
BU MUSİQİ ƏBƏDİDİR
Ələkbər Tağıyevin mahnılarını yalnız Azərbaycan deyil, Rusiya, Türkiyə və Moldova müğənnilərinin də ifa etmələri təsadüfi ola bilməz
Müəllif: Natali ALEKSANDROVA Bakı
Bəstəkar Ələkbər Tağıyevi Azərbaycanın xalq bəstəkarı adlandırsaq, yanılmarıq. Onun hər mahnısı kiçik bir sevgi nağılıdır - qadına, Vətənə, insanlara sevgi dastanı… Bu mahnılara heç kim laqeyd qala bilmir, çünki musiqisi qəlbləri titrədir, ürəklərdə çağlayan sevinc, kədər və heyrət hissləri oyadır. Bu duyğu selinin çalarları dəyişə bilər, amma hər dəfə musiqi dayanandan sonra anlayırsan ki, başdan-ayağa qürura bələnmisən. Çünki Vətənimizin bir zərrəciyi kimi sən də bu fantastik musiqiyə dəxlin olduğunu anlayırsan. Nə qədər bizimki və doğma olduğunu da bütünlüklə anlayırsan.
Bu cür yaradıcılıq yalnız Tanrıdan vergisi olanların qismətinə düşüb… Və o, həmişə aramızdadır. Onun xatirəsi qəlblərdə yuva qurub və əbədi olaraq yaşayır. Ələkbər Tağıyevin qəlbinin nə qədər təmiz və xeyirxah olduğu onun mahnılarında özünü göstərir. Bəstəkarın oğlu Xaliq Tağıyevin dediyinə görə, onun romantik varlığı həm də sərt prinsipləri və həyata ahəngdar baxışları üzərində qurulubmuş.
Ümumxalq sevgisinə və mahnılarının tükənməz populyarlığına baxmayaraq, Ələkbər Tağıyev haqqında məlumatlar yetərincə azdır. Hətta möhtəşəm internet belə onun həyatı, ölümü və yazdığı mahnıların sayı barədə yalnız bir neçə sətir ümumi məlumat verməklə kifayətlənir. Oğlu bunu Ələkbər müəllimin həddindən ciddi olması, mahnılarının xalqın sərvətinə çevrilməsiylə qürur duysaı ilə izah edir. «Mənim mahnılarım insanların qəlbinə yatırsa və onlar üçün doğmadırsa, deməli, həyatımın əsas məqsədinə çatmışam», - deyə bəstəkar vurğulayırmış.
Tale, yoxsa Tanrı vergisi?
Ələkbər Tağıyevin böyüdüyü ailə böyük, yoxsul, amma çox mehriban olub. Altı bacı və qardaşın içində Ələkbər ən kiçiyi imiş. Valideynlərinə yardım etmək üçün 14 yaşlı Ələkbər işə düzəlmək naminə özünü 16 yaşlı kimi qələmə verməyə çalışır. Beləliklə, sənədində doğum tarixini 1924-cü ildən 1922-ci ilə düzəldir və məhkəmə iclaslarının katibi işləməyə başlayır. Amma o hələ uşaq yaşlarından musiqisiz yaşaya bilmirmiş. Buna baxmayaraq, ondan və ailəsindən ötrü çox ağır olan həmin illərdə gözəl və yüksək amallar barədə düşünə bilməzdi, yalnız yaşamaq uğrunda mübarizə aparmaq lazım idi.
Özünü tam işə vermiş Ələkbər «karyera inkişafı”na da macal tapıb, Ümumittifaq Qiyabi Hüquq İnstitutuna daxil olub və oranı bitirdikdən sonra, Göyçayda müstəntiq işləməyə başlayıb.
Ələkbər Tağıyevin prokuroqluq orqanlarında ümumi iş stajı 30 il təşkil edib! Çox sayda cinayətlərin üstünü açıb. Amma tale Ələkbərin bəstəkar olmasını istəyirmiş. Dərhal olmasa da, sirli və kədərli hadisələrdən sonra bu olacaqmış.
Ələkbər Tağıyev erkən evlənib - bu onun bir ömür sürəcək sevgisi imiş, gənc aşiq bunu hiss edirmiş. Qızın ailəsinin razılığını alandan sonra onlara yeganə çıxış yolunun «qızı qaçırmaq» olduğunu bildirib, çünki Robert Bernsdə olduğu kimi, «yoxsulluq və sevgi» onu tora salmışdı. O isə taleyə boyun əymədən öz xoşbəxtliyi uğrunda mübarizə aparmaq qərarına gəlmişdi.
Yanılmadı da… Çünki yoxsulluq və bədbəxtliklərdən keçərkən, ailəsi ondan ötrü ən işıqlı bir sığınacaq olaraq qalıb. Ələkbər dəfələrlə etiraf edib ki, yalnız həyat yoldaşının sevgisi və dəstəyi hesabına olanlara əyilməyib. Həyat isə gənc aşiqlər üçün ilk çağlar yetərincə sərt keçib. İlk iki oğlunun ölümü Ələkbər üçün ağır zərbə olub. O, Tanrının hansı səbəbdən onu bu cür cəzalandırmasının səbəbini anlaya bilmirmiş, çox acı çəkirmiş. Sonradan xanımı ona qız övladları bəxş edəndə onlara oğlan adlarına bənzər adlar verib - Akifə və Arifə. Ələkbərin oğlunun dərdinə dərindən yanan anası çox müdrik qadın imiş. Məhz o, Ələkbəri əmin edib ki, bütün həyatda olanlar Allahın iradəsi ilə baş verir və oğlunun qəlbinin təskinlik tapması üçün onu müqəddəs yerlərdən birinə aparır.
Və burada doğrudan da möcüzə baş verir: Ələkbər yavaş-yavaş özünə gəlir. Özü də müqəddəs yeri ziyarət edən zaman tamamilə naməlum bir qadın ona xoş xəbər verir - tezliklə oğlu olacağını, onun doğuluşu ilə ailənin həyatının köklü şəkildə yaxşılığa doğru dəyişəcəyini deyir.
Belə də olur. Tezliklə Tağıyevlər ailəsində Xaliq adlı bir oğlan doğulur. Ən maraqlısı isə, oğlanın doğulmasından sonra Ələkbərdə mahnı yazmaq istedadı oyanır. O, bu hadisədən o qədər xoşbəxt olur ki, ondan sonra həmişə musiqi yazırmış. İlhamının ona «pıçıldadığı» musiqini not sətirlərinə yazmağa macal tapmayan zaman, onu sadəcə maqnitofona oxuyurmuş və evə dönəndən sonra notlara köçürərək aranjmanla məşğul olurmuş. Ələkbər Tağıyevin yazdığı ilk mahnı ailəsi ilə dincəldiyi Göygöldə belə şəraitdə yaranıb. Bu elə yarandığı andan populyarlaşmış «Qonşu qız» olur; mahnı tezliklə Zeynəb Xanlarova tərəfindən efirdə səsləndirilir.
Ələkbərin həqiqətən yaxşı adamlar sarıdan bəxti gətirmişdi; onun dostu, tanınmış musiqiçi Akif Bakıxanov mahnını Zeynəb xanıma göstərir. Sonra da dostunu mahnılarının başqa potensial ifaçıları ilə tanış edir...
Mis borular
Dostu Akif Bakıxanovun əli düşərli olur və Ələkbər Tağıyev Zeynəb Xanlarova, Nisə Qasımova, Məmmədbağır Bağırzadə, Kəmalə Rəhimli ilə işləməyə başlayır. Özü də onun musiqiçilərlə əməkdaşlığı yalnız onlara musiqi bağışlaması ilə bitmirmiş.
Ələkbər Tağıyev gördüyü hər işə ürəkdən qoşulurmuş. Buna görə də o, müğənnilər üçün hər şey - indiki dillə desək, həm prodüser, həm menecer, həm də sponsor imiş. Təəssüf ki, o vaxt belə peşələr yox idi, amma Ələkbər Tağıyev qazanc və şöhrət naminə bunu etmirmiş, o, sadəcə, başqa cür yaşaya bilmirmiş. Yalnız mahnılarına deyil, həm də onların hər birinin ifaçısı ilə işə ürəyini qoyurmuş. O, ifa tərzindən jestlərə, yarım tonlardan vurğulara qədər hər şeyi ifaçılarla işləyərək, onları xalq müğənnisinə çevirirmiş. Getdikcə Ələkbər Tağıyevin mahnıları daha da populyarlaşır, onları Rəşid Behbudov, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, İslam Rzayev, Flora Kərimova oxumağa başlayır.
Maraqlıdır ki, Ələkbər Tağıyevin çox mahnıları hələ sağlığında «xalq mahnısı”na çevrilib, özü də sözün bütün çalarlarında - tez-tez onları müəllifin adını çəkmədən ifa edirmişlər. Müəllif özü buna fəlsəfi yanaşırmış və bunu da Allahın iradəsi sayırmış. Həm də sözsüz ki, bu cür nadir «anonimlik”in» obyektiv səbəbləri də var idi. Ələkbər Tağıyevin musiqi təhsil olmayıb deyə, onu Azərbaycan Bəstəkarlar İttifaqına götürməyiblər. Onun əsərləri ilə bir qədər ehtiyatlı davranılması da bundan qaynaqlanırdı. O, əgər bədii şuraya beş-altı kompozisiya təqdim edirdisə, ən yaxşı halda, onun yalnız ikisinə Ələkbər Tağıyevin adını verirdilər. Bu cür ədalətsizliyə maestro Niyazi və bəstəkar Tofiq Quliyev dözə bilməyib, onlar Ələkbər Tağıyevə çox hörmət edirmişlər və dəstəkləyirmişlər. Məhz onların səyləri nəticəsində bəstəkar Ələkbər Tağıyevi SSRİ Musiqi Fonduna götürüblər və bununla da onu peşəkar bəstəkar sayıblar.
Həyatın qaydası
Bu gün üçün ən maraqlısı və heyrətləndiricisi odur ki, şöhrət işıqları Ələkbər Tağıyevi kor etməyib və hər şey tərsinə dəyişib. O, həyatının son günlərinə qədər ailəsinə bağlı olub, xanımını sanki müqəddəs sayırmış, həmişə deyirmiş ki, o məhz ailəsinin hesabına uğur qazana bilib.
Özü də həmişə bu ailənin bir sözü hamı üçün qanun sayılan başçısı olub. O, heç zaman yoldaşına, uşaqlarına səsini qaldırmayıb, onun təkcə baxışları kifayət imiş ki, yoldaşı da, uşaqları da narazı olduğunu anlasınlar. İşinin gərgin olmasına baxmayaraq, Ələkbər Tağıyev həmişə ailəsi üçün vaxt tapırmış. Hər yay arvadı və uşaqları ilə birlikdə Azərbaycandan kənara çıxırmışlar. Tağıyevlər tez-tez yollarını Batumidən başlayırmışlar; sonra böyük SSRİ-ni səyahətə çıxırmışlar.
Bəstəkarın yaxınları və dostları onun həddindən həssas olduğunu söyləyirlər. Ələkbər Tağıyevin həyata baxışları və prinsipləri sadəcə heyranlıq doğurur. O, həmişə deyirmiş ki, «Gerçək mədəni insan heç zaman xırdalıqlara fikir verməz, onun əsas işi xalq üçün işləməkdir». Ələkbər Tağıyev pulu «insan taleyinin indikatoru» adlandırırmış, amma həm də qeyd edirmiş ki, bu «mənfur metal» özbaşına heç kimi nə korlaya bilər, nə də yaxşı adama çevrirər.
Amma pul insanı hər şeydən yaxşı sınaya bilər. Məhz bu səbəbdəndir ki, bəziləri varlanaraq əclafa çevrilirlər, bəziləri də yaxşı işlər görərək, xeyirxahların sırasına qarışırlar.
Özü yetərincə imkanlı adam olan Ələkbər Tağıyev bir gün də öz uşaqlığını unutmayıb, uşaqlarında sadə zəhmət insanlarına hörmət hissləri tərbiyə edib. O, tez-tez Neft Daşlarına gedirmiş; birincisi, istəyirmiş ki, neftçilərin rastlaşdıqları çətinlikləri hiss etsin. İkincisi, dənizdən ilham alıb və onu sonradan «Xəzər oğlu» mahnısına köçürüb. Onun mahnılarının əksəriyyəti real hadisələrin təəssüratları əsasında yaranıb.
Uşaqlarını öyrədirmiş ki, onları tərifləyən və yaltaqlanan insanlardan uzaq dursunlar, səhvlərini deyən insanlara yaxınlaşsınlar, çünki yalnız sözün düzü səhvləri düzəltməyə yardım edə bilər. Amma onun özü insanlara sonsuz dözümlə yanaşırmış və Ezküperinin məşhur qaydasına riayət edirmiş: «Biz öyrətdiklərimizə görə cavabdehik». Düzdür, Ələkbər Tağıyev bu məşhur ifadəni bir qədər dəyişibmiş: «Əgər sən bir insanla çörək kəsibsənsə, qiymətini bil. Hətta iş elə gətirsə və o səni pis vəziyyətdə qoysa belə, onu bağışla. İkinci dəfə də yarıtmasa, yenə bağışla. Amma üçüncü dəfə yarıtmasa, sadəcə, uzaqlaş və mühakimə etmə. Çünki gerçək dəyərləri özü başa düşməyənə onları izah etməyə dəyməz».
Ələkbər Tağıyev yalnız depressiyaya qapılmış və həyatdan narazılıq edən kişiləri başa düşmürmüş (qadınlara isə çox şeyi bağışlayırmış). O deyirmiş: «Həyat işıq nişanı kimidir: hərdən təhlükə və çətinlik olanda dayanmaq olar. Amma bu da yalnız irəli necə getmək barədə düşünmək üçün olmalıdır. Və yaşıl işığa doğru getmək lazımdır». Və nəhayət, Ələkbər Tağıyevin 5 qaydası da olub: «utanma, aldatma, etibar etmə, təəssüf etmə və təəccüblənmə».
Yekun
Boş yerdən demirlər ki, gerçək istedalı insan bütün sahələrdə istedadlıdır. Ələkbər Tağıyev gözəl hüquqşünas, istedadlı bəstəkar və böyük qəlb sahibi olub. Bütün həyatıboyu Ələkbər Tağıyev Vətənin layiqli oğlu olmağa çalışıb. Buna nail da olub. Mahnıları indi Azərbaycan sərhədlərindən kənarda çox məşhurdur: «Arzu qızım», «Sənə qurban», «İstəyirəm görəm səni»… Onun «Sən gəlməz oldun» mahnısı və bir çox digər mahnıları başqalarının həsədinə və məhkəmə çəkişmələrinə də səbəb olub, onlara sahib çıxmaq istəyənlər təkcə ermənilər deyil…
Ələkbər Tağıyevin gözəl və savadlı hüquqşünas olması onun bütün kompozisiyalarına müəllif hüquqlarının müdafiəsi üzrə məhkəmə işlərini udmağa kömək edib. Ələkbər Tağıyevin yaradıcılığına bu gün də qayıdırlar. Təsadüfi deyil ki, onun mahnılarını yeni aranjmanlarda yalnız Azərbaycan deyil, həm də Rusiya, Türkiyə və Moldova müğənniləri ifa edirlər. Biz əminik ki, onun musiqisi əbədidir.
MƏSLƏHƏT GÖR: