TÜRKİYƏ KLUBLARI ÇAŞQINLIQ İÇİNDƏ
Fifa rəhbərliyi "sifarişli oyunlar"a görə, türkiyəni sərt cəzalarin gözlədiyinə işarə edir
Müəllif: Ramin ABDULLAYEV Bakı
Çoxmilyonlu investisiyalar və bukmeker fəaliyyətinin sürətli inkişafı Türkiyə futbolunu maxinasiyalar meydanına çevirib. Hökumətin danışılmış matçları önləmək üçün atdığı addımlar lazımi effekti verməyib. İyulun əvvəllərində ölkədə 25 məşhur futbolçu, menecer və məşqçinin həbsi bunun sübutudur. Həbs olunanlar arasında ölkənin ən məşhur futbol klublarından olan "Fənərbağça"nın prezidenti Əziz Yıldırım da var.
Polis Türkiyənin 2 yüksək futbol liqasında ötən il ərzində 19 oyunun hesabının əvvəlcədən razılaşdırıldığına dair sübutlara malik olduğunu bildirir. Ölkə qanunvericiliyinə görə, oyunların nəticəsinə qeyri-qanuni yolla təsir göstərməyə dair razılaşmaya getmiş şəxsləri 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
"Sarı kanarya"nın hücumçusu Emmanuel Emenike də qanun qarşısında cavab verməli olan şəxslər arasındadır. Hüquq-mühafizə orqanları nigeriyalı futbolçunun "naməlum" şəxsdən oyunu satmaq niyyəti ilə pul aldığını əks etdirən videogörüntüyə malikdir, amma hələ ki afrikalının günahı sübuta yetirilməyib.
Emenike ilə Yıldırımla yanaşı, həbs olunan şəxslər arasında "Sivaspor"un prezidenti Mehnun Odiakmaz, "Eskişehirspor"un idman direktoru Ümit Karan, Türkiyə yığmasının hücumçusu Mehmet İldis də var.
FİFA rəhbərliyi artıq "sifarişli matçlar"a görə, Türkiyəni sərt cəzanın gözlədiyinə işarə edib. Buna cavab olaraq, Türkiyə Futbol Federasiyası bəyan edib ki, istintaq materialları ilə tanışlıq başa çatdıqdan dərhal sonra, "Fənərbağça"nın çempion titulundan məhrum edilib-edilməyəcəyinə, həmçinin, qalmaqalda adı hallanan klubların yüksək liqadan qovulub-qovulmayacağına qərar veriləcək.
Hadisələrin belə gedişinə Türkiyənin "Beşiktaş" və "Qalatasaray" kimi məşhur klubları artıq öz etirazını bildirir. Onlar hesab edir ki, "Fənərbağça"nın yüksək liqadan qovulması futbol sahəsində "iqtisadi balans"ı pozacaq.
Bu ehtiyatlılıq əbəs deyil. Qalmaqal artıq idman sahəsində reklama ciddi zərbə vurub. "Fənərbağça"nın baş sponsoru olan "Avea" telefon operatoru yaşananlardan xüsusilə məyusdur. O öz imicinin korlanacağından ehtiyatlanır.
Türkiyənin bütün klubları bu tendensiyaya qarşı birləşib. Onlar Türkiyə Futbol Federasiyasını qərar çıxarmağa tələsməməyə, məhkəmənin hökmünü gözləməyə çağırır.
İstintaqın nəticəsi necə olur-olsun, "Fənərbağça" artıq nəhəng itkilərlə üzləşib. Klub səhmlərinin qiyməti düz 3 dəfə ucuzlaşıb.
Bütün bunların fonunda yerli federasiya seçim qarşısında qalıb. Variantlardan biri prokurorun ittihamını gözləmədən adıçəkilən klubların yüksək liqadan qovulduğunu elan etməkdir. Bu halda son çempionatı ikinci pillədə başa vurmuş "Trabzonspor" Çempionlar Liqası, "Kayserispor" isə Avropa Liqasında çıxış etmək imkanı qazanacaq. Prokurorluğun avqustun 6-dək yekun ittihamı ortaya qoya bilməyəcəyi məlumdur. Türkiyədə yeni futbol mövsümü isə məhz həmin gün başlayır.
Digər yol hər şeyin olduğu kimi saxlanılmasıdır. Bu halda "Fənərbağça" və "Trabzonspor" Çempionlar Liqasına qatılacaq, "Bursaspor", "Beşiktaş" və "Qazıentepspor" isə Avropa Liqasına yollanacaqlar.
"Fənərbağça" yüksək liqadan qovulacağı təqdirdə onu hansı komandanın əvəzləyəcəyi də açıq qalır. Bu ya başa çatmış mövsümdə yüksək liqaya yüksəlmiş komandalardan, ya da yüksək liqada play-off matçı oynamış klublardan ola bilər.
Federasiyanın adı qalmaqallarda hallanan bütün şəxslərə məhkəmə qərarının çıxarılmasınadək sanksiyalar tətbiq etməsi də tamamilə mümkündür. Bu isə o deməkdir ki, həmin şəxslərin idman sahəsində fəaliyyət göstərmələri qadağan ediləcək.
Nəhayət, prokurorluğun yeni mövsümün başlanmasınadək qərarını açıqlaması, məhkəmənin isə hökm çıxarması da mümkün sayılır. İttihamlar sübut olunarsa, qərar haqda dərhal UEFA məlumatlandırılacaq. Bu zaman komandaların nəinki beynəlxalq arenada çıxışı qadağan olunacaq, həmin vaxt çempionatda neçənci turun keçirilməsindən asılı olmayaraq, onlar ikinci diviziona göndəriləcək.
UEFA-nın son hadisələrdən dərhal sonra saytında "Fənərbağça" ilə bağlı məlumatları dəyişməsi diqqətdən yayınmayıb. Saytda komanda 17 qat Türkiyə çempionu kimi göstərilir. Demək, ali qurum "Fənərbağça"nın 18-ci çempionluğunu tanımır.
Qeyd edək ki, "Fənərbağça"nın bu il çempionluğu son 17 matçda 16 qələbə qazanmaqla rəsmiləşdirilib. O, sonda "Trabzonspor"la eyni xal toplasa da, vurulmuş və buraxılmış topların sayına görə, rəqibini üstələyib.
Baş verənlərə klubun reaksiyası özünü çox gözlətməyib.
"Biz 18 qat çempionuq və bu, məhkəmə qərarınadək belədir. UEFA bu faktı nəzərə almalıdır", - deyə 58 yaşlı prezidenti həbsdə olan klubun bəyanatında bildirilir.
Klubun ofislərində aparılan axtarış zamanı qeydiyyatda olmayan 8 tapançanın tapılması da maraqlıdır. Bu, Türkiyənin futbol sahəsində kriminallaşdığına dair narahatlıq yaradıb.
Bütün bunlarla yanaşı, "Fənərbağça"nın nüfuzlu himayədarı da var. Bu, baş nazir Rəcəb Tayyib Ərdoğandır. O, baş verənləri öz nəzarətinə götürəcəyini, məsələni ciddi şəkildə araşdıracağını bildirib. "Fənərbağça" azarkeşlərini məhkəmənin qərarını gözləməyə çağıran baş nazir klub prezidentinin özünü müdafiə hüququnun olduğunu da xatırladıb. Yeri gəlmişkən, Əziz Yıldırımın hüquqlarını vaxtilə Ərdoğanı müdafiə etmiş vəkil Faiq İşıkın qoruyacağı məlumdur.
Fanatlara gəlincə, onlar seçim qarşısında idi: ya sakit şəkildə məhkəmə qərarını gözləmək, ya da mitinqlərə çıxmaq. Onların əksəriyyəti ikinci variantı seçdi - Yıldırımın həbsindən dərhal sonra qəzəbli fanatlar İstanbul küçələrində yürüş keçirməyə macal tapıb.
Türkiyənin digər aparıcı klubları hələ ki son çempion sayılan "Fənərbağça"ya dəstək planı hazırlayır. Kampaniyaya "Fənərbağça"nın əzəli rəqibi olan "Qalatasaray" da qoşulub. "Cim Bom" rəhbərliyi "Fənərbağça"nın yüksək liqadan qovulacağı təqdirdə, rəqibinin bəzi məşhur futbolçularını transfer edə biləcəyini açıqlayıb. Bu zaman futbolçuların keçidinə görə pul ödənilməyəcəyi bildirilir. Bu, "Fənər"in yüksək liqaya qayıtmasınadək oyunçuların "boş" qalmamasına kömək məqsədi güdür. Komanda geri dönən kimi, futbolçular da əvvəlki komandalarının bazasına qayıdacaq.
Türkiyənin bəzi məşhur şərhçiləri "Fənərbağça"nın yeni mövsümə mənfi 30 xalla başlaya biləcəyini düşünür. Bu variant klub rəhbərliyi tərəfindən qəti şəkildə rədd edilir.
İstənilən halda, Türkiyənin idman ictimaiyyəti çətin duruma düşüb. "Fənərbağça"ya hər hansı güzəşt mümkün deyil. UEFA Nizamnaməsinə görə, oyunların nəticələrini saxtalaşdırmış komandanı yüksək liqada saxlayan ölkə cəzalandırılır. Bu halda milli komanda və ayrı-ayrı klublar 5 il müddətinə UEFA bayrağı altında keçirilən turnirlərə qatılmaqdan məhrum olacaq.
Türkiyə futbolu çaşqınlıq içərisindədir. Bir aydan da bir qədər az vaxtdan sonra ölkədə yeni çempionat start götürməlidir. Qərar verilməsi üçün vaxt getdikcə azalır.
MƏSLƏHƏT GÖR:




594

