14 Mart 2025

Cümə, 10:51

BAKIDA KEÇİRİLMİŞ PARAD YEREVANIN ƏSƏBLƏRİNƏ TOXUNUB

Müəllif:

01.07.2011

Azərbaycan neft-qaz müqavilələri imzalayır - Ermənistan isterikadadır; Azərbaycan regional nəqliyyat layihələri reallaşdırır - Ermənistan isterikadadır; Azərbaycan orbitə rabitə peyki buraxmağa hazırlaşır - Ermənistan isterikadadır; Azərbaycan «Eurovision»da qələbə qazanır - Ermənistan yenə isterikadadır... Bu tendensiya iki Cənubi Qafqaz ölkəsinin müstəqillik illərində daim özünü göstərib. 

Son olaraq Azərbaycanın müstəqillik qazanmasının 20-ci ildönümü və Silahlı Qüvvələrin 93 illiyi ilə bağlı keçirilmiş təntənəli paradda da eyni tendensiya müşayiət olundu.

Bakıda keçirilmiş möhtəşəm hərbi şouda 6 min hərbçi, təxminən, 400 ədəd hərbi texnika və silah sistemi, 50-dək müasirləşdirilmiş hərbi döyüş texnikası, 60-dək Azərbaycanda istehsal olunmuş və müasirləşdirilmiş silah, hərbi vertolyotlar, təyyarələr, gəmi və katerlər iştirak edib.

Əlbəttə, istənilən miqyaslı hərbi parad təbliğat məqsədi də güdür. Bakı da dünyaya güclü, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gələ biləcək ordusunun olduğunu nümayiş etdirdi. Bu baxımdan, Azərbaycan ərazisinin 20%-ni işğal etmiş Ermənistanda yaranmış təşvişi anlamaq olar.

Bir şeyi anlamaq çətindir: əksər erməni ekspertlər, həmçinin, rəsmi şəxslər Bakıda paradın keçirilməsini prezidentlərin Kazan görüşündən sonra güc nümayişi kimi təqdim etməyə çalışır. Doğrudur, parad iyunun 26-da - Kazanda Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə keçirilmiş nəticəsiz görüşdən cəmi 2 gün sonra keçirildi. Amma unutmaq olmaz ki, 26 iyun Azərbaycanda Ordu günüdür və ölkə parada hazırlığa Kazan görüşündən xeyli əvvəl başlamışdı. Üstəlik, Kazan görüşünün nəticə verəcəyi gözlənilirdi və Bakı da buna çox ümidli idi. Odur ki, Azərbaycanın irəliləyişin olmadığı görüşdən sonra Ermənistanı qorxutmağa əvvəlcədən hazırlaşması versiyası da istisnadır.

Amma fakt fakt olaraq qalır. Dağlıq Qarabağ münaqişəsinin həllinə dair nəticə verməyən Kazan danışıqları rəvanlıqla yerini Azərbaycanın artan hərbi gücünü nümayiş etdirməsinə verdi. Bu isə işğalçı dövlətin əsəblərini əməlli-başlı «oynatdı».

«Rəy» Monitorinq Mərkəzinin Bakıda keçirilmiş hərbi paraddan dərhal sonra apardığı tədqiqata görə, Bakı sakinləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə çözülməli olduğunu düşünür, amma Azərbaycanın torpaqları işğaldan hərbi yolla azad etmək iqtidarında olduğuna da inanır.

Bakılıların əksəriyyəti əmindir ki, Dağlıq Qarabağda müharibə bərpa olunacağı təqdirdə, Azərbaycan Ermənistanın işğal etdiyi torpaqları azad etməyi bacaracaq.

«Lazım gələrsə, Azərbaycan Qarabağ problemini müharibə yolu ilə həll edə bilərmi?» - sualına respondentlərin 58%-i müsbət cavab verib. 22% «Yəqin ki, hə», 6% «Yox», 4% «Yəqin ki, yox» cavabını verib. Qalan 10% sualı cavablandırmağa çətinlik çəkib.

Rəsmi Bakı münaqişənin sülh yolu ilə həllinə sadiqliyini təkrarlamaqdan yorulmur. Amma o, beynəlxalq aləm tərəfindən tanınmış ərazi bütövlüyünü hərbi yolla bərpa etmək hüququndan da imtina etmir. Sosial sorğular göstərir ki, hakimiyyətin məsələyə belə yanaşması ictimaiyyət tərəfindən də dəstəklənir. Son illər keçirilmiş sorğuların müqayisəli təhlili göstərir ki, Azərbaycan əhalisi getdikcə ordusunun gücünə daha çox inanır. Xalqın Silahlı Qüvvələrə inamı inkişaf dinamikasını və buna paralel olaraq dövlətin son illər ordu quruculuğunda atdığı ciddi addımlarla da bağlıdır.  

Bu gün hərbi xərclər Azərbaycanın dövlət büdcəsində ilk yeri tutur. Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sözlərinə görə, «Torpaqlarımız işğaldan azad olunanadək bu belə də olacaq».

Son 6 ildə Azərbaycanın müdafiə xərcləri 20 dəfə artıb. 2003-cü ildə dövlət büdcəsində hərbi xərclər 160 milyon dollar idisə, 2010-cu ildə bu rəqəm 2 milyard dollardan artıqdır. Bu il isə 3,3 milyard dollara çatıb. Bu, Ermənistanın bütünlükdə dövlət büdcəsindən 50% çoxdur.

Bu vəziyyətdə Ermənistan müdafiə nazirinin müavini David Tonoyan erməni ictimaiyyətini inandırmağa çalışır ki, hətta Azərbaycanda Rusiyanın «Favorit» C-300PMU-2 zenit-raket komplekslərinin olması belə, «Ermənistanla Azərbaycanın hərbi paritetinə heç bir təsir göstərmir». Ermənistan əhalisini çaşdırmağa çalışan nazir müavini bildirir ki, onun ölkəsinin də  “C-300” kompleksləri var. Amma o, söhbətin bu silahın köhnəlmiş versiyasından getdiyini demir. Cənubi Qafqazda «Favorit» komplekslərinə malik yeganə ölkə Azərbaycandır.

«İndiyədək Azərbaycanın məşhur «300-lüyü» olmayıb, Ermənistanda isə olub. İndi Bakı Rusiyadan onun yeni modifikasiyada olanını alıb və onları köhnəlmiş C-300PT sisteminə malik qonşusunun qarşısına çıxarıb», - deyə «Arqumentı nedeli» qəzetinin hərbi eksperti yazır.

Bu gün Azərbaycan Ordusu yerli istehsal hesabına da təmin olunur. Ölkənin müdafiə sənayesi müasirləşdirilməyə yatırılmış investisiyanı doğrultmağa başlayıb. Eyni adlı nazirliyin müəssisələri müxtəlif növlü silah-sursat, hərbi texnika istehsal edir. Onların arasında «Qaranquş» və «Şahin» markalı pilotsuz təyyarələr, həmçinin, «Matador» və «Marauder» tipli zirehli maşınlar müşahidəçilər və ekspertlərin diqqətini xüsusi cəlb edir.

Hərbçilərin maddi-maliyyə dəstəyi, sosial müdafiəsi də gücləndirilir. Silahlı Qüvvələrin 93 illiyi ilə əlaqədar olaraq prezident Müdafiə Nazirliyinin hərbçiləri və mülki işçilərinin vəzifə maaşlarının müvafiq olaraq 25 və 10% artırılmasına dair sərəncam imzalayıb.

Ermənistan müstəqilliyinin 20 illiyi münasibətilə sentyabrın 21-də cavab paradı keçirəcəyi ilə hədələyir. Təcrid durumda boğulan Ermənistanın Azərbaycana qarşı hansı uğurlarını ortaya qoya biləcəyini anlamaq çətin deyil. Yerevan hələlik əhalini quru vədlərlə «yemləyir». Əslində, Ermənistanın hazırkı büdcəsi ilə xalqı başqa nə iləsə yemləmək mümkün də deyil. Acınacaqlı durumdan çıxmaq üçün isə Yerevan gec-tez Azərbaycana qarşı ərazi iddialarından imtina etməli olacaq, həm də yalnız Azərbaycana qarşı yox…


MƏSLƏHƏT GÖR:

548