13 Mart 2025

Cümə axşamı, 23:27

YEREVANIN SEVİMLİ HOQQASI

Kazan danışıqları iflasa uğrasa da, Azərbaycan onu özü üçün kifayət qədər uğurlu saya bilər

Müəllif:

01.07.2011

Çoxsaylı nikbin proqnozlara baxmayaraq, iyunun 24-də Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşü, faktik olaraq, nəticəsiz başa çatdı. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə baza prinsiplərinin qəbul ediləcəyi gözlənilirdi. Lakin budəfəki müzakirələr də indiyədək dəfələrlə olduğu kimi, «bəzi məsələlərdə qarşılıqlı anlaşmaya nail olunması», «dialoqun davam etdirilməsinə dair razılığa gəlinməsi» haqda açıqlamalarla bitdi.

Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransa liderlərinə minnətdarlıq da edib, Rusiya prezidentinin sülhə nail olunması istiqamətində şəxsi səylərini yüksək qiymətləndiriblər.

Rusiyanın «Kommersant» qəzeti «razılaşmanın hazırlanmasında iştirak etmiş Qərb diplomatı»na istinadən yazır ki, Kazan görüşünün əsas nəticəsi «yol xəritəsi»nin yer aldığı sənədin ortaya çıxması olmalı idi. Orada Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının bir müddət əvvəl Soçidə keçirdikləri görüşdə razılaşdırdıqları Madrid prinsiplərinin yer alacağı gözlənilirdi. Güman olunurdu ki, «yol xəritəsi»nin imzalanmasından sonra Bakı ilə Yerevan beynəlxalq vasitəçilərin köməyi ilə sülh razılaşmasının hazırlanmasına başlayacaq. Yəni, Kazan görüşü uzun prosesin başlanğıcı olmalı idi. Danışıqlar masası üzərində ATƏT-in 2007-ci ildə Madriddə keçirilmiş konfransında razılaşdırılmış prinsiplərə əsaslanan «yol xəritəsi»nin peyda olacağına Moskva, Vaşinqton, ATƏT, AŞPA və Avropa Parlamenti də ümidini ifadə etmişdi.

«Biz heç zaman uğura bu qədər yaxın olmamışdıq»,  - deyə «yüksək səviyyədə danışıqların hazırlanmasında iştirak etmiş diplomat» «Kommersant»a açıqlamasında bildirib.

Nüfuzlu «The New York Times» qəzeti isə öz növbəsində yazırdı ki, «İyunun 24-nə təyin edilmiş prezidentlər səviyyəsində görüş ərazi mübahisəsinə son qoymaq üçün uzun illərdən bəri əldə edilmiş ən yaxşı imkandır».

«Fikrimcə, bu, 2001-ci ildə Ki-Uestdə başlanmış danışıqlar prosesinin tarixində ən vacib mərhələdir», - deyə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradke bildirirdi.

Oxşar bəyanatlarla ATƏT-in baş katibi Mark Perren de Brişambo, Avropa Parlamentinin rəhbəri Yeji Buzek, həmçinin, AŞPA prezidenti Mövlud Çavuşoğlu, ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner və digər rəsmilər, politoloqlar da çıxış edirdilər.

Bundan başqa, məlum olduğu kimi, «Böyük səkkizlik» ölkələrinin bir müddət əvvəl Dövildə baş tutmuş sammitində ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlət başçıları (Rusiya, Fransa, ABŞ) Dmitri Medvedev, Nikola Sarkozi və Barak Obama «həlledici addımlar» üçün «vaxtın çatdığını» bəyan etmişdilər.

Kazan görüşündən öncə də həmsədrlər böyük fəallıq göstərir, danışıqlar prosesinin uğurla nəticələnməsinə çalışırdılar. Azərbaycan və Ermənistan xarici işlər nıazirləri ilə Vaşinqtonda məsləhətləşmə də aparılmışdı. Üstəlik, Barak Obama Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın dövlət başçısı Serj Sarqsyanla telefonla danışaraq, onları əsas prinsipləri razılaşdırmağa çağırmışdı. Fransa prezidenti Nikola Sarkozi də təxminən eyni ruhda bəyanat səsləndirmişdi.

Rusiya, şəxsən Dmitri Medvedev üçün isə Kazan görüşünün uğuru nəhəng xarici siyasi nailiyyət olacaqdı - Fələstin-İsrail münaqişəsinin həllində əldə ediləcək irəliləyişin Barak Obama üçün sayılacağı uğur kimi.

Əksər müşahidəçilər bildirirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş Moskva üçün, xüsusilə Rusiya-Gürcüstan müharibəsinin, Dnestryanı problemlə bağlı qeyri-müəyyən perspektivin, həmçinin, bir il əvvəl Qırğızıstanda baş vermiş faciəvi hadisələr kimi, Mərkəzi Asiyadakı etnik münaqişələrə müdaxilə etmək məcburiyyəti kimi təhlükələr fonunda daha vacib idi. Üstəlik, bir çox iqtisadi və geosiyasi qazanclar məhz Qarabağ probleminin həllindən asılıdır. Digər həmsədrlər bu işdə münaqişə tərəfləri ilə bilavasitə sərhədə, Ermənistana ciddi təsir imkanına malik olan, Azərbaycan və Türkiyə ilə tərəfdaş münasibətlərini inkişaf etdirən Rusiyanı tam dəstəkləyirdi.

Moskva özü də irəliləyişə nail olmaq üçün az səy göstərmirdi.  Kazan danışıqları bilavasitə Kremlin vasitəçiliyi ilə təşkil olunan 9-cu görüş idi. Bu proses 2008-ci ilin noyabrında başlanmışdı. Kazan görüşündən əvvəlki danışıqlar isə martın 5-də Soçidə keçirilmişdi.

Amma təəssüf ki, çoxdan gözlənilən irəliləyişə nail olunmadı. Yerevan əvvəlki illərdə olduğu kimi, danışıqlar prosesinin qırılmasında yenə Bakını ittiham edir. Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, prezidentlərin Kazan görüşü məhz Bakının mövqeyi üzündən nəticə verməyib. «Azərbaycan vasitəçilərin təklif etdiyi son baza prinsiplərini qəbul etməyə hazır deyil. Məhz bu üzdən Kazan danışıqları dönüş anı olmadı. Bakı 10-dək dəyişiklik təklif etdi və bu, dönüşün baş verməsinə mane oldu», - deyə Ermənistan XİN mətbuat xidmətinin açıqlamasında iddia olunur.

Necə deyərlər, qara məni basınca… 

Bakıda isə belə şeylərə artıq təəccüblənmirlər. Həqiqətən də, hələ Fransanın Rambuye qəsrində aparılan danışıqlar zamanı Ermənistanın ozamankı prezidenti Robert Köçəryanın təcili ayaqyoluna getməli olduğunu deyərək danışıqları tərk etməsi ilə müqayisədə  bu, ermənilərin elə də böyük trükü deyil. Hər halda, ermənilərin bu dəfə də hansısa ekstravaqant bəhanə gətirərək, görüşdən qaçmadığına görə, onlara bir «təşəkkür» də düşür.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Yerevan «yenə də faktlar və sənədlərin təhrifi ilə məşğuldur».

«Nədənsə Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrlərinin 2009-cu ildə Afinada rəsmən təqdim etdiyi Madrid prinsiplərinin yenilənmiş variantını qəbul etdiyini söyləyən zaman ermənilər susurdu. İndi onlar yenilənmiş Madrid prinsipləri içərisindəki işçi sənədlərin çoxsaylı versiyalarından yalnız biri haqda danışır. Mən Ermənistan Xarici İşlər Nazirliyinə piarla məşğul olmamağı, mənfi status-kvonun dəyişdirilməsi üçün intensiv iş aparmağı məsləhət görərdim. Minsk qrupuna həmsədrlik edən ölkə başçıları da tərəfləri məhz buna çağırır», - deyə E. Məmmədyarov bildirib.

Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə məsələyə belə münasibət bildirib: «Ermənistan tərəfi yenə də danışıqlar prosesi ətrafındakı vəziyyətdən tamahkar məqsədləri üçün istifadə edir, Azərbaycanı «əsas prinsiplər»in qəbuluna mane olmaqda günahlandırır, bununla da, beynəlxalq rəyi çaşdırmağa çalışır. Afinada və Sankt-Peterburqda əldə edilmiş razılaşmanın məhz Yerevan tərəfindən pozulduğu hər kəsə bəllidir. Soçiyə isə onlar, ümumiyyətlə, özlərinin vasitəçilərlə razılaşdırılmamış layihəsi ilə gəlmişdilər. Yəni, Ermənistan müxtəlif hoqqabazlıqlara vərdiş edib. Təəssüf ki, Ermənistan xarici işlər naziri məhz bununla məşğul olmaqda davam edir».

Elmar Məmmədyarovun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşü bu formatda aparılan ən uzun danışıqlardan biri olub: «Münaqişənin nizamlanmasında irəliləyişə mane olan problemli məqamlarla bağlı müzakirələr aparıldı. Təəssüf ki, bir sıra prinsipial məsələlərdə hələ də razılıq əldə edə bilmirik. Çünki ermənilər 7 il əvvəl başlanmış danışıqlar prosesinin məğzini təhrif edərək, Azərbaycandan maksimum güzəştlər tələb edir».

Ermənistanı danışıqları pozmağa nəyin sövq etdiyinə dair suala gəlincə, N. Məmmədov bildirib ki, bu sualın həqiqətən də cavaba ehtiyacı var: «Düşünürəm, danışıqlar prosesinin indiki mərhələsinin həssaslığını nəzərə alaraq, bu məsələyə hansısa şərh vermək yersiz olardı. Amma güman edirəm ki, jurnalistlərimiz, politoloqlarımız və ekspertlərimiz hazırkı çətin vəziyyəti diqqətlə analiz etməklə, Ermənistanın arxasında hansı qüvvələrin dayandığını asanlıqla müəyyənləşdirə bilər».

Əslində, son danışıqlar ərəfəsində ermənilərin verdiyi şərhlər göstərirdi ki, onlar Kazana heç də razılıq əldə etməyə yox, kobud desək, beynəlxalq ictimaiyyətin beynini növbəti dəfə qarışdırmağa gedir.

Baza prinsipləri vasitəçilərin köməkliyi ilə heç də qısa vaxtda hazırlanmamışdı. Amma indi sülh danışıqları yenidən gerilədi. Beynəlxalq vasitəçilərin fəal səyləri belə, bunun qarşısını ala bilmədi. Bu baxımdan, Kazan görüşü ərəfəsində Fransa prezidenti Nikola Sarkozinin erməni həmkarı Serj Sarqsyana ünvanladığı məktub kifayət qədər səciyyəvi təsir bağışlayır. Xatırladaq ki, məktubda deyilirdi: «Tarixdə elə anlar olur ki, bu anda dövlət başçıları özlərində güc taparaq xalqlarına cəsarət, müdriklik və sülh nümunəsi göstərməlidir».

Yəni, Ermənistan hakimiyyətində məhz cəsarət və müdriklik çatışmır.

Bu onlara əsassız ərazi iddialarından imtina etmələri, Rusiyanın və beynəlxalq ictimaiyyətin digər üzvlərinin boynundan asılılığa son qoymaları, nəhayət, öz xalqına normal inkişaf etmək imkanı vermələri, regiondakı vacib iqtisadi və geosiyasi proseslərdən kənar qalmış autsayder olmamaları üçün lazımdır.

Bütün bunlarla yanaşı, məsələn, politoloq Vəfa Quluzadə vasitəçilərin boynuna da böyük məsuliyyət düşdüyü qənaətindədir. «Vasitəçilər Ermənistanı bir dəfə də olsun tənqid etməyib; məsələn, bir dəfə də olsun eşitməmişəm ki, onlar Yerevandan qoşunlarının Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmasını ultimativ tonda tələb etsin. Ermənistan isə bu sakit dəstəyi hiss etdiyi üçün mövqeyini daha da sərtləşdirir», - deyə politoloq 1news.az saytına müsahibəsində bildirib.

V. Quluzadə onu da xatırladıb ki, Kazan görüşündən bir müddət əvvəl Rusiya Gümrüdəki hərbi bazasındakı silahların bir hissəsinin Ermənistana verilə biləcəyini elan edib. Digər həmsədr (ABŞ) Ermənistanın maliyyələşdirilməsini davam etdirir, üçüncüsü (Fransa) isə artıq onu öz bacısı adlandırır. Bütün bunlar, şübhəsiz, Ermənistanda özünəəminlik yaradır.

Azərbaycanlı politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov isə Rusiya rəhbərliyində Dmitri Medvedevlə Vladimir Putin arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir ayrılığının olmasına diqqət çəkir.

Bəs, görəsən, bütün bunların axırı necə olacaq? Axı vaxt uzandıqca, sülh prosesindən məyusluq artdıqca, problemin dinc yolla nizamlanması ehtimalı daha da azalır. Üstəlik, regionda və Minsk qrupuna həmsədrlik edən ölkələrdə tezliklə 2012-2013-cü il seçkilərinə hazırlıq başlayacaq və ya artıq başlanıb. Bu isə dialoqun daha da çətinləşəcəyi deməkdir…

Bu arada Azərbaycanın  Müdafiə Nazirliyi mətbuat xidmətindən 1news.az saytına bildiriblər ki, iyunun 24-25-də müxtəlif saatlarda Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığındakı, həmçinin, Füzuli rayonunun adsız yüksəkliklərindəki mövqelərimiz ermənilər tərəfindən avtomat və pulemyotlardan atəşə tutulub.

Yəni, ermənilər hər kəsin Kazan danışıqlarından müsbət irəliləyiş gözlədiyi bir vaxtda belə, təxribatçı əməllərini davam etdirib.

Qarabağ münaqişəsi nə qədər «dondurulmuş» statusunu qoruyub-saxlayacaq? Bu, erməniləri qane edirsə, torpağını və evini itirmiş 1 milyon qaçqını olan Azərbaycanın səbri tükənməkdədir.

Bakı müharibə istəmədiyini dəfələrlə bəyan edib. Bunun əlavə sübuta ehtiyacı da yoxdur. Azərbaycanın inkişaf səviyyəsinə, iqtisadi sahədəki planlarına, xüsusilə qeyri-neft sektoru, inşaat, turizm, kənd təsərrüfatı sahələrində görülməsi nəzərdə tutulan işlərə diqqət yetirmək kifayətdir. Bakının nə qədər beynəlxalq və regional layihələrdə iştirakçı olduğunu saymaq yetər… 

Bundan başqa, heç kəs oğul və qızlarının ölümünü istəməz. Bunadək baş vermiş insan tələfatı, dağıntılar isə heç zaman yaddaşlardan silinməyəcək…

Bununla yanaşı, müxtəlif nüfuzlu xarici KİV-də yer alan məqalələrdən də aydın olur ki, beynəlxalq siyasətçilər, politoloqlar və ekspertlər «Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən üstün olmasının» səbəblərini yaxşı anlayır.

Kazan görüşündən 2 gün sonra Bakıda Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93-cü, müstəqilliyin bərpasının isə 20 illiyi münasibətilə möhtəşəm hərbi parad keçirildi. Paradda 6 min hərbçi, 400-dək hərbi texnika və sistem, 50-dək müasirləşdirilmiş hərbi döyüş texnikası, 60-dək Azərbaycanda istehsal olunmuş və müasirləşdirilmiş silah növü, 14 zirehli maşın, 35 hərbi vertolyot, 22 hərbi, 8 təlim təyyarəsi, 28 gəmi, kater və digər texnika iştirak edib.

Təntənəli paradda çıxış edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib ki, indi Silahlı Qüvvələrdə yüksək döyüş ruhu var, Azərbaycan Ordusu qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlmək üçün bütün imkanlara malikdir.

«Müharibə bitməyib. Onun yalnız birinci mərhələsi bitib. Müharibə şəraitində yaşayan ölkə, ilk növbədə, hərbi quruculuğa diqqət yetirməlidir. Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi xərclər ilk yeri tutur. Nə qədər ki, torpaqlarımız işğaldan azad edilməyib, bu davam etdiriləcək. Sülh razılaşması əldə edilərsə, işğala son qoyularsa, əlbəttə ki, bəlkə də bu xərclərə ehtiyac qalmayacaq… Bizim işimiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik, heç bir başqa ölkənin torpağında bizim gözümüz yoxdur, baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranıb. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Bu, həmişə belə olub, bu gün də belədir. Sadəcə, müvəqqəti olaraq işğal altına düşüb. Ancaq bu işğal davam edə bilməz. Mən tam əminəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Bunu etmək üçün biz daha da güclu olmalıyıq. Azərbaycanda bütün sahələrdə aparılan islahatlar, ölkəmizin inkişafı, bölgədəki mövqelərimizin möhkəmləndirilməsi nəticəsində istədiyimizə nail ola biləcəyik», - deyə Azərbaycan Prezidenti bildirib.

Azərbaycan iqtisadi və siyasi mövqelərinin möhkəmləndirilməsini, qonşuları ilə dostluq münasibətlərini davam etdirir. Yaxın vaxtlarda Türkiyənin baş naziri, bu günlərdə keçirilmiş parlament seçkisində partiyası qələbə qazanmış Rəcəb Tayyib Ərdoğan Bakıya səfərə gələcək. Səfər zamanı iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Ermənistan Azərbaycanla Türkiyə arasında parçalanma yaratmağa cəhd göstərsə də, onun bu səyləri iflasa uğrayıb. Bu gün Ankara ilə Bakı həmişəkindən daha yaxındır. Rusiya getdikcə Azərbaycana, Cənubi Qafqaz və Xəzər hövzəsindəki geosiyasi qüvvələr nisbətində mühüm önəm daşıyan bir tərəfdaş kimi yanaşır.

Bəs Ermənistanın nəyi var? Qonşularına qarşı belə aqressiv siyasət yürüdən, təbii resursları, dənizə çıxışı olmayan, sərhədləri qapalı, ciddi sosial-iqtisadi problemlər içərisində qalmış ölkəni qarşıda nələr gözləyir?

Hər kəs yaxşı anlayır ki, Ermənistanın hazırkı rəhbərliyi hər dəfə bilərəkdən danışıqların iflasa uğramasına çalışır və nail olur. Çünki əks halda «evdə» salamat qala bilməyəcəyini başa düşür. Amma bu da özünü dalana dirəməkdən başqa bir şey deyil. Odur ki, Kazanda danışıqların növbəti dəfə iflasa uğramasına baxmayaraq, Azərbaycan onu özü üçün kifayət qədər uğurlu hesab edə bilər. Yerevanın destruktiv mövqeyinə izah tapması hər keçən gün daha da çətinləşir. Axı məhz Yerevan Azərbaycan torpaqlarının 20%-ni işğal edib, bu ərazilərdə etnik təmizləmə siyasəti aparıb. Azərbaycan yox, məhz Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməkdən boyun qaçırır. Məhz Ermənistan BMT Baş Assambleyasının 65-ci sessiyasında bütün ölkələrin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə hörmət edilməsinin vacibliyinin qeyd olunduğu qətnaməyə qoşulmaqdan imtina edib. Hazırda məhz erməni snayperləri Azərbaycan uşaqlarına atəş açır, məhz ermənilər hər dəfə bir bəhanə ilə sülh danışıqlarını pozurlar…


MƏSLƏHƏT GÖR:

554