13 Mart 2025

Cümə axşamı, 23:35

DÜNYANIN SONU YALNIZ BAKIDAKI "AVROVİZİYA"dan SONRA OLACAQ

Eldar qasımov: "insanlar artıq mənfiliklərdən, çirkabdan, ağrıdan yorulublar; bizsə hisslər, gerçək sevgi haqqında işıqlı, gözəl mahnı oxuduq"

Müəllif:

01.08.2011

Eldar Qasımovu, sözün həqiqi mənasında, keçənilki ayın ən populyar adamı adlandırmaq olar. Adama elə gəlir ki, musiqidə əldə etdiyi uğurlarına görə o, "İlin adamı" adına layiq olanlardan biridir. Hər halda, Azərbaycan heç də hər gün xalq tərəfindən seçilmiş  qaliblə dünyanın məşhur səhnəsinə çıxmır və heç də hər gün belə bir qələbə bütün Avropanı bizə qonaq gətirmir. "Region plus"un müxbiri bu yaxınlarda Avropa ölkələrinin birində gitaraçıların küçə konsertinin iştirakçısı olub. 

Çılğın çıxışlardan sonra iştirakçılardan biri müxbirimizə yaxınlaşıb və haradan olduğunu soruşub. "Azərbaycandan" dedikdən sonra elə bir gur reaksiya baş verib ki, əməkdaşımız, hətta qorxub da. Gitaraçı öz yoldaşlarını çağırıb və onların hamısı Azərbaycan haqqında çox sayda suallar verməyə başlayıblar və buna paralel olaraq, "Running and Scared" mahnısını  ifa etməyə başlayıblar. Sonra qələbəyə görə təbrik ediblər və maraqlanıblar ki, ifaçı ilə şəxsən tanışdırmı? Elə o zaman əməkdaşımızın qaliblərlə tanış olmaq istəyi yaranıb, ancaq bu ideyanı gerçəkləşdirmək yalnız indi mümkün olub. 

Gənc, perspektivli, istedadlı Eldar Qasımov "Region plus"un  qonağıdır. İnstitutda oxuyan zaman ona tez-tez "Region plus"dan siyasi məqalələr oxumağı tapşırırmışlar və Eldar deyir ki, indi bu nəşrin Nigar və Camalın uğurundan yazması çox xoşdur.  

- Eldar, son iki ayda neçə yüz müsahibə vermisən?

- Dəqiq bilmirəm, amma müsahibələrim çox olub. Düzü, bu, həmişə xoşdur. Jurnalistlər həmişə eyni sual verəndə bir az çətin olur, çünki bir suala dörd dəfə eyni cavabı verəndə, ilk dəfə nümayiş etdirdiyin emosiyalardan məhrum olursan. Düzdür, Azərbaycanda belə problem müşahidə edilmir, çünki bizim qələbədən iki ay keçsə də, hələ də maraqlanıram ki, bu dəfə məndən yeni nə soruşacaqlar. 

- Səninlə Nigara verilən ən çaşdırıcı sual nə olub?

- Ən xoşagəlməz suallar siyasətlə, pulla və sairlə bağlı idi. Yaradıcılığımla bağlı olmayan işlər barədə mətbuata danışmaq istəmirəm. Məndən ötrü əsas məsələ yaradıcılığımla bağlı  məsələlərdir. Mən artistəm. Əsas məsələ mənim incəsənətimdir, qalan hər şey isə prodüser komandasına aid işlərdir. "Avroviziya" barədə danışmağı isə sevirəm. 

- Onda danış görək, sizin  dünya üzrə bayramınız neçə gün, neçə gecə çəkdi? 

- Biz indiyə kimi bayram edirik və bu, gələn ilin may ayına qədər də davam edəcək (gülür). Düzünü desək, biz dəlicəsinə sevinirdik. Həyəcandan heç kim yata bilmirdi. Bu, ürəkdən və cilovlanmayan bir sevinc idi. Mənim səhnəyə necə çıxdığımı, mahnını yenidən necə oxumağımı indi xatırlamaq çətindir. Videoyazıya baxıram və kulisdə necə dayandığımı, dizüstə necə düşdüyümü, bayraqla qaçdığımı, nəsə qışqırdığımı, bu büllur mikrofonu əlimdə saxladığımı və buraxmaq istəmədiyimi xatırlamıram. Bütün  bunları videoyazıdan öyrənmişəm. Sonra mətbuat konfransı oldu - hər şey gözəl yuxu kimi idi. Bir gün sonra isə biz Vətənə qayıtdıq və təyyarədə yalnız bizim komanda var idi, biz sadəcə heyran idik. Sonra Bakıda, daha sonra ailəmizlə bayram etdik. Və bizim ölkənin tarixində ən gözəl müsabiqə olan "Avroviziya" keçirilənə qədər bir il beləcə davam edəcək. 

- O, ən yaxşı olacaq?

- Düşünürəm, hə, çünki bizim ölkənin iddiaları imkanlarına uyğun gəlir. 

- Qələbədən sonra xalqın bayram etməsi barədə çarxlara baxanda nə düşünürdün?

- Bu videoları dərhal mobil telefonuma göndərirdilər, yəni demək olar ki, birbaşa efirdə baxırdım. Əlbəttə, biz gözləyirdik ki, hamı buna sevinəcək, deyəcəklər ki, halal olsun, amma belə çılğın reaksiyanı görəndə lap heyran qaldıq. 

Biz bu yazılara başqa ölkələrdən olan iştirakçılarla baxmışıq və çox xoşbəxt idim ki, işimizi belə qiymətləndiriblər. Hə, digər müsabiqə iştirakçılarının üzündəki heyrəti və yüngül həsəd hissini görmək də xoş idi. Bu iki gün çılğın vətənpərvərlik sıçrayışı ilə başa çatdı. Biz hamımız bir idik və sözün həqiqi mənasında, bu, çox yaxşı idi.

- Sizin Avropa mahnı müsabiqəsində qələbəniz bəxtigətirmədir, yoxsa gərgin zəhmətin bəhrəsi? 

- Bəxtin gətirməsə, qələbə mümkün deyil. Bu il izləyiciyə nəyin xoş gəlib-gəlməyəcəyini hardan biləsən? Zəhmət çəkilməyən uğur qısa və tezötən olur. Bəxt  gətirmədən və gərgin zəhmətdən başqa, istedadın, ruhun və xarici görkəmin də vəhdəti lazımdır. Ən başlıcası, gərgin zəhmətdir. Asan iş deyildi, səs quruluşundan və xoreoqrafiyadan tutmuş mətbuatla ünsiyyətə və aktyorluq məharətinə qədər biz çox hazırlaşdıq, özü də hərtərəfli. Məşqlərdə eyni şeyi yüz dəfə oxuduq və elə vaxtlar olurdu ki, ifa zamanı yorğunluqdan hətta emosiya belə qalmırdı. Mahnınısa hiss etmədən gözəl oxumaq mümkün deyil. Onda bizə iki gün istirahət verdilər və biz bərpa olunduq. Elə dönüş məqamı gəldi ki, tamamilə oxumaq istəmirdik, kompozisiyanın akustik versiyasını hazırlamaq qərara alındı. Bu bizdən ötrü ikinci nəfəs idi və Nigarla mənə mahnını ilk dəfə eşidəndə yaşadığımız emosiyaları qaytardı. 

- Sizin "Avroviziya" mahnınız dərhal xoşunuza gəldi? Necə düşünürsən, niyə sizin mahnı qələbə çalıb, amma məsələn, Səfurənin mahnısı yox?

- Mənim də, Nigarın da dərhal xoşuna gəldi. Biz, demək olar, bütün müsabiqə mahnılarını dinlədik, orada lirika da, sürətli rəqs mahnıları, çox gözəl Azərbaycan mahnıları da var idi, amma bilirsiniz, bura Avropadır, onların ərazisində onların qaydaları ilə oynamaq lazımdır. 

Niyə bizim mahnını daha çox sevdilər? Yəqin ki, insanlar artıq mənfiliklərdən, çirkabdan, ağrıdan yorulublar; bizsə hisslər, gerçək sevgi haqqında işıqlı, gözəl mahnı oxuduq, özü də ona bütün qəlbimizi və ürəyimizi qoyduq. Bizim mahnını çox gözəl sayıram və onu oxumaqdan yorulmuram. 

İkimizdən birimiz günah elədi və bukmekerlərin stavkalarına baxdı; orada bizə 7-ci və ya 8-ci yerləri vermişdilər, düzü, əsəbiləşməyə başladıq. Mən qələbə çalmağı çox istəyirdim. Düşünürdüm ki, bu, sadəcə, ola bilməz, bu qədər zəhmətimiz hədər getməz. Onda düşünməyə başladım ki, əgər biz qələbə çalmasaq, Bakıya  necə qayıdacağıq? Düşü-nürdüm ki, elə olsa, depressiyaya düşüb, tərki-dünya həyatı yaşayacağam. Sonra bu fikirləri başımdan çıxardım və özüm üçün yararlı işlə məşğul oldum, sadəcə, kosmosa müsbət enerji göndərməklə məşğul idim. 

- Siz orada səsverməni diqqətlə izləyirdiniz, çox narahat idiniz və biz bütün bunları görürdük. Danış görək, artıq anlayanda ki, indicə sizin adınızı çəkəcəklər, ağlına gələn ilk fikir nə oldu? 

- Sona yaxın Nigar sürətlə hər şeyi hesabladı və dedi ki, biz keçdik. Mən də bunu gözləyirdim, amma öz adımı eşitməliydim ki, baş verənlərin gerçək olduğuna inanım. Sonra isə, mən dediyim kimi, nə baş verdiyini pis xatırlayıram. Bunlar elə hisslər idi ki. Vətənimizlə elə fəxr edirdik ki... 

- Azərbaycanı bundan sonra necə təmsil etmək istəyirsən?

- Məşhur azərbaycanlı olmaq istəyirəm. İstəyirəm ki, haqqımda şəxsiyyət, yaxşı karyera qazanmış müğənni, aktyor kimi danışsınlar, amma həmişə əlavə etsinlər ki, o, Azərbaycandandır. Ümumiyyətlə, düşünürəm, incəsənət ölkənin dünya arenasında əsas təmsilçisidir. Musiqi ilə insanların qəlbinə asanlıqla yol tapmaq olur, çünki hər kəs  - həkim də, fotoqraf da, satıcı da onu dinləyir. Buna görə də musiqiçilər, müğənnilər gərək öz həyat və yaradıcılıqlarına ehtiyatla yanaşsınlar, axı biz sadəcə Nigar və Eldar deyilik, Azərbaycanın təmsilçiləriyik. Amma hərdən soruşmaq istəyirəm: biz bu məsuliyyətin öhdəsindən gələ biləcəyikmi?

- Hələ ki sapma müşahidə olunmur, deməli, öhdəsindən gəlirsiniz! Eldar, özün haqqında dedi-qodulara necə baxırsan?

- Mən, sadəcə, onları vecimə da almıram. Əgər hər bir bu cür məqama diqqət yetirilsə, onda əsəblərimiz dözməz. Qoy nə istəyirlər, danışsınlar. Kimə lazımdır?! Qoy, zəng edib şəxsən özümdən soruşsunlar. Mən də ona cavab verəcəyəm. Dedi-qodu oxumaq, müzakirə etmək istəmirəm. 

- Ümumiyyətlə, oxumağı sevirsənmi? 

- Kitab oxumaq bir ayrı ləzzətdir. Fantastika, macəra kitablarını, hərdən romanları oxumağı sevirəm, kefimdən asılıdır. Hazırda at minmək barədə kitab oxuyuram. Bunu öyrənmək, məsələyə elmi yanaşmaq istəyirəm. 

- At sürmək nəyinə lazımdır?

- Özüm üçün istəyirəm. Birdən gələcəkdə klip və ya film üçün at sürmək lazım olar. Kim bilir...

- Eldar, çox mehriban gözlərin və maraqlı görkəmin var. Bunu sənə tez-tez deyirlər?

- Hə, olur; hətta xatırlayıram,  şəhərdə mənasız bir söz gəzirdi ki, guya ümumiyyətlə mən azərbaycanlı deyiləm. Xaricdən pulla gətirib, rus və Azərbaycan dillərini öyrədib, sonra ölkəni təmsil etməyə göndəriblər. Ən gülməlisi isə, məni elflər irqinə aid edirdilər (gülür). Amma səmimi deyirəm, bu belə deyil. 

- Gələcəyə hansı planlarınız var?

- Bakı Slavyan Universitetinin magistraturasının ikinci kursuna keçmişəm, diplomatlıq oxuyuram. Əlbəttə, ailə, uşaq, karyera, biznes də istəyirəm, amma bir az sonra. Hazırda yaradıcılıqla məşğulam və bundan həzz alıram. Mahnılar yazdırıram, bunlar daha çox sinql olacaq, amma daha çox Nigarla duet oxumaq istəyirəm. Gözəl mahnılar oxumaq, onlara layiqli kliplər çəkdirmək istəyirəm. Bilirəm ki, bunun üçün böyük zəhmət lazımdır və buna hazıram. 

- 2012-ci ildə dünyanın sonunun çatacağına inanırsanmı?

- Yox, mən optimistəm; hətta olsa belə, ümid edirəm, bu, bizim "Avroviziya"dan sonra olacaq (gülür).

- Onda sirrini aç görək, gələn il kimə daha çox azarkeşlik edəcəksən?

- İlk borcum kimi, əlbəttə, bizimkilərə! Sonra isə İsveçə. Həmişə olduğu kimi. Onların necə işləməsi çox xoşuma gəlir, hər il bizə "Avroviziya" hitləri bəxş edirlər. 

- Sonda bizim oxucular üçün nə arzulayırsan? 

- Hamısına öz məqsədlərinə çatmaq yolunda iradə və güc diləyirəm. Qoy, həmişə uğur qapıları sizin üçün açıq olsun.


MƏSLƏHƏT GÖR:

536