14 Mart 2025

Cümə, 21:45

«MİNİMUM GÜCLƏ MAKSİMUM SƏMƏRƏ»

Fransa dzüdosunun metri Kristian Tabo «Region plus»a yapon ustadlarının sirlərindən danışıb

Müəllif:

15.08.2011

Kristian Tabo - fransız dzüdo ustasıdır. Altı dan sahibidir. 81 yaşı olmasına rəğmən heyrətamiz güc və çeviklik göstərir,  üz-gözündən həyat sevgisi yağır. Cənab Tabo Fransa və Avropa tarixinin bir çox kəskin hadisələrinin - İkinci Dünya müharibəsinin, Müqavimət Hərəkatının, De Qollun Beşinci Respublikasının yaradılmasının, yeni minilliyin bütün təlatümlərinin şahidi olub. Buna baxmayaraq həyatının missiyasına çevrilmiş dzüdoya sevgisini də qoruyub saxlayıb. 

«Çeviklik yolu» adlandırılan bu yapon əlbəyaxa döyüş növü Kristian Tabo tərəfindən hələ uzaq gəncliyində seçilib. O, seçdiyi yolla bu gün də getməkdə davam edir, sadəcə, indi məşhur dzüdo ustadı bu işlə sağlam həyat tərzinin təbliğatçısı və peşəkarı kimi məşğul olur. 

Biz onunla Paris dodzunda söhbət edirik; Mesye Tabo orada mütəmadi olaraq öz yetirmələri ilə təlim keçir - adətən, bunlar müxtəlif yaş qrupuna aid insanlar olur, onların bu qədim və müdrik təkbətək döyüş ənənəsinin vurğununa çevrilməsində nüfuzlu müəllimlərinin də rolu böyükdür. 

- Mesye Tabo, dzüdo Azərbaycanda da çox populyardır, ölkədə bu yarış növünü sevirlər, bizim dzüdoçuların nüfuzlu beynəlxalq yarışlarda uğur qazanmaları da bunu göstərir.  Buna görə də fransız dzüdosunun çox görkəmli bir nümayəndəsi kimi, sizi yaxından tanımaq jurnalımızın oxucuları üçün maraqlı olardı...

- Təşəkkür edirəm. Azərbaycan dzüdoçularının uğurları mənə bəllidir. Və əlbəttə, mən çox şadam ki,  bütün dünyada, o cümlədən, Azərbaycanda da dzüdo belə populyardır. 

- Dzüdoda yolunuzun necə başlanması barədə danışın. Niyə həyatınızı əlbəyaxa döyüşün məhz bu növünə həsr etməyə qərar verdiniz?

- Dzüdoya gələndə 19 yaşım var idi. Bu, 1949-cu ildə baş vermişdi. Müharibədən sonrakı illərdə həm Fransada, həm də bütün Avropada yapon təkbətək döyüş növlərinə, hər şeydən öncə də dzüdoya böyük maraq yaranmışdı. Fransada müxtəlif dzüdo klubları fəaliyyət göstərməyə başladı, özü də bu hərəkatın kökündə yapon ustaları dururdu - o cümlədən, böyük Mikonosuke Kavaşi. O, Fransada dzüdonun banisi sayılır və buna layiqdir.  Mən də dzüdo ilə maraqlanmağa başladım. Düzü, əvvəlcə çox klubları sınadım, nəhayət, Parisin 11-ci dairəsində yerləşən «Titon» klubuna gəlib çıxdım. Bu, dzüdo ilə məşğul olmaq üçün ən yaxşı klub sorağında baş vurduğum dördüncü klub idi. Məhz «Titon»da qalmağa qərar verdim. İndiki kimi yadımdadır: 49-cu ilin mart ayı idi, klub yarıya qədər dolmuşdu, hamı tər içində idi, həm də yorğun idilər, üzlərində məşqdən sonra ifadə oluna bilməyən sevinc bəxş edən bir razılıq var idi.  Bilirsiniz, məşq etdiyi yer şagirdin həyatında böyük önəm kəsb edir. Axı klub qadın kimidir, ya xoş gəlir, ya da yox. «Titon» gözəl klub idi, orada məşğul olanlar özlərini birlikdə hiss edirdilər...

Mən peşəcə mexanik olmuşam. Amma 1955-ci ildə, dzüdoya başlamağımdan altı il keçəndən sonra anladım ki, bu sənət mənə mexanikadan daha xoş gəlir. Mənim dzüdonu həyat yolu kimi seçməyimdə valideynlərimin mənəvi dəstəyi də rol oynayıb. Onlar bar işlədirdilər. Özümü tamamilə dzüdoya həsr etmək qərarımı eşidəndə, məni dəstəklədilər. Buna görə onlara bu gün də minnətdaram. 

- Dzüdoda nə kimi uğurlar qazanmısınız?

- Hələ 1953-cü ilin martında qara kəmər qazanmışdım. Bir il sonra ikinci dan əldə etdim, 1956-cı ildə isə üçüncü dana sahib oldum. Dzüdo ilə peşəkar şəkildə məşğul olmaq qərarını  üçüncü dana sahib olduqdan sonra verdim. Beş il sonra artıq dördüncü dan qazandım. 1971 və 1981-ci illərdə isə uyğun olaraq, beşinci və altıncı danları əldə etdim. Sonra məni yeddinci dana da təqdim elədilər;  bunu almaq üçün hətta nümunəvi çıxışlarda da iştirak etməli idim. Amma bundan imtina etdim. Çünki Fransa Dzüdo Federasiyası tərəfindən dan verilməsi qaydasına qarşı idim. Bu, uzun söhbətdir, amma sizə bildirməliyəm ki, bu danlar məndən ötrü elə də böyük önəm daşımasa da, dzüdoda əsas məsələdir. 

- Amma hər halda razılaşın ki, sizin 6 danınız çox şeydən xəbər verir. Dzüdoda pedaqoji fəaliyyətiniz nə vaxtdan başlayıb?

- Bununla 1952-ci ildən məşğulam, yəni artıq yarım əsrdir. Özü də dzüdo müəllimliyinə ilk dəfə «Eyr Frans» klubunda, Burje hava limanı ərazisindən başlamışam - onda qara kəmər sahibi deyildim, qəhvəyi kəmərim vardı. Məsələ bundadır ki, Fransada dzüdo yeni başlayanda ölkədə çox az sayda qara kəmər sahibi var idi. «Eyr Frans»dan sonra mən, demək olar ki, üç il «Volter» klubunda məşqçi işləmişəm. 1955-ci ilin oktyabr ayından Parisdə məşqçilik edirəm. 

- Dzüdo şəxsən sizə nə öyrədib? Əgər insan dzüdonu həyat tərzi kimi seçərsə, onda adi həyatda bu təkbaşına döyüş növünün hansı keyfiyyətini əsas  götürməlidir?

- Bilirsiniz, gəncliyimdə yetərincə aqressiv, ipə-sapa yatmayan idim. Məhz dzüdonun hesabına  özümənəzarəti öyrəndim. Həmin vaxtdan bəri kimsə mənə sataşırsa, bunu yetərincə sakitliklə qarşılayıram. Şəksiz ki, dzüdo insanın xarakterini, gücünü və iradəsini möhkəmləndirir. Amma etiraf etməliyəm ki,  yarış dzüdosuna çox tənqidi yanaşıram. Sanıram ki, o, müəyyən mənada dzüdonun gerçək anlamını əks etdirmir, axı təməl ideyasına görə dzüdo yalnız ruhu və bədəni möhkəmləndirməyə xidmət etməlidir. Təəssüf ki, bu gün çox vaxt dzüdoçu artıq 30 yaşında əlilə çevrilir. Amma dzüdo ilə bütün həyatınboyu məşğul olmalısan ki, mənasını anlayasan. Yaponiyada məhz bu cür yanaşma əsasdır, orada, hətta 80 yaşlarında belə dzüdo ilə məşğul olurlar. 

- Yeri gəlmişkən, yapon ustadları barədə. Doğrudurmu, onlar öz döyüş sənətləri, o cümlədən, dzüdo barədə dərin sirləri gizlədirlər?

- Əlbəttə, yaponlar dzüdonun sirlərini sona qədər açmırlar. Amma dzüdonun yaradıcısı kimi onlardan çox şey öyrənmək mümkündür. Mənim müəllimim böyük dzüdo ustadı Xaku Mişiqami olub, o, Fransada dzüdonun yayılmasında böyük zəhmət çəkib. 1953-cü ildən 2007-ci ilə kimi o, Parisdə yalnız qara kəmər sahibləri üçün həftədə bir dəfə dərs verirdi. Bunlar heyrətamiz məşğələlər idi. Yapon ustadlar döyüş sənətinin bir çox sirlərini gizli saxlasalar da, onları təkmilləşdirmək üçün lazım olan hər şeyi təqdim edirlər. Və ən nəhayət, nəzərə almaq lazımdır ki, müəllim nə qədər yaxşı və istedadlı olsa da, şagirdinin yerinə döyüşmür, bunun üçün öyrənən özü çalışmalıdır. Müəllim sənin əlinə şam və ip verir, amma bilik quyusuna sən özün düşməlisən. 

- İstənilən halda, dzüdoda kamilliyə yetmək mümkündürmü?

- Kamilliyə yaxınlaşmaq olar, amma ona çatmaq mümkün deyil. Həyatda qalan hər şeydə də belədir. Unutmaq lazım deyil ki, sən hətta çox güclü olsan belə, gücə qarşı daha böyük güc tapılacaq. Dzüdoda çox önəmli bir prinsipi unutmamaq lazımdır: ən az qüvvə ilə ən çox səmərə. Uğura gedən yol bundadır. Sən fiziki baxımdan nə qədər zəifsənsə, düşmənin qüvvəsini dəf etmək üçün daha böyük texnikaya malik olmalısan. Başqa sözlə, əgər sənin gücün yetərincə deyilsə,  bunu texniki ustalıqla kompensasiya etməlisən. Ola bilər ki, dzüdo sənətinə yiyələnmək istəyən adamlar bunu nəzərə alaraq, bu yolda böyük zirvələrə yüksələ bilərlər.



MƏSLƏHƏT GÖR:

581