
"FLOTİLİYA"nin YENİ MACƏRALARI
Türkiyə-Israil münasibətlərinin gələcəyi beynəlxalq humanitar missiyanin nəticəsindən çox asilidir
Müəllif: Natiq NAZİMOĞLU BakI
İsrailin baş naziri Benyamin Netanyahunun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda Təl-Əvivin Ankara ilə dostluq münasibətlərini bərpa etmək istəyi ifadə olunub. Ərdoğanı liderlik etdiyi Ədalət və İnkişaf Partiyasının parlament seçkisindəki qələbə münasibətilə təbrik edən Netanyahu məktubda yazıb: «Hökumətim, ölkələrimiz arasında problemlərin həlli yollarının tapılmasında Türkiyənin yeni hökuməti ilə əməkdaşlıqdan məmnun olacaq. Biz xalqlarımız arasında nəsillərdən bəri gələn münasibətləri xarakterizə edən əməkdaşlığın bərpasına, dostluq və tərəfdaşlıq ruhunun inkişafına ümid edirik».
Türkiyə də öz növbəsində İsraillə barışmağın əleyhinə deyil. Bunu Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu da dilə gətirib. Ankara və Təl-Əvivin belə cidd-cəhdlərinin nəticəsi olaraq, tərəflər arasında gizli danışıqlar da baş tutub. Amma görüş gizli olsa da, onun haqqında xəbərlər dünya KİV-ə sızıb.
İstənilən halda, ötən il Aralıq dənizində baş vermiş insident hələ də iki ölkənin yaxınlaşmasına əsas maneə olaraq qalır. Xatırladaq ki, o zaman İsrail xüsusitəyinatlılarının Qəzza sektoruna humanitar yardım aparan «Azadlıq flotiliyası»na hücumu nəticəsində 9 Türkiyə vətəndaşı həlak olmuşdu.
KİV-də yer almış məlumatlara görə, Türkiyənin yüksəkrütbəli məmurları ilə Cenevrədə bir neçə görüş keçirmiş İsrail baş nazirinin müavini Buqi Ayalon ölkəsinin «Mavi Mərmərə» gəmisinə hücum zamanı ölənlərin ailələrinə pul kompensasiyası ödəməyə və rəsmən başsağlığı verməyə hazır olduğunu bildirib. Bununla yanaşı, İsrail Türkiyə vətəndaşlarının qətlinə görə rəsmən üzr istəməkdən imtina edir. Təl-Əviv bu mövqeyini insident zamanı fəalları öldürülmüş türk xeyriyyə fondunun HƏMAS və «Hizbullah»la sıx əlaqəyə malik olması ilə əsaslandırır. Bu qurumları isə İsrail terror təşkitlatları sayır.
Qəzzaya yeni «Azadlıq flotiliyası»nın göndərilməsi qərarı Türkiyə-İsrail münasibətlərinin normallaşdırılmasına olan növbəti cəhdə xeyli intriqa qatır. Maraqlıdır ki, yeni humanitar missiyanın tərkibində ötəndəfəki missiyanın flaqmanı olmuş «Mavi Mərmərə» gəmisi yer almayacaq. Rəsmi məlumata görə, bu, texniki səbəblərlə əlaqədardır. Bununla da «Azadlıq flotiliyası-2»nin təşkilatçıları sübut etməyə çalışır ki, İsrailin Fələstin torpaqlarına qoyduğu dəniz blokadasının aradan qaldırılmasına yönəlmiş bu humanitar hərəkat yalnız «türklərin və islamçılar”ın təşəbbüsü deyil.
Həqiqətən də, budəfəki flotiliyanın əksər iştirakçıları Avropa ölkələrini və ABŞ-ı təmsil edir. Təşkilatçıların planına əsasən, missiyaya daxil olan gəmilərin göyərtəsində 40 ölkədən yüzlərlə nümayəndə olacaq. Amma İsrailin fəaliyyətinə qəti etiraz etdiyi Türkiyə fondu «Azadlıq flotiliyası-2»nin ən fəal iştirakçılarındandır.
Ötənilki acınacaqlı halın təkrarlanmaması üçün «Flotiliya»nın fəalları missiyanın hazırlıq işlərini tam məxfi aparır. Güman ki, gəmilər müxtəlif ölkələrin müxtəlif limanlarından yola çıxacaq. Söhbət, ilk növbədə, Türkiyə və Yunanıstandan gedir. Mətbuatda yer almış məlumatlara görə, Yunanıstan limanından Qəzza sahillərinə yollanacaq ilk gəmi Fransaya məxsus olacaq.
Bu arada «Qəzzanın blokadadan çıxarılması uğrunda Avropa kampaniyası» İsrail xüsusi xidmət orqanlarının «Flotiliya»ya daxil olan gəmiləri sıradan çıxarmağa çalışdığını bəyan edib. İlk növbədə, Türkiyə limanında dayanmış İrlandiya gəmisinin mühərrikinin sıradan çıxarılmasına cəhd edildiyi bildirilir.
İsrail hökuməti «Azadlıq flotiliyası-2»yə mane olmaq, onun Qəzzaya humanitar yardım aparmasına imkan verməmək fikrindədir. Yəhudi dövlətinin hərbi komandanlığı bəyan edib ki, israilli hərbçilər həyatlarına təhlükə olduğunu hiss etsələr, «buna reaksiya verməyə məcbur olacaqlar».
Şübhəsiz, Ankara ilə Təl-Əviv arasında tərəfdaşlıq münasibətlərinin bərpasına növbəti cəhdlərin nəticəsi Qəzzaya humanitar yardım aparmağa hazırlaşan missiyanın taleyindən çox asılı olacaq. İsrailin «Azadlıq flotiliyası»nın Qəzzaya çatmasına mane olmaq cəhdləri ötənilki kimi faciə ilə nəticələnərsə, bu, Türkiyə ilə İsrail arasında strateji əməkdaşlığın bərpası cəhdlərinə ən mənfi təsirini göstərəcək. SAXAL-ın, İsrailin hərbi rəhbərliyinin bəyan etdiyi addımları nəticəsində yenidən türk hüquq-müdafiəçilərinin zərər çəkməsi isə Ankara-Təl-Əviv münasibətlərinin birdəfəlik sonu olacaq; hətta Təl-Əvivin iddia etdiyi kimi, onlar radikal ərəb qruplaşmaları ilə əlaqəyə malik olsalar belə.
Yeni humanitar missiyanın Qəzzaya dinc şəkildə çatması isə Türkiyə-İsrail münasibətlərində müsbət perspektiv aça bilər. Bəlkə də İsrail və Misir arasında əldə edilmiş razılaşmaya məhz bu baxımdan xüsusi diqqət göstərilməlidir. Qeyd edək ki, iki hökumət arasında razılaşma flotiliya üzvlərinin Misirin Əl-Arişe limanında boşaldılmasını nəzərdə tutur. Gəmilərə məhz bu limanda baxış keçiriləcək, sərnişinləri Misir hökumətinin nümayəndələri yoxlayacaq. Bundan sonra humanitar yük Qəzzaya quru ilə aparılacaq. Amma bunun ardınca gəmilər Qəzzaya doğru hərəkət etsə, İsrail Hərbi Dəniz Qüvvələri onları saxlayacaq və Aşdoda aparacaq.
Bu arada BMT komissiyasının «Mavi Mərmərə» gəmisinin İsrail xüsusitəyinatlıları tərəfindən ələ keçirilməsinə dair apardığı tədqiqatın nəticəsi birmənalı qarşılanmayıb. Yeni Zelandiyanın sabiq baş naziri Ceffri Palmerin rəhbərlik etdiyi struktur baş verənlərdə günahın böyük hissəsini Türkiyənin üzərinə qoyub. İsrailin əməli «həddindən artıq zorakı» adlandırılsa da, hesabatda bildirilir ki, Ankara «Azadlıq flotiliyası»nın yola çıxmasına mane olmaq üçün heç bir tədbir görməyib, hətta ona dəstək verib: «Halbuki Türkiyə hakimiyyəti bunun nə ilə nəticələnə biləcəyini anlayırdı».
Ankara komissiyanın hesabatını mənfi qarşılayıb. Türkiyə hesabatın açıqlanmasından sonra, hətta İsraillə münasibətlərin bərpasına edilən cəhdlərin iflasa uğraya biləcəyini də bəyan edib. Hər halda, İsrail xüsusitəyinatlılarının Türkiyə vətəndaşlarını öldürməsi Ankara üçün birbaşa ölkənin milli ləyaqət məsələsidir.
Daha geniş anlamda isə bu hadisə, əlbəttə ki, Yaxın Şərq nizamlanması ilə əlaqəlidir. Yeri gəlmişkən, bu münaqişənin həllinin hazırkı mərhələsində əsas məqam vahid Fələstin hökumətinin yaradılması və BMT-nin Fələstin dövlətini tanıması perspektivi ilə bağlıdır.
Ankara hər iki prosesdə fəal iştirak edir: iştirakçıları yeni Fələstin hökumətinin formalaşdırılmasına şirnikləndirir, bu işdə vasitəçilik edir (FƏTH və HƏMAS liderləri Mahmud Abbasla Xale Maşaalın eyni vaxtda Ankaraya səfər etmələri də bunu göstərir). Türkiyə Fələstin dövlətinin dünya tərəfindən tanınmasına da israr edir.
Fələstinin BMT tərəfindən tanınmasına Azərbaycan da çalışır. Bakıya səfərə gəlmiş Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas burada Fələstin səfirliyinin açılışında iştirak edib. Prezident İlham Əliyev bildirib ki, Bakı tezliklə paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını bütün beynəlxalq təşkilatlarda dəstəkləyir və dəstəkləyəcək.
Qeyd edək ki, Abbasın Bakı səfəri İslam Əməkdaşlıq Təşkilatının (İslam Konfransı Təşkilatının adı dəyişdirilərək, məhz İslam Əməkdaşlıq Təşkilatı olub) Xarici İşlər Nazirləri Şurasının Astanada keçirilən 38-ci sessiyasının açılışı ilə eyni vaxta təsadüf edib. Toplantıda iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu nüfuzlu qurumun tribunasından bildirib ki, Bakı Fələstin xalqının paytaxtı Şərqi Qüds olan müstəqil dövlət yaratmaq cəhdlərini dəstəkləyir. O, Ermənistanla münaqişədə Azərbaycana göstərilən dəstəyə görə, İslam Dünyasına minnətdarlıq da edib. E.Məmmədyarov bildirib ki, Fələstin də daxil olmaqla, müsəlman dövlətlərinin Azərbaycanın 2012-2013-cü illərdə BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsinə dəstək olacaqlarına ümid edir.
Ümumilikdə, Azərbaycan müqəddəs torpaqda tezliklə sülhə nail olunmasını dəstəkləyir və həm Fələstinlə, həm də ölkəmizin ən yaxın strateji tərəfdaşlarından olan İsraillə münasibətlərin möhkəmləndirilməsinə çalışır.
MƏSLƏHƏT GÖR: