14 Mart 2025

Cümə, 21:46

VİVAT, MUSİQİ!

Qəbələ beynəlxalq mədəniyyət mərkəzinə çevrilir

Müəllif:

15.08.2011

Azərbaycanın gözəl guşələrindən olan Qəbələdə Heydər Əliyev Fondunun dəstəyi ilə III beynəlxalq musiqi festivalı keçirilib. Musiqi bayramının təntənəli açılışı Qafqaz "Resort" mehmanxanasının parkında olub. Açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təbrik məktubu oxunub.

Ənənəvi Qəbələ musiqi festivalı bu il pianoçuların beynəlxalq müsabiqəsi ilə başlayıb. Festival çərçivəsində iyulun 15-dən 22-dək davam edən müsabiqədə ABŞ, Koreya Respublikası, Rusiya, Çin, Türkiyə, Gürcüstan, Yaponiya, Meksika, Ukrayna və Azərbaycandan yaşı 35-dək olan istedadlı ifaçılar iştirak edib. 

Daha sonra Qəbələ festivalına start verilib. İyulun 23-dən avqustun 5-dək Rusiya, Böyük Britaniya, İsrail, Norveç, Hollandiya, İtaliya, Azərbaycan və digər ölkələrdən olan tanınmış musiqiçilər və kollektivlər tamaşaçılar qarşısında çıxış ediblər. Yuri Başmetin "Yeni Rusiya" simfonik orkestri ilə parlaq çıxışı, həmçinin, Boris Berezovski, Denis Matsuyev, Sergey Krılov, Anna Samuil, Sergey Leyferkus, Oksana Yablonski, Massimilliano Pisapia və digər ifaçıların çıxışları tamaşaçların yaddaşında uzun müddət qalacaq.

Bu bayramın keçirilməsi ideyası hələ 2 il əvvəl dünyaca məşhur pianoçu musiqiçi Oksana Yablonskayanın, həmçinin, onun özü qədər məşhur olan oğlu, violonçel ustası və dirijor Dmitri Yablonskinin Bakıda konsert proqramı ilə çıxış etdikləri zaman yaranmışdı. Heydər Əliyev Fondunun dəstəyi ilə bu ideyanı gerçəkləşdirmək mümkün oldu.

Mehriban Əliyeva tədbirə ünvanladığı təbrik məktubunda bildirib ki, bu gün Azərbaycan Avropa ilə Şərq arasında mədəniyyətlərarası körpü rolunu oynayır. Məktubda qeyd olunub ki, bu gün Qəbələ  festivalının səhnəsində həm Avropa klassik musiqisi, həm də ənənəvi Azərbaycan musiqisi və onun incisi olan - 2003-cü ildən YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına salınmış muğamın səsləniməsi təsadüfi deyil.

Artıq ənənə halını almış bu festival qısa vaxtda əsas məqsədinə nail olub: Qəbələ adlı-sanlı musiqiçilərin Azərbaycan tamaşaçısı ilə görüş yerinə çevrilib. Bu dəfə onun iştirakçıları arasında müxtəlif ölkələri təmsil edən məşhur ifaçı və kollektivlər də olub.

Festival məşhur norveçli bəstəkar Edvard Qriqin mahnıları ilə açılıb. Norveçli pianoçu Eynar Stin Noklerberq və ingilis skripkaçı, "Şubert" ansamblının yaradıcısı Saymon Blendis skripka və fortepiano üçün sonata, həmçinin, tanınmış bəstəkarın digər məşhur əsərlərini ifa ediblər.

Konsertin ilk hissəsində Tbilisi Dövlət Konservatoriyasının rektoru, Gürcüstan Musiqi Müsabiqələri Fondunun direktoru, pianoçu Manana Doicaşvili Saymon Blendis və İngiltərə Milli Operası və London simfoniyetinin solisti Timoti Gillin müşayiəti ilə Frants Şubertin əsərini ifa edib.

Konsertin ikinci hissəsində Azərbaycan musiqiçiləri ustalıqlarını nümayiş etdiriblər: violonçel ustası Aleksey Miltıx, vokalçı Səbinə Əsədova, Azərabycanın əməkdar artistləri, prezident təqaüdçiləri Əvəz Abdullayev, Gülnaz İsmayılova, həmçinin, Yusif Eyvazov. Elə həmin gün açıq səma altında qurulmuş səhnədə Yuri Başmetin rəhbərliyi ilə "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin də çıxışı olub. Orkestrə maestro Rauf Abdullayev dirijorluq edib. Solo-ifaçılar isə məşhur Sergey Leyferkus (bariton), Almaniya Dövlət Operasının solisti Anna Samuil (soprano), məşhur italiyalı tenor Massimilliano Pisapia, rusiyalı skripkaçı Alyona Bayeva idilər.

Festival çərçivəsində Rusiyanın məşhur "Terem-kvartet"i də çıxış edib. Festival iştirakçılarının Şəki və Ağdaşda da konsertləri təşkil edilib.

Qəbələdə isə elə həmin gün "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin növbəti konserti olub. Bəstəkar Soltan Hacıbəyovun "Karvan" əsəri, həmçinin, Azər Rzayev və Pyotr Çaykovskinin əsərləri də ifa olunub. Orkestrə xalq artisti Rauf Abdullayev dirijorluq edib. Solo-çıxışdan sonra orkestr israilli beynəlxalq ustaların müəllimi Keşet Eylonun skripkada ifasını müşayiət edib. Bundan başqa, Buenos-Ayres beynəlxalq skripkaçılar müsabiqəsinin rəhbəri Şlamo Mintsin (İsrail, skripka), S.Rahmaninov adına beynəlxalq skripkaçılar müsabiqəsinin və bir sıra beynəlaxlq festivalların bədii rəhbəri Denis Masuyevin (Rusiya, fortopiano) ifaları da orkestr tərəfindən müşayiət edilib.

Qəbələ səhnəsində təşkil olunmuş festivalın bitməsinə bir gün qalmış Rusiya, Norveç və Gürcüstan musiqiçiləri birgə konsert proqramı ilə çıxış edib. Festivalda bəstəkar İ.Sibeliusun "Finlandiya" simfonik poeması, C.Rossininin "Seviliya bərbəri" operasından uvertüra və Fiqaro kavatinası, V.A.Mosartın "Don Juan" operasından Don Juanın ariyası, C.Verdinin "Don Karlos" operasından Rodriqonun ariyası, həmçinin, digər əsərlər ifa olunub. Orkestrə Norveçdən olan Tyerye Mikkelsen dirijorluq edib. Qeyd edək ki, Qəbələ festivalından reportaj dünyanın aparıcı telekanallarından olan "Euronews" vasitəsilə nümayiş etdirilib.


MƏSLƏHƏT GÖR:

473