
DOĞRU ADDIM
"R+" jurnalının suallarını amerikalı siyasi analitik Piter TEYS cavablandırır
Müəllif: Çingiz MƏMMƏDOV Bakı
- Siz Azərbaycana aid prosesləri diqqətlə izləyirsiniz. Bu yaxınlarda Ermənistan Silahlı Qüvvələrinə məxsus vertolyotun məhv edilməsilə bağlı nə düşünürsünüz?
- 2014-cü il noyabrın 12-də baş vermiş insident 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqda razılaşmanın əldə olunmasından sonra ilk belə hadisədir. Ermənistana məxsus "Mi-24" vertolyotu lazımi səviyyədə silahlanmış halda Azərbaycanın hava sərhədlərini pozub. Azərbaycan Silahlı Qüvvələrinin onu məhv etməsi doğru addım idi. Ermənistan Silahlı Qüvvələri üçün beynəlxalq hüququn, tərəflər arasında imzalanmış razılaşmaları pozmaq, qanunsuz şəkildə Azərbaycan ərazisinə soxulmaq ənənəvi haldır. Əslində, üçüncü minillikdə ərazi münaqişələrinin həllilə bağlı orta əsrlərə xas düşüncə tərzinə malik hakimiyyətlərlə işləmək çətindir. Xatırlayırsınızsa, Avropa Şurasının sabiq baş katibi Valter Şvimmer Ermənistan prezidentini qoşunları Azərbaycan ərazisindən çıxarmağa çağırdıqda cavab belə olmuşdu: "Müharibədə qalib gəlmişəmsə, bu ərazidən niyə çıxmalıyam?"
Danışıqlar apardığın şəxs cənab Sarqsyan kimi insandırsa, uzun illərdir davam edən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyişə nail olmaq çətindir. Halbuki bu problem bütünlükdə Cənubi Qafqazın inkişafına mane olur. Bundan başqa, Ermənistan iqtisadiyyatı İrəvanın sülhsevər və çiçəklənən qonşusuna qarşı davakar davranışı üzündən getdikcə daha pis vəziyyətə düşür. Noyabrın 13-də, yəni erməni vertolyotunun vurulmasından 1 gün sonra Ermənistan prezidenti Ermənistan və "DQR" ordusunun "Birlik-2014" adlı birgə hərbi təlimlərinə tamaşa edib.
Digər ciddi səhvə ATƏT-in Minsk Qrupunun həmsədrləri yol veriblər: onlar ermənilərin Dağlıq Qarabağda keçirdikləri hərbi təlimləri bu dəfə də pisləyə bilmədilər. Onlar göyərtəsində 3 hərbçinin olduğu erməni vertolyotunun Azərbaycanın hava məkanına daxil olmasını da pisləmədilər.
- Birləşmiş Ştatlar vertolyotla bağlı insidentdən əndişəsini dilə gətirib. Dövlət Departamentinin mətbuat katibi Cennifer Psaki bildirib ki, baş verənlər gərginliyin aradan qaldırılmasının, regionda atəşkəs haqda razılaşmaya əməl olunmasının vacibliyini xatırladan "daha bir amil oldu". Bir sıra digər dövlətlər və təşkilatlar da oxşar bəyanatlarla çıxış ediblər. Lakin heç kəs hər iki tərəfdən itkilərə səbəb olan problemin kökündən - Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsindən danışmayıb. Azərbaycanın ərazi bütövlüyü məsələsinə yanaşmada bu cür ikili standartlardan çıxış edilməsi nə ilə izah oluna bilər?
- Şübhəsiz ki, beynəlxalq birlik tərəfindən Dağlıq Qarabağda illərdir davam edən münaqişəyə münasibətdə ikili standartlar müşahidə olunur. Halbuki bu münaqişə üzündən təkcə 1988-1994-cü illərdə 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
ABŞ Dövlət Departamentinin bəyanatı səthidir və ikili məna verir. ABŞ hökuməti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etmək üçün prezidentə xüsusi nümayəndə təyin etməlidir. Dövlət Departamenti Sudan və Cənubi Sudanla bağlı aparılan altıtərəfli danışıqlarda belə elçiyə malikdir. Dövlət Departamentinin Holokost məsələsində də xüsusi elçisi var. Dağlıq Qarabağla bağlı bitmək bilməyən münaqişə, güman ki, Avrasiyanın kəsişməsində yerləşən ən vacib məsələdir. Dövlət Departamenti və Pentaqon ona daha çox diqqət ayırmalıdır. 2014-cü il oktyabrın sonlarında Fransada aparılan növbəti sülh danışıqlarının pozulmasını müşahidə etmək son dərəcə təəssüfləndiricidir. Ermənistan liderləri Dağlıq Qarabağ probleminin uzanması, onun sülh yolu ilə həllinə maneə yaradılması üçün əllərindən gələni edirlər.
- ABŞ, Rusiya və Fransanın timsalında ATƏT-in Minsk Qrupunun həmsədrləri, həmçinin Aİ ölkələrinin liderləri Qarabağda status-kvonun davam etməsinin yolverilməzliyini dəfələrlə bəyan ediblər. Bu ölkələrin problemin həlli istiqamətində konkret addımlar atmaları, münaqişənin həllinə yardım etmələri üçün daha nələr baş verməlidir?
- Avropa İttifaqı və Avropa Komissiyası Ermənistanla Azərbaycan arasındakı son gərginliyə daha ciddi yanaşmalıdırlar. ATƏT-in Minsk Qrupunun missiyasını baş tutmamış hesab etmək olar. Son onillikdə biz görünməmiş durğunluğa şahidlik etmişik. Nəticədə, danışıqlar prosesilə yeni beynəlxalq qurumun məşğul olması zərurəti yaranıb. Bu, BMT Təhlükəsizlik Şurası tərəfindən yaradılacaq xüsusi komissiya ola bilər. ATƏT-in Minsk Qrupu yaradıldığı 1992-ci ildən Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə ciddi təsir göstərməyib və hazırda bu proses dalana dirənib.
Bundan başqa, biz çoxqütblü dünyada yaşayırıq. Fransa, ABŞ və Rusiyadan başqa, problemin sülh yolu ilə həllinə cəlb edilməli olan başqa dövlətlər də var. BMT, ABŞ və NATO münaqişənin hər iki tərəfindən regiona öz hərbi müşahidəçilərini göndərərlərsə, bu, sülh nizamlanmasına fayda verər. Bu halda müşahidəçilər belə insidentlərin baş verməsində əsas təxribatçının hansı tərəf olduğunu aydın şəkildə görə bilərlər. Üstəlik, ötən illərlə müqayisədə bu il belə insidentlər daha da artıb.
Azərbaycan Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyünü qorumaq üçün bundan sonra da sayıqlıq nümayiş etdirməlidir. Beynəlxalq birlik, o cümlədən NATO-nun Avropa komandanlığı və yeni formalaşan Avrasiya İttifaqı İrəvana təzyiq göstərməlidir. Onlar Ermənistan liderlərini inandırmalıdırlar ki, regionda öz yerlərini tapmaları üçün yeganə yol Azərbaycan ərazilərini son santimetrinədək işğaldan azad etmələridir.
Tamamilə aydındır ki, Ermənistan 25 ildir Azərbaycanın ərazilərində diversiyalar törətməklə minlərlə dinc sakini öldürür, bununla da, Azərbaycanın işlərinə qarışmağa çalışır.
Bütün deyilənləri ümumiləşdirərək bir daha deyirəm ki, Ermənistan hökumətinin liderləri və prezident Sarqsyan diqqəti həm öz xalqlarının, həm də ümumilikdə Qafqaz regionunun işıqlı gələcəyinə yönəltməlidirlər. Erməni liderləri sülh arzulamırlarsa, Dağlıq Qarabağda sülh gözləmək çətindir. Azərbaycan xalqı isə əminəm ki, daim bu sülhün xəyalı ilə yaşayır. Hətta Azərbaycan ərazilərinin 20%-nin artıq 25 ildir işğal altında saxlanılmasına baxmayaraq, respublikanın vətəndaşları milli iqtisadiyyatın uğurlu inkişafının, Qərbi Avropaya məxsus öncül həyat standartlarının mənimsənilməsinin bəhrəsini görür.
MƏSLƏHƏT GÖR: