14 Mart 2025

Cümə, 21:43

45 İL SONRA

Cefri Herst və Hans Tilkovski Bakıda barışdılar

Müəllif:

15.06.2011

İngiltərə yığmasının məşhur veteranı 1966-cı ilin qalmaqallı qolu və bu topu sayan həmyerlimiz Tofiq Bəhramov haqqında xatirələrini "Region Plus"la bölüşdü

 

Azərbaycan futbolu 100 illiyini qeyd etdi. Əlbəttə, futbolumuzun tarixinə ayrıca materialda səyahət edəcəyik. Lakin hələlik yubiley münasibətilə keçirilən təntənəli tədbirlər çərçivəsində baş vermiş bir əlamətdar hadisəyə diqqət çəkmək istəyirik. 

Mərasimdə iştirak edənlər arasında iki tarixi qonaq var idi. Bunlar 1966-cı ilin Dünya Çempionatının finalında mübahisəli qolun müəllifi Cefri Herst və Almaniya yığmasının veteran qapıçısı Hans Tilkovski idi. Məşhur həmyerlimiz Tofiq Bəhramovun qeydə aldığı qol Herstin komandasına dünya çempionluğu qazandırdı. Tilkovskinin Almaniyası isə gümüş medalla kifayətləndi. Həmin tarixi hadisədən sonra Herstlə Tilkovski bir sıra sərt açıqlamalarla yadda qaldı. Hətta bir müddət onlar bir-birləri ilə danışmadı. Mərhum hakim Tofiq Bəhramovun oğlu Bəhram Bəhramovun vasitəçiliyi ilə veteran futbolçular bir-birinin əlini sıxaraq, 45 illik mübahisəyə Azərbaycan futbolunun 100 illik yubileyində son qoydu. Əlamətdar hadisədən sonra həmin qolun müəllifi Cefri Herst 1966-cı ilin mundialından, Tofiq Bəhramovdan, eləcə də vurduğu qoldan danışdı. 

- Sizi yenidən Bakıda görməyə çox şadıq...

- Azərbaycan futbolunun 100 illik yubileyində iştirak etməyə dəvət alanda çox sevindim. Sizi bu yubiley münasibətilə təbrik edirəm. Avropada çox az federasiya 100 illik tarixlə öyünə bilər. Azərbaycan mənim üçün yad ölkə deyil. Axı bura dostum Bəhramovun vətənidir.

- Yəqin, 1966-cı ilin Dünya Çempionatında Tofiq Bəhramov həmin qərarı lehinizə verməsəydi, dost olmazdınız...

- (Gülür) Əsas qərarın dəqiq olmasıdır. Həmin anı o qədər yaxşı xatırlamıram. Hər halda yaş özünü göstərir. Mundialda İngiltərə əla heyətə malik idi. Finalda Almaniyaya qarşı oynadıq. Mübahisəli qola gəlincə, top ani vəziyyətdə qapı xəttindən içəridə yerə dəyib, oranı tərk etdi. Yəni bunu çox adam görməyə bilərdi. Təsəvvür edin, top qapını tərk edəndən sonra stadion sanki nəfəs almadı. Hamı hakimə baxdı. Baş hakim o anda özünü itirmişdi. Yan xətt hakimi Tofiq Bəhramov isə qətiyyətlə qolu qeydə almağı tələb etdi. Bundan sonra biz daha bir qol vuraraq tarixi qələbə qazandıq.

- İngiltərə yığması indiyə qədər cəmi 1 dəfə dünya çempionu olub...

- Həmin çempionluğa görə İngiltərə Tofiq Bəhramova təşəkkür edir. O çox düzgün qərar qəbul etdi. Sonradan bir sıra kompyuterlərlə həmin qolu təkrar izlədilər. Əksəriyyət Bəhramovun haqlı olduğunu söyləyir. Şəxsən mən də onu alqışlayıram. Çox təəssüf edirəm ki, hazırda o bizimlə deyil. Bakıya gələndə hər dəfə onun abidəsini ziyarət edirəm. Mərkəzi stadionda Tofiq Bəhramova qoyulan heykəl çox gözəldir. Ona yaxınlaşanda həmin anı xatırlayıram. 

- Onunla münasibətiniz necə idi?

- Tofiq Bəhramov çox tanınmış hakim idi. Müxtəlif yarışlarda görüşmüşdük. Finaldan sonra ona bütün azarkeşlərimiz adından "çox sağ ol" dedim. Sözün düzü, mənim belə məşhur olmağımda Bəhramovun xüsusi rolu var. Axı o, qolu saymasaydı, heç Cefri Herst də bu qədər tanınmış olmazdı. Bəhramov çox səmimi insan və peşəkar hakim idi. Dünyada futbol hakiminə qoyulan yeganə abidə məhz Bakıdadır. Bununla Azərbaycan xalqının Tofiq Bəhramova verdiyi yüksək qiymət görsənir.

- Bəs qalmaqallı qolu vurduğunuz qapıçı Hans Tilkovski ilə aranız necədir?

- Tilkovski çox yaxşı insandır. Onunla yalnız həmin Dünya Çempionatının finalından sonra mübahisəmiz oldu. Təbii ki, o, qolun vurulmadığını deyir. Yəni, onun fikrincə, top qapı xəttini keçməmişdi. Amma artıq biz barışmışıq. Tofiqin oğlu Bəhram bizi barışdırdı. 

- Görəsən, 45 ildən sonra Tilkovski yenə öz fikrində qalır?

- Soruşsanız, deyəcək qol deyildi. Çox tərs adamdır. Digər tərəfdən, Tilkovskini yaxşı başa düşürəm. Bütün qapıçılar buraxdığı qolları qəbul edə bilmir. 

- İngiltərədə Bəhramovu çox sevirlər, bəs görəsən, Almaniyada necə?

- Həmin çempionluqda Tofiq Bəhramovun böyük rolu oldu. Ona görə ingilislər ona xüsusi rəğbətlə yanaşır. Amma almanları deyə bilmərəm. Biz nə qədər xoşbəxt idiksə, Almaniya bir o qədər məyus oldu. Axı Dünya Çempionatının finalında uduzmaq adama pis təsir edir.

- 1966-cı ilin Dünya Çempionatından 45 il ötür. Siz öz fikrinizdə qalırsınız?

- Əlbəttə, dostum Bəhramov düzgün qərar qəbul edib. Mənim vurduğum təmiz qol idi. Sadəcə, baş hakim o zaman topun trayektoriyasını izləyə bilmədi. Amma Bəhramov yan xətt hakimi kimi hər şeyi dəqiq gördü. Mənim qolum hər üçümüzə uğurlu oldu. Etiraf etmək lazımdır ki, həmin mübahisəli epizod həm məni, həm Bəhramovu, həm də Tilkovskini çox məşhurlaşdırdı. Tofiq deyirdi ki, finaldan bir neçə ay sonra hansı yarışa gedirdisə, həmin qol barədə soruşurdular. Bu bir daha onun tarixi qərar qəbul etdiyini sübut edir. 



MƏSLƏHƏT GÖR:

622