14 Mart 2025

Cümə, 10:51

YENİ REKORDA DOĞRU

Azərbaycan Londona rekord sayda vəsiqə qazana bilər

Müəllif:

01.08.2011

Hər bir idmançının arzusu Olimpiada ilə bağlıdır. Dünya və Avropa çempionatlarındakı qələbəyə baxmayaraq, istənilən idmançı dördilliyin ən böyük yarışında təmsil olunmaq istəyir. Azərbaycan idmanında da Yay Olimpiya Oyunlarının xüsusi yeri var. Dörd ildən bir keçirilən mötəbər yarış bütün azərbaycanlıları ekran qarşısına toplayaraq, onları bütün qayğı və problemlərdən azad edir. Olimpiadaya güclülərin güclüsü, yaxşıların yaxşısı yollanır. Ona görə də hər mövsümdə idmançılarımız daha çox lisenziya qazanmağa çalışırlar.

Cari mövsüm Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq baxımından çox vacibdir. Əksər idman növlərində lisenziya uğrunda mübarizəyə start verilib. Ölkəmiz son 2 ay ərzində Londona 4 lisenziya qazanmaqla Olimpiya yığmasının müəyyənləşməsinə başlayıb. İlk lisenziyalarımızı yüngül atletika, boks və taekvondoda qazandıq.  

Hələlik lisenziyaların sayına görə taekvondoçularımız irəlidədir. Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq) Bakıda keçirilən Olimpiya təsnifat turnirində karyeralarının ən böyük yarışında iştirak etməyə vəsiqə qazanıb. İndi taekvondoçularımız yanvarda Kazanda baş tutacaq təsnifat turnirində daha 2 lisenziya qazana bilər. Qaydalara əsasən, hər bir ölkəyə taekvondo üzrə yalnız 4 lisenziya (2 qadın və 2 kişi idmançı) ayrılır. Bundan artıq lisenziya qazanmaq mümkün deyil. Ona görə taekvondoçularımızdan daha 2 lisenziya gözləmək mümkündür.   

 Londona ilk lisenziyamız yüngül atletikadan gəldi. Belarusun paytaxtı Minskdə keçirilən atletika üzrə beynəlxalq turnirdə Dmitri Marşin məqsədinə çatdı. Çəkicatma yarışlarında 74,04 nəticə göstərən idmançımız 3-cü yerə layiq görüldü. Nəticədə, Olimpiya normativini yerinə yetirən Maşin 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına ölkəmiz üçün ilk lisenziyanı qazandı. Bu, son deyil. Yüngül atletikanın digər növlərində də ən azı, 2 lisenziyaya ümid etmək mümkündür. Dünya çempionatında atletlərimizin bizi sevindirəcəyinə inanmaq olar.

4-cü lisenziyamız bir qədər gözlənilməz oldu. Boks üzrə yığmamızın üzvü Soltan Migitinov ukraynalı rəqibi Sergey Derevyançenkonun Olimpiadadan imtina etməsi səbəbindən Londona vəsiqə aldı. Peşəkar boks klubunda fərdi nəticələrə görə ən yaxşı olan Migitinov final mərhələsində Derevyançenkoya uduzsa belə, zəhməti hədər getmədi. Ukrayna Boks Federasiyası Sergey Derevyançenko şəxsi məşqçi ilə yola getmədiyindən, idmançının Londona getməyəcəyini bəyan etdi. Belədə qaydalara əsasən, lisenziya finalda məğlub olan Migitinova verildi. Bu hələ başlanğıcdı. Sentyabrda Bakıda lisenziya xarakterli dünya çempionatı keçiriləcək. Həmin yarışda boks üzrə yığmamızın qarşısına böyük məqsəd qoyulub. Federasiya millidən maksimum - yəni bütün çəkilərdə (10 lisenziya) lisenziya qazanmağı tələb edir. Migitinov 75 kq.-da lisenziya əldə edib. Deməli, Bakıdakı dünya çempionatında daha 9 lisenziya gözləmək olar. Hazırda yığmanın potensialını nəzərə alsaq, Londonda bütün heyətlə təmsil olunmaq real görünür.

Boksçularımızla yanaşı, cüdo üzrə yığmamız Londona daha çox lisenziya qazana bilər. Olimpiya çempionu Elnur Məmmədli (81 kq), dünya və Avropa çempionatlarının mükafatçısı Elxan Məmmədov (90 kq) hazırkı reytinq xalı ilə London Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edə bilərlər, əgər Olimpiya ilində reytinq cədvəlində aşağı düşməsələr. Daha 3 cüdoçumuz - İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq) və Kifayət Qasımovanın (57 kq) qazandığı xallar da hazırda onlara Olimpiadada iştiraka imkan verir. Əgər Ramilə Yusubova (63 kq) ilə Elmar Qasımov (100 kq) uğurlarını bundan sonra da davam etdirsələr, yekunda lisenziyaların sayı 7-ə yüksələcək. Bu isə cüdomuzda rekord deməkdir. Qeyd edək ki, müstəqil ölkə kimi iştirak etdiyimiz oyunlarda bu növdə ən yaxşı göstəricimiz Pekin Olimpiadasına aiddir. Çin paytaxtında Ağayar Axundzadənin komandası 6 idmançı ilə təmsil olunub.

 Həmişə olduğu kimi, Londonda güləşçilərimizin sayı da çox olmalıdır. Son illər Dünya və Avropa çempionatlarında əldə olunan uğurlar bu barədə müsbət proqnoz verməyə şərait yaradır. Sərbəst, yunan-Roma güləşində olduğu kimi, xanım güləşçilərimiz də maksimum nəticəyə köklənibl?r. Həm sərbəst, həm də yunan-Roma güləşində bütün çəkilərdə lisenziya gözləmək realdır. Xanım güləşçilərimiz 3-4 lisenziya ilə bizi sevindirəcək. Belədə, pəhləvanlarımız Olimpiya yığmamızda ən böyük heyətlə təmsil olunacaq.

Komanda idman növlərində lisenziya qazanmaq həmişə çətin olur. Ona görə burada yalnız voleybol və otüstü hokkey komandamıza ümid etmək olar. İndiyə qədər bu komandalar Olimpiadaya vəsiqə ala bilməyib. Cari mövsüm şanslarımız yaxşı qiymətləndirilsə də, əminliklə 100%-li proqnoz vermək düzgün deyil. Daha çox voleybolçularımız hədəfə yaxındır. Qarşıda onları Avropa və Dünya çempionatları gözləyir. Mötəbər yarışlarda yüksək səviyyədə çıxış etməklə Londona bilet sifariş etmək olar. Əgər xanım voleybolçularımız Dünya Çempionatında mükafatçılar sırasına düşə bilsələr, onda arzumuz reallaşacaq.

 Gimnastlarımız yenə də maksimum lisenziyaya ümid edə bilərlər. Bu növdə hər ölkə yalnız 2 lisenziya qazana bilər. Azərbaycan idmançılarının potensialı bu məqsədə çatmağa imkan verir. 2 fərdi lisenziyadan başqa qrup hərəkətləri üzrə yığmamız da Londona yollanmağa namizəddir. Məhz buna görə də gimnastlarımızın Olimpiadada tam heyətlə təmsil olunacağını əminliklə söyləmək mümkündür.

Ağır atletika yığmamız lisenziyaların sayını Dünya Çempionatında müəyyənləşdirəcək. Burada komandalara mundialda yekunda tutduğu yerə müvafiq lisenziya ayrılır. Son illər bu növdə durğunluq olsa da, Olimpiada ərəfəsində lisenziya qazanacağımıza əminik. Ağır atletikada ən yaxşı halda 5 lisenziyaya ümid etmək olar. 

 Əlbəttə, Londona yollanacaq Olimpiya yığmamızda atçılıq, üzgüçülük, stend atıcılığı, güllə atıcılığı, qılıncoynatma və digər idman növləri də təmsil olunacaq. Biz sadəcə ənənəvi idman növlərində əldə olunacaq mümkün lisenziyalar haqda danışdıq. Ən əsası, Olimpiya yığmamızda daha çox lisenziyanın olmasıdır. Bütün idman qurumlarının səmərəli fəaliyyətini nəzərə alsaq, Londona ən böyük heyətlə yollanmağımız mümkündür. Azərbaycan idmanı tarixində ən çox lisenziyamız elə növbəti Olimpiadaya olacaq. Azərbaycanın yeni rekorda imza atmasına cəmi 1 il qalır...



MƏSLƏHƏT GÖR:

554