15 Mart 2025

Şənbə, 01:22

NÖVBƏ KİMİNDİR?

Müəmmar qəddafi rejimi NATO və Liviya müxalifətinin zərbələrinə tab gətirmədi

Müəllif:

01.09.2011

Liviya inqilabı sona çatmaq üzrədir. Belə görünür ki, NATO və Liviya müxalifətinin birgə həyata keçirdiyi və Müəmmar Qəddafi rejiminin devrilməsinə yönəlmiş əməliyyatı başa çatır. 40 il ərzində ölkəni idarə etmiş diktator devrilib. Bəs bundan sonra Liviyanı nə gözləyir? Fevral ayından etibarən vətəndaş müharibəsinin getdiyi bu ölkə demokratiya və sosial inkişaf yolunu seçəcək, yoxsa, qardaş qırğını bundan sonra da davam etdirəcək?

Özünü ölkənin yeni hakimiyyəti elan etmiş Milli Keçid Şurası (MKŞ) ətrafında birləşmiş liviyalı üsyançılar artıq keçmiş Cəmahiriyyənin ərazisini, demək olar ki, tamamilə nəzarətə götürüb. Rejimin taleyi Sebha və Sirt (Qəddafinin doğma şəhəri) uğrunda gedən döyüşlərlə həll olunacaq. Qiyamçıların rəhbərliyi artıq indidən bəyan edir ki, qəddafiçilərin müqaviməti yaxın günlərdə qırılacaq, keçmiş diktatorun özü isə həbs olunacaq. 

Ən son məlumatlara görə, Qəddafi, onun oğulları və hökumət üzvləri Əlcəzairdə sığınacaq ala bilərlər. Bildirilir ki, "Liviya inqilabının lideri" 6 zirehli "Mersedes"lə Əlcəzairə doğru yola düşüb. Hələlik, qiyamçılar onu yaxalaya bilməyiblər. İstənilən halda, Qəddafi üçün gizlənmək çox çətin olacaq.  MKŞ və onun arxasında dayanmış Qərb bəyan edir ki, Qəddafi həbs olunacaq. Bundan sonra isə onu ya Liviya məhkəməsi, ya da Haaqadakı Beynəlxalq Məhkəmə gözləyir. Bu isə o deməkdir ki, istər Əlcəzair, istərsə də Qəddafiyə sığınacaq vermiş hər hansı digər dövlət çox ciddi təzyiqlərlə üzləşəcək və gec-tez Liviyanın sabiq rəhbərini təhvil verməli olacaq. 

Hələliksə, Liviyanın yeni rəhbərliyi Qəddafinin dirisi və ya ölüsü haqda xəbər verən şəxsə 1 milyon 700 min dollar mükafat vəd edib. Bundan başqa, diktatorun axtarışına ABŞ təhlükəsizlik orqanlarının da qoşulduğu artıq açıq şəkildə etiraf edilir.

Bütün bunlar istər-istəməz Səddam Hüseynin yaxalanmasını yada salır. İraq diktatorunun devrilməsindən sonra ölkəni işğal etmiş koalisiyaya və ölkənin yeni rəhbərliyinə S. Hüseyni tapıb-yaxalamaq üçün hələ bir müddət vaxt lazım oldu. Düzdür, diktator sonda yaxalandı və edam da olundu, amma antisəddam koalisiyası bütün gücünü onunla haqq-hesab çürütməyə sərf etdiyi bir vaxtda, ölkənin özü tamamilə nəzarətdən çıxdı və indi də hamının-hamı ilə müharibə apardığı bir əraziyə çevrilib.

Bugünkü Liviyaya gəlincə, hələlik nə ölkə daxildində, nə də xaricində heç kəs əminliklə zəmanət verə bilməz ki, Qəddafinin devrilməsi ilə Liviya xalqının müsibətlərinə son qoyulacaq. Son aylar ölkə NATO bombardmanlarına məruz qalsa da, Qəddafi diktaturası ilə Benqazi müxalifəti arasında qardaş qırğını davam etsə də, bütün bunların nə ilə nəticələnəcəyini heç kəs bilmir. 

MKŞ Liviya paytaxtının ələ keçirilməsindən dərhal sonra, Tripolidə hakimiyyəti götür-düyünü elan etdi. Müvəqqəti Şuranın rəhbəri Mustafa Abdel Cəlil (yeri gəlmişkən, o, vaxtilə Qəddafi hökumətində ədliyyə naziri postunu tutub) hamını əmin edir ki, yaxın 8 ay ərzində ölkədə parlament və prezident seçkiləri keçiriləcək. 

Bu arada isə BMT Təhlükəsizlik Şurası Qəddafinin 1,5 milyard dollarlıq aktivlərinə qoyulmuş həbsi götürmək təşəbbüsünü bəyənib. ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nulandın sözlərinə görə, 500 milyon dollarlıq ilk tranş Liviya xalqının "təxirəsalınmaz humanitar tələbatları"nın ödənilməsinə yönələcək. 500 milyonluq ikinci tranş MKŞ-nin xarici borclarının ödənilməsinə sərf ediləcək. Nəhayət, üçüncü tranş yeni iqtidarın səhiyyə, təhsil və əhali üçün ərzaq proqramlarının reallaşdırılmasına xərclənəcək. 

Bəziləri inanır ki, tezliklə Liviyada vəziyyət sabitləşəcək və vətəndaş müharibəsinə son qoyulacaq. Baş verənlərin, hələ yalnız başlanğıc olduğu da istisna deyil.  Çoxları misal kimi İraq kampaniyasını xatırladır: bu ölkədə S.Hüseyn rejiminin devrilməsi, bu qədim insan məskəninin sonu görünməyən müharibə meydanına çevrilməsinə yol açdı.

Şübhəsiz, Liviyada baş verənlər də ərəb inqilablarının - sosial, siyasi və ideoloji islahatlar tələb edən bütün ərəb cəmiyyətinin güclü və eyni zamanda, sonu bəlli olmayan transformasiyasının tərkib hissəsidir. İnqilabın əsas təkanverici qüvvələri postinqilab dövründə birliklərini qoruyub-saxlaya biləcəklərmi? Bu gün həm Liviya, həm də "ərəb baharı"nın yaşandığı istənilən digər ölkəni ən çox maraqlandıran sual məhz budur. Aydındır ki, Liviyadakı bütün müxalifətçi qüvvələr qarşılarına bir məqsəd qoyublar - Qəddafi rejiminin devrilməsi. Köhnə rejimi devirdikdən sonra onlar öz birliklərini qorumağı bacaracaqlarmı? Onlar diktaturadan demokratiyaya qansız və müharibəsiz keçə biləcəklərmi? Nəhayət, qiyamçılar Qərbin dəstəyi ilə öz bayraqlarını Tripolidə yüksəldə bilərlər, amma görəsən, Liviya xalqının özü açıq cəmiyyət qurmağa hazırdırmı?

Göründüyü kimi, hələlik sualların sayı, cavablardan çoxdur.

Bu arada isə xarici qüvvələr Qəddafinin hələ də müqavimət göstərən ordusu ilə MKŞ dəstələri arasındakı döyüşlərin sonunu gözləmədən, artıq Liviyanın "neft piroqu"nu bölüşdürməyə başlayıblar. Götürək elə antiQəddafi koalisiyasının ən fəal üzvlərindən olan və Liviya neftinin ən əsas istehlakçısı sayılan İtaliyanı. Bu ölkənin xarici işlər naziri Franko Frattini açıq şəkildə bildirir ki, İtaliyanın EN? neft şirkəti Liviyanın enerji sahəsində aparıcı rola iddia edir. 

Öz növbəsində, qiyamçıların qurduğu hökumət bildirir ki, Qəddafi rejimi dövründə imzalanmış bütün beynəlxalq müqavilələri tanıyacaq. MKŞ-nin nəzarəti altına keçmiş Liviyanın Agoco şirkətinin rəhbəri Abdel Cəlil Mayuf vurğulayır: "Bizim Qərb ölkələrindən, məsələn, İtaliya, Fransa, Britaniyadan olan şirkətlərlə heç bir problemimiz yoxdur. Amma Rusiya, Çin və Braziliya ilə  siyasi problemlər yarana bilər".

Bununla da Liviyanın yeni iqtidarı açıq şəkildə vurğulayır ki, Qəddafi rejimi ilə sıx əməkdaşlıq etmiş ölkələrlə münasibətlərə yenidən baxacaq. Bu baxımdan, ən ciddi itkilərə Rusiya məruz qala bilər. Bu ölkənin aparıcı neft və hərbi-sənaye şirkətləri Liviyada indiyədək yüksək gəlirlə çalışıblar. Bu isə o deməkdir ki, Liviyada və ümumilikdə, ərəb dünyasında baş verən hadisələr ciddi geosiyasi sarsıntılarla nəticələnəcək. Bu baxımdan, ABŞ Prezidenti Barak Obamanın əsas xarici siyasi məsləhətçilərindən sayılan, Milli Təhlükəsizlik və Strateji Kommunikasiyalar Şurasının sədr müavini Ben Rodsun (onu həm də Ağ evin əsas xarici siyasi "spiçrayter"i adlandırırlar) bəyanatına diqqət yetirmək lazımdır. "Forin polisi" jurnalına müsahibəsində o bəyan edib ki, B.Obama administrasiyası Liviyada baş verən hadisələri analiz edərkən bir daha əmin olur ki, Vaşinqtonun xaricdə rejimlərin dəyişməsi probleminə yanaşması çox doğrudur. Rodsun bəyan etdiyi yanaşmanı "milli-azadlıq" hərəkatı kimi qiymətləndirmək olar. Bu o deməkdir ki, ABŞ-ın indiki siyasəti, Corc Buş dönəmindəki "işğalçı" yanaşmadan fərqlidir və indi bu proses xalqların "milli-azadlıq hərəkatı" kimi təqdim olunur. Obamanın məsləhətçisi əmindir ki, indiki administrasiyanın reallaşdırdığı bu variant ABŞ üçün az xərc tələb edən və daha çox effektli olan variantdır.

"Tripolidə döyüşənlərin liviyalılar olması faktı həm bu prosesi legitimləşdirir, həm də xarici dövlətin işğalçı qismində iştirakını lazımsız edir. Düzdür, qarşıda hələ çox problem var. Ən pozitiv aspekt ondadır ki, rejimin dəyişdirilməsini birbaşa liviyalıların özləri təmin edirlər", - deyə Rods qeyd edib. 

Bütün bunlardan Rods belə nəticə çıxarır: "Liviyaya hərbi müdaxilə strategiyası gələcəkdə də Obama üçün hər hansı birbaşa hərbi müdaxilədən daha məqsədəuyğun  plan  olacaq".

Bu etiraf həm də ABŞ-ın beynəlxalq arenadakı gələcək perspektivlərini analiz etmək üçün çox önəmlidir. Belə görünür ki, Birləşmiş Ştatların bütün səyləri özünün əsas geosiyasi rəqiblərini (müasir dildə desək, biznes rəqiblərini)  sıradan çıxarmağa yönələcək. Ehtimal etmək olar ki, yaxın vaxtlarda bu rəqiblərdən olan Rusiya ərəb dünyasındakı daha bir yaxın tərəfdaşını - Suriyanı da itirə bilər. Qərb strateqləri, o cümlədən, Ben Rods və ya prezidentliyə keçmiş namizəd Con Makkeyn, M. Qəddafinin devrilməsindlən sonra Suriya lideri Bəşir Əsədi də eyni aqibətin gözləməsini heç gizlətməyə lüzum da bilmirlər. Suriya isə həm də İranın ən yaxın müttəfiqi hesab edilir.

Odur ki, XXI əsrin dünyası yeni sınaqlar qarşısındadır. Bu sınaqlar isə ilk növbədə, amerikasayağı qloballaşmaya uyğun olaraq, "milli-azadlıq hərəkatı"nın baş qaldıracağı ölkələri əhatə edəcək.



MƏSLƏHƏT GÖR:

444