
TÜRK TƏRƏFDAŞLIĞI və ERMƏNİ XÜLYASI
Müəllif: Redaksiya
Türkiyə və Azərbaycan ikitərəfli münasibətlərə yeni impuls verməklə, strateji tərəfdaşlıqlarının yüksək səviyyədə olduğunu bir daha təsdiqlədilər.
Türkiyədə iyunun 12-də keçirilmiş parlament seçkisində qələbə qazanmış Ədalət və İnkişaf Partiyasının lideri, baş nazir Rəcəb Tayyib Ərdoğan çoxillik ənənəni pozmayaraq, ilk xarici səfərlərini ölkəsinə ən yaxın 2 dövlətə - Şimali Kipr və Azərbaycana etdi. O, Azərbaycanla əməkdaşlıqda ən aktual mövzuların hansılar olduğunu əvvəlcədən açıqlamışdı. Baş nazir onların arasında enerji sahəsini xüsusi vurğulamışdı.
Qeyd edək ki, Bakı ilə Ankara arasında iqtisadi sahədə heç bir problem yoxdur. İki ölkə son illərdə bütün regional layihələr üzrə ümumi strategiya ilə işləməyə çalışır.
Bununla yanaşı, son zamanlar "Nabucco" layihəsinin reallaşdırılması məsələsi xüsusi əhəmiyyət qazanıb. Bu işdə isə bir çox dövlətin maraqları toqquşur. Əlbəttə ki, ümumi məxrəcə gəlinməsində siyasi və iqtisadi xarakterli çətinliklərdən qaçmaq çətin idi. Tərəflər elə ilk andan göstəriblər ki, bütün məsələlərdə, həmçinin, Azərbaycan qazının Türkiyə ərazisi ilə tranzitində anlaşma qarşılıqlı güzəştlər və kompromislər əsasında əldə ediləcək.
Son illər Azərbaycanın iqtisadi potensialı əhəmiyyətli dərəcədə artıb. Bu, xaricdə, həmçinin, Türkiyədə geniş investisiya layihələri gerçəkləşdirməyə imkan verir. Bu trendi xüsusi vurğulayan Prezident İlham Əliyev Azərbaycan şirkətlərinin Türkiyə iqtisadiyyatına 4 milyard dollardan artıq investisiya yatırdığını xatırladıb. O bildirib ki, qarşıdakı illərdə yalnız neft-kimya sənayesində qardaş ölkəyə əlavə 6 milyard dollar investisiya yatırılması nəzərdə tutulub.
Ərdoğan da iki ölkə arasında qarşılıqlı səmərəli iqtisadi əməkdaşlığın genişləndirilməsinə diqqət çəkib. O bildirib ki, 2010-cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi, təxminən, 2,5 milyard dollar olub. Bu ilin ilk 5 ayında isə bu rəqəm 1,4 milyard dollar təşkil edib: "Bu templə biz ilin sonunadək ticarət dövriyyəsini 3 milyard dollara çatdıra bilərik".
Türkiyənin baş naziri regionda çiçəklənmənin mövcud problemlərin həllindən asılılığını qeyd edib və belə problemlərdən birinin Ermənistanın işğalçı siyasəti olduğunu söyləyib.
Ərdoğan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ankaranın mövqeyinin dəyişməz olduğunu xatırladaraq deyib ki, bu problem Azərbaycanla yanaşı, Türkiyənin də qanayan yarasıdır. "Dağlıq Qarabağ işğal olunub və işğalçı məlumdur. Bunu yalnız biz yox, həm də BMT deyir. Bu, sübut edilib və məsələ həllini tapmalıdır", - deyə Ərdoğan bildirib. O, problemin həlli üçün Yerevandan fərqli olaraq, Bakının daim konstruktivlik nümayiş etdirdiyini də xatırladıb.
Azərbaycan və Türkiyə rəhbərləri Ermənistan dövlət başçısının erməni gəncliyinə müraciətində gələcək nəsli "Qərbi Ermənistan"ı geri qaytarmağa çağırmasını da diqqətdənkənar qoymayaraq, məsələyə sərt reaksiya göstəriblər.
Ərdoğan bildirib ki, dövlət xadimi gələcək nəslə düşmənçilik, nifrət aşılamamalıdır. O deyib ki, S.Sarqsyanın mövqeyi Ankaraya qarşı təhrik, öz gəncliyinə kin və nifrət hissi aşılamağa səy göstərməkdir.
Türkiyə hökumət başçısı Sarqsyanın ciddi tarixi səhvə yol verdiyini söyləyib və buna görə, üzr istəməli olduğunu bildirib.
Azərbaycan-Türkiyə danışıqlarına geniş yer vermiş Türkiyə KİV-də Ərdoğanın məhz bu fikri daha geniş işıqlandırılıb. "Milliyet" qəzeti yazır ki, Ərdoğanın Sarqsyanla bağlı səsləndirdiyi fikir belə düşünməyə əsas verir ki, baş nazir "Bakıda Ermənistanla yaxınlaşma siyasətini unudub". Qəzet bildirir ki, belə ritorika onsuz da on minlərlə insanın ölkəni tərk etməsinə səbəb olan ağır iqtisadi duruma malik Ermənistanın vəziyyətini daha da ağırlaşdıra bilər.
Bu məqamı İlham Əliyev də qeyd edib. O, hazırda Ermənistanın yoxsulluq, ehtiyac, ümidsizlik içərisində olduğuna diqqət çəkib: "Bu ölkədə bir dənə də olsun əməlli-başlı müəssisə yoxdur, xarici ianələr, xaricdən himayədarlıq edənlər ol-masa, bu ölkə çökər. Belə olan halda, real əhalisi 1 milyon 800 min nəfər olan halda, bu adamlar Türkiyənin əzəli, tarixi torpaqlarına iddia edirlər".
"Onlar (ermənilər - red.) hesab edirlər ki, Dağləq Qarabağ məsələsini həll ediblər. Onlar yanılırlar. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan torpağı kimi də qalır. Vaxt gələcək, Azərbaycan Dağlıq Qarabağ üzərində öz su-verenliyini ya barış yolu ilə, ya da hərb yolu ilə bərpa edəcək. Ancaq Türkiyə kimi böyük bir ölkəyə qarşı torpaq iddiasında olmaq? Bu, sadəcə onu göstərir ki, bu adamların başında nəsə çatmır. Onlar real dünyada yaşamırlar, özlərinin yaratdığı xülya dünyasında yaşayırlar", - deyə İlham Əliyev bildirib və bununla da işğalçıya təzyiq siyasətinin davam edəcəyini göstərib.
R.T.Ərdoğanın Bakı səfəri açıq şəkildə göstərdi ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına cəhdlə əlaqədar Ankara ilə Bakı arasında yaranmış anlaşılmazlıq tam aradan qalxıb.
Rəsmi Ankara anlayır ki, Ermənistanla sərhədlərin açılmasından qazanılacaq bütün dividendlər Azərbaycanla münasibətlərin pozulması nəticəsində yol veriləcək itkilərlə müqa-yisəyəgəlməzdir. Ərdoğanın Bakıya birgünlük səfəri zamanı heç bir sənəd imzalanmasa da, İ.Əliyev və R.T.Ərdoğan hamıya açıq mesaj göndərdilər: "Bakı-Ankara münasibətlərini korlamaq mümkün olmayacaq".
Bununla həm region ölkələri, həm də dünyanın fövqəldövlətləri barışmalı olacaq.
MƏSLƏHƏT GÖR: