"QIZIL QRAN-PRİ"dən "QIZIL" ÜMİDLƏR
Lisenziya xarakterli dünya çempionatı ərəfəsində güləşçilərimiz nüfuzlu beynəlxalq turnirdə 9 qızıl medal qazandılar
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Bakıda təşkil edilən güləş üzrə ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi "Qızıl Qran-Pri" turnirinin final mərhələsi başa çatdı. Güclü rəqabətə baxmayaraq Azərbaycan pəhləvanları hər üç növdə yüksək səviyyədə çıxış edərək medal kolleksiyasını daha da zənginləşdirdi. "Qızıl Qran-Pri" sentyabrda keçiriləcək dünya çempionatı ərəfəsində son sınaq olduğundan məşqçilər korpusu yarışın nəticələrinə böyük önəm verirdi. Çünki dünya çempionatına yollanacaq heyət məhz "Qızıl Qran-Pri"nin nəticələri əsasında formalaşdırılacaq. Əminliklə söyləmək olar ki, "Qızıl Qran-Pri"nin qalibləri Türkiyədə keçiriləcək lisenziya xarakterli mundialda artıq millidə yerini təmin edib.
"Qızıl Qran-Pri"də ilk olaraq sərbəst güləşçilər məharətini nümayiş etdirdi. Xalçaya çıxan 19 pəhləvanımızdan 7-si finala yüksəlməklə azarkeşləri sevindirdi. Burada isə 5 güləşçimiz qələbə qazanaraq fəxri kür-sünün ən yüksək pilləsinə qalxdı. Ən yüngül çəkidə Mahmud Məhəmmədov ümidləri doğrultdu. Bütün görüşlərini favorit kimi keçirən Məhəmmədov yekunda qızıl medalı boynundan asdı. Zəlimxan Hüseynov 60 kq.-da sözünü dedi. Final görüşündə rəqibə heç bir şans verməyən Hüseynov bununla dünya çempionatına olan iddiasını nümayiş etdirdi. Avropa çempionu Cəbrayıl Həsənov 66 kq.-da müəyyən çətinliklə üzləşsə də, yekunda qızıl medalı təmin etdi. Hələ də ən yaxşı formada olmaması hiss olunan Həsənov "Qızıl Qran-Pri"də qələbə qazanmaqla stabil çıxış etmək bacarığını göstərdi. Şərif Şərifovla Xetaq Qazyumov müvafiq olaraq 84 və 96 kq-da qələbə sevinci yaşadı. Qızıl medallarla yanaşı, komandamız 2 gümüş və 3 bürünc medal da qazandı. 60 və 74 kq.-da ikinci yeri tutan Ağahüseyn Mustafayev və Əşrəf Əliyev müəyyən mənada məşqçiləri razı salmadı. Onların əvəzinə dünya çempionatına başqa idmançının yollanacağını artıq indidən təxmin etmək olar. Sərbəst güləşçilər "Qızıl Qran-Pri"də qazandığı 10 medalla komanda hesabında 1-ci oldu. Növbəti yerlərdə Gürcüstan və Türkiyə qərarlaşdı.
Xanım güləşçilərimiz 2 qızıl medala sevindilər. Ən yüngül çəkidə üçqat Avropa çempionu, Pekin Yay Olimpiya Oyunlarının bürünc medalçısı Mariya Stadnik (48 kq) bir daha yığmamızın lideri olduğunu göstərdi. Texnikası və cəldliyi ilə seçilən Stadnik rəqiblərinə göz açmağa imkan vermədi.
Komandamıza digər qızıl medalı qazandıran Sona Əhmədli oldu. Uzun müddət qolundan aldığı zədə üzündən yarışlara həsrət qalan Sona idmana qələbəylə qayıtdı və 59 kq çəkidə "Qızıl Qran-Pri"nin qalibi oldu.
Böyük ümid bəslənilən Gözəl Zutova finala qədər heç bir rəqibə şans vermədi. Həlledici görüşdə ani diqqətsizliyə yol verən Zutova gümüşlə kifayətlənməli oldu.
Ən böyük "qızıl" ümidlərimizdən olan Yuliya Radkeviç (55 kq) yapon Kanako Muratoya uduzmaqla çempionluq şansını itirdi. Təsəlliverici görüşdə qazax həmkarını məğlub edən Radkeviç yekunda bürünc medalla kifayətləndi. Olesya Zamula (59 kq), Natalya Palamarçuk (67 kq) ə Zümrüd Qurbanhacyeva da 3-cü yeri tutdular.
Təəssüf ki, ən ağır çəkidə mübarizə aparan Dina İvanova (72 kq) fəxri kürsüdə yer almadı. Yekunda 2 qızıl, gümüş və 4 bürünc medal qazanan yığmamız komanda hesabında ikinji oldu. Rusiya birinci, Yaponiya isə üçüncü oldu.
Fərid Mansurovun rəhbərlik etdiyi yunan-Roma güləşi yığmamızın çıxışı 2 qızıl medalla yadda qaldı. Millimizin 18 üzvü xalça üzərinə çıxsa da, onlardan yalnız 5-i həlledici duelə vəsiqə aldı. Yunan-Roma güləşində xüsusilə Rövşən Bayramovun qələbəsi sevindirici oldu. Son aylar özünə bənzəməyən ikiqat Avropa çempionu, dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov (55 kq) finalda komanda yoldaşı Taleh Məmmədovu üstələyərək, yenidən bu çəkidə liderlik iddiasını ortaya qoydu.
Dünya və Avropa birinciliyinin qalibi Həsən Əliyev (60 kq) maksimum nəticəyə imza atmaqla yenidən diqqət mərkəzinə düşdü. Elvin Mürsəliyevlə (74 kq) Saman Tahmasibi (84 kq) yalnız finalda uduzmaqla məyus oldu. Ümumilikdə, yunan-Roma güləşçiləri 2 qızıl, 3 gümüş və 4 bürünclə "Qızıl Qran-Pri"nin ən yaxşı komandaları sırasına düşdü.
"Qızıl Qran-Pri"nin yekunu olaraq hər üç yığmadan dünya çempionatına kimlərin yollanacağını müəyyənləşdirmək olar. Sözsüz ki, çempionlar Türkiyədə keçiriləcək mundiala aparılacaq heyətə daxil ediləcək. Ümidləri doğrultmayan güləşçilərə isə optimal formasını bərpa etmək üçün zaman veriləcək. İlin son mötəbər yarışı London Olimpiadasına lisenziya qazanmaq baxımından çox vacibdir. Məhz Türkiyədə keçiriləcək dünya çempionatında 70-dən çox lisenziyanın sahibi məlum olacaq. Bu mənada hər bir pəhləvanımızın qarşısına 4 illiyin ən böyük yarışına vəsiqə almaq başlıca məqsəd qoyulub.
Beləliklə, kiçik nöqsanları nəzərə almasaq, güləşçilərimizin "Qızıl Qran-Pri"də çıxışını müsbət qiymətləndirmək olar.
Amma dünya çempionatında güləşçilərimiz daha güclü rəqabətlə üzləşəcək. Bəzi komandalar əsas idmançılarını məhz mundiala saxlamaq məqsədiylə Bakıya gətirmədi. Çünki "Qızıl Qran-Pri"dən fərqli olaraq, dünya çempionatında medalla yanaşı, London Olimpiadasına lisenziya da oynanılacaq. Ona görə Türkiyəyə gələcək hər bir pəhləvan ilk olaraq olimpiadaya vəsiqə uğrunda yarışacağını unutmamalıdır.
MƏSLƏHƏT GÖR:







526

