14 Mart 2025

Cümə, 10:45

SÜRPRİZLƏRLƏ DOLU KONSERT

Emin Ağalarov yalnız Azərbaycandan deyil, bütün şərqi Avropadan ingilisəsilli olmayan ilk artistdir ki, iki dəfə dalbadal "BBC radio 2" tərəfindən istedadı xüsusi qeyd olunub

Müəllif:

15.07.2011

Azərbaycanlı bəstəkar və müğənni Emin Ağalarovun iyulun 7-də Bakının Yaşıl Teatrında keçirilmiş növbəti xeyriyyə konsertində zal tamaşaçılarla tam dolmuşdu. Eminin bu il İngiltərədə yazdırdığı yeni albomu "Wonder"dən Bakı sənətsevərlərinin çox xoşladığı kompozisiyalar səsləndi. Müğənni yeni repertuarının böyük bölümünü dünya sonqraytinq nəhəngi və Enrike İqlesiasın hitlərinin yarıdan çoxunun müəllifi olan Pol Berri, həmçinin, Ceymi Skott, Ueyn Hektor və başqaları ilə birgə yaradıb. Plastinkaya prodüserliyi Lara Fabian, Enrike İqlesias, Ceyms Morrison, Şer  və başqaları ilə işlərinə görə tanınan Brayan Roullinq edib. Bununla belə, albomun əsas kompozisiyaları - adı başlıq kimi seçilmiş "Wonder" və "Obvious" Eminin özü tərəfindən yazılıb. Onun sözlərinə görə, "bu trekin hər ikisi - sevdiyiniz, özlədiyiniz, amma artıq yanınızda olmayan insanlara hissləriniz barədədir". 

Bu il qədirbilən dinləyicilər qarşısında və Eminin məxməri səsinin şaqraq əks-səda verdiyi Bakı səmasında müğənninin hazırda üzərində işlədiyi gələcək albomundan da bir neçə mahnı səsləndi. Yeni mahnıları ifa edən Emin bildirdi ki, bunlar demək olar ki, layihə və işçi variantlardır. Bakı konsertləri onun üçün xüsusi önəm kəsb etdiyindən, müğənni bunları yaradıcılığına qiymət verən Bakı musiqisevərləri ilə bölüşməyə bilməzdi. 

Konsertdə, hətta müğənninin özünə də çox xoş gələn, amma müəyyən səbəblər üzündən təzə alboma daxil edilməyəcək yeni mahnılar da səsləndirildi. Emin atası Araz Ağalarova həsr etdiyi "Better" kompozisiyasını xüsusi səmimiyyətlə ifa elədi. Müğənni bildirdi ki, konsert keçirilən gün atası əməliyyat edilib və onun yanında ola bilmədiyi üçün çox təəssüf edir. "Düşünürəm ki, atam məni bağışlayar, axı yaxşı bilir ki, onu çox sevirəm və yüksək qiymətləndirirəm". 

Konsertdə Eminin nənəsi, anası və bacısı izləyicilər arasında idilər, həmçinin, ifaçının xanımı Leyla Əliyeva və baldızı Arzu da orada idi. Həmişə olduğu kimi, bu dəfə də ifaçı zalın alqışları altında XX yüzilliyin məşhur şlyageri olan və "Ruh" filmindən tanınan  "Unchained melody"ni xanımı - gözəl Leylaya həsr etdi. O, zal qarşısında etiraf etdi ki, öz uğurlarına görə musiqiyə və 50 faiz də Leylaya borcludur.  Xanımına qarşı daşıdığı zərif duyğuları və Leylanın dəstəyi onu yaradıcılığa yönəldir. 

Emin həmişə olduğu kimi, səhnədə də cazibədar idi. Tamaşaçılar ilə asanlıqla və rahat, çox böyük məmnuniyyətlə, bir xeyli də yumor hissi ilə ünsiyyət qururdu. O, təmkinlə avtoqraflar verir və çiçəkləri qəbul edirdi, fan-klubdan olan uşaqlarla söhbət edirdi. Fanatlar minnətdarlıq əlaməti olaraq sevimli müğənnilərinə mahnı da həsr etmişdilər və onu birbaşa Yaşıl Teatrın səhnəsindəcə oxudular, həmçinin, Leyla Əliyeva ilə ailə həyatının beşilliyi münasibətilə tort da təqdim elədilər. 

Bu dəfəki konsert lirik və həssas keçdi. İnanılmaz zərif mahnılar sevgi haqqında romantik balladalar ilə əvəzləndi və məşhur "Still"i Eminlə birgə bütün zal oxudu. Oturuşmuş ənənəyə görə əfsanəvi "My way" də səsləndirildi və Emin bu dəfə də bildirdi ki, ifasını Müslüm Maqomayevə həsr edir. Bu, əlbəttə ki, axşamın ən həyəcanlı anı idi, axı Müslüm Maqomayev Eminin müəllimlərindən və ustadlarından biri olub. Bununla yanaşı, Emin həm də bildirdi ki, çox tezliklə Moskvanın Nizami meydanında bu böyük azərbaycanlı müğənniyə heykəl qoyulacaq, həmçinin, Müslüm Maqomayevin adını daşıyan musiqi məktəbi tikiləcək. 

Bakılı tamaşaçılar üçün əsl sürpriz həm də mahnılararası fasilə zamanı səhnəyə "Saffron Music" şirkətinin təmsilçisi  Alister Audsleyin çıxması oldu. O, "Dumanlı Albion"un musiqi səhnəsində Eminin uğurlarından danışdı və ona orijinal musiqi hədiyyəsi etdi. O bildirdi ki,  Emin yalnız Azərbaycandan deyil, bütün Şərqi Avropadan ingilisəsilli olmayan ilk artistdir ki, iki dəfə dalbadal Böyük Britaniyanın böyük radiostansiyalarından biri - "BBC Radio 2" tərəfindən istedadı xüsusi qeyd olunub. 

Əvvəlcə onun debüt sinqli "Obvious" "Həftənin mahnısı" rubrikasına çıxıb, sonra "Wonder" albomunun çıxmasından dərhal sonra "BBC Radio 2" onu "həftənin albomu" adlandırıb. Bu yaxınlarda "Any time you fall" kompozisiyası da ən yaxşı sayılıb. Yeri gəlmişkən, "Obvious" ingilis milli radioçartının 25-ci sətrinə qədər yüksələ bilib. "Wonder" albomundan olan "Any time you fall" mahnısı isə Böyük Britaniyanın radioefirində uğurla yayımlanır. Trek ölkədə 17 radiostansiyanı əhatə edən "Heart Network"u, həmçinin, "Manx FM"i, "Imagine FM"i, "BBC Radio Wales"i, eyni zamanda "Arrow FM", "Bright FM", "Sovereign FM" və "Splash FM"i əhatə edən "Media Sound" holdinqinin;  "Touch FM"in dörd stansiyasını, "Rugby Sound" və "Banbury Sound" radiolarını birləşdirən "Quidem Network" holdinqinin pleylistlərinə daxildir. 

İlk dəfədir ki, Rusiyadan və Azərbaycandan olan musiqiçi dünyanın iri radiostansiyalarının pleylistinə düşüb. Bu, yalnız Emindən ötrü  deyil, bütün Azərbaycan üçün böyük  uğurdur. Yeri gəlmişkən, hadisəni "BBC"nin efir siyasəti üçün əvəzsiz saymaq olar. İfaçının bir albomundan iki sinqlın dalbadal "Record of the week" statusu alması unikal hadisədir və ingilis şou-biznes sənayesində musiqiçinin uğurunun təsdiqi sayılır. 

Bu yaxınlarda isə Emin hər il dünyada məşhur olan qlamur jurnalın Rusiya versiyası olan "GQ Russia" tərəfindən təqdim edilən prestijli "İlin adamı" mükafatının nominantı olub. Hazırda bu, Rusiya kütləvi informasiya vasitələri tərəfindən mədəniyyət, idman və  biznes təmsilçilərinə, ictimai xadimlərə verilən ən önəmli mükafatlardandır. İndi Emin ABŞ-ın musiqi səhnəsini fəth etməyə hazırlaşır. 

Eminin xeyriyyə konsertində $100 min yığılıb. Bu vəsaitlər Bakının Nardaran qəsəbəsində yerləşən 130 saylı məktəbin təmirinə yönəldiləcək.


MƏSLƏHƏT GÖR:

615