
HƏYAT BÖYÜK BİR SƏHNƏDİR
Ramiz Əzizbəyli xoşbəxtlik axtarışını «Bəxt üzüyü-2» filmində davam etdirmək istəyir
Müəllif: Turan ŞAKİR Bakı
İyulda onun 63 yaşı tamam oldu. Ramiz Əzizbəyli - aktyor, rejissor, Azərbaycanın xalq artisti. Deyir ki, keçirdiyi xəstəliyə baxmayaraq, özünü həyatının ən çiçəklənən dövründə hiss edir. Planları çoxdur - çatdıra bilmədiklərini çatdırmaq istəyir xalq artisti. Onunla söhbətimiz doğulduğu aya təsadüf etmişdi.
- Doğum gününüz mübarək, Ramiz müəllim. Ömrünün 64-cü yayına qədəm qoymuş Ramiz Əzizbəylinin əhval-ruhiyyəsi necədir?
- Özümü çox yaxşı hiss edirəm. Düzdür, bir neçə il bundan qabaq ağır yataq xəstəsi idim. Həkimlərin sayəsində əməliyyatla yenidən ayağa qalxdım. Dövlət də məni diqqətdən kənarda saxlamadı, daim nəzarətdə oldum. İndi çox yaxşıyam. Yaşayıb-yaratmaqla məşğulam.
- Elə isə son vaxtlar yaradıcılığınızda nə kimi yeniliklər var?
- Təbii ki, xəstə olanda fəaliyyətsiz qaldım, yəni yaradıcılığımda bir boşluq yarandı. Amma özümü sağlam hiss etdiyim bir müddətdən Azərbaycan kinosunda ssenari müəllifi və quruluşçu rejissoru Oqtay Mirqasımov olan “Qisas almadan ölmə” filminə dəvət aldım. Bu filmdə baş rolu yəni - Salman rolunu canlandırdım. Bu film bu ilin əvvəlində çəkilib başa çatdı. Onun ardınca uzun illərdən bəri yazıb-yığdığım bədii yazılarımı bir yerə toplayıb aprel ayında “Cızma-qaralarım” adlı kitab nəşr etdirdim. Kitabda mənim şeir, qəzəl, hekayə və esselərim yer alıb. Onu da qeyd edim ki, həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Daha sonra Azərbaycan Dövlət Televiziyasında dramaturq Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə rejissor Ramiz Həsənoğlunun quruluşunda “Mürafiə vəkillərinin hekayəti” adlı televiziya tamaşasında baş rola dəvət aldım. O tamaşa da çəkilib başa çatdırıldı. Bunlar mənim aktyor işim idi. Rejissor kimi isə iki ildir, həyata keçirmək istədiyim bir arzum var. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin Kino İdarəsindən mənə məlumat veriblər ki, bu il təhvil verdiyim ssenari əsasında istehsalata buraxılacam. Bunlardan əlavə onu da qeyd edim ki, Mədəniyyət və İncəsənət Universitetinin estrada sənəti kafedrasının professoruyam. Bu ildən isə məni estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri vəzifəsinə təyin etdilər.
- Bu qədər iş sizi yormur ki?
- Mən 1957-ci ildən Azərbaycan Dövlət Televiziyasının uşaq redaksiyasında fəaliyyətə başlamışam. Həmin dövrdə orta məktəbdə oxumaqla yanaşı, dövlət televiziyası və radiosunda fəaliyyət göstərir, eyni zamanda, dövlət kinostudiyasının dublyaj şöbəsində uşaq rollarını səsləndirirdim. Bütün bunlarla bərabər, idmanla məşğul olur, idman yarışlarında iştirak edirdim. Həmin dövrdən özümü zəhmətə alışdırmışam. Yaradıcılığımda, sözün əsl mənasında, canlanma prosesi gedirdi. Yorulmaq yox, əksinə, enerji xərclədikcə enerji yığdığımı hiss edirdim. Demək istəyirəm ki, bu məndə artıq vərdiş halına çevrilib. Mənim haqqında hələ, təxminən, iyirimi beş il bundan qabaq böyük şəxslər, dəyərli aktyorlar deyirdilər ki, Ramiz Əzizbəyli öz yaşıdlarının arasında yox, özündən böyüklərində arasında ən məhsuldar yaradıcılığa malik olan aktyordur. Bu da mənə müəyyən mənada yaşamağa, yaratmağa stimul verirdi. Ola bilər, bir qədər yaşa dolmuşam - artıq 63 yaşım tamam olub. Bu yaş bəlkə də kimin üçünsə qocalığın, yaşlılığın başlanğıcı hesab olunur. Buna baxmayaraq, özümü yaşlı hiss etmirəm. Ürəyim başdan-başa həvəslə, yaradıcılıq eşqi ilə, maraqla, insanlara sevgi, məhəbbət və hörmətlə döyünür.
- Onda bəlkə “Bəxt üzüyü-2” filmini çəkməyə başlayasınız?
- Bildiyiniz kimi, bu film 1992-ci ildə çəkilib. Film ekranlara çıxandan sonra, Azərbaycan kino müsabiqəsində “Qızıl çıraq” mükafatına layiq görüldü və nominasiya etibarilə geniş tamaşaçı rəğbətinə görə, ən yaxşı rejissor işinə aid edildi. Bu film əgər 20 ilə yaxındır ki, ekranlardan düşmürsə, demək, həqiqətən sevilir. Filmin sonunu isə hamı yaxşı bilir. Personajların filmin sonunda dağılıb-getmələri tamaşaçını həqiqətən narahat edirdi. Bayaq adını çəkdiyim müsabiqədən sonra da müraciət və məsləhətlər oldu ki, film qəhrəmanlarının sonrakı taleyi yenidən canlandırılsın. Bunları düşündüm, ssenari də hazırladım. Amma təəssüflər olsun, həmin illərdə respublikada baş verən hadisələr filmi maliyyə baxımından təmin etməyə imkan vermədi. Təbii ki, belə bir şəraitdə dövlətdən vəsait istəmək olmazdı; eyni zamanda, bu filmi çəkən “Kara kaya” studiyasından da ikinci dəfə pul istəməyə utandım. Hazırda isə planımda var, amma hələ qərar verməmişəm. O ki qaldı ssenariyə, personajların bəzilərinin qocalması bir neçəsinin dünyasını dəyişməsi kimi dəyişikliklər nəzərdə tutulur.
- “Bəxt üzüyü” demişkən, Ramiz Əzizbəyli xoşbəxtdirmi?
- Xoşbəxtlik nisbi məfhumdur. İnsan daim xoşbəxt ola bilməz. Çünki həyat qəlizliklərdən, çətinliklərdən ibarətdir. Heç kim deyə bilməz ki, tam xoşbəxtdir. Yeganə nadir adamlar var ki, dünyada deyə bilərlər ki, yüz faiz xoşbəxtəm. Bunlardan biri Ramiz Əzizbəylidir. Həmişə demişəm, yenə də deyirəm: ona görə xoşbəxtəm ki, insanları sevirəm. Şükür edirəm, bu keyfiyyəti Allah mənə verib. Elə buna görə də xoşbəxtəm.
- Ramiz müəllim, rejissor kimi həyatınızda elə insanlar varmı ki, siz fikirləşirsiniz, onlar həyatda rollarını düz oynamırlar?
- Ad çəkə bilmərəm, amma var. İnsanların əksəriyyəti rollarını düz oynaya bilmədikləri üçün də konkret xoşbəxt və bəxtəvər nəticəyə gələ bilmir. Düzgün yaşamayanda insan taleyini qura bilmir. İnsan gərək payına düşənlə razılaşa bilsin. Bu, insanı xoşbəxt, bəxtəvər edir. Yunan filosofu Seneka deyir ki, taleyi ilə razılaşanı bəxti özü istiqamətləndirir. Taleyi ilə razılaşmayanları da aparır, amma sürükləyərək.
- “Yalan” filmindəki yalanları həyatda bağışlayardınızmı?
- Əslində, bu film insanların bir-birlərinə başdan-ayağa yalan satmalarından ibarətdir. Ata doğma balasının şəhidliyini anasından belə gizlədir. Onun arxasında yeganə bağışlanılası bir səbəb var. Peyğəmbərimiz də deyib ki, üç vəziyyətdə yalan danışmaq olar. Bunlardan biri də qadın qəlbini qırmamaq, ana ürəyini sındırmamaq üçün deyilən yalandır. Yerdə qalanlar isə başdan-ayağa yalandır. Yalan isə göz görə-görə satqınlıq deməkdir. Çünki yalanın sonunda qarşı tərəfin sonrakı həyatı durur. Bir yalanla bir neçə insanın həyatını məhv etmək olar.
MƏSLƏHƏT GÖR: