24 Noyabr 2024

Bazar, 13:58

ÇİMƏRLİK ETİKETİ

Bakı çimərliklərində istirahət edənləri nə gözləyir?

Müəllif:

01.07.2011

Bir şey yaxşıdır ki, biz hamımız qraf Monte-Kristo kimiyik və mümkündür ki, bu yaxınlarda Almaniya sakinlərini yoluxdurmuş bağırsaq çöpləri bizə zərər yetirməsin, çünki hər yay biz müəyyən dozada bu infeksiya yoluxdurucularından onsuz da qəbul edirik və onlar ilboyu bizim üçün yetərli olur. Beləliklə, həyətdə istidir, yəni yaydır və ölkədən kənara çıxmağa vaxt, ya da pul tapmayan adamlar dənizə gedirlər - istirahət etmək, günəşdən qaralmaq, sərin suda yaxalanmaq və təzələnmək üçün. 

Həmişə olduğu kimi, çimərliksevərləri bu il də adi dövlət sahil zonasında elə də xoş mənzərə qarşılamır. Bakı çimərliklərində yazılmamış qanun var - əgər sahə çayxana və ya başqa müəssisə üçün çəpərlənməyibsə, deməli, ətrafdakı polietilen torbalar, boş butulkalar, günəş altında çürüyən meyvə qalıqları, siqaret kötükləri və insan fəaliyyətinin başqa məhsulları ilə razılaşmalı olacaqsınız. Onları istirahət edənlər qoyurlar və tökdükləri zibilləri yığışdırmırlar. Bəli, bu pisdir, həqiqətən də  mədəniyyət səviyyəsinin aşağı olması deməkdir, amma Bakı ictimai çimərliklərinin ümumi infrastrukturu orada  təmizliyə riayət etməyə imkan vermir. 

Adama elə gəlir ki, artıq insanlar çimərlik zibilinin təmizlənməsi üçün konteynerlərin və ya zibil qablarının olmamasından təəccüblənmirlər, Bakı çimərliklərində heç zaman kommunal xidmət işçilərinə rast gəlinməməsindən isə danışmağa dəyməz. 

Əgər şəhər daxilində müvafiq strukturlar, zibil yığılması işini birtəhər təşkil ediblərsə də zibilyığanların əlləri yenə də, çimərliklərə qədər çatmır. Özəl çimərliklər istisna olunmaqla, Bakı çimərliklərinin heç birində geyinib- soyunma otağı, pulsuz duşlar və ayaqyolular, başqa infrastrukturlar yoxdur, halbuki bunların hamısı Avropanın bələdiyyə çimərliklərində mövcuddur. 

Azərbaycanda bələdiyyələr olsa da, indiyə kimi ictimai çimərliklərin hansı strukturların tabeliyində olması və orada təmizliyə kimin nəzarət etməsi bəlli deyil. Bakı Şəhər İcra Hakimiyyətindən «Region plus»a bildirilib ki, Azərbaycanın hər bir çimərliyi bu və ya başqa bələdiyyəyə bağlıdır, deməli, bu ərazilərdə təmizliyi və intizamı yerli özünüidarə orqanları təmin etməlidir.

Öz növbəsində ərazisində daha populyar çimərliklər yerləşən  Bakı bələdiyyələrinin birindən bildiriblər ki, sahil zonasının təmizlənməsi üçün müəyyən vəsait lazımdır ki, o da Bakının əksər yerli özünüidarəetmə qurumlarında yoxdur. Bu qurumların gerçəkləşdirilməli layihələri əksər hallarda fəaliyyətsiz qalır. Belə halda, söhbət vergilərin yığılmasından gedir. Eyni zamanda bələdiyyədən bildiriblər ki, indiyə kimi Bakıda çimərliklərin ictimai bölgüsü olmayıb və bir çox rayon icra hakimiyyətləri çimərliklərin idarəsini yerli özünüidarə qurumlarına vermək istəmirlər; düşünürlər ki, çimərlik əraziləri yalnız onların səlahiyyətindədir. 

Amma istirəhət edənlərə çimərliyin hansı quruma bağlı olmasının heç bir dəxli yoxdur. Əsas məsələ təmizlikdir, həm də inandırıcı deyil ki, dəqiq inzibati bölgü olandan sonra çimərliklərin təmizliyi təmin ediləcək. Amma təəssüf ki, bizdən çox-çox uzaq olan İspaniyanın ictimai çimərlikləri də bələdiyyəyə bağlıdır. Amma buna baxmayaraq, hər axşam ispan çimərliklərini xüsusi maşınlar zibildən təmizləyir. Dənizi isə sudan zibilyığan katerlərlə təmizləyirlər. İspan çimərliklərində taxta döşəklər və çətirlər pulludur, hər birini 4 avrodan təklif edirlər, amma onları almaq vacib deyil, çünki sahilboyu dükanlardan hər şeyi çox ucuz qiymətə almaq mümkündür. Çimərliklərdə pulsuz duşlar və çox gözəl geyinib-soyunma otaqları var, heç kimin orada öz ehtiyacını ödəmək ağlına da gəlmir. 

Fransada isə sahil zolağı özəl mülkiyyət hüququ ilə məhdudlaşdırılıb. Dəniz dövlətə məxsusdur, dənizin sərhədi isə ən güclü dalğanın yetişdiyi görünməz xəttə qədər sayılır. Yəni hər yerdə çimmək və günəşdən qaralmaq mümkündür. Amma bununla belə lacivərd sahillərdə pullu çimərliklər var, amma onlar da yalnız klub və otellərə məxsus ola bilər. Pullu çimərlik dedikdə yalnız istirahət yeri - taxta döşəklər, günəş çətirləri, duşlar, tualetlər, saxlama kameraları, soyunub-geyinmə kabinələri, kafelər, barlar, restoranlar, su əyləncələri (skuterlər, qayıqlar və s.) nəzərdə tutulur. Pullu çimərliklərdə xidmətin qiyməti daha çox yerləşməsindən asılıdır. Pullu çimərliklər pulsuzlardan rəmzi hasarla ayrılır və bu hasarlar heç zaman dənizə qədər çəkilə bilməz. Şəhər çimərlikləri pulsuzdur, amma kabinələrdə, duşlar və tualetlərdə ideal təmizliyə riayət edilir. 

Yunanıstanda da bütün çimərliklər bələdiyyələrə tabedir. Niyə biz məhz Yunanıstandan söhbət saldıq? Çünki bu ölkə çimərliklərin təmizliyinə görə müxtəlif ölkələrə verilən mavi bayraqların sayına görə liderlik edir. Belə bayraq 387 yunan çimərliyinə verilib, yəni dünya üzrə bu nişana layiq görülmüş çimərliklərin 10%-i Yunanıstanın payına düşür. Bütünlükdə, reytinqdə  41 ölkədən 3 min 12 çimərlik bu bayrağa layiq görülüb. Çimərliklərin qiymətləndirilməsi və sertifikatlaşdırılması proqramının yaradıcısı və beynəlxalq əlaqələndiricisi «FEE» (Foundation for Environmental Education) fondunun saytında bildirilir ki, proqramı 63 ölkə dəstəkləyir.  Hər il suyun və qumun təmizliyi üzrə aparılan sınaqların nəticələrinə, həmçinin, sərbəst giriş, zibilin mütəmadi təmizlənməsi, müşahidə və xilasetmə xidməti, “təcili yardım”, duşların olması, ev heyvanlarının çimərliyə buraxılmasına qoyulan qadağa və avtonəqliyyatın hərəkətinin qadağan edilməsi parametrlərinə görə ən müxtəlif kurort zonalarına mavi bayraqlar verilir. Amma bizim buna çatmağımıza hələ çox var. 

Rəsmən Bakı çimərlikləri də pulsuz sayılır və paytaxt rəhbərliyi artıq bunu bəyan edib. Qurumdan bildiriblər ki, Bakı İcra Hakimiyyəti çimərlik ərazisinə girişə görə pul almaq istəyən qanunpozucularını aşkar etmək üçün mütəmadi reydlər keçirir. 

 «Bakının fəaliyyətdə olan dəniz çimərliklərinə giriş doğrudan da pulsuzdur. Müəyyən turizm zonalarına və dövlət əhəmiyyətli obyektlərə giriş qadağan edilə bilər, amma dəniz sahilində bütün çimərliklərə giriş pulsuzdur. Bu zaman çimərlik tərəfindən göstərilən bir sıra xidmətlərə - şezlonqlardan, çətirlərdən, soyunub-geyinmə kabinələrindən, duşlardan istifadəyə görə pul alına bilər. Çimərliyin ərazisinə girişə görə pul tutmaq qadağandır, belə hallar qanun pozuculuğu sayılır. İnzibati Xətalar Məcəlləsində bununla bağlı müəyyən cərimələr nəzərdə tutulub. Qabaqkı illərdə bu cür hallar aşkarlanıb və suçlulara qarşı inzibati cərimələr tətbiq edilib. Çimərlik mövsümünün başlanması ilə bu reydlər bərpa edilib», - deyə paytaxt administrasiyasından bildirirlər. 

Çimrəliklərdə təhlükəsizliklə bağlı hər şey qaydasındadır. Fövqəladə Hallar Nazirliyi (FHN) çimərlik mövsümünü tam hazırlıqla qarşılayıb.  FHN-in Sularda Dövlət Xilasetmə Xidmətinin rəisi Rauf Səlimov bildirib ki, FHN strukturuna 42 xilasetmə məntəqəsi, həmçinin, xilasetmə postları və axtarış qrupları aiddir. Onun 24-ü Bakıda və Abşeron yarımadasında yerləşir. Qalan 18-i isə su hövzələrinin kənarında yerləşən başqa rayonların payına düşür. Sularda xilasetmə katerləri və quruda “təcili yardım” lar hərəkət etməkdədir. Sularının gigiyenik göstəricilərinə görə qadağan edilmiş çimərliklərdə vaxt keçirməyə cəhd edənlər isə öz güclərinə arxalanmalıdırlar. Xilasedicilər bildirirlər ki, belə çimərliklərdə onlar xidmət göstərmirlər. 

Gigiyenik göstəricilərə və məşhur bağırsaq çöplərinə gəldikdə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları Abşeron yarımadasının çimərliklərindən götürülmüş dəniz suyu nümunələrinin araşdırılmasını başa çatdırıblar. Bu, hər il suyun temperaturunun +17 dərəcə Selsiyə çatdığı çimərlik mövsümündə, yəni may ayından oktyabrın 1-nə kimi olan müddətdə vəba və kəskin mədə-bağırsaq xəstəliklərinin profilaktikası məqsədi ilə edilir. 

Aparılmış monitorinqdən sonra bəlli olub ki, Bakı Şəhər Səbail rayonunun Şıx çimərliyində və Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərliyindən, həmçinin,  Sumqayıt çimərliklərindən istifadə qadağandır. Əvvəlki illərdə olduğu kimi, bu il də bu çimərliklərdə mikrobioloji çirklənmə  müşahidə edilib. Elə «Qraf Monte-Kristo»lar var ki, bu göstərişlərə əhəmiyyət verməyərək, buralarda çimməyə davam edirlər. 

Qalan çimərlik zonalarında, məsələn, Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran, Novxanı, Corat qəsəbələrinin çimərliklərində çimməyə icazə verilir. Mikrobioloji araşdırmalar əsasında müəyyən edilib ki, bu çimərliklərdə bağırsaq çöplərinin miqdarı yol verilən normanı ötmür. 


MƏSLƏHƏT GÖR:

450