14 Mart 2025

Cümə, 10:48

"QARABAĞ" YENƏ AT OYNADIR

Buna baxmayaraq, Azərbaycan klublarının avrokubok macəraları erkən bitdi

Müəllif:

01.08.2011

Ölkəmizdə futbol mövsümü başa çatandan sonra hamının diqqəti Avropaya yönəldi. Hər il olduğu kimi, yenə Azərbaycan çempionu Çempionlar Liqasında, digər üç xoşbəxt klub isə Avropa Liqasında bəxtini sınadı. Düzdür, artıq püşkatmadan sonra komandalarımızın çox uzağa gedə bilməyəcəyi aydın idi. Yenə də son bir il ərzində klublarımızın gücləndiyini düşünərək onlara ümid etdik. Zaman göstərdi ki, əksər klublarımız yalnız ölkə daxilində futbol oynaya bilir - yalnız bəzi istisnalarla. Bu mənada son iki ildə olduğu kimi, "Qarabağ"a alqış düşür. Qurban Qurbanovun komandası yenə Azərbaycanı layiqincə təmsil etdi.

Avrokuboklarda ilk mübarizəyə başlayan AZAL oldu. Azərbaycan premyer-liqasında 4-cü yeri tutan Nazim Süleymanovun komandası Avropa Liqasının ilk seçmə mərhələsində Belarusun "Minsk" klubu ilə üz-üzə gəldi. Həm büdcə, həm də heyət baxımından AZAL daha şanslı görünürdü. Üstəlik, rəqibin avrokuboklarda ilk dəfə çıxış etməsi komandamıza daha çox inanmağa kömək edirdi. Proqnozlarımız yenə doğrulmadı. AZAL doğma meydanda 1:1 oynamaqla səfərə özünə sərf etməyən nəticə ilə yollandı. Yekunda Belarusda qapısından 2 top buraxan Nazim Süleymanovun yetirmələri, yalnız bir dəfə rəqibi məyus etməklə, avrokuboklarla erkən vidalaşdı. Məğlubiyyəti həzm edə bilməyən baş məşqçi Nazim Süleymanov isə oyundan dərhal sonra istefa verdi. 

Sözsüz ki, əgər komanda məğlub olursa, ilk olaraq baş məşqçi məsuliyyət daşıyır. AZAL-ın uğursuzluğunda isə klub rəhbərliyinin rolu az olmadı. Mövsüm başa çatandan sonra səviyyəli futbolçu transfer etmək, klub üçün xaricdə təlim-məşq toplanışı keçməyə şərait yaratmaq lazım idi. "Minsk", sözün əsl mənasında, keçiləsi rəqib idi. Püşk baxımından komandanın bəxti gətirsə də, futbolçular aldıqları pulun qarşılığını vermədi. Ayda 500-600 dollar məvacib alan Belarus komandasının oyunçuları AZAL-ı məğlub etməklə hər şeyin pulla həll olunmadığını sübut etdi. 

AZAL-ın ardınca azarkeşləri "Neftçi" üzdü. Çempionlar Liqasında Xorvatiyanın "Dinamo" klubuna rəqib olan flaqmanın güclü komanda ilə oynadığı hamıya məlumdur. Bununla belə heyətində Emil Mpenza, Rodriginyo, Alessandro kimi bahalı futbolçuların oynadığı Azərbaycan çempionu, adına layiq oyun göstərməyə borclu idi. Təəssüf ki, səfərdə 0:3 hesabı ilə uduzan komandamız Bakıda qolsuz bərabərliyə razılaşmaqla Çempionlar Liqasından kənarda qaldı. Cavab matçında meydanda heç nə ilə yadda qalmayan "Neftçi"nin azarkeşlər qarşısında necə bəraət alacağı məlum deyil. 

Komandanın məğlubiyyətində həm məşqçilər korpusu, həm də futbolçular günahkardır. Gözləntilər onsuz da böyük deyildi. Heç olmasa, layiqli oyun göstərmək olardı ki, stadiona gələnlər komandadan üz döndərməsinlər. Arif Əsədovun yetirmələri isə Avropada futbol oynamağa hazır olmadıqlarını nümayiş etdirdilər. 

"Neftçi"nin əzəli rəqibi "Xəzər-Lənkəran"ın da bəxti püşk sarıdan gətirmədi. Kor püşk cənublulara İsrailin "Makkabi Təl-Əviv" komandasını rəqib etdi. Ölkə kubokunun qalibi vacib oyuna bir həftə qalmış, 4 əsas oyunçusu ilə vidalaşdı və bununla bağışlanılmaz səhvə yol verdi. Daha bir səhv bütün transferlərin matç ərəfəsində həyata keçirilməsi oldu. Avropada çıxış edəcək komanda heyətini əvvəlcədən formalaşdırmalı və oyuna hazır olmalıdır. Matç ərəfəsində alınan futbolçuların komandaya öyrəşməkdə çətinlik çəkməsi heç kimə sirr deyil. Ona görə də yeni transferlərin avrokuboklarda heç bir faydası olmur. İsraildə 1:3 hesablı məğlubiyyətə üzülən cənublular səfərdə qol vurduğu üçün cavab matçına ümid var idi. Lənkəranda 15 min azarkeşin izlədiyi görüş səhv etdiyimizi göstərdi. "Xəzər-Lənkəran" Avropa Liqasında mübarizəyə hazır deyilmiş. Lənkəranda cənublular nə qol vurdu, nə qol buraxdılar. Bu nəticə  İsrail komandasını ikinci seçmə mərhələyə daşıdı. "Xəzər-Lənkəran" isə avrokuboklarda uğursuzluğa düçar oldu. Məğlubiyyətdən əsəbiləşən rəhbərlik əcnəbi oyunçuları komandadan kənarlaşdırmağı qərara aldı.

Son iki ildə olduğu kimi, üzümüzü yenə "Qarabağ" güldürdü. Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi əvvəlki illərdə avrokuboklarda yaxşı nəticə göstərdiyindən, yüksələn reytinqinə uyğun (yüksək reytinqli komandalar ilk mərhələlərdə zəiflərlə düşür) zəif rəqiblərlə üzləşdi. Bununla belə, "Qarabağ" adına layiq oyunla bütün Azərbaycanı ayağa qaldırdı. Ölkə çempionatının bürünc medalçısı ilk mərhələdə Litvanın "Banqa" klubuna dərs keçdi. Səfərdə 4:0 hesablı qələbə qazanan "Qarabağ" Bakıda litvalılara 3 qol vurdu. Ümumilikdə, 7:0 hesablı qələbə ilə ağdamlılar Farer adalarının "Streymur" klubuna rəqib oldu. Komandamız səfərdə 1:1 hesablı heç-heçədən sonra, Bakıda sönük futbol nümayiş etdirdi. Elə buna görə də cavab matçında qapılara qol vurulmadı. Səfərdə vurulan qol isə "Qarabağ"ı üçüncü seçmə mərhələyə çıxardı. Bu mərhələdə isə ağdamlılar Belçikanın "Brügge" klubu ilə qarşılaşdı. Səfər ərəfəsində ağdamlılar şok xəbərlə sarsıldılar. Komandanın kapitanı Rəşad Sadiqovun qardaşı Səbuhi Sadıqovun vaxtsız vəfatı bütün futbolçulara pis təsir etdi. Qardaşını son mənzilə yola salmaq üçün kapitan səfər oyununa yollanmadı. 

"Brügge" ilə səfər oyunu, gözlənildiyi kimi, çətin alındı. Səviyyə baxımından "Qarabağ"dan güclü olan belçikalılar duelin taleyini, demək olar ki, ilk oyunda həll etdilər. "Brügge" 4:1 hesablı qələbə ilə pley-off mərhələsinə lap yaxınlaşdı. Odur ki, komandamızın pley-offa çıxacağı elə bu oyundan sonra inandırıcı görünmürdü. 

Bununla belə, unutmayaq ki, "Qarabağ" Azərbaycanın digər komandalarına oxşamır. Bu, ölkədə ən az legioneri olan klubdur. Yığmanın 8 futbolçusunun şərəfini qoruduğu "Qarabağ" son illər stabil heyəti qorumaqla peşəkarlıq nümunəsi göstərdi. Hər transfer vaxtı 10-15 futbolçu dəyişən klublardan fərqli olaraq, yerli gənclərə üstünlük verən "Qarabağ" tezliklə zəhmətinin bəhrəsini gördü. Milliyə Əfran İsmayılov, Maksim Medvedev, Rauf Əliyev, Vüqar Nadirovu bəxş edən "Qarabağ", avrokuboklarda da əsl komanda kimi mübarizə apararaq qələbələri sıraladı. Qurban Qurbanov yayda yalnız 1:2 oyunçu almaqla artıq formalaşan heyətə əl gəzdirir. Stabil heyət qorunur və avrokuboklarda əsl döyüşkən komanda oynayır. "Qarabağ"ın uğuru həm də azərbaycanlı futbolçuların futbol oynamaq bacarığını göstərdi. Fikir verin, avrokuboklarda uğursuzluğa düçar olan klubların hamısının heyəti əsasən legionerlərdən ibarətdir. "Qarabağ"da isə cəmi 5 əcnəbi futbolçu var. Sözsüz ki, futbolçularımız "Qarabağ" adının bizim üçün nə dərəcədə önəmli olduğunu başa düşür və hər oyuna yalnız qələbə üçün çıxır.



MƏSLƏHƏT GÖR:

477