Müəllif: Anar ƏZİZOV Bakı
Sosial siyasətdə daha həssas məqamlardan biri də vətəndaşların pensiya təminatı məsələsidir. Bu mənada Azərbaycan istisna deyil. Əhalinin sosial müdafiəsi sahəsində məqsədyönlü tədbirlər 2006-2013-cü illərdə respublikada əmək pensiyalarının orta aylıq məbləğinin 5,7 dəfə yüksəldilməsinə imkan verib. 2008-2009-cu illərin dünya böhranı pensiya təminatı sahəsində tendensiyaların müəyyən dəyişikliklərini nümayiş etdirdi. Bu dəyişikliklər, ilk növbədə, pensiyaya çıxma müddətinin artırılmasına aid edilirdi. Belə ki, böhran şərtlərində vətəndaşlara pensiyaların ödənilməsi xərcləri ayrı-ayrı ölkələr üçün son dərəcə ağır idi.
Bununla yanaşı, Azərbaycanın pensiya təminatı sistemini daim dəyişən müasir tələblərə uyğunlaşdırmaq zərurəti bu sahədə islahatların davam etdirilməsini tələb edir. Bu isə pensiya sisteminin dayanıqlığının yüksəldilməsinə şərait yaradacaq. İslahatların istiqamətlərinin müəyyən edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev "2014-2020-ci illərdə Azərbaycanda pensiya təminatı sisteminin islahatı konsepsiyası"nı təsdiqləyib.
Beynəlxalq təcrübədə pensiyaların maliyyələşdirilməsi həmrəylik, yığım, habelə bu modellərin birləşməsindən ibarət pensiya sistemləri əsasında həyata keçirilir. Həmrəylik sistemi hazırda işləyənlərin əsas etibarilə ödədikləri sosial sığorta haqqı hesabına yaşlı nəslin pensiyalarının maliyyələşdirilməsini nəzərdə tutur. Bu prosesi hazırda Azərbaycanda müşahidə edə bilərik.
Bundan başqa, bir çox ölkələrdə məcburi sosial sığorta sistemi ilə yanaşı, əlavə komponent qismində könüllü pensiya sığortası da inkişaf etdirilir. Bu pillə əlavə pensiya qazanmağa imkan verən pensiya sisteminin daha yüksək inkişafını tələb edir.
Qlobal maliyyə böhranı şəraitində maliyyə vəsaitlərinin dəyərsizləşməsi ilə bağlı üzləşilən ciddi problemlər bir tərəfdən həmrəylik modellərinin gücləndirilməsi, digər tərəfdən isə yığım pensiya təminatı sxemlərində vətəndaşların iştirakının məcburi qaydadan daha çox könüllülük əsasında həyata keçirilməsinə üstünlük verilməsi meyillərini gücləndirib. Bu sahədə sonuncu dünya tendensiyaları yığım vəsaitlərinin maliyyə dayanıqlığı üçün islahatlar hesabına dövlət pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsi, habelə hər bir iştirakçının ödədiyi sosial sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olması, yəni aktual ədalətliliyin gözlənilməsinə yönəldilib.
Azərbaycanın pensiya təminatı sistemində hazırda bir sıra problemlər qalır. Onların həllinə pensiya sistemində islahatlar konsepsiyasında nəzərdə tutulmuş tədbirlər yönəldilib.
Əsas problemlərdən biri pensiya təminatı sistemində hazırkı maliyyə şərtləri daxilində uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığının olmamasıdır. Hazırda pensiya məbləğlərinin bir hissəsini Azərbaycanda sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci il 1 yanvar tarixindən əvvəlki dövr üzrə formalaşmış məbləğlər təşkil edir. Nəticədə, pensiya təminatı sistemində təmin olunmamış maliyyə öhdəlikləri formalaşıb. Bu da maliyyə yükünün artımına səbəb olub ki, nəticədə, dayanıqlığın təmin edilməsi üçün cüzi də olsa dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) transfertlərin artımını şərtləndirən amilə çevrilib.
Xüsusən, DSMF-in büdcəsinin gəlirləri 2006-2014-cü illərdə 5 dəfə artıb - 2 mlrd. 928,5 mln. manat təşkil edib. Dövlət büdcəsindən DSMF-ə ayırmaların məbləği 6,8 dəfə artmaqla, 1 mlrd. 142 mln. manat, cəmi xərclərdə xüsusi çəkisi isə 2014-cü ildə fondun xərclərinin 39%-ni qarşılayıb. 2006-cı ildə isə bu göstərici 28,3% olub.
DSMF-in hesablamalarına görə, daha bir köhnəlmiş məqamlardan biri əmək pensiyasının baza hissəsi prinsipinin tətbiqidir. Hazırkı sistemdə işçinin gələcək pensiyasının formalaşmasına ödənilən sığorta haqqının ancaq yarısı gedir, digər yarı hissəsi isə pensiyanın baza hissəsinin maliyyələşdirilməsinə yönəldilir. Nəticədə, uzun müddət və yüksək məbləğdə sosial sığorta haqqı ödəyən işçilər tərəfindən daha az müddətdə və aşağı məbləğdə sosial sığorta haqqı ödəyən işçilərin gələcək pensiyalarının dolayı subsidiyalaşdırılmasına şərait yaranır. Bu isə nəticədə yüksək əməkhaqqından sosial sığorta haqlarının ödənilməsinə marağı azaldır.
Bundan başqa, DSMF yenidən sosial sığorta haqqı strukturunun təkmilləşdirilməsinin zəruriliyi məsələsini qaldırır. Bu gün fəaliyyət göstərən sistemə görə fonda 25% ümumi haqqın ödənilməsi zamanı onun 22%-i işəgötürən və ancaq 3%-i işçi tərəfindən ödənilir. Belə olduqda isə işəgötürənə sosial sığorta haqqını az ödəmək üçün əməkhaqqı fondunu aşağı salmaq sərfəli olur. Ona görə də ortamüddətli perspektivdə, çox güman ki, məcburi dövlət sosial sığorta haqqı miqdarı saxlanılmaqla strukturun nəzərdən keçirilməsi haqda qərar qəbul ediləcək. Nəticədə, sığorta haqqı normativinin müəyyən hissəsinin işəgötürənin üzərindən tədricən işçinin üzərinə keçirilməsi baş verəcək. Eyni zamanda əməkhaqqı nə qədər yüksək olarsa, sığorta haqqı ödənişi də işçinin maaşından yüksək tutulacaq. Bununla da, işgötürənin işçinin maaşını artırmaq marağı təmin edilmiş olacaq. Belə ki, müəssisələrin DSMF-ə sosial sığorta haqlarının ödənilməsi xərclərin lüzumsuz artımına gətirib çıxarmayacaq.
DSMF-in hesablamalarına görə, bu gün Azərbaycanda pensiya təminatı sisteminin ödəmə qabiliyyətinə mənfi təsir göstərən bir sıra amillər mövcuddur. İlk növbədə, pensiya təminatı sisteminin iştirakçılarının, yəni sığortaolunanların və pensiyaçıların sayı arasındakı nisbətin mövcud səviyyəsi qənaətbəxş deyil.
Hazırda pensiyaçıların sayı 1,28 mln. nəfər, sığortaolunanların sayı isə 2,7 mln. nəfərdir. Nəticədə, bir pensiyaçıya, təxminən, 2,1 nəfər sığortaolunan düşür. Eyni zamanda 2,7 mln. sığortaolunanların yarısı (təxminən, 1,4 mln. nəfəri) muzdla işləyənlərdir və onlar üzrə məcburi dövlət sosial sığorta haqqı əməkhaqqı fondunun 25 faizi həcmində ödənilir. Digərləri fərdi əsasda işləyirlər və daha aşağı sosial sığorta normativi ilə (minimum aylıq əməkhaqqının 2-50 faizi məbləğində) sığorta haqqı ödəyənlərdir. Nəticədə, həmrəylik prinsipinə əsaslanan pensiya təminatı sistemi üçün bu şərtlər böyük çətinliklər törədir.
"2014-2020-ci illərin konsepsiyası"nı hazırlayanların fikrincə, sənəd pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığının təmin olunmasına imkan yaradacaq. İslahatların istiqamətlərindən biri əməkhaqqı yüksək olan şəxslərin ödədiyi sığorta haqqının əməkhaqqı aşağı olan şəxslərin pensiyalarına yönəldilməsi praktikasının dəyişdirilməsi olacaq. Əmək fəaliyyəti dövründə yüksək məbləğdə sığorta haqqı ödəmiş işçilər adekvat əvəzetmə əmsalına malik olacaq və pensiyanın yüksək məbləğinə arxalanacaqlar.
Bundan başqa, əmək pensiyasının baza hissəsinin restrukturizasiyası da ehtimal edilir. Nəticədə, işləyənlərin fərdi hesablarında nəzərə alınan vəsait ödənilən sığorta haqqının bu gün olduğu kimi yarısını deyil, tam məbləğdə nəzərə alınmasını təmin edəcək. Həmçinin pensiyanın minimum məbləğinin göstəricisinin əmək stajına nisbəti ilə də nəzərə alınacaq. Təyin olunan pensiyanın məbləği minimum pensiya məbləğindən yuxarı olduğu hallarda sığorta stajına tələb qoyulmayacaq. Fərdi hesab məlumatlarına əsasən təyin olunan pensiyaların məbləği minimum pensiya məbləğindən aşağı olduqda isə pensiya üçün sığorta stajı tələbi qoyulacaq. Pensiyaların indeksləşdirilməsi və artımı ümumilikdə, baza hissəsi və yığım hissəsi ayrılmadan aparılacaq.
Artıq yuxarıda qeyd edildiyi kimi, sosial sığorta haqqı nəzərdən keçiriləcək, sığorta haqqı ödəyənlərin sayının pensiyaçıların sayına nisbətinin optimallaşdırılması hesabına pensiya sisteminin ödəmə potensialı gücləndiriləcək. İslahatların əsas məqamlarından biri əmək pensiyalarının könüllü yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya institutlarının inkişafıdır.
Ancaq məcburi dövlət sosial sığorta sisteminin tətbiqi ilə pensiyaların yüksək həcminə nail olmaq son dərəcə çətindir. Dövlət sığortası ilə könüllü sığortanın da tətbiqi pensiyaların həcminin artması üçün şərait yaradır. Öz növbəsində könüllü sosial sığorta qeyri-dövlət pensiya fondlarının yaradılması zərurətini diktə edir ki, bu da artıq ölkədə yüksək inkişaflı maliyyə bazarının olmasını tələb edir. Qeyri-dövlət pensiya fondlarının yaradılması ilə əlaqədar Azərbaycanda birinci il deyil ki, danışıqlar aparılır. Dünya böhranı və bir sıra ölkələrin, habelə Azərbaycanla qonşu olanların mənfi təcrübəsi göstərib ki, vəsaitlərin yerləşdirilməsi üzrə qeyri-dövlət pensiya fondlarının fəaliyyəti vətəndaşların yığımlarının mühafizəsinə maksimum zəmanət verməlidir.
Qeyd etmək lazımdır ki, bütün bu islahatların təmin edilməsi üçün qanunvericilik təşəbbüslərinin əsas hazırlıq fazası 2014-2015-ci illərdə hazır olmalıdır.
Düzdür, Azərbaycanda qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin tənzimlənməsinə dair normativ baza daha gec müddətdə 2015-2017-ci illərdə hazır olacaq. Daha sonra isə Azərbaycan vətəndaşları məcburi sosial sığorta haqları hesabına formalaşmış yığımların bir hissəsinin necə idarə edilməsinə özləri qərar verəcək.
Ümumilikdə, konsepsiyada dünyada mövcud olan pensiya təminatı sistemində ən müasir tendensiyalar əks olunub. Lakin bu məqsədlərə nail olmaq üçün digər dövlət orqanları ilə koordinasiya və daha miqyaslı vəzifələrin yerinə yetirilməsi tələb olunur. Onların arasında əməkhaqlarının leqallaşdırılmasını vurğulamaq olar. Bu gün Vergilər Nazirliyi, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək müqavilələrinin leqallaşdırılması üzrə işlər həyata keçirir. Amma bu, hələ işin yarısıdır. Çünki əmək müqavilələrində işçilərin real maaşları göstərilməlidir.
Belə olan halda isə vəsaitlərin böyük axınının DSMF sisteminə daxil olması təmin ediləcək və pensiya sisteminin maliyyə sabitliyini yüksəltmək mümkün olacaq.
Bundan başqa, maliyyə bazarının inkişafı və vətəndaşların yığıma yönələn pensiya vəsaitlərinin bir hissəsinin yerləşdirilməsi üçün şərtlər yaradılmalıdır. Maliyyə bazarının inkişafı olmadan, özəl pensiya fondlarının fəaliyyəti kəskin şəkildə məhdudlaşdırılacaq və onlara müştəriləri üçün vəsait qazanması çətin olacaq. Ona görə də Azərbaycanın pensiya sistemində islahatların aparılması ölkənin maliyyə bazarının inkişafı üçün atılan addımlardan biridir.
MƏSLƏHƏT GÖR: