilən formada göstərə bilər. Nəticədə, bu uşaqlar bütün həyatlarıboyu davam edəcək psixoloji komplekslər qazanırlar, hər şeydən qorxmağa başlayırlar, özlərinə qapalı vəziyyətdə qalırlar. Psixikası zədə almış uşaq gələcəkdə cinayətkar da ola bilər.
MƏSLƏHƏT GÖR: