
TURİST KİMİ GƏLDİ, YERLİ KİMİ GETDİ
Eksklüziv: Andrey Arşavin «Arsenal»ın Azərbaycanda təlim keçməsini təşkil etməyə hazırdır
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Sidneydə asqıran şəxsə Nyu-Yorkdan «sağlam ol» deyə bilirlərsə, yüksək texnologiyaların inkişaf etdiyi hazırkı dövrümüzü nə iləsə təəccübləndirmək çətindir. Dünya mobil smartfonun ekranına yerləşəcək qədər kiçilib.
Hazırkı dünyanın bu xüsusiyyətini Londonun «Arsenal» klubu və Rusiya yığmasının futbolçusu Andrey Arşavin Bakıda keçirdiyi tətil zamanı öz üzərində hiss etdi. “Dumanlı Albion”dan Xəzər sahillərinə gəlmiş futbol ulduzu cəmi 2 saatda çimərliyin, həmçinin, ətrafın əsas ulduzuna çevrildi. Futbolçunun fanatlarının onunla çəkdirdikləri şəkillər qısa müddətdən sonra sosial şəbəkələrdə yerləşdirildi. «Arşavin Bakıdadır!» xəbəri Azərbaycan paytaxtına daha sürətlə yayıldı, nəinki azərbaycanlı kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə aid filmdəki klassik «Mixaylo şəhərdədir!» xəbəri.
Andrey və xanımı Yuliya günəş vannası və dəniz suyunda dincəlib hovuza qayıdanadək 20-30 nəfər ondan foto və avtoqraf əldə etməyə macal tapdı. Arşavin heç kimi özündən incik salmırdı.
«Mənim prinsipim belədir: ya hamıya imtina, ya da heç kimə», - deyə Arşavin bildirib. Bu vaxt artıq Azərbaycan internetində Arşavinin Abşeron çimərliyindəki şəkilləri bir-birini əvəzləyirdi.
İki il əvvəl CAR-da keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya Almaniyaya məğlub olduqdan sonra, onun mundiala qrup lideri kimi getmək şansı qalmamışdı. Bu üzdən də qrupun Azərbaycanla keçiriləcək son oyunu ruslar üçün turnir baxımından əhəmiyyət daşımırdı. Elə o vaxt Rusiya millisinin kapitanı komandası üçün oktyabrda Bakıya yollanmağın onlar üçün yalnız turist səfəri olduğunu söyləmişdi. O zaman çoxları bunu Azərbaycan millisi üçün saymazlıq kimi qiymətləndirmişdi. Arşavin isə bu sözlərdə təhqiramiz heç nəyin olmadığını bildirir. Bu, yalnız çempionata getmək şansını əldən verdiyinə görə, özü-özündən inciməyin göstəricisi idi. Vəssalam.
İndi isə Arşavin Bakıya, həqiqətən, turist qismində qonaq gəlib. Səfər futboldan tam kənar, Heydər Əliyev Fondunun dəvəti ilə baş tutub. Bu səfər zamanı onun ilk dəfə 2 il əvvəl futbolçu kimi gəldiyi ölkəni daha yaxından tanımaq imkanı var idi.
- Ozamankı səfəri ölkə ilə əsl tanışlıq saymaq olmaz. O zaman nələri gördüm? Yalnız aeroportdan mehmanxanaya aparan yolu, meydançanı, məşq, oyun və yenə də mehmanxanadan aeroporta aparan yolu. İndi isə şəhərə daha yaxından, ən kiçik detallara belə, nəzər salmaq imkanım var. Bakı çox gözəl şəhərdir. Şübhəsiz, onun öz siması var; amma mən burada Dubayla oxşarlıq da görürəm. Bu oxşarlıq tikinti işləri və göydələnlərdədir. Londona bənzərlik isə burada qədim memarlığa son dərəcə həssaslıqla yanaşılmasındadır. Bakı, müəyyən mənada, Barselonaya da bənzəyir.
- Ən çox yadda qalan nə oldu?
- Məni xanımımla Bakıya dəvət etmiş dostlarım bizə növbəti hədiyyəni etdilər - əsl Azərbaycan toyuna dəvət. Orada həyatımda ilk dəfə Azərbaycan rəqsi oynadım. Qeyri-adi təcrübə və yaddan çıxmayacaq məqam. Ümumilikdə, səfərim etnoqrafik kəşflərlə zəngin oldu. Axı biz Yuliya ilə yalnız Bakıda dincəlməmişik. Bir gün Qafqaz Albaniyasının qədim paytaxtı olmuş Qəbələyə baş çəkdik. Gözəl göl mənzərəsi və şəlaləni görmək əladır. Amma xanımımın ən çox yadında qalan yerli sakinlərin köməkyi ilə, öz əlləri ilə təndirə çörək yapması oldu. O, səfərə çıxdığımız ölkələrin tarixini, mədəniyyətini öz əlləri ilə hiss etməyi çox sevir. Qala kəndində, açıq səma altındakı möhtəşəm muzeydə Yuliya taxta cəhrənin ipindən tutub çalxaladı, qədim dulusçuluq emalatxanasında səhəng düzəltməyə cəhd elədi. Bunları unutmaq mümkün deyil. Ümumiyyətlə, Qala kəndini çox bəyəndim. Ərazi qeyri-adi etnoqrafik muzeydir və buraya gələn turistləri mütləq Qalaya aparmaq lazımdır, qoy Azərbaycanı məhz belə görüb tanısınlar. Bu həm də hər kəsin özünü qədim kəndli kimi hiss edə biləcəyi möhtəşəm attraksiondur. Gid də mükəmməl idi! O öz işinin fanatıdır.
Bakı səfərinin ən parlaq məqamlarını xatırlayan Andrey o qədər maraqlı danışırdı ki, özündən asılı olmayaraq, əsl cənublular kimi əl-qol oynadırdı. Söhbətin əvvəlində otelin alt mərtəbəsindəki böyük və yumşaq kresloda əyləşmiş Andrey, sona yaxın artıq ayaqları ilə kresloya dırmaşmışdı. Qlamurluq və ya həmsöhbətə qarşı hansısa yekəxanalıq yox idi. Arşavin istənilən mövzuda danışmağa hazırdır və bu zaman əsl ulduzlara xas şəkildə zarafatlarından da qalmırdı.
- Bizə «Eurovision»un keçirilməsi üçün tikilməsi nəzərdə tutulan meydanın layihəsi haqda danışdılar. Nə demək olar, möhtəşəmdir! Əsas bilirsiniz nədir? Əminəm ki, Azərbaycan bu iddialı planın öhdəsindən gələcək. Azərbaycan bəlkə də belə miqyaslı işlərin öhdəsindən gələ biləcək azsaylı dövlətlərdəndir. Bakıya gəlməmişdən müsabiqənin Tofiq Bəhramov adına stadionda keçirilməsi ideyasının olduğunu da eşitmişdim. Məncə, bu doğru deyil. Hər halda, bu stadion bir qədər köhnədir. Məndən olsa, onu söküb yerində sıfırdan müasir stadion tikərdim. İnanın, bu stadionda futbol oynamışam və anlayıram ki, onu yalnız daxildən yox, həm də xaricdən müasirləşdirmək lazımdır. Hiss edirəm ki, Azərbaycanın Avropa və Rusiya klublarının mövsümöncəsi təlimlər keçirməsi üçün hazırda Türkiyə, İsrail, Çin, Malayziyada olduğu kimi, cəlbedici arenalar yaratmaq imkanları var. İnfrastruktur artıq mövcuddur. Qalır stadionlar tikmək, bazalar qurmaq; məsələn, arsenallı Toni Adamsın baş məşqçilik etdiyi Qəbələdə gördüyüm kimi. Bu olsa, şəxsən «Arsenal»ın yaxındakı təlim-məşq toplantısını uzaq Çində deyil, yaxın və artıq mənimçün doğma olan Azərbaycanda keçirməsinə çalışaram.
- Azərbaycanda idmana, xüsusilə futbola böyük həcmdə vəsait xərclənir. Futbolumuzun keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi üçün nə etmək lazımdır?
- İlk növbədə anlamaq lazımdır ki, uğur birdən-birə gəlmir. Bunun üçün çox işləmək lazımdır. Fikrimcə, siz uşaq futbolunu inkişaf etdirməlisiniz. Uşaqlara və gənclərə böyük diqqət ayrılmalıdır. Ölkədə çoxlu stadion da olmalıdır. Uşaqlar səviyyələrini artırmaq üçün yaxşı meydançalarda məşq etməlidirlər. Yaxşı uşaq məşqçiləri işə cəlb olunmalıdır.
- Azərbaycanla Rusiya arasında 1:1 hesabı ilə bitən matçı xatırlayırsınızmı? Azərbaycan yığması haqda nə deyə bilərsiniz?
- Sizin döyüşkən komandanız var. Azərbaycan yığması doğma tribunalar önündə bizi məğlub etmək istəyirdi. Amma sizinçün təəssüfləndirici olsa da, biz Bakıdan heç-heçə ilə dönə bildik. Futbolçulardan Vaqif Cavadov (cavab qolunun müəllifi - red.) yadımda qalıb.
- «Arsenal»dan geri - «Zenit»ə döndərilmənizə dair nə deyə bilərsiniz?
- Bu, sadəcə şayiədir.
- Nə vaxtsa Azərbaycana gəlməniz, yaxud karyeranızı burada bitirməniz mümkündürmü?
- Hələ ki bu haqda düşünmürəm. Karyeramı bitirmək haqda vaxtı gələndə düşünəcəyəm. Hələ ki bunun vaxtı çatmayıb. Bu haqda düşünmək istəmirəm.
- Bakıda ən xoşunuza gələn nə oldu?..
- Şəhəri çox bəyəndim. Çimərlikdə qaraldım, milli mətbəxi daddım. Bir sözlə, Bakıda əsl azərbaycanlı qonaqpərvərliyinin nə olduğunu gördüm.
- Demək, istirahətinizdən razı qaldınız?
- Azərbaycan haqqında çox şey öyrəndim. Əvvəllər ölkənizdən söhbət gedərkən kifayət qədər informasiyaya malik deyildim. İndi isə bilirəm ki, Azərbaycanda insanlar hər kəsə kömək etməyə hazırdırlar. Bu çox qonaqpərvər xalqdır. Gözəl şəhərinizi gördüm, tarixinizi öyrəndim. Səfər səmərəli keçdi. Əlbəttə ki, həm də dincəldim. Bəlkə də bura yenə qayıdacağam.
MƏSLƏHƏT GÖR: