Müəllif: Nigar QULİYEVA Bakı
Azərbaycan regionlarının inkişafı üzrə 2004-cü ildən bu yana gerçəkləşdirilən Dövlət Proqramı, demək olar ki, ölkənin bütün rayonlarının göstəricilərinin artmasına yetərincə təsir göstərib. Regional inkişafa dövlət dəstəyinin səmərəliliyinin bariz nümunələrindən biri də Biləsuvar rayonudur. Son illər bu regionda iqtisadi potensialın əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində istifadə olunmasında nəzərəçarpacaq dəyişikliklər baş verib.
Rayonun enerji, qaz və su təchizatıının yaxşılaşdırılmasına yönəlmiş çoxsaylı infrastruktur islahatları, yolların təmiri və tikintisi, çağdaş tələblərə cavab verən sosial və kommunal obyektlərin inşası və s. kimi layihələrin, demək olar ki, hamısı birbaşa dövlətin maliyyə dəstəyi ilə gerçəkləşdirilir.
Amma şəksiz ki, regionun sabit inkişafı üçün onun öz iqtisadi resurslarının gücləndirilməsi də gərəkdir. Buna görə də ənənəvi aqrar rayonlardan biri kimi Biləsuvarda hər cür kənd təsərrüfatı layihələrinin gerçəkləşdirilməsi dəstəklənir ki, bu da bir sıra özəl bölmə təmsilçilərinin uğur qazanmasına səbəb olur. Onlar hər yerdə müxtəlif dövlət proqramları, dövlət başçısının fərman və sərəncamları tərəfindən təqdim edilən dövlət güzəştlərindən və imtiyazlarından istifadə edirlər.
Yaxşı ənənələr
2009-2013-cü illər üçün regionların inkişafı üzrə Dövlət Proqramı çərçivəsində yalnız ötən iki il ərzində Biləsuvara 17 bənd ayrılıb və rayonda ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından böyük önəm kəsb edən aqrar bölmənin inkişafı istiqamətində ciddi işlər görülüb.
Ölkənin başqa regionlarında olduğu kimi, aqrar bölmə islahatları Biləsuvar rayonunda da nəzərəçarpacaq inkişafa səbəb olub. Torpaq islahatının və özəl fermer təsərrüfatlarının yaradılması hesabına rayonda istehsal edilən kənd təsərrüfatı məhsullarının həcmi artıb. Qeyd etmək lazımdır ki, rayonun iqlim şəraiti burada aqrar sektorun müxtəlif sahələri ilə məşğul olmağa imkan verir. Bircə bunu qeyd etmək yetərlidir ki, rayonun kənd təsərrüfatı üçün yararlı 111 900 ha ərazisinin 2010-cu ildə 48 136 hektarı əkilib ki, bu da 2001-ci ildə olandan 52,2% çoxdur.
Əgər hava şəraiti imkan versəydi, keçən il də məhsul yığımı üzrə göstəricilər ürəkaçan olacaqdı, amma hələ ki rayon cəmi 41 min 132 ton buğda yığa bilib. Bununla belə, rayon yazlıq bitkilərin yığılması üzrə xeyli yaxşı göstəricilər əldə edib; misal üçün, pambıq yığımı 4,4%, günəbaxan 7,9%, tərəvəz 40,3%, bostan bitkiləri 13,4% artıb, şəkər çuğunduru isə 2,8 dəfə çox becərilib ki, bu da respublika üzrə ən yüksək göstəricidir.
Yeri gəlmişkən, bu siyahıda birinci bənd olan pambıq xammalı region üçün ənənvi bitki olsa da, onun rayon üzrə istehsalının əsas stimulçusu MKT istehsalat kommersiya şirkətidir. Özü də bu il MKT fermerlərdən pambığın alınma qiymətini 7% artırıb və kiloqramın qiymətini 0,39 manatdan 0,42 manata qaldırıb. Fermerlərin sözlərinə görə, pambığın kiloqramının qiümətinin 55-60 qəpiyə qaldırılması bu sahəyə daha böyük maraq oyadardı.
Qeyd edək ki, MKT Azərbaycanın iri pambıq emalçılıq müəssisəsidir, Azərbaycan müstəqillik qazandıqdan sonra bu sahənin dirçəlməsinə sərmayə yatıran ilk şirkətdir. O çox zavodların nəzarət səhminin sahibidir və başqa müəssisələrlə eksklüziv əməkdaşlıq sazişləri bağlayıb. Müəssisənin yağ ekstraktı istehsalı zavodu da var. Ondan pambıq alanlar Türkiyə, ABŞ, Rusiya və başqa ölkələrin geyim istehsalçıları və pambıq ticarətçiləridirlər.
MKT-nin Biləsuvardakı zavodunun fəaliyyəti 1985-ci ildən başlayıb. 1997-ci ildə özəlləşdirmədən sonra o, "Biləsuvar pambıq" səhmdar cəmiyyətinə çevrilib. "MKT - Biləsuvar" filialının direktoru Qulam Əliyevin sözlərinə görə, təkcə 2011-ci ilin keçən dövrü ərzində 600-dən çox fermer təsərrüfatı ilə saziş bağlanıb və 2700 hektarda pambıq əkilib. "Pambıqçılıq - dövlət tərəfindən dotasiya tələb edən sahədir. MKT öz növbəsində, fermerləri stimullaşdırmaq üçün güzəştli qiymətlərlə gübrə gətirir, maddi yardım kimi isə texnikanın istifadəsi üçün əvvəldən ödəniş edir, həm də avans verir", - deyə Q.Əliyev bildirir. Şirkətin öz texniki parkında isə Amerika istehsalı pambıqyığan maşınlar, Yaponiya traktorları və s. var.
Rayonun aqrar bölməsinin digər ənənəvi istiqaməti isə heyvandarlıqdır, son 10 ildə bu sektorda heyvanların baş sayı yüksək səviyyədə artıb - iri buynuzlu mal-qara 14,3%, qoyun və keçilər 41,2% artıb. Uyğun olaraq ət istehsalı 96,3%, sü istehsalı 61,3%, yumurta istehsalı 21,9%, yun istehsalı isə 52,5% artıb.
Belə inkişaf dinamikası, şəksiz, burada heyvandarlıq təsərrüfatları üçün əlverişli şərait yaradılması ilə bağlıdır ki, bu da ona gətirib ki, rayon bu məhsullarla öz tələbatını 100% ödəyir.
İslahatlar davam edir
Bir qayda olaraq, kənd təsərrüfatı iqtisadiyyatın ən riskli sahələrindən sayılıb. Burada hər il sabit artım əldə etmək üçün insandan asılı olmayan məqamlarla yanaşı, kənd sakinlərinin gündəlik ağır zəhməti, həmçinin, dövlət orqanlarının da fermerlərin problem və tələblərinə vaxtında diqqət yetirməsi lazımdır. Yoxsa, ürəkaçan uğurlar çox asanlıqla əks-effekt verə bilər.
Bunu, əlbəttə, Biləsuvarda da gözəl anlayırlar. Orada məhsul istehsalı zamanı itkilərin qarşısının alınması və kəndlilərin aqrotexniki qulluğu vaxtında etmələrindən ötrü texnika ilə zamanında təmin edilmələri məsələsi də uğurla həll edilir.
Biləsuvar "Aqrolizinq" ASC-nin aqroservis filialı fəaliyyət göstərir və rayon əkinçiləri filialın sərəncamında olan 130 ədəd texnikanın xidmətindən istifadə edir. Bundan başqa, aqroservisin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 1 mln manat və yeni obyektin tikintisi üçün 1 ha ərazi ayrılıb ki, bu da Biləsuvarın aqrar bölməsinin inkişafına önəmli töhfə verəcək.
Bundan başqa, rayonda elmlə təcrübənin sıx əməkdaşlığı şəraitində toxumçuluğun inkişafı üzrə də işlər görülür. Təqdirəlayiqdir ki, ilk özəl toxumçuluq təsərrüfatı öz vaxtında ilk dəfə məhz Biləsuvarda yaradılıb. Hazırda onların sayı yalnız bu rayonda 23-ə çatıb və bu il təsərrüfatların ümumi istehsalı 3 780 ton yüksək məhsuldarlıqlı toxum olub ki, bu da Biləsuvarın toxuma olan ehtiyacını 80% təmin edir.
Yeri gəlmişkən, ölkə üzrə ilk Toxumçular Assosiasiyasıı da burada yaranıb və özündə rayonun 23 profil təsərrüfatını birləşdirir. Assosiasiya əkinçi fermerlərin elit toxum sortları ilə təmin edilməsi, aqrar bölmənin bu sahəsinin elmi uğurlar əsasında inkişaf etdirilməsi üzrə tədbirlər görür. Yeri gəlmişkən, zona üzrə praktik toxumçuluq stansiyasının yaradılması bu sahəyə böyük yardım olardı ki, onun da gerçəkləşdirilməsinə dövlət dəstəyi gərəkdir.
Bitkiçilik məhsullarının istehsal həcminin artırılması üçün rayonda həm də mineral gübrələrin güzəştli satışı gerçəkləşdirilir, xəstəliklərə və ziyanvericilərə qarşı kompleks mübarizə tədbirləri görülür. Yeri gəlmişkən, son iki amil 2010-cu ildə istehsal həcminin azalmasında böyük rol oynayıb ki, bu da həm dövlət qurumları, həm də fermerləri özlərinin qüvvə və imkanlarını birləşdirməyə vadar edir.
Ancaq Biləsuvar əkinçiləri üçün sahələrin suvarılması və torpağın drenajı yenə də ən böyük problem olaraq qalır. Bəllidir ki, bu rayonun torpaqları öz strukturuna görə "çətinlər" sırasına aid edilir ki, onun öhdəsindən gəlmək də çox vaxt fermerlərin qüvvəsi daxilində olmur. Özü də rayonun su mənbələri azdır. Burada həm də torpaqları duzlaşmadan qorumaq üçün mütəmadi şəkildə kompleks drenaj işləri gerçəkləşdirilməlidir. Bunun üçünsə mövcud kollektor-drenaj şəbəkəsinin yenidənqurulması gərəkdir, bu şəbəkə ötən illərdə uzun müddət baxımsız qaldığından yararsız hala düşüb. "Meliorasiya və Su Təsərrüfatı" ASC tərəfindən hər il bu istiqamətdə müəyyən işlər görülsə də, problem hələ də qalmaqdadır. Əlbəttə, ümid var ki, bu məsələ 2009-2013-cü illər üçün regionların sosial-iqtsadi inkişafı üzrə dövlət proqramı çərçivəsində həll ediləcək və bu da bölgənin əkinçilik təsərrüfatlarında məhsuldarlığın artmasına böyük təsir göstərə bilər.
Yuxarıda qeyd edildiyi kimi, Biləsuvarın heyvandarlıq təsərrüfatlarının fəaliyyəti nəzərəçarpacaq səviyyədə irəliləyib, rayonda yeni emal müəssisələrinin açılması ilə fermerlərin bu sahəyə marağı artıb ki, bu da sahə üzrə istehsalın artmasını stimullaşdırıb. Bunula belə yenə də kəndlilər əldə etdikləri uğurla kifayətlənmirlər - mal-qara cinslərinin yaxşılaşdırılması üzrə işlər aparılır, bunun üçün xaricdən yüksək məhsuldarlıqlı cinslər gətirilib və süni mayalandırma üzrə yeddi məntəqə yaradılıb. Effektiv nəticələr əldə etdikdən sonra, fermerlərin bu sahəyə marağı daha da artıb.
Şəxsi töhfə
Yuxarıda söylənənlərdən görünür ki, Biləsuvar hazırda ölkənin uğurla inkişaf edən aqrar rayonlarından biridir, çoxsaylı proqram və layihələr çərçivəsində layiqli dövlət dəstəyi alır. Bütün bunlar son nəticədə ölkənin aqrar bölməsi qarşısında duran əsas məsələnin - ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsinin həllinə xidmət edir və əhalini ekoloji təmiz məhsullarla təchiz etməkdə yardımçı olur. Axı çağdaş dünyada təbii kənd təsərrüfatı məhsulu nadir tapılır və Azərbaycanda onun istehsalı üçün bütün imkanlar var. Məhz bu, ölkə rəhbərliyinin yaxın zamanlar üzrə strateji məqsədlərindən biridir və Prezident İlham Əliyev bu barədə dəfələrlə danışıb.
O qeyd edib ki, Azərbaycan hər zaman öz kənd təsərrüfatı məhsulları ilə tanınıb, demək olar ki, bütün qonşu ölkələr bu məhsulları həvəslə alıblar və idxal etməkdə davam edirlər, amma bu gün ixracın sərhədlərini genişləndirməyə tam şərait var. "Biz dünya bazarlarına ekoloji təmiz məhsul göndərə bilərik. Sadəcə, emal müəssisələri, qablaşdırma və çağdaş yanaşma lazımdır. Bu bizim böyük zənginliyimizdir və bundan rasional şəkildə yararlanmalıyıq", - deyə İ.Əliyev vurğulayıb.
Bu məqsədin gerçəkləşdirilməsi üçün Azərbaycanın hər bir bölgəsinin, hər bir kəndinin töhfəsi çox önəmlidir - ölkənin aqrar imicinin dəstəklənməsinin məsuliyyəti kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olan hər bir fermerin çiyninə düşür. Bu baxımdan, Biləsuvar əksər göstəricilərinə görə örnək də ola bilər.
MƏSLƏHƏT GÖR: