Müəllif: Arif HÜSEYNOV BAKI
Bakıda görkəmli serb alimi Nikola Teslanın heykəli ucaldılacaq. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində Belqradıın mərkəzindəki Taşmaydan parkının açılışında bəyan edib. Ulu öndər Heydər Əliyevin də abidəsinin ucaldıldığı bu parkın açılış mərasimində ölkəmizin başçısı, Bakı şəhər meriyasının paytaxt parklarının birində Nikola Teslanın abidəsinin ucaldılması haqqında qərar verdiyini bildirib və həmin qərarın surətini serb tərəfinə təqdim edib: «Bu tarixi gündə Bakı şəhər meriyasının Nikola Teslanın abidəsinin ucaldılması haqqında verdiyi qərarın surətini sizə təqdim etmək istəyirəm». Mərasimdə Serbiya prezidenti Boris Tadiç də iştirak edib.
Bəs zəkası öz zamanını qabaqlamış alim - Nikola Tesla kim idi?Haqqında söhbət açacağımız şəxsin adı çəkiləndə elektrotexnika və radiotexnika sahəsində ixtiraları, beynəlxalq maqnit induksiyası vahidi xatırlanır. XX əsr energetikasının onun kəşfləri sayəsində meydana gəldiyini öyrənirik.
Nikola Tesla dəyişən cərəyan, enerjinin naqilsiz ötürülməsi problemlərini həll edib, ilk elektrik saatlarını, turbini, günəş enerjisi ilə işləyən mühərriki ərsəyə gətirib. Tesla bir neçə onilliklər bütün Kainat enercisinin problemi üzərində işləyib. Biləndə ki, onun kəşflərindən bütün bəşəriyyətin geniş istifadə etməsinə baxmayaraq, adı və əməlləri az qala unudulub, böyük alimin barəsində yol verilmiş ədalətsizlikdən əndişələnirsən.
Nikola Tesla 9 iyul 1856-cı ildə Xorvatiyanın kiçik dağ kəndində doğulub. Atası Milutin Tesla pravoslav serb keşişi, anası Georgina əsil-nəcabətli Midiç ailəsinin qızı idi. Milutin Tesla hörmətli və savadlı adam kimi tanınırdı. Onun evində çox sayda kitab, o cümlədən, təbiət elmlərinə dair böyük həcmli qalın dərsliklər var idi. Nikola 8 yaşına çatanadək zəif və qətiyyətsiz uşaq idi. İstədiyi hər hansı məsələnin həllinə girişməsi üçün nə qüvvəsi, nə də cəsarəti çatırdı. O, heç bir səbəb olmadan ya şənlənir, ya da qəmlənirdi. Bədən ağrısı və ölüm haqqında düşüncələri özündən kənarlaşdıra bilmirdi. Onda güclü Allah xofu vardı. Gecələr gözünə görünən əcinnələrdən, adamyeyən nəhənglərdən qorxurdu. Onları qovmaq təşəbbüsləri isə heç bir nəticə vermirdi. Nikolada kitaba aludəçilik də vardı. Atası onun bu məşğuliyyətinin qarşısını almağa çalışırdı. Qorxurdu ki, oğlunun gözlərinə xələl gələ bilər. Nikola isə öz inadından əl çəkmirdi. Gecələr hamı yatandan sonra, atasının kitablarını oxuya bilməsi üçün donuz piyindən uzun-uzun şamlar düzəltmişdi. Elə həmin dövrdə Nikola özündə qəribəliklər hiss etməyə başlamışdı.Bir dəfə Tesla hava qaralan zaman evlərinin artırmasında oturub sıxtüklü qara pişiyini tumarlayırdı. Onun diqqətini pişiyin tükü ilə özünün barmaqları arasında əmələ gələn xırda qığılcımların ətrafa işıq saçması çəkdi. Uşaq bu hadisədən təəccüblənərək, atasından qığılcım yaranmasının səbəbini soruşdu. Atası «Bunun səbəbini dəqiq bilmirəm, mənə elə gəlir ki, bu, ildırımın daxilindəki qüvvədir», - dedi. Onyaşlı Nikolanı atasının bu cavabı heyrətə saldı. Beləliklə, oğlanda sirli elektrik qüvvəsinə maraq yarandı. Fikirləşdi ki, görəsən, elektrik qüvvəsini cəmiyyətin xeyrinə ram etmək olarmı? Amma keşiş ata oğlunun mühəndis olmasını istəmirdi; istəyirdi ki, oğlu da özü kimi keşiş olsun. Keşişi razı salmaq təşəbbüsləri heç bir nəticə vermirdi.
Gözlənilmədən Nikola ağır xəstələndi. Hansısa naməlum xəstəliyə düçar oldu. Həkimlər güman edirdilər ki, gənc Teslanı vəba tutub və sağalacağına da güman yoxdur. Bir dəfə özünə gələn Nikola çarpayısı başında əyləşmiş atasından onun mühəndis olmasına icazə verməsini istədi. Və dedi ki, atası onun bu arzusunu yerinə yetirsə, özü-öz xəstəliyini müalicə etmək iqtidarındadır. Ümidi hər tərəfdən üzülmüş ata keşişin razılıq verməkdən savayı çarəsi qalmadı. Bundan sonra möcüzə baş verdi. Nikola bir neçə gün ərzində sağaldı.
Tesla təhsilini başa vurana yaxın texniki məktəb yoldaşlarından həm kişi yaraşığı, həm də fiziki qüvvəsi ilə seçilirdi. Boyu 2 metrə yaxın idi, atlet görkəmi vardı. Bütün idman yarışlarında qalib gəlirdi, eyni zamanda, dərslərdən əla qiymətlər alırdı. Onda intuitiv riyaziyyat və fizika bilgilərii vardı.
Təsəvvüründə bir-birinin ardınca ilk ixtiralar canlanırdı. Onlardan ən önəmlisi dəyişən cərəyan generatoru idi. Həmin dövrün ən görkəmli fizikləri sabit cərəyanla işləməkdə olan motorlara üstünlük verirdilər. Tesla isə adi elektrik mühərriklərinə nisbətən çox sadə və çox effektiv motor icad edəcəyini bildirdi və icad etdi də. Lakin gəncin bu cəsarətinə də məhəl qoyulmadı. Heç kim 20 yaşlı mühəndisin öz ideyalarını həyata keçirməsi üçün vəsait ayırmaq istəmirdi. Bütün bunlar Teslanı ruhdan salmadı.
O, Parisdə məşhur Amerika ixtiraçısı Tomas Edisonun kontinental bürosunda çalışdığı zaman (1882-ci ildə) dəyişən cərəyan generatorunun işləyən modelini ərsəyə gətirmişdi. Lakin şirkət rəhbərliyi bunun müqabilində pul mükafatı verilməsi vədlərinə xilaf çıxmışdı. Bu da Teslanı mənən sındıra bilməmişdi. O, rus elektrotexnikləri A.N. Lodıginin, P. N. Yabloçkovun yeni eksperimentləri barədə yazılar verilən xarici texniki curnalları həvəslə oxuyurdu və Sankt-Peterburqa getmək qərarına gəlmişdi. Teslanın bu məramından xəbər tutan «Kontinental» şirkətinin inzibatçılarından Çarl Beçlor adlı birisi ona köməyə tələsmişdi. Teslanın istedadlı mühəndis olduğunu bilən bu xeyirxah şəxs Edisonun yaxın dostu idi. Beçlor gənci yanına çağırıb demişdi: «Razılaşın ki, sizin Peterburqa getmək niyyətiniz ağılsızlıqdır. Məgər sizin öz laboratoriyasında, az qala, məhv olacaq yazıq Yabloçkovun aqibətindən xəbəriniz yoxdur? Bütün dünyada məşhur olan bu ixtiraçı alim öz kəşfini təkmilləşdirmək üçün Parisə getmək məcburiyyətində qalmışdı. Siz isə Parisdən Peterburqa getmək fikrinə düşmüsünüz. Mən sizə kömək etmək istəyirəm. Amerikaya gedin. Edisona yazdığım məktubu ona çatdırın». Məktubda yazılmışdı: «Belə bir istedadın Rusiyaya getməsinə imkan vermək bağışlanmaz səhv olardı. Mister Edison, bilsəniz ki, bu gənci öz fikrindən döndərmək üçün bir neçə saatlıq qiymətli vaxtımı sərf etmişəm, məndən razı qalarsınız. İki böyük adam tanıyıram - onlardan biri siz, ikincisi isə bu cavan oğlandır».
Tesla olan-qalanını sataraq gəmiyə bilet alıb 1884-cü ildə həmin məktubla Amerikaya - Tomas Edisonun yanına yola düşdü. «İxtiraçıların kralı» adını qazanmış Tomas Alva Edison qonağı hörmətlə qarşılayaraq onu diqqətlə dinlədi. Edison Tesladan cəmi doqquz yaş böyük idi. Şöhrət zirvəsinə qalxmış bu ixtiraçı kömür mikrofonu, elektrik lampası, fonoqrafı, dinamomaşını sayəsində milyonçu olmuşdu. Lakin məşhur amerikalının bütün bu kəşfləri sabit cərəyana söykənirdi. Edison gözlərindən od tökülən naməlum serbin ona dəyişən cərəyan haqqında yürütdüyü mülahizələrə məətəl qalmışdı. Amma Tesladan həm də ehtiyat edirdi ki, birdən o, təhlükəli rəqibə də çevrilə bilər. Bununla belə, Teslaya öz kompaniyasında işləməyi təklif etdi. Tesla onun yanında işləməyə dərhal razılıq verdi. O, Edison üçün işləyə-işləyə özünün dəyişən cərəyan sistemini təkmilləşdirməyi də unutmadı və 1887-ci ildə ona patent aldı. Beləliklə, iki böyük ixtiraçı arasında «soyuq müharibə» başladı. Edison ürəyində Teslanı söyür, özünü «nanəcib serbi» işə götürdüyünə görə bərk danlayırdı. Hirsindən Teslanın generatorlarının lazımsızlığını bəyan edirdi. Bir dəfə Tesla Edisona dedi ki, onun bəyənmədiyi dəyişən cərəyan generatorları sisteminin böyük ixtiraçının müəssisələrində tətbiqinə icazə versin. Edison gözlənilmədən bu təklifə razı oldu və şərt qoydu ki, əgər Tesla onun zavodlarından birini öz üsulu ilə elektrikləşdirə bilsə, 50 min dollar mükafata layiq görüləcək. Özlüyündə belə qərara gəlmişdi ki, bu, baş tutan iş deyil. Tesla iyirmi dörd tip qurğu hazırlayandan sonra işə başladı. İqtisadi effekt gözlənildiyindən artıq oldu. Edison məəttəl qalsa da, sözünə naxələf çıxdı. 50 min dolları verməkdən imtina etdi.
Elə oldu ki, tanış maliyyəçi Ueyms Karmenin köməyi ilə 1888-ci ilin aprelində özünün «Tesla Elektrik Layt Kompanii» firmasını açdı. Həmin ilin mayında Amerikanın mühəndis-elektrikləri institutunda məruzə ilə çıxış etdi və öz ixtirasını iştirakçılara göstərdi. Teslanın bu çıxışı parovoz üçün hidravlik tormoz işləyib-hazırlamış milyonçu Vestinhauzun çox xoşuna gəldi. Vestinhauz Teslaya onun patentlərinə görə milyon dollar, üstəlik, müəllif qonorarı təklif etdi. Müqavilə bağlanandan sonra, «Vestinhauz Elektrik» şirkəti Niaqara şəlaləsində Teslanın ixtiraları əsasında su-elektrik stansiyasının inşasını həyata keçirdi.
Maliyyə müstəqilliyi əldə edən Tesla tədqiqatlarını genişləndirməyə başladı. Çikaqoda 1893-cü ildə nümayiş etdirilən Ümumdünya sərgisinin iştirakçıları Teslanın anlaşılmayan və qorxu yaradan tamaşalarına gözlərini bərəldərək baxırdılar. Tesla sakit dayanaraq bədənindən iki milyon yarım gərginlikdə elektrik cərəyanı buraxırdı. Əslində, bu eksperimentçi yanıb külə dönməli idi. Edison qəzetlərdə bildirirdi ki, yüksəktezlikli dəyişən cərəyan ona toxunan hər kəsi öldürə bilər. Tesla bu fikrin yanlış olduğunu sübut etmək üçün özünü yüksəktezlikli dəyişən cərəyana müqavimət kimi qoşaraq eksperiment aparır, sakit dayanaraq əlində tutduğu Edison lampalarının parlaq işığına tamaşa edirdi. Tam qaranlıqda Teslaya baxanlar onun bədəninin sarı-mavi alova büründüyünü görürdülər. Tesla bilirdi ki, öldürən amil gərginlik deyil, cərəyan şiddətidir, yüksəktezlikli cərəyan isə bədənin səthindən keçdiyinə görə zərər törətmir. Bu fokus həmin dövrdə möcüzə təsiri bağışlayırdı.
1895-ci ildə Vestinhauz dünyada ən böyük Niaqara su-elektrik stansiyasının işə salınmasına start verdi. Stansiyada Teslanın güclü generatorları işləyirdi. Həmin vaxtda ixtiraçı radio ilə idarəolunan teleavtomatlar hazırlamışdı. Tesla bir neçə kiçik qayığı məsafədən idarə edirdi. Adamlar bunu sehrbazlıq hesab edirdilər. Teslanın laboratoriyasında olanlar onun havada işıq saçan kürəvi ildırımlarla oyun çıxardığını görəndən sonra çox həyəcanlanmışdılar.
Tesla elektrik barədə hər şeyi bilirdi! O, xəstələrin yüksəktezlikli cərəyanla müalicə olunması, elektrik sobalarının, lüminessent lampaların, elektron mikrokoplarının meydana gəlməsi mümkünlüyünü qabaqcadan söyləmişdi. Nyu-Yorkun küçə və meydanları Teslanın konstruksiyası olan qövs lampaları ilə işıqlandırılırdı. Müəssisələrdə onun elektrik motorları, düzləndiriciləri, elektrik generatorları, transformatorları, yüksəktezlikli avadanlıqları işləyirdi. O, 1917-ci ildə sualtı qayıqları radio ilə aşkara çıxarmaq üçün qurğunun iş prinsipini təklif etmişdi. Tesla həyatının son aylarında 10 000 təyyarəni 400 km məsafədən məhv etməyə qadir «ölüm şüaları”nı kəşf etdiyini bildirirdi. O, süni idrak hazırlamağa çalışırdı, fikirlərin fotoşəklini almaq üzərində işləyirdi. Müharibədən qabaqkı illərdə ABŞ-ın hərbi-dəniz idarəsi üçün düşməni məhv etməkdən ötrü enerjinin naqilsiz ötürülməsi və rezonans silahı yaradılması üzrə məxfi layihələr reallaşdırmağa çalışırdı. O, zamanı idarə etmək təşəbbüsü də göstərirdi.
1931-ci ildə tamaşaçılara yeni fenomen nümayiş etdirən Tesla adi benzin avtomobilinin mühərrikini çıxartdırıb, yerinə elektromotor qoydu. Sonra da kapotun altına kiçik bir qutu bərkitdi. Korobkanın kənara çıxan iki qısa məftili vardı. O, sürücünün yerində əyləşdikdən sonra pedalı basan kimi maşın hərəkətə gəldi. Tesla bir həftə bu maşınla saatda 150 km sürətlə gedirdi. Maşında heç bir batareya, yaxud akkumulyatorun olmaması onun alim kolleqalarını son dərəcə təəccübləndirmişdi. Alimlərin «Enercini haradan alırsan?» sualını Tesla «Əhatəsində olduğumuz efirdən», - deyə cavablandırmışdı. Əgər o dövrün adamları Teslanın işini cin-şeytan əməli adlandırıb onu pərt etməsəydilər, indiki dövrdə biz daimi mühərrikli avtomobillərdə gəzə bilərdik. Lakin Tesla kütlənin belə bir münasibətindən hirslənərək, anlaşılmaz qutunu maşından çıxarıb öz laboratoriyasına aparmışdı. Həmin qutunun sirri indiyədək açılmayıb. Tesla onun layihələrinin məziyyətlərini anlamayanların acığına patentlərinin bir hissəsini satıb zəngin və müstəqil adam olmuşdu. Nyu-Yorkda öz laboratoriyasını yaradıb, elmi tədqiqatlarına diqqətini artırmışdı. Elektrotexnikadan başqa professional səviyyədə linqvistika ilə də məşğul olurdu, şeir yazırdı, musiqini və fəlsəfəni gözəl bilirdi, səkkiz dildə rəvan danışmağı bacarırdı.
Teslanın gündəliklərinin və əlyazmalarının əksər hissəsi naməlum səbəblərdən yoxa çıxıb. Bəlkə də Pentaqonun seyflərində saxlanılır və nə vaxtsa istifadəyə yararlı olacaq. Onun bioqraflarının gəldikləri qənaətə görə, həmin sənədləri bəlkə də Teslanın özü İkinci Dünya müharibəsinin başlanğıcında yandırıb ki, günahsız əhalinin qırılması imkanları heçə endirilsin. Bütün həyatını ancaq elmi axtarışlara həsr etmiş Nikola Tesla 1943-cü ildə «Nyu-Yorker» otelinin qonaq otağında dünyasını dəyişib. Onun ölümü ilə dünya zəkası öz dövrünü qabaqlamış olan böyük alimi itirib.
MƏSLƏHƏT GÖR: