
UĞUR BİZDƏN UZAQ DEYİL
Azərbaycan futbolunun parlaq səhifələrini yada salan «NEFTÇI»nin əfsanəvi heyətinin oyunçusu öz proqnozlarını “R+”la bölüşdü
Müəllif: NADİR XOSROVOĞLU BAKI
Tarixi və ədəbi mənbələr hələ IV-V əsrlərdə müxtəlif ölkələrdə topla oyunun mövcudluğu barədə məlumat veriblər. Çin, Misir və başqa qədim dövlətlərdə əsgərlərin fiziki hazırlığını möhkəmləndirmək üçün topla oyundan istifadə ediblər. Maraqlıdır ki, Nizami Gəncəvinin əsərlərində də qəhrəmanların topla oynadığını əks etdirən səhifələr var. Amma təbii ki, həmin oyunları bugünkü futbolla müqayisə etmək mümkün deyil.
Müasir futbolun vətəni və dəqiq yaranma tarixi məlumdur: İngiltərə, 26 oktyabr, 1863-cü il. Həmin gün Londonda ilk futbol assosiasiyası yaradılıb və oyunun 13 qaydası təsdiq edilib. Rusiyada ilk futbol matçı 1898-ci ilin sentyabrın 13-də Sankt-Peterburqda keçirilib.
Ötən əsrin əvvəllərində çıxan Bakı və Tiflis qəzetlərində dərc olunan məlumatlara görə, Azərbaycanda ilk futbol komandaları 1905-ci ildə yaradılıb. Bu komandalar, əsasən, Bakının iri neft müəssisələrini təmsil edirdilər; məsələn, Balaxanı mədənlərində çalışan həvəskar futbolçular bütün şəhərdə tanınırdı. Bakıda ilk rəsmi çempionat 1911-ci ildə keçirilib və «Britaniya klubu» komandasının qələbəsi ilə nəticələnib. 1912-ci ildə isə Azərbaycan futbolçuları ilk beynəlxalq görüşlərini keçiriblər və Tiflisdə yerli «Sokol» komandasına 4:2 hesabı ilə qalib gəliblər.
Azərbayjan futbolunun 100 illik yubiley ilində geriyə baxdığımız zaman ən böyük uğurun 1966-cı illə bağlı olduğunu görürük. Həmin il «Neftçi»nin əfsanəvi heyəti SSRİ çempionatında bürünj medal qazanıb. Tarixi vərəqləmək üçün həmin heyətin üzvü, «Neftçi»nin və Azərbaycan yığmasının keçmiş baş məşqçisi Kazbek Tuayevi həmsöhbət seçdik.
- Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə sizi təbrik edirik!
- Çox sağ olun. Yubiley yüksək səviyyədə qeyd olundu. Geriyə baxanda ulduz futbolçularımız yadıma düşür. Azərbaycan futbolu deyəndə 50, 60, 70-ci illərdə oynayan oyunçuları yada salmamaq olmaz. Hər onilliyin öz futbolçuları olub. FİFA və UEFA prezidentinin Azərbayjan futbolunun 100 illik yubileyində iştirakı məni çox sevindirdi. Bilirsiniz ki, hər iki ali qonağın işi çoxdur və onların tədbirdə iştirakı asan başa gəlmir. Hazırda Azərbaycanda uşaq futboluna böyük diqqət ayrılır. Yeni idman qurğuları, stadionlar inşa edilir. Hər şey uşaq futbolu üçün nəzərdə tutulub. 17 yaşlılar arasında beynəlxalq “Xəzər” kuboku keçirdik və turnirin ənənəvi xarakter alacağını bəyan etdik. Görülən işlərin hamısı gələcəyə hesablanıb.
- Azərbaycan futbolunun tarixini necə xatırlayırsınız?
- Çox böyük futbolçularımız olub. Azərbaycan torpağında əsl ulduz futbolçular top qovub. 50-ci illərdə Ələkbər Məmmədov, Yuri Kuznesov, Çingiz İsmayılov və digərləri kimi ustalar azarkeşlərin sevimlisinə çevrilib. Sonrakı dövrdə Banişevski, Sergey Kramarenko, Semiqlazov, Adil Babayev, Valeri Hajıyev, Mübariz Zeynalov, Vitali Şevçenko, Rafiq Əlizadə futbolumuzun inkişafında böyük rol oynayıblar. Təşkilatçılıq baxımından Şövkət Orduxanovun adını çəkməliyəm. Böyük tibb işçisi, həkim və gözəl insan Kamal Axundovu da yada salmaq vacibdir. Məşqçi işlədiyim dövrdə İsgəndər Cavadov, Maşallah Əhmədov, Şakir Qəribov, Səməd Qurbanov və başqaları adlarını tarixə yazıb.
- Sizcə, futbolumuzun tarixində ən böyük uğur hansıdır?
- Əlbəttə, 1966-ci ildə “Neftçi”nin SSRİ çempionatının bürünc medal qazanması. Həmin heyətdə oynadığım üçün demirəm, sadəcə, ən böyük uğur odur. Həmin il “Neftçi”nin ili oldu. Gözəl heyətimiz var idi; təsəvvür edin, heyətimizdə müxtəlif yığmalarda (yeniyetmə, gənclər və böyüklər) oynayan 9 futbolçu çıxış edirdi. Bu, heyətin gücünü göstərir. Əla mövsüm keçirdik və layiqli olaraq “bürünc” qazanlıq. Çətin idi və biz bacardıq.
- 100 yaşlı futbolumuzun ən yaxşı futbolçusu kimdir?
- Ən yaxşıları seçmək həmişə çətindir, amma əminliklə iki futbolçunun adını çəkə bilərəm - Ələkbər Məmmədov və Anatoli Banişevski.
- Həmin dövrdə «Neftçi»də «qızıl» üçlük var idi; Markarov, Banişevski və Tuayev triosunun sirri nədə idi?
- Çox güjlü trio idi. “Lokomotiv” cəmiyyətindən bir-birimizi tanıyırdıq. Markarovla bir çarpayını bölüşdüyümüz günlər olub. Uşaq yaşlarından bir yerdə oynamışıq, ona görə gözübağlı başa düşürdük oyunu. Banişevski də bizimlə birgə əla trio yaratdı.
- «Neftçi»nin 1966-cı ildəki uğurunun sirri nə ilə bağlı idi?
- 5 il biz bu uğura hazırlaşırdıq. Həmin il gümüş medal da qazana bilərdik. “Neftçi” o qədər güclü idi ki, 1965-ci ildə də mükafatçılar sırasına düşmək mümkün idi. Əsl komanda idik. Kollektivdə döyüşkən ruh var idi; sanki hamı qələbə haqqında düşünürdü. Bir yumruq kimi birləşmişdik.
- Azərbaycan futbolunun qızıl heyətini sadalaya bilərsiniz?
- Siz məndən ən yaxşı 11 oyunçunun - yəni start heyəti soruşursunuz. Qorxuram, kimisə unudaram. Hər mövqedə ən yaxşının adını çəkə bilərəm - Sergey Kramarenko, Valeri Hacıyev, Ələkbər Məmmədov və Anatoli Banişevski ən yaxşılar idilər. Kramarenko qapıçı, Hacıyev müdafiə kimi “1 nömrə” idilər.
- Futbolumuz kənardan necə görünür?
- Heç vaxt futboldan kənar olmamışam. Karyeramı başa vurandan sonra məşqçiliyə başladım. Hazırda AFFA İcraiyyə Komitəsinin üzvüyəm. Son illər görülən işləri yüksək qiymətləndirmək lazımdır. Əvvəlki illərdə nəticə istəyirdik. İndi isə iş görürük. Çünki nəticəni əsaslandıran baza olmalıdır. Dövlət başçısı İlham Əliyev futbolun inkişafına dair Dövlət Proqramı imzalayıb. Son görüşdə də konkret vəzifələr barədə danışdı. 2005-15-ci illəri əhatələyən proqrama bütün məsələlərlə bağlı müddəalar daxil edilib. Əsas uşaq futboludur. Çünki uşaqlar gələcək komandaların əsasını təşkil edəcək. AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov, eləcə də gənclər və idman naziri Azad Rəhimov bu sahədə çox iş görür. Bilirsiniz, futbol istedad tələb edir, yoxsa özünü parlaq şəkildə göstərmir. Görün, nə qədər müğənni var, Müslüm Maqomayev və ya Rəşid Behbudov isə yoxdur. Onları yetişdirmək lazımdır. Futbolda da belədir. Əvvəlki illərdəki adlara bənzər oyunçularımız yoxdur.
- Dövlətin dəstəyinə rəğmən, müasir Azərbaycan futbolu bizi sevindirmir. Sizcə, nə vaxt millidən uğur gözləmək olar?
- Azərbaycan millisi hərdən elə oynayır ki, hamımız təəccüblənirik; məsələn, Türkiyə ilə oyundan ləzzət aldım. Komanda əzmkar və mübarizlik nümayiş etdirdi. Hər mövqedə sona qədər mübarizə apardı. Almaniya ilə oyunun 2-ci hissəsində yaxşı təsir bağışladıq. Sonradan məşqçinin səhvləri oldu. İrəli atıldılar və heç nədən qol buraxdılar. Komanda kobud səhvlər buraxdı. Fikrimcə, tezliklə uğurumuz olacaq. 5-6 ildən sonra yığmamızdan Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmağı tələb edə bilərik. Sonradan dünya çempionatı barədə düşünmək olar. Futbolda uğur üçün vaxt lazımdır. Yaxın gələcəkdə milli qitə birinciliyində iştirak üçün mübarizə apara bilərik.
MƏSLƏHƏT GÖR: