Müəllif: Lada STATİVİNA Bakı
Neft İxracatçısı Ölkələri Təşkilatı -OPEK-in iyunun əvvəlində Vyanada keçirilmiş iclası göstərdi ki, qurum dərin böhran içindədir - bu neft strukturu dünya üzrə neft qiymətlərinə təsir etmək imkanını itirib.
Vyana görüşü ərəfəsində qurumun üzvləri və ekspertlər bildirirdilər ki, OPEK ölkələri neft hasilatı kvotasını 2009-cu ildən bu yana ilk dəfə olaraq sutkada 1,5 mln barrelə qaldırmağı planlaşdırırlar.
Yetərincə əsaslandırılmış olan bu qərar Liviyadakı qeyri-sabit durum üzündən təbii görünürdü, bu ölkədəki vəziyyət bölgədə neft hasilatının azalmasına gətirmişdi və OPEK-dən cavab reaksiyası gözləyirdi. Bu barədə İran körfəzi ölkələrinin birinin təmsilçisinə istinadən bildirilir, hətta konkret rəqəmlər də göstərilirdi - mövcud kvotanı 1,5 mln barrel qaldırmaq düşünülürdü.
OPEK-də böhran
Qeyd edək ki, hazırda ən dərin siyasi böhran yaşanan Liviya neft ehtiyatına görə «Afrikanın ən zəngin ölkəsi» sayılır (42 mlrd barrel ehtiyatı var). Yayılan məlumata görə, münaqişə başlayana qədər Liviya OPEK-in hasilatının 6-8%-ni (sutkada 1,6-2 mln barrel), həmçinin, dünya ixracatının 2%-ə qədərini təmin edirdi.
Beynəlxalq Energetika Agentliyinin qiymətləndirməsinə görə, Liviyada baş vermiş hərbi əməliyyatlar üzündən OPEK üzvü olan başqa ölkələrdən təchizat sutkada 1,3 mln barrel azalıb.
Bazarda Liviya neftinin itkisini kompensasiya etmək üçün kartel kvotaları qaldırmaq niyyətində idi və bununla bağlı onun üzvləri müxtəlif, çox vaxt bir-birinə əks olan fikirlər söyləyirdilər; məsələn, OPEK-in Vyanadakı sözügedən görüşü ərəfəsində İranın təşkilatdakı təmsilçisi Məhəmməd-Əi Xatibi bəyan etmişdi ki, hazırda kvotaları artırmağa ehtiyac yoxdur. Sonra məlum oldu ki, görüşün gedişində bu nəzər nöqtəsi qələbə çaldı.
Yada salaq ki, 2009-cu ildən bu yana OPEK-in kvotaları dəyişməz olaraq qalır və onda kvota sutkada 4,2 mln barrel (dünya istehlakının 5%-i qədər) azaldılmışdı. 2009-cu ildə kvotanın artırılması məsələsi qaldırılmışdı, amma qərar çıxarıla bilmədi. OPEK təmsilçiləri bildirdilər ki, onlar yaranmış durumdan və mövcud qiymətlərdən razıdırlar (o vaxt qiymət barrelə görə $70 idi).
2011-ci il isə öz sürprizlərini gətirdi. Səudiyyə Ərəbistanının keçmiş neft sənayesi naziri Zəki Yamani bildirib ki, siyasi qeyri-sabitlik üzündən neftin qiyməti barrelə $200-300-a qədər qalxa bilər, bu da dünya iqtisadiyyatı üçün real təhlükədir. Çox ölkələrin hökumətləri bu gün də qlobal iqtisadi böhranın nəticələrini aradan qaldırmaqda davam edirlər. Amma indi üfüqdə yeni böhran görünür və ekspertlərin fikrincə, bu daha uzun çəkəcək…
Beynəlxalq Energetika Agentliyi hələ aprel ayında xəbərdarlıq edib ki, əgər neftin qiymətləri belə yüksək səviyyədə qalacaqsa, bu, dünya iqtisadiyyatlarına mənfi təsir göstərəcək: onlar böhrandan sonra zəif bərpa olunacaq. Neftin barrel üçün $120-a bərabər qiyməti dünya iqtisadiyyatını böhrana sürükləyə bilər və bu öz miqyasına görə, 2008-ci ilin böhranına bərabər olar. Hasilat kvotasının artırılması bu risqi azaltmaq məqsədi daşıyır.
Sözün düzü, neftin qiymətinin azalması təkcə OPEK-in hasilat kvotasının artırılmasından asılı deyil, amma bu cür qərarın qəbul edilməsi psixoloji amilə malikdir. OPEK-ə üzv ölkələr isə nümayiş etdirə bilərdilər ki, onlar neft bazarının proseslərini nəzarətdə saxlayır və mövcud tələbata operativ diqqət yetirirlər, axı qurumun yaradılması məqsədində də bu qeyd edilib.
Amma Vyana görüşü nəticəsiz qaldı. Neft İxracatçısı Ölkələri Təşkilatının üzvləri «qara qızıl» hasilatının artırılması barədə razılığa gələ bilmədilər.
Təşkilat üzvü olan ölkələr arasında bu cür fikir ayrılığının baş verməsi birinci dəfə deyil. OPEK tərəfindən aparılan siyasətlə razılaşmayan İndoneziya 2008-ci ildə karteli tərk edib. Nəticədə, Səudiyyə Ərəbistanı neft hasilatı həcmini müstəqil şəkildə qaldırmaq barədə bəyanat verib. Daha sonra bu barədə Küveyt bildirib.
Bütün bunlar hamıda dayanqlı bir fikir oyatdı ki, OPEK artıq neftin qiymətini nəzarətdə saxlaya bilmir. Bu barədə təşkilatın təmsilçiləri də bildirirlər.
Neftin qiyməti artmayacaq
Bununla belə, Beynəlxalq Energetika Agentliyi (BEA) ona bağlı olan ölkələrin strateji ehtiyatlarını açmaqla neftin qiymətini aşağı salmağa hazırlaşır, Liviyadan ixracatın kəsrini kompensasiya etmək üçün strateji ehtiyatlardan 60 mln barrel neft ayıracaq. Agentlik 30 gün ərzində dünya neft bazarlarına hər gün 2 mln barrel neft verəcək.
Qeyd edək ki, BEA bu misilsiz addımı yeni iqtisadi böhranın qarşısını almaq üçün atır. Yarandığı 1974-cü ildən bu yana BEA strateji ehtiyatlardan cəmi iki dəfə istifadə etməli olub. İlk dəfə bu, 1991-ci ildə İran körfəzindəki müharibə zamanı baş verib. İkinci dəfə isə BEA strateji ehtiyatlardan 2005-ci ildə «Katrin» qasırğası üzündən Meksika körfəzində neft hasilatı dayanan zaman istifadə etmişdi.
BEA-nın qiymətləndirməsinə görə, mayın 31-nə kimi olan müddət ərzində Liviyada baş verən hərbi əməliyyatlar üzündən neft ixracatında yaranmış kəsr 132 mln barrel olub.
BEA üzvlərinin neft ehtiyatlarının toplam həcmi 4,1 mlrd barrel təşkil edir, bunun 1,6 mlrd barreli dövlət ehtiyatlarıdır və fövqəladə ehtiyaclar üçün nəzərdə tutulub.
Hazırda «WTI» markalı neftin avqust satışları üzrə sazişin qiyməti barrel üçün $90-ı keçir. «Brent» markalı neftin avqust ixracının qiyməti isə barrelə görə $108 təşkil edir.
1973-74-cü illərdə baş vermiş neft böhranı zamanı yaradılmış BEA hökumətlərarası təşkilatdır və 28 ölkənin energetika siyasəti üzrə məsləhətləşmələr aparır. BEA İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının strukturunda muxtar qurumdur.
OPEK-in perspektivi varmı?
OPEK-in gələcəyi barədə ekspertlərin mövqeyi diametral şəkildə təzadlıdır. Ancaq analitiklər bir fikirdə yekdildirlər ki, OPEK ölkələri hələ uzun müddət neft hasilatının müəyyən edilmiş kvotalarına riayət edə bilməyəcəklər və dəqiq vahid siyasət məsələsində də anlaşmaları çətin məsələdir.
Bu sözlərə sübut kimi kartelin Vyanada keçirilmiş sonuncu «nəticəsiz» iclası göstərilir, son 20 ildə ilk dəfə idi ki, kartel üzvləri öz aralarında razılığa gələ bilmirdilər. Səudiyyə Ərəbistanının neft sənayesi naziri Əli Nəimi iclası «indiyə kimi olmuş ən pis görüş» adlandırıb.
Nümayəndələrdən biri bildirib ki, OPEK-in konsensus əldə edə bilməməsi OPEK qrupunun fundamental qaydalarının pozulması, kvotalar sisteminin sonudur.
«Biz əlbəttə ki, neftin qiymətinin daha da artacağının şahidi olacağıq, çünki gələcək ixrac həcmlərinin qeyri-müəyyənliyi getdikcə dərinləşir. OPEK-in neft təchizatındakı kəsrin əvəzini dolduracağına şübhələr artır», - deyə «National Australiabank Ltd»nin dağ-mədən və energetika bölməsinin iqtisadçısı Ben Vestmor bildirir.
Ancaq mövcud fikir ayrılıqlarına baxmayaraq, OPEK üzvləri ilk dəfə olaraq 2011-ci ildə trilyon dollardan çox pul qazanacaqlar. Ən azından, «qara qızıl» qiymətləri artır, uyğun olaraq OPEK üzvlərinin gəlirləri də çoxalır. Böyük Britaniya hökuməti mütəxəssislərinin açıqlanmış proqnozlarına görə, cari ildə OPEK təmsilçilərinin gəlirləri 30 faizdən çox artmalıdır və tarixdə ilk dəfə olaraq trilyon dolları keçəcək. Ekspertlər hesablamalarını neftin orta qiymətini $111-dən götürərək aparıblar.
Bununla belə, əksər mütəxəssislər düşünür ki, OPEK-in gələcəyinə dünya iqtisadiyyatının inkişafının müxtəlif variantları da öz təsirini göstərəcək. Son illərdə müxtəlif alternativ enerji qaynaqlarının istifadəsinin tərəfdarları artsa da, karbohidrogen xammal, xüsusilə də neft hələ uzun on illər boyunca bazarda aparıcı olacaq.
Əgər iqtisadiyyatı inkişaf etmiş ölkələr müəyyən müddət ərzində dinc atom enerjisindən istifadəyə meyil göstərirdisə, Yaponiyada baş vermiş zəlzələ və sunami onları bu fikrə yenidən baxmağa vadar etdi. Xüsusilə, Almaniya atom-elektrik stansiyalarından istifadəsindən imtina etmək barədə qərar qəbul edib. Bu isə o deməkdir ki, Almaniya neft və qaz bazarında fəallaşır.
İstənilən halda analitiklər proqnoz verirlər ki, yaxın illərdə neft əsas energetika resursu olaraq qalacaq ki, bu da onun qiymətinə təsir etməlidir. Nə qədər ki dünya iqtisadiyyatında neftin rolu azalmayıb, neft karteli heç nədən qorxmalı deyil.
MƏSLƏHƏT GÖR: