15 Mart 2025

Şənbə, 01:39

TORPAQ ÜZ DÖNDƏRİB, OKEAN DOLANDIRMIR

Aclıq və səfalət içində boğulan Somalidən "Region plus" üçün reportaj

Müəllif:

01.09.2011

Somalidəki problemlər 21 il prezidentlik etmiş - general Məhəmməd Siyat Barrenin 1991-ci ildə istefaya getməsi ilə başladı. İndi olkə sozün tam mənasında xarabalığı xatırladIr. Binalar dağılıb, yollar bərbad vəziyyətdə, insanlar yoxsul və s. Mərkəzi hökumətin varlığı ilə yoxluğu isə  hiss edilmir...

Somaliyə gəlişinizdə sizi ilk təəccübləndirən bu ölkənin hava limanı olacaq. Paytaxt Moqadişudakı aeroport Hind okeanından cəmi 100-200 metr aralıda yerləsir. İcəri daxil olanda köhnə vaxtları xatırlayırsan. O tərəf-bu tərəfə qacışan hərbçilər, yüklərin əl arabasında dasınması insan diqqətindən yayınmır.

Hava limanından çıxan kimi sizi dilənçi uşaqlar qarşılayır. Əcnəbilərdən pul istəmək burda adi hal alıb.Tozlu-torpaqlı  yollarla bizim üçün ayrılmış avtobusa minib şəhər mərkəzinə tərəf hərəkət edirik.Yollarda əli avtomatlı çoxsaylı hərbcilər növbə çəkir. Çünki “Əl-Qaidə” terror təskilatı tərəfindən maliyyələşdirildiyi iddia edilən “Əş-Şabab” qruplaşması Somalinin paytaxtını 3-4 həftədir ki, tərk edib. Hazırda ölkə ərazisinin, təxminən, 30 %-nə nəzarət edən bu təşkilatın böyük maliyyə imkanları və geniş tərəfdarlarının olduğu təxmin edilir.

Şəhərdə 3 ildir ki, atışmalar və qarşıdurmalar davam etdiyindən, hər binada güllə izləri gorünür. Bəzi evlər isə xarabalığı xatırladır. Çünki daxili cəkişmədən təngə gələn on minlərlə sakin şəhəri tərk etmək məcburiyyətində qalıb. Burada əhalinin siyahıyaalınması sonuncu dəfə 1985-ci ildə baş tutub. Təxmini hesablamalara görə, hazırda Somalidə 10-12 milyon insan yaşayır. Burdakı insanlara ataları ərəb, anaları afrikalı da deyirlər.1974-cü ilə kimi ərəb əlifbasından istifadə edilib. Daha sonra isə latına keçilib.

 

Quraqlıq Somali xalqının qəddini büküb

1960-cı ildə müstəqilliyini qazanan Somalidə əvvəllər quraqlıq 10 ildən  bir yaşanırdısa, son 3 ildə bir çox bölgələrə ümumiyyətlə yağıs yağmayıb. Digər tərəfdən, əgər əvvəllər 1 ay yağış yağırdısa, indi ancaq 2-3 gün yağır. Bu isə kənd təsərrüfatına xeyli ziyan vurub. Məhsullar sahələrdə quruyur, fermerlər ziyana düşür. Quraqlığın bir neçə il arxa-arxaya davam etməsi xalqın 25-30%-ni yoxsul vəziyyətə salıb.

Qacqın düşərgələrindəki mənzərə isə ürək ağrıdır. Bu düşərgələrin bir başqa adı da ölüm məskənləridir. Çünki yardımlar gəlməsə, buradakı insanlar tez bir vaxtda dünyasını dəyişə bilər. Onsuz da hər gün düşərgələrdə 20-30 uşaq dünyasını dəyişir. Bunun başlıca səbəbi yetərsiz qidalanma və tibbi xidmətin aşağı səviyyədə olmasıdır. Ona gorə də hər hansı bir xəstəliyə orqanizm uzun müddət müqavimət göstərə bilmir. İndi Somali xalqı xaricdən gələn qida yardımına bağlı yaşayır. Su qıtlıgı olduğundan, xanımlar bütün paltarlarını eyni kirli suda yumağa məcburdurlar. Elə usaqlarını da  1-2 litrlik suda çöldə çimizdirirlər. Usaqlar daşlardan və torpaqdan özlərinə oyuncaq düzəldib oynayırlar.

Yardımların paylanmasında olan ciddi problemlər isə onların həyatını bir az da ağırlaşdırır. Ölkəyə bir çox beynəlxalq təşkilat və dövlətlərdən yardımlar göndərilsə də, bunların ehtiyacı olan insanlara çatdırılması ciddi problemlərlə müsayiət olunur. Bəzi iddialara görə, gələn yardımları müəyyən bir qrup koordinasiya edir və özlərindən başqa kiminsə bu işə qarışmasına imkan vermir.

 

Xəstəxanalar ağzına kimi dolub 

Xəstəxanalardakı vəziyyət də ürəkaçan deyil. Əksər tibb mərkəzlərində nə avadanlıq var, nə də ki kifayət qədər həkim və tibb işçisi. Xəstələrin sayı o qədər çoxdur ki, palatalarda yer tapa bilməyənlər dəhlizlərdə uzanıb həkimlərin gəlməsini gozləyirlər. Həkimin neçə saatdan sonra gələcəyi isə sual altındadır. Bir növ, xəstələr özlərini taleyin axarına buraxıblar. Onların bu şəraitsizliyə etiraz edəcək nə gücləri, nə də ki həvəsləri var. Bu həyat  onlar ücün artıq normal hal hesab edilir.

 

Somalililər çoxuşaqlılıq və çoxarvadlılıqdan imtina etməyə başlayıb

Somalili ailəsində çoxusaqlılığa meyil daha coxdur. 20 ildir davam edən daxili çəkişmələr əksər kişilərin dünyasini dəyişməsi ilə nəticələnib.100%-ə yaxını müsəlman əhalidən ibarət olan Somalidə kişilər 2-3-4 qadınla evlənə bilirlər. Təbii ki, hər qadına ayrı ev almaq şərtiylə. Vəziyyət belə olanda bir kişinin 15-20 uşağı dünyaya gəlir. Lakin iqtisadi çətinlik artıq çoxarvadlılığı da azaldıb. 

 

Okean da dolandırmır...

Okeanla 2 min 689  km  sərhədi olan Somalidə xalq o qədər də balıq yeyə bilmir. Bunun iki səbəbi var. Birincisi,  heyvan əti burada balıqdan ucuzdur. Keçi və qoyun ətinin 1 kq.-ı 1 dollar yarıma təklif  edilir. Balıq isə təxminən, 2 dollara başa gəlir. Üstəlik, balıqçılar balıq tutmaq üçün yaxşı texniki imkanlara malik deyillər. Köhnə qayıqlarla da okeanın dərinliklərinə qədər gedib çıxmaq mümkün olmur. Ekspertlər hesab edir ki, əgər yerli hökumət bu işi daha sistemli təşkil edə bilsə, okeandan tutulan balıqlar Avropa bazarına satıla bilər ki, bundan da ən azı, 1 milyard dollar gəlir əldə etmək olar. O da maraqlıdır ki, dənizlə 3 min kilometrə yaxın sərhədi olan bu ölkənin hərbi dəniz qüvvələri də yoxdur.

 

Təhlükəsizlik tədbirləri və silah səsləri... 

Şəhərdə terror təhlükəsi hər an hiss olunur. Çünki demək olar ki, hər bir ailədə avtomat silah var. “Kalaşnikov”lar mağazalarda 150-200 dollara təklif edilir. “Əş-Şabab” qruplaşmasına bağlı bəzi üzvlərin hələ də şəhərdə gizlənildiyi bildirilir. Üç ay əvvəl daxili işlər nazirinin öz qardaşı qızı tərəfindən öldürülməsi isə bu ölkədə təhlükəsizlik tədbirlərini bir daha aktuallaşdırıb. 

Somailyə gələn qonaqlar və hökumət rəsmiləri zirehli hərbi masınlarda  gəzirlər. Afrika Birliyinə məxsus 5 min hərbçi də müəyyən qədər Somalidə asayişin bərpa olunmasina öz töhfələrini verir. Lakin bütün bunlar yetərli deyil. Mərkəzi hökumətin zəifliyi, iqtisadi problemlər və quraqlıq işləri bir xeyli çətinləşdirir. Elə buna görə də hər gün, xüsusən, gecələr atışma və silah səsləri eşidilir. Axşam 5-dən sonra isə küçəyə çıxmaq ümumiyyətlə məsləhət deyil. Ağdərili  insanlarsa dini mənsubiyyətindən asılı olmayaraq, terror təşkilatının üzvləri tərəfindən kafir hesab edilir.

 

Ərdoğanın səfəri 

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Somaliyə səfəri dünya ictimaiyyətinin bu bölgəyə diqqətini daha da artırıb. İndi hava limanlarında yardım təyyarələrinin biri gedib, digəri gəlir. Lakin əsas məsələ bu yardımlar dayandıqdan sonra nələrin baş verəcəyidir. Elə buna görə də Şeyx Şərif Əhmədin  lideri olduğu  Somali xalqını gələcəkdə çətin bir imtahan gözləyir. Və bu işdə Somali dövlətinə dünya birliyinin də dəstəyi olduqca vacibdir. 

Türkiyənin Qızıl Ay Təşkilatı isə Somalinin paytaxtındakı zibilliyi təmizləmək ücün maraqlı bir kampaniyaya başlayıb. Bir maşın zibil gətirən hər kəsə 100 dollar pul veriləcək. Bununla da birinci növbədə illərdir süpürgə dəyməyən şəhərin mərkəzi kücələri təmizlənəcək, daha sonra isə binalar ağardılacaq.

 

Azərbaycana təşəkkur edirlər

Azərbaycan hökumətinin, iş adamlarının və vətəndaşların göndərdiyi yardımlar  barədə eşidən sadə Somali vətəndaşları sevinc hissini gizlətmir. Xalqın bir çoxunun təhsil səviyyəsi yüksək olmadığından, Azərbaycanın harada yerləşdiyini bilməyənlər də az deyil. Lakin son-radan Azərbaycanın da müsəlman bir ölkə olduğunu öyrənəndə, buna bir xeyli sevinirlər. Çünki Somali xalqı həyatın bütün çətinliyinə baxmayaraq, dini dəyərlərindən əl çəkməyib. Hətta aclıqdan əziyyət çəkən qaçqın düşərgəsində qalan yaşlı somalililər belə oruc tutur və dualarının qəbul olunmasını diləyirlər. 

 

Somali Baş nazirindən investorlara dəvət, lakin...

Somalinin Bas naziri  professor Əbdülvəli Məhəmməd Əli də ölkəsində olan azərbaycanlı və türkiyəli qonaqları qəbul  edib, yardımlara görə hər iki ölkəyə təşəkkürünü bildirdi. O, Somali xalqının bunu hec vaxt unutmayacağını xüsusi olaraq vurğuladı. Bura sərmayə yatırmağa gələn iş adamlarına dövlətin təminat verməsi barədə suala isə Baş nazir yalnız diplomatik şəkildə “Somaliyə gələnlər xoş gəlir” deməklə kifayətləndi. Hökumətin zəif vəziyyətdə olduğunu bəlkə də etiraf etmək istəmirdi. Və əlavə etdi ki, balıqçılıq və kənd təsərrüfatı sahəsində perspektivlər genişdir.

 

Kim güclüdürsə, onun sözü keçir

Somalidə qəbilələr çox güclüdür və dövlət federal sistemlə idarə edilir. Üç bölgədən ibarət olan olkədə iki yerdə muxtar idarəçilik mövcuddur. Ölkədə  son 20 ildə elə vaxtlar olub ki, nə hökumət olub, nə də ki prezident. 2007-ci ildən “Əş-Şabab” təşkilatı iqtisadi problemlərdən istifadə edib, xalqın bir qismini öz tərəfinə çəkərək təskilatlanmağa başladı. İndi həmin qruplaşmanın hökumətlə müharibə edə biləcək gücü və silahı var. Dövlət isə güclü ola bilmək ücün silahlanmaya ciddi şəkildə pul xərcləyir. Müstəqil ekspertlərin araşdırmasına gorə, Somali gəlirlərinin 85%-ni hərbi məqsədlərə yönəldir.

İldə 3-4 dəfə nazirlərin dəyişdiyi Somalidə yeni hökumət 1 aydır ki qurulub. Bir vaxtlar Afrikanin ən gözəl ölkəsi olan Somalinin bundan sonra özunə gəlib-gəlməyəcəyini isə zaman göstərəcək.

Bu arada BMT Bas katibi Pan Gi Mun problemin həlli ucun bəşəriyyətə müraciət edib. O, Somalidə durumun normallasması ücün 1,6 milyard dollara ehtiyac olduğunu bildirib.



MƏSLƏHƏT GÖR:

419