5 Dekabr 2025

Cümə, 23:14

MANDAT BİTSƏ DƏ, TƏƏSSÜRATLAR QALIB

ATƏT-in Bakı ofisinin rəhbəri: «Azərbaycan bu iki il müddətində tanınmayacaq dərəcədə dəyişib. Bunu təkcə bakıya şamil etmək olmaz»

Müəllif:

01.07.2011

ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel Azərbaycanda diplomatik missiyasını başa vurmaqdadır. 2009-cu il aprelin 10-da türkəsilli səfirin Azərbaycanda fəaliyyətə başlaması birmənalı qiymətləndirilməmişdi. 

Çoxları ona sələflərindən fərqli yanaşırdı. Bir növ düşünürdülər ki, diplomat özündən əvvəlkilərlə müqayisədə Azərbaycana tamam fərqli yanaşacaq, hətta bir sıra məsələlərə, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proseslərə öz mövqeyini, baxışını qəti şəkildə göstərəcək, hətta jurnalistlərin Dağlıq Qarabağla bağlı suallarını cavabsiz qoyan  səfiri qınayanlar da olurdu, özü isə “Bu mənim mandatımdan kənar məsələdir”, - deyərək diplomata xas jestlə söhbətdən yan keçirdi. Bu gün diplomat öz vətəninə - Türkiyəyə yola düşməyə hazırlaşır. Bu səbəbdən düşündük ki, onunla birlikdə Azərbaycanda keçirdiyi 2 ilə qısa bir ekskurs  etsək, maraqlı olar. 

– Cənab səfir, iyunun 8-də sizin  ATƏT-in Bakı ofisinin rəhbəri kimi missiyanız başa çatır.  Azərbaycanı hansı təəssüratlarla tərk edirsiniz?  Ölkəmiz yaddaşınızda necə qalacaq? 

– Bir səfir kimi Azərbaycanla bağlı xatırlayacağım çox şey olacaq. Müstəqilliyinin çox az tarixi olan Azərbaycanın fəaliyyətinə gəlincə,  görüləsi işlər hələ çoxdur, buna 20 il də yetməz, 25 il də. Təbii ki,  hər bir məmləkətin hər zaman görəcəyi çox şeylər var və hər zaman cəmiyyətin bütünlükdə dəyişməsinə, inkişaf etməsinə çalışılmalıdır;  amma bunlar heç də asan olmur. 

Azərbaycanda fəaliyyət göstərdiyim müddətdə, məsələn, bir sıra siyasi məsələlərlə bağlı irəliləyişlər gördüm. Ümumiyyətlə, indi Azərbaycanın həyata keçirə biləcəyi işlər onun üçün asandır ki, bunu da dövlətin möhkəmlənməsi ilə əlaqələndirmək olar. Demokratik  sahədə də irəliləyişlər var. İşlədiyim müddətdə iki seçki keçirildi,  kiçik nöqsanları çıxsaq, burda da müsbət məqamlar çox oldu. Bir çox şeylərin dəyişməsini də görmək istərdim. Ümid edirəm, uzaqdan da olsa bunların şahidi olacağam.  

– ATƏT Azərbaycandakı demokratik proseslərə, vətəndaş cəmiyyətinin inkişafına və digər məsələlərə  dəstək verir, yaxından iştirak edir. Son vaxtlar Azərbaycanda  korrupsiya ilə mübarizə sərtləşdirilib. Dünya təcrübəsinə əsaslanaraq hansı təklifləri verə bilərsiniz? 

 - Azərbaycan hökumətinin gördüyü işlərdən xəbərimiz var. Biz hökümətlə birgə bir sıra layihələrə dəstək veririk. Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı əməkdaşlığımız  bu gün də davam edir.  Bir qurum olaraq bu işlərə, demək olar ki, çox əmək sərf etdik. İnsan alverinə qarşı mübarizədə, siyasi partiyalarla əməkdaşlıqda gördüyümüz işlərin nəticələrindən çox məmnunam.  Xüsusilə də insan alveri ilə mübarizəyə daha çox önəm verdik. Büdcə ilə bağlı təkliflərimiz də var. Ümumuyyətlə, hökumət iqtisadi məsələlərdə beynəlxalq standartlara cavab verən daha şəffaf siyasət yürütməlidir. 

O ki qaldı korrupsiyaya, bu bəla dünyanın hər yerində var; amma bu o demək deyil ki, ona qarşı mübarizə aparılmamalıdır.  Bu məsələdə özümüzlə əlaqəli problemlərimizə baxmalı və onların kökünü tapmalıyıq.  Korrupsiya Azərbaycanda da uzun zamandan bəri davam edən bir problemdir. Fəqət,  bu da hər şey kimi  çoxtərəfli və mürəkkəb bir məsələdir. Yəni belə asanlıqla üstünə gedib mübarizə etməklə azaltmaq mümkün deyil. Biz bu məsələdə də texniki baxımdan hökumətə bəzi təkliflər etdik və yenə də təkliflərimiz var ki, onları tezliklə reallaşdırmaq lazımdır.  Ümumiyyətlə, korrupsiya ilə bağlı indiyədək etdiyim çalışmalarımın bir nöqtəyə gəldiyini gözümlə görmək istərdim. 

– Burada işlədiyiniz müddətdə mandatınıza uyğun olaraq gördüyünüz işlərdən razı qaldınız? Daha nələr edə  bilərdiniz ki, vaxt və imkan buna yol vermədi? 

- Bir səfir kimi fəaliyyətə  başladığım gündən indiyədək çox şeyin dəyişdiyini gördüm. Azərbaycan bu iki il müddətində tanınmayacaq dərəcədə dəyişib.  Bunu təkcə Bakıya şamil etmək olmaz. Layihələrimizlə bağlı tez-tez rayonlarda da olurdum. Oralarda da inanılmayacaq dərəcədə inkişaf var.  Bu ikiillik fəaliyyətim dövründə şahidi olduğum hadisələrdən biri  dünyada baş verən iqtisadi böhranın Azərbaycana heç təsir etməməsi oldu. Azərbaycan çox gözəl bir şəkildə bu böhranı öz iqtisadiyyatına heç bir mənfi təsir etmədən yola verdi. 

Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq niyyətindədir. Eləcə də paralel olaraq Avropa İttifaqı ilə əməkdaşlıq edir. Odur ki,  Azərbaycan  bir sıra  proseslərdə tələsməlidir. Biz də Azərbaycanla əməkdaşlığa həmişə hazırıq.   

– Tez-tez eşidirik ki, dünya  bu gün  ədalətli ola bilmir. Bununla razısınızmı?

- Ədalətli olduğu vaxt da var, olmadığı vaxt da. Bir də dünya deyilən bir şey yoxdur, çünki dünyada o qədər dəyişik, fərqli rejimlər var ki.  Avropa Şurası, ATƏT, Avropa İttifaqı kimi qurumların üzvü olduğunuz zaman ədalətlilik məsələsi ortaya gəlir. Tutaq ki, bu təşkilatlardan kənardasınızsa və hesab-kitab soran yoxdursa, o zaman necə ədalətli olmaq mümkündür? Özü ilə bağlı hesabat verməyən heç bir məmləkət ədalətli ola bilməz.   

Yalnız özü-özlüyündə də hesabat verməklə iş bitmir, hansı qurumun,  hansı dövlətlərarası təşkilatın üzvüsünüzsə, ona hesab verməlisiniz, o zaman ədalət olur. Amma dünyada çox fərqli yerlər var, yəni Afrika, Cənubi Amerika, Çin və s. kimi məmləkətlər var, siz hansı dünyanı deyirsiniz? 

– Məsələn, beynəlxalq qurumları tez-tez ikili standart yürütməkdə ittiham edirlər…

- İki deyil, beş, on, hətta bir milyon standart ola bilər; məsələn, Fransada həyata keçirilən standartların Türkiyədə reallaşan standartlarla eyni olması mümkünsüzdür.  

Azərbaycan ATƏT-ə, Avropa Şurasına könüllü şəkildə üzv olub və onların daxilində fərqli yanaşmalar, standartlar olduğunu görmürəm. Təşkilatlar daxilində isə ölkələrin hamısına qarşı eyni standart olduğunu görürük.  

– Siz  Azərbaycana ATƏT-in Bakı ofisinin rəhbəri təyin ediləndə bu məsələyə birmənalı yanaşılmadı. Türk olduğunuza görə, əvvəlki sələflərinizdən daha fərqli siyasət yürüdəcəyiniz barədə fikirlər səsləndi. Ümumiyyətlə, mandatdankənar fəaliyyət göstərmək nə dərəcədə mümkündür və ya hansısa istisnalar ola bilər? 

– İnsanların duyğuları, istəkləri  başqa, tələblər tamam başqa. Azərbaycanda mənə olan bu münasibəti yaxşı başa düşürəm, eyni dildə danışırıq, anlaşırıq və s. Həqiqətən, buraya təyin olunanda, özü də ATƏT tərəfindən ilk türk səfir olaraq işə başlayanda söz-söhbətlər çox gəzdi. Çox qısa zamanda anlaşıldı ki, biz peşəkar insanlarıq, tamamilə tərəfsiz olmalıyıq. Məhz o zaman Azərbaycan cəmiyyəti, həm də ATƏT-in özü daha çox hörmətlə yanaşdı bizə. Bunun özü də Azərbaycanın xeyrinə olan bir məsələdir. Bu həm də özümüzü aldatmadan vəzifəmizi düzgün icra etməyimiz deməkdir. Odur ki, təkcə özümüz üçün deyil, işlədiyimiz  məmləkət üçün də yüksək nəticələr əldə edə bilirik. 

– Bakıdan sonra harda çalışacaqsınız? Gələcək missiyanız konkretləşib? 

– Türkiyəyə  gedirəm. İnşallah, məmləkətimə, nəhayət, uzun illərdən sonra doğulduğum İstanbula yerləşəcəyəm.  Hazırda heç bir dövlət qulluğunda çalışmağı düşünmürəm. Yeni həyata  başlayacağam, bəlkə bir az elmi işlərlə məşğul oldum. Universitetdə dərs deyə bilərəm. Bir də hər şeyi zaman göstərəcək.   

– Bəs Azərbaycanla bağlı hansı planlarınız ola bilər?

– Çox şey.  Ola bilsin, hansısa bir kitab da yaza bilərəm, çıxışlarım ola bilər və s. 


MƏSLƏHƏT GÖR:

480